525.Az

Səfir: "Azərbaycan Qətərdə ən çox sevilən ölkələrdən biridir"

[14.07.22]
Səfir: "Azərbaycan Qətərdə  ən çox sevilən ölkələrdən biridir"<b style="color:red"></b>

Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab "525-ci qəzet"ə müsahibə verib. Müsahibəni təqdim edirik.

 

 - Cənab səfir, ilk növbədə Azərbaycan-Qətər münasibətləri ilə bağlı fikirlərinizi bilmək maraqlı olardı. Bu münasibətlər hazırda hansı səviyyədədir?

- Azərbaycanla Qətər arasında əlaqələr çox yaxşı səviyyədədir və inkişaf etməkdədir. Hər iki ölkənin rəhbər şəxsləri bu əlaqələrin inkişafına xüsusi önəm verir. İnanıram ki, yaxın gələcəkdə əlaqələrimiz daha yüksək səviyyəyə qalxacaq və qarşılıqlı olaraq inkişaf edəcək.

Qətər və Azərbaycanın maraqları eynidir, əlaqələrimiz qarşılıqlı hörmət və ehtiram əsasında qurulub. Bizi islam dəyərləri, adət-ənənələri birləşdirir. Coğrafi baxımdan da iki dövlət çox  uzaq məsafədə yerləşmir. Əlbəttə ki, ölkələrimiz arasında əlaqələrin inkişafında bu məqam da önəmli rol oynayır.

- Məlumdur ki, pandemiya bütün dünyada dövlətlərarası münasibətlərə təsir göstərdi. Bu gün vəziyyət yaxşılaşmağa doğru gedir və canlı təmaslar, səfərlər baxımından aktivlik müşahidə olunur. Bu yaxınlarda Azərbaycanla Qətər arasında hansı səfərlər həyata keçirilib və yeni səfərlər gözlənilirmi?

- Son günlər Azərbaycan və Qətər arasında bir sıra rəsmi səfərlər baş tutub. Ötən ay Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi növbəti Bakı Forumunda Qətərin mədəniyyət naziri Şeyx Əbdürrəhman bin Həməd Al Taninin rəhbərliyi ilə böyük nümayəndə heyəti iştirak etdi. Həmçinin, iyunun sonunda, Qətərin Baş prokuroru Azərbaycana səfər etdi. Səfər çərçivəsində Azərbaycanın Baş Prokurorluğu ilə  birgə  əməkdaşlığa dair anlaşma memorandumu imzalandı. Bu da qarşılıqlı təcrübə mübadiləsinin inkişafına xidmət edən bir addım oldu. Eyni zamanda Qətərin Şura Məclisi (parlament) sədrinin müavini, xanım. Hamdə bint Həsən əs-Suleyti və onu müşayiət edən nümayəndə heyəti Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı forumunda iştirak etmək üçün Azərbaycana səfər etdi. Bundan əlavə Qətərin nümayəndə heyəti iyun ayının  sonunda İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin turizm nazirlərinin "Turizmin inkişafında yerli cəmiyyətlərin rolu" şüarı altında keçirilən 11-ci sessiyasına qatıldı.

Əminik ki, bu səfərlər Qətər Azərbaycan əməkdaşlığının inkişafına müsbət təsir göstərəcək. Ümid edirik ki, növbəti aylarda da belə səfərlər, tədbirlər davam edəcək.

- Pandemiyadan əvvəl Azərbaycana ən çox ərəb ölkələrindən turistlər gəlirdi. Bu sahə ilə bağlı hazırda iki ölkənin əməkdaşlığı hansı səviyyədədir?

-Pandemiyaya görə bütün ölkələrdə ən çox zərər çəkən sahə turizm oldu. Bu gün Qətərdə turizm baxımından Azərbaycana böyük önəm verirlər.  Şəhərin mərkəzinə getsəniz, görəcəksiniz ki, Qətərdən gələn turistlər çoxluq təşkil edir. Azərbaycan hazırda Qətərdə ən çox sevilən və səfər etmək arzu edilən ölkələrdən biridir. Bu bir sıra faktorlarla bağlıdır. İlk növbədə adət-ənənələrdəki oxşarlıq, coğrafi yaxınlıq, Qətər Hava Yolları ilə birbaşa reyslərin olması. Eyni zamanda Körfəz ölkələrində də Azərbaycana maraq günü-gündən artır. Burda turizmin inkişafı, digər ölkələrdən turistlərin cəlbi üçün hər cəhətdən çox münbit şərait var. Siyasi sabitlik, təhlükəsizlik yüksək səviyyədədir. Turistlərin səfəri üçün bunlar önəmlidir. Qətər Hava Yolları hazırda həftədə 7 reys həyata keçirir. Amma pandemiyadan əvvəl gündə iki reys var idi. Bu da onu göstərir ki, Azərbaycana maraq həddən artıq çoxdur. Bir çox Azərbaycan vətəndaşının Qətər Hava Yollarından tranzit kimi istifadə etdikləri də məlumdur. Bu sahəni inkişaf etdirmək üçün hər iki tərəfdən maraq var və bunun üçün müəyyən fəaliyyət tələb olunur. Yaxın günlərdə hər iki ölkədən iş adamlarının müştərək qurum yaradacaqları gözlənilir. İnanıram ki, həmin qurum turizmin  inkişafına böyük  töhfə verəcək.

- Siz azad edilmiş Azərbaycan ərazilərində olmusunuz. Dağıdılmış məscidləri, məzarlıqları, tarixi abidələri görmək hansı hissləri yaradır?

- Səfirliyə Xarici İşlər Nazirliyi tərəfindən azad edilmiş torpaqların ziyarəti ilə bağlı dəvətlər gəlib, mən onların hamısını qəbul edib, həmin ərazilərə səfər etmişəm. Bu səfərlər zamanı o ərazilərdə baş verənlərin hamısını görmüşəm. Qətər də Azərbaycan kimi bütün müqəddəs dəyərləri dağıdanları pisləyir. Yəni bu bizim siyasətimizdə yeni deyil. Fərq etməz, müqəddəs yer deyəndə məscid, ya kilsə olsun. Müqəddəs ocaqların dağıdılması insanlara hörmətsizlikdir. Eyni münasibət tarixin daşıyıcısı olan abidələrə də aiddir. Onların da dağıdılması yolverilməzdir.

- Yeri gəlmişkən, bu gün azad olmuş ərazilərdə sürətlə bərpa-tikinti işləri gedir. Qətər tərəfi bu prosesdə hansısa şəkildə iştirak edir?

- Qətər hazırda üçüncü dövlətdə fəaliyyət göstərən və prosesdə iştirak edən bəzi şirkətlərə maliyyə dəstəyi verir. Bu da imzalanmış müəyyən müqavilələr çərçivəsində həyata keçirilir. Əgər hansısa layihə təklif olunarsa, yaxından iştirak etməyə hazırıq. Yüksək səviyyədə keçirdiyimiz görüşlərdə də bəyan etmişik ki, Qətər bu prosesdə iştirak etməyə hazırdır.

- İqtisadi-ticarət əlaqələri barədə nə deyə bilərsiniz? Bu sahədə inkişafa nail olmaq üçün hansı addımların atılması gözlənilir?

- Ticari-iqtisadi münasibətlər iki ölkənin əlaqələrinin inkişafında çox böyük rol oynayır. Hər iki ölkə bu sahədə əlaqələrin yüksək səviyyəyə qaldırılmasında maraqlıdır. Bizə müəyyən təkliflər olunub, bir sıra layihələr mövcuddur. Layihələr hazırda masamızın üzərindədir, bununla bağlı araşdırma aparırıq. Onların arasında bərpa olunan və alternativ enerji, qida təhlükəsizliyi ilə bağlı layihələr də var.  Hesab edirəm ki, həmin layihələr həyata keçiriləndən sonra bu sahədə çox böyük bir sıçrayış olacaq. Onların reallaşmasında hər iki ölkədən böyük maraq var. Bu layihələr arasında Azərbaycanda süd və süd məhsullarının istehsalatı müəssisəsinin yaradılması ilə bağlı  layihə də  vardır.

- Bu sahə ölkənizdə inkişaf edib?

- Qətər bu sahədə inkişaf etmiş ölkələr sırasındadır. Çünki məlum Körfəz böhranı zamanı biz bu sahənin inkişafına xüsusi diqqət yetirdik. Dünyanın bir çox ölkəsindən mal-qara növlərini gətirdik və onların artırılması ilə məşğul olduq. Eyni zamanda məhsulların istehsalı üçün bir çox fabrik və zavod açıldı. Bu da bizim ərzaq təhlükəsizliyi proqramı çərçivəsində həyata keçirildi. Həmin vaxtdan başlayaraq Qətər bu sahədə çox inkişaf edib. Təkcə süd və süd məhsullarında deyil, digər ərzaq məhsulları ilə bağlı da qida təhlükəsizliyi proqramı üzrə bir sıra mühüm layihələr həyata keçirib. Təcrübə onu göstərdi ki, bəzi  böhranları  fürsətlərə  çevirmək mümkündür. Həmçinin, bəhs etdiyimiz  böhran  bir daha onu göstərdi  ki, heç kimə ümid bəsləmə, öz gücünə inan, özünə arxayın ol. Biz də bu şüardan çıxış edərək bu işin bünövrəsini qoyduq.

- Qətər iqtisadiyyatının əsasını neft və qaz hasilatı təşkil edir. Bu gün xüsusilə Rusiya-Ukrayna müharibəsinə görə dünyada alternativ enerji mənbələri axtarılır. Avropa İttifaqı yaxın 9 ay ərzində Rusiya neftindən imtina ediləcəyini  açıqlayıb. Əsas alternativlərin Səudiyyə Ərəbistanı, Qətər və Norveç olacağı gözlənilir. Lakin bunun üçün lazımi infrastruktur da yaradılmalıdır. Qətər buna hazırdırmı?

- Bu çox yaxşı sualdır. Biz həmişə deyirik ki, bu problem istehsalçılar arasında birgə fəaliyyət tələb edir. Açıq danışaq, hazırda Rusiya qazını əvəz edəcək elə bir ölkə yoxdur. Əgər bu gün bütün dünyada enerji mənbələrinin təhlükəsizliyindən söhbət gedirsə, ixrac və idxal edən ölkələr arasında həmişə koordinasiya olmalıdır. Hazırda Qətər sıxılmış maye qazı ən çox ixrac edən ölkədir. Bu sahə Qətərin əsas bazarıdır və burada götürdüyü öhdəlikləri həmişə çalışıb ki, yerinə yetirsin. İxrac edən ölkələrlə elə şərtlərlə işləmək lazımdır ki, layihələr reallaşsın. Hansısa ölkənin qarşısında öhdəlik götürmüsənsə, mütləq onu yerinə yetirməlisən. Maye qazın Avropaya daşınması üçün bizdə boru xətləri yoxdur. Xