525.Az

Orada atalı-analı xatirələrim qalıb...

[14.07.22]
Orada atalı-analı xatirələrim qalıb...<b style="color:red"></b>

Gəncəni ilk dəfə 90-cı illərin ortalarında gördüm. Elə görən gündən necə bağlandımsa, bu günədək Gəncəyə ruhumun şəhəri deyirəm. Etiraf edim ki, müsahib seçərkən, Gəncədən olduğunu eşidəndə hisslərimi cilovlaya bilmirəm. Bir yazar, qələm əhli kimi onun yaradıcılığına bələdəm. Düzü, söhbətləşmək istəyi də keçib fikrimdən. Lakin nədənsə, necə deyərlər, bərkindən yapışmamışam deyə, bu vaxta qədər uzanıb. Bu ayın əvvəlində sosial şəbəkələrdə Gəncə Dövlət Filarmoniyasında onun təntənəli yaradıcılıq gecəsindən görüntülərini görəndə, düşündüm ki, artıq söhbətləşməyin vaxtıdı, zaman özü bunu tələb edir. Əlaqə yaratmaq çox da çətinlik yaratmadı. Elə ilk kəlmədən anladım ki, ziyalılığın tam mərkəzinə düşmüşəm. Məqsədimi bildirdim, diqqətlə dinlədi və qəzetimizi daima izlədiyini, bəyəndiyini söyləyib məmnuniyyətlə müsahibəyə razılıq verdi. Çox istərdim ki, onunla üzbəüz söhbətləşim, lakin aradakı məsafə az olan vaxtımıza əngəl oldu.Yaxşı ki, uzağı yaxın edən sosial şəbəkələr var və harayımıza gəlib əlimizdən tutdu. Və beləcə bu günümüzün müsahibi yazıçı-publisist, dramaturq, ictimai xadim, Əməkdar jurnalist Nüşabə Əsəd  Məmmədlidi.

 

 

- Narahat dünyamız haqda fikirləriniz söhbətimizə giriş olsun...

- Təbii ki, bu cür mürəkkəb və bir qədər mübahisəli zəmanədə həm siyasi, həm mənəvi baxımdan yaşamaq olduqca çətindi. Amma mən bütün çətinliklərə tab gətirirəm və yaratmağa təkan axtarıram. Bu, ən kiçik hadisələrdə belə, təzahür edir. Doğmalarımla ünsiyyətdə qalmağa və məişətin fövqündə dayanmağa çalışıram.

- Haqqınızda ətraflı məlumat toplamaq istəmədim. Hər şeyi öz dilinizdən  eşitməyin zövqü tamam başqadı. Elə isə başlayaq.

- Bu haqda kifayət qədər məlumat olsa da, indi ki, özümdən eşitmək istəyirsiz, o halda başlayaq. Qədim Gəncədə maarifpərvər bir ailədə anadan olmuşam. Təhsilimi rus dilində almışam, ola bilsin ki, bu, dövrlə ayaqlaşmağa görə olub. 1964-cü ildə 1 saylı məktəbi bitirsəm də, bir il sonra ali məktəbə qəbul oldum, çünki artıq jurnalist olmaq istəyimdə qərarlı idim. Lakin həmin ildə Jurnalistika fakültəsinin rus bölməsi yox idi. Növbəti il o zaman yeganə universitet olan indiki BDU-nun Jurnalistika fakültəsinə daxil olub 1972-ci ildə ali təhsilimi başa vurdum. Elə həmin vaxtdan Gəncədə nəşr olunan "Kirovabadskiy raboçiy" (indiki "Novosti Qəndji") qəzetində düz 25 il çalışdım. Səkkiz illik fasilədən sonra doğma ana dilimdə müstəqil həftəlik "Gəncəbasar" qəzetini təsis edib baş redaktoru oldum. On illik fəaliyyəti dövründə ölkəmizin qərb regionunda çox məşhur və oxunaqlı bir qəzet olaraq tanındı. Və paralel olaraq ədəbi yaradıcılığım davam edirdi...

