525.Az

Səadət Zülfüqarlı: "Həmin anı nə danışmaq, nə də yazmaqla təsvir edə bilərəm"

[15.07.22]
Səadət Zülfüqarlı: "Həmin anı nə danışmaq, nə də yazmaqla təsvir edə bilərəm"<b style="color:red"></b>

Artıq iki ildir ki, xalqımızın 30 illik Qarabağ həsrəti sona çatıb. 30 il vətən həsrətiylə yaşayan qarabağlılar bu gün dərindən nəfəs ala bilirlər. Ancaq təəssüf ki, azərbaycanlıların vətən həsrəti bununla yekunlaşmır. Tarix boyu xalqımız zaman-zaman öz əzəli-əbədi torpaqlarından qoparılıb, qaçqınlıq həyatı yaşamağa məcbur buraxılıb.

Bu gün borçalılılar, Qərbi və Cənubi azərbaycanlılar var ki, köksləri altında özləri boyda vətən dərdi gəzdirirlər. Bu müsahibədə yolumuz tarixi Qars vilayətinin Şörəyel mahalının Qaraçantakəndinədir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilən Qaraçanta kəndi dəniz səviyyəsindən 1856 metr hündürlükdə yerləşir. Ulularımızın "Qaraçanta nəsli"nin adıyla Qaraçanta çağırdığı kənd 1939-cu ildə Əzizbəyov, mənfur qonşularımızın soydaşlarımızı öz yurd-yuvalarından qovmasından üç il sonra - 1991-ci ildə Areqnadem adlandırılıb. Ad qoyublar qoymağına, amma kəndin yarıdan çoxunu xarabazara çeviriblər.

Qaraçantalıların xatirəsində isə o kənd həmişə olduğu kimidir; şən, abad, mehriban sakinlərinin toyda-vayda əl-ələ verib sabaha inamla addımladıqları qədim Türk yurdu... Xatirələrdəki Qaraçantaya səyahətimizdə bələdçimiz hazırda Gəncədə yaşayan esseist Səadət Zülfüqarlıdır:

 

- Səadət xanım, bizi xəyalən kəndinizə qonaq aparsanız, yolunuzu hardan salarsınız?

- "Arpaçay"ın kənarından... Kəndimizin cənubundan keçirdi "Arpaçay". Sahilində dayanıb sellər aparan Saranı xatırlamaq, Xançobanın eşqinin nakamlığına üzülmək o qədər gözəl idi ki...  Bu gözəllikdən 34 ildir ayrıyıq. Bu 34 ildə yüz dəfə Saranı xatırlamışam, yüz dəfə Xançobana üzülmüşəm, amma hisslər o hisslər olmayıb. Məsələn, mən o vaxt özümü həmişə Qərbi Azərbaycanın Şörəyel mahalının Qaraçantakəndində dünyaya gələn Ramazanova Səadət Məhəmməd qızı kimi təqdim edirdim. Sözlərimdən fəxr, qürur tökülürdü. İndi də özümü belə təqdim edirəm, amma sözlərimdəki qürurun kədərə büründüyünü hiss etdikcə dizlərimi yerə atıb ağlamaq istəyirəm. Adı dilimizi yandıran bir kəndə əlimizin çatmamağı adamı dizə gətirir...

- Yurd yerlərimizin dəfələrlə adları dəyişilsə də, o yerin qədim, əzəli sakinlərinin yaddaşında həmişə ilkin adıyla qalır. Sovet xəritələrində Əzizbəyov olsa da, hələ sizin Qaraçanta adını yaşatdığınız kimi...

- İnsan ilkinliyin əbədiliyində yaşayır. Dəyişən nə olur-olsun, o ilkinlik həmişə haqlıdır. Haqqın səsi kəsilməz! Rayonlaşdırma siyasəti başlayanda yaşadığımız əraziləri Amasiya rayonu elədilər. Amma elin yaddaşındakı bölgü bu deyildi. El arasında həmin rayonun ərazisi iki yerə bölünürdü: Ağbaba və Şörəyel. Bizim kəndimiz Şörəyel bölgəsində sayılırdı. Əzizbəyov yazılırdı rəsmi sənədlərdə kəndimizin adı, amma hamı özünü Qaraçantalı deyə adlandırırdı.

- Kəndinizin hansı adətləri üçün darıxırsınız?

- Hamısı üçün... Xıdır Elləz keçirirdik, qovurğa qovurur, kirkirədə üyüdür, qovut hazırlayırdıq. İndi gəl, müasir gənclərin birindən ya kirkirəni soruş, ya qovutu, bilərlərmi?! Hədik bişirirdik qışın oğlan çağında, indi yalnız uşağın dişi çıxanda bişirirlər. Hələ toylarımız... Qaraçantada toylar hamımız üçün idi, indiki kimi "hər evdən bir nəfər" üçün yox. Zurnanın səsi eşidildimi, böyüklü-kiçikli hamı təzə paltarını geyinər, zurna səsinə tərəf gedərdi. Kəndin başı üstündə zurna səsi pərvazlandıqca hamı bir nəfər kimi sevinir, qol qaldırıb oynardı. Hələ o toyun hazırlığında hamının qolunu çırmalayıb bir işin altına çiynini verməsi. İndi bu şeylər yoxdu. Bir tərəfdən də insanları qınamıram, həyat özü sürətlənib. Bir də... Axı zurna səsində bir doğmalığa, istiliyə çağırış vardı. İndi min səs çıxır toylardan, zurna səsi eşidilməz olur (köks ötürür).

- Nə yaman köks ötürdünüz belə?

- Dədəmi xatırladım... Rəhmətlik dədəm qəşəng zurna çalan olub. Toyların yaraşığıydı dədəm. Elin şənlik səsiydi dədəmin zurnasının səsi. İndi dədəmin məzarına da həsrət qalmışıq...Məzarlıq kəndimizdən çıxandan sonra sol tərəfdəydi. Bizdə başdaşıların, ya da sinə daşlarının üzərinə şeir yazırdılar. Yaxşı xatırlayıram o şeirləri, kim qoşurdu bilmirəm, amma dərin mənaları olardı. O məzarlıqda başdaşında qoşa zurna həkk olunan məzar dədəmindi. Gör neçə ildir, o məzar daşı gündüzlər xəyalımda, gecələr yuxumdadır...

- Allah rəhmət etsin!

- Ölənlərinizə rəhmət! Gəncliyinə qaçqınlıq, müharibələr nəsib olan Qaraçanta sakinlərindən biri kimi uşaqlığımın beşiyi evimizə, atalarımın uyuduğu kəndimizə neçə ildi yalnız xəyallarda, yuxularda gedirəm.  "Daşdərə"nin sağ və solunda olmaqla düz Kazım dərəsinə qədər uzanırdı kəndimiz. Evimiz "Yastı dağ"ın ətəyində olduğu üçün bizdən yuxarı dağlar varıydı. Həmən dağlarda keçib uşaqlığımız. Hər daşından, hər cığırından bir xatirə qalan dağlar... Hansını danışım?! Danışmaqla bitərmi ki?! Məktəbimiz kəndin girəcəyində yerləşirdi. Əlini gözünün üstünə qoyub baxdıqca, dağlar, dərələr uzanırdı. "Kazım dərə"sindən sonra "Quru" və "Ömər dərəsi" gəlirdi. Yemlikdən saqqız tutmaq üçün bu dərələrin əhatəsində yerləşən zəmilərə gedərdik. "Qırxoyuqlar" deyilən yerdə yemlik bol olardı niyəsə, dadı da fərqliydi "Qırxoyuqlar"ın yemliklərinin. Dağların qoynundakı kəndimizdə yaz-payız yağarlı, yay çox gözəl, qış sərt keçərdi. Damların başına qədər yağan qardanmı deyim? Bizi eşiyə çıxmağa qoymayan çovğundanmı deyim? Hələ eşikdə qar-boran olanda içəridə odun sobasının üstündə kartof dilimləməyimiz... Hansı xatirədən danışım ki?! Hansı yurd həsrətinin ürəyimizdə qaladığı ocağa su səpər ki?!  Bir də daha çox "Ördəkli yaylağı"nı xatırlayıram. Bizdə adət idi, el yaylağa çıxardı yayın ilk günlərində. Adını burda ördəklərin çox olmasından götürən "Ördəkli yaylağı"nda mən də olmuşam. O yaylaq günlərini yaşadığım üçün özümü xoşbəxt hiss edirəm.

- Kəndinizdən nə vaxt çıxdınız?

- 1988-ci ilin ən son günləri idi. Qarlı-boranlı bir gündə çıxdıq evimizdən. Evimiz  hündürdə yerləşirdi. Dərəni keçib arxaya döndüm... Evimizi tərk edirdim... Bu evdə doğulub böyüsəm də, mən məcburən, zorla burdan qoparılırdım. İllər keçib, amma həmən anım hər "kəndimiz" deyəndə göz önümdən film kimi keçir. Onda dərk eləmirdim bəlkə də, amma indi qocaman bir təəssüf sıxır ürəyimi... Mən bir daha dönməmək üzrə evimizi arxamda buraxdım. Hərdən internetdə kəndimizi axtarıram. Bir dəfə indiki halı çıxdı qarşıma. Şəkli böyüdüb hər guşəsinə baxdım. Bir daha anladım ki, kəndimizi o vaxt olduğu kimi, daim eyni rəngdə xatirəmdə saxlamalıyam... Çünki dərənin qənşərində qoyub gəldiyim evimizi uçurublar, məhləmizdəki bütün evlər sökülüb, futbol meydançasının yerində yeni evlər tikiblər. Yəqin, bulağımız da quruyub...Bu an gözümün önündə evimizin maketini canlandırıram. Dərəni keçməmiş evimiz tam görsənir, evin önündə bağımızda ağaclar bir-birinin budaqlarını tumarlayır. Solda otağın qabağında arı yeşiklərimiz düzülərdi. Dərəni keçib üzü yuxarı sola dönürəm, söyüd ağaclarının xışıltısı və bulağımızdan axan suyun səsinin müşayiəti ilə evə doğru addımlayıram. Yarısı betonlu həyətimiz elə də böyük deyil. Və sola burulub nərdivanın yanında dayanıram. Evimizə daxil ola bilmirəm. Çünki sökülüb, yoxdu evimiz... Amma xatirələrimdə o ev də, o kənddə də, o bulaq da olduğu kimi qalmalıdır! Mənim ayaq izimin itdiyi cığırla qalxa bilməyəcəyim kəndimizi başqa necə xatırlaya bilərəm axı?!

- İndi o kəndə qayıtsanız, ilk işiniz nə olar?

- Ən birinci dədəmin məzarını ziyarət edib, təmizləyib, düzəltdirmək. Adətən, ziyarətçisi olmayan məzarlara "qərib məzar" deyirlər. Amma düşünürəm ki, dədəmin məzarı ziyarətçisiz qalsa da, qərib deyil, doğma yurd yerindədir. Qaraçantanın qəribi bu gün ora ayağı dəyməyən, ünü yetməyən qaraçantalılardır.

Ordan da birbaşa "Arpaçay"a yollanmaq. Çayı keçib o taydakı "Qazançı bulağı"nın gur suyundan ovuclayıb başıma çəkmək... "Göybulağ"a, qazlı su çıxan "Cermux bulağı"nı görmək... Evimizə getmək istəmirəm... İnternetdə şəkillərdən görmək ayrı, gedib evimizin sökülmüş halını canlı görsəm, dözəmmərəm. Yaşadığım qaçqınlıq dərdi sökülmüş evlə üz-üzə dayanmağın yanında yalan olar. Mənim qaçqınlığım dərəni keçəndən sonra dönüb evimizə baxdığım o baxışla başlayıb. Bütün Qərbi azərbaycanlılar kimi bizə də asan olmadı...Bu günə qədər də çətindir. Evimizdən, doğma kəndimizdən ayrı düşməyin həsrəti həmişə qaynar bulaqdır gözlərimizdə. Ən çətini bilirsinizmi nədir? Biz oraya bir də qayıda bilmədik, məhrum edildik yurdumuzdan. Kənddən çıxdığım günü heç vaxt unutmayacağam. Bu anı nə danışmaqla, nə də yazmaqla olduğu kimi təsvir edə bilərəm... Ömrə bədəl həsrətləri necə olduğu kimi tanımaq olar ki?! Düzdür, çətinliklərlə, zorluqlarla iç-içə də olsa, bizə qucaq açan Azərbaycanımız vardı. Amma insan öz doğulduğu yurdundan ayrı düşürsə, ölənə qədər  yenə də öz obasını istər. Hər il mayın 9-da "Sınıx" yaylağından keçib lilpar yığmağa gedirdik. Əslində, lilpar sevmirdim, amma sırf o dağları, o yaylaları görmək, oralarda gəzmək xatirinə gedirdim. İndi də dağlar çəkir məni, hər fürsətdə dağa qaçıram, uca bir yerdə durub dərələrə baxıram, "Daşdərə"ni, "Ömər dərəsi"ni, "Kazım dərəsi"ni, uşaqlığımın, gəncliyimin keçdiyi "Topqaya"nı xatırlayıram. Gözlərimi aldadıram sanki... Amma daxilən dərk edirəm ki, insan oğlu var olduqca nə istəyi bitən deyil, nə də hərisliyi. Erməni cəlladlarının qurbanı olan insanlarımız üçün, əsir olan yurdlarımızın azad olması üçün, kaş, nəsə edə biləydim. Evimiz olmasa da, kəndimizin varlığını yaşatmaq borcumuzdur. Gələcək nəsillərə keçmişimiz barədə bütün məlumatların çatdırılması üçün əlimizdən gələni etməliyik. Mən yurdundan qaçqın düşən bir xanım olaraq istərdim ki, bütün torpaqlarımız əsl sahibinə qaytarılsın, bizim yaşadıqlarımız bir daha təkrar olmasın. Bir də istərdim kimsə qaçqın düşməsin. Çox ağrılıdır... Elə ağrılıdır ki, ömürdə buraxdığı izləri qara torpaq belə silə bilmir...

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.