- Bu haqda danışmağa hələ var. Böyüdüyünüz mühitə səyahət edək...

- Olduqca sadə, lakin mənəviyyatca zəngin bir ailədə böyümüşəm. Dörd qardaş, üç bacı olmuşuq. Hazırda o ailədən bacım və mən qalmışıq. Biz bolluq içində yaşamasaq da, bunu heç zaman nə arzulamışıq, nə də hiss etmişik. Ata babam Ələkbər Kərdəlayi Məhəmməd oğlu Gəncə üsyanının iştirakçısı olub və on iki güllə yarası ilə şəhid olub. Ondan sonra 13 yaşlı atam Əsəd Məmmədli "xalq düşməni"nin oğlu damğası ilə yaşayıb, iş tapmaqda çətinlik çəkib. Oxuduğu ikiillik hüquq məktəbini başa vurmağı da ona imkan verməyiblər. Böyük Vətən Müharibəsi başlayanda müharibəyə gedib və oradan şikəst qayıdıb. Bu dəfə də əlində əsa ilə gəzən bir əlilə heç kəs iş vermək istəməyib. Sonda atamın yaxın dostu onu yanına apararaq ortaq kimi işləyiblər. Yalnız Xruşovun rəhbərliyi dövründə atam Mənzil-İstismar Kontorunda işə başlayıb. Bütün bu çətinliklərə rəğmən atam maarifpərvərliyi, mənəvi ziyalılığı ilə bizə həmişə nümunə olub. Evimizdə çox zəngin kitabxanamız vardı. Azərbaycan klassiklərindən və yazıçılarından tutmuş, dünya ədəbiyyatının istənilən nümunəsini bu kitabxanada tapmaq olardı. Hələ musiqi vallarını demirəm. İstər dövrün bəstəkar mahnıları, istər muğam və klassik bəstələr, opera və simfonik musiqi yazılan vallar olsun, onları dinləyib sonra müzakirə etmək ailəmizdə bir adət halını almışdı. Və belə mühitdə böyüyən bizlər üçün əsl varidat elə bu idi. Anam Firuzə xanım çox erkən yaşında valideynlərini itirib. Seyid nəvəsi  olan anam hərbçi   qardaşının himayəsində böyüyüb. İsmayıl dayım Hərbi Komissarlıqda çalışdığından bacımı və kiçik qardaşlarını təyin olunan rayonlara özü ilə aparırdı. Tez-tez  məkan dəyişirdi deyə, anam təhsil ala bilməyib. Mənəviyyatı çox yüksək olan valideynlərimlə həmişə fəxr etmişəm. Dayıoğlu bibiqızı olan ata-anam özləri kimi övladlarını da saf, dürüst və təmiz adla ərsəyə çatdırıb. Mən həmişə Gəncənin həyatında böyük xidmətləri olan, atasızlığı mənə hiss etdirməyən, özümə müəllim bildiyim  qardaşım Mürşüd Məmmədlinin ziyalılıq məktəbi ilə fəxr etmişəm.

- Nüşabə Əsədin qələmlə dostluğundan danışaq...

- Dördüncü sinifdə oxuyanda mənə ata əvəzi olan qardaşım Mürşüd Məmmədli artıq tələbə idi və tətilə gəlmişdi. Qonşularımızın əksəriyyəti rus idi. Pəncərənin qarşısında durmuşdum. Birdən Paşa xala soruşdu ki, Mürşüd, hansı ixtisas üzrə oxuyursan? Qardaşım cavabında dedi ki, ədəbiyyat və tarix müəllimi olacam. Paşa xala təəccübünü gizlətməyib dedi: - Eh, mən elə bildim jurnalist olacaqsan. Jurnalist sözü çox xoşuma gəldi və qardaşımdan soruşdum ki, jurnalistika nədi? O da öz növbəsində bu sahənin nə olduğunu xırdalıqlarına qədər mənə başa saldı. Qardaşımın söylədiklərindən yadımda qalan o oldu ki, jurnalist bütün dünyanı gəzir, müxtəlif peşə sahibləri, ictimai-siyasi xadimlər, sənət adamları ilə görüşüb müsahibələr alır. Təsadüf elə gətirdi ki, ertəsi gün məktəbdə sərbəst mövzuda inşa yazı işimiz oldu, adı belə idi - Gələcəkdə kim olacaqsan? Mən də jurnalist olacağımı və qardaşımdan eşitdiklərimi yazdım. Amma heç bir səhfim olmasa da, yazıdan "kafi" qiymət aldım. Müəllimə etirazımı bildirəndə, dedi ki, xəttin çox pisdi. Evə gələndə qardaşım pərt vəziyyətdə olduğumu görüb səbəbini soruşdu. Məni dinləyəndən sonra dedi ki, heç vaxt yüksək qiymət dalınca qaçıb əlaçı olmağa çalışma,, yetər ki, biliyin olsun. Onun sözündən sonra əsl məktəbli həyatı yaşamağa başladım. Dərsdən də qaçırdım, dəcəllik də edirdim, "iki" də alırdım. Amma evimizdəki mühit, daima etdiyim mütaliə mənə ən böyük məktəb oldu.

- Amma bununla belə jurnalistin qələmi ədəbi mühitə tərəf yol aldı...           

- Əsla jurnalistikadan uzaqlaşmamışam. Yaradıcılığımın iki qolu var - jurnalistika və yazıçılıq. Bunların biri digərini qətiyyən kölgədə qoymayıb, çünki cərəyan edən hadisələrə heç vaxt biganə qala bilmərəm. Son illər baş verənlərə aid həm publisist yazılarım, həm də yazıçı kimi əsərlərim var. Jurnalistika da, nasirlik də mənim qoşa qanadımdı, biri olmasa, mən yaşaya bilmərəm.

- Bir az da yazıçı-dramaturq Nüşabə Əsəd danışsın.

- Yalnız o danışsın? Başqalarına söz verməyək?

- Məsələn...

- Tərcüməçi, ictimai fəal?

- Hamısı danışsın...

- Mən elə bir mühitdə böyüdüm ki, orda yaza bilməyən belə, əlinə mütləq qələm alardı. Bir dəfə palçıqlı yolla dağa qalxarkən, artıq iz salınmış bir cığırla yürümək istəyəndə, qardaşım Mürşüd əlimdən tutub məni saxladı və dedi ki, çalış həyatda da, işində də öz saldığın cığırla gedəsən, öz başlanğıcın olsun. Və bu sözdən o qədər təsirləndim ki, örnək kimi gördüyüm yazarların belə, cığırından yan keçdim. Öz izim üçün çalışdım, səy göstərdim, yazdım, pozdum, yenidən yazdım və sonunda imzamı rahatlıqla oxucuya təqdim etdim. Artıq yeddi pyesim var. Əhməd Cavad haqqında olan sonuncu pyesimi təzə tamamlamışam. "Payız tanqosu" və altı pyesim "Bəyaz çiçəklərin rəqsi" adı altında kitablarım Londonda ingilis dilində çap olunub. 20 Yanvar faciəsinə həsr olunan "Vida nəğməsi" kitabım polyak dilinə tərcümə edilib və Varşava Dövlət Universitetində təqdimatı keçirilib.  Roman və hekayələrdən ibarət "Cavad xan" adlı kitabım Ankarada işıq üzü görüb. Sovet dönəmində nəşr edilən "Yarpaq tökümü", "Unutmaq istəyirəm", "İlğım", "Sonuncu mahnı" kitablarıma müxtəlif illərdə yazılan  hekayə, povest, roman və pyeslərim daxil edilib. Gürcü ədəbiyyatından tərcümələrim də var. Bir azərbaycanlı olaraq vətənimdə baş verən hadisələrə biganə qala bilməmişəm. 90-cı illərin əvvəlində yaratdığım "Tomris" Analar Cəmiyyəti ilə bacardığım qədər xalqımın, millətimin yanında olmağa şalışmışam.

- Yaradıcılığınızın ana xəttini xüsusi vurğulayaq...         

- Bu sualı gözləyirdim. Cavad xan mənim yaradıcılığımın fövqündə dayanır, çünki bu şəxsiyyət ailəmizin kultu olub. Atamın ulu babası Əsəd Mirzə Cavad xanın dəftərxanasında çalışıb. Nəslimin  nümayəndələri bu tarixi həm yaşayıb, həm də iştirakçısı olub. Onun haqqında çox söhbətlər eşitmişəm. Və bir yazar kimi mən bu tarixdən yan ötə bilməzdim. Qeyri-təvazökarlıq kimi səslənməsin,  ilk olaraq bu şəxsiyyət haqqında yazdığım üçün  çox xoşbəxtəm. "Cavad xan" dramından savayı onun haqqında "Yaşıl otlar cücərir" hekayəsi və "Cavad xan" adlı kitabım da var. İlk dəfə əsər 1991-ci ildə tamaşaya qoyulub və 31 ildən sonra Gəncə Dövlət Dram Teatrı bu əsərə yenidən müraciət etdi. Hər iki quruluş təqdirəlayiqdi və bir müəllif kimi xeyli məmnunam.

- Yarım əsrdən çox yürüdüyünüz zaman kəsiyindən geri boylanaq...

- Mən böyüdüyüm mühitdən, yetişdiyim ailəmdən o qədər razıyam ki, bunu Allahın bir lütfü hesab etmişəm hər zaman. Amma heç demə bu, son deyilmiş. Tale yolumu  daha işıqlı, ziyalı bir ocağa rast gətirdi - respublikanın Xalq artistləri Əşrəf Yusifzadə və Rəmziyyə Veysəlovanın ocağına. Rəmziyyə xanım mənim ev işləri ilə çox məşğul olmağıma qarşı gəlirdi, o, mənada ki, yaradıcılığımla məşğul olum. Bununla belə, mən heç zaman ailəmi işimdən sonra görməmişəm. Bu günədək ailə mənim üçün ən ali məqamdadı. Həyatda əgər seçim qarşısında qalmış olardımsa, mən birmənalı olaraq, ailəmi seçərdim. Tanrı bizə iki gözəl övlad bəxş edib. Mən xoşbəxt anayam ki, valideynlərimdən aldığım mənəvi dəyərləri həm oğluma, həm qızıma ötürə bilmişəm. Lakin etiraf edirəm ki, qızım Jurnalistika fakültəsinə daxil olmaq istəyəndə, mən qəti olaraq buna qarşı çıxdım. Çünki kiçik istisnalar olmaqla bugünkü jurnalistikadan çox narazıyam. Kim olursansa ol, gərək yerində olasan. Çox acınacaqlıdı ki, bu gün jurnalistikadan uzaq olanların sayı kifayət qədərdi və mən qızımın belə jurnalistikada olmağını istəmədim. Amma buna baxmayaraq, yolumu davam edən nəvəm var - Kamran Yusifzadə, "Ədəbiyyat" qəzetində tez-tez çap olunur. Mən övladlarımı heç bir qadağa qoymadan böyütmüşəm, küçəyə də buraxmışam, üst-başları çirkli, palçıq içində gələndə danlamamışam - bir sözlə uşaq həyatını yaşamağa imkan vermişəm. Və nə yaxşı ki, bunu etmişəm. Bu gün babasının adını daşıyan oğlum Əşrəf Yusifzadə hüquq-mahafizə orqanlarında, qızım Aysel Yusifzadə isə insan haqları üzrə beynəlxalq eksperti kimi işlərini ləyaqətlə yerinə yetirirlər. Amma hara fırlansam da, uzaq illərdə qalan yeddi uşaqlı Məmmədlilər ailəsini hələ də gözüm gəzir, çünki orada atalı-analı xatirələrim qalıb.

Tamilla M-zadə


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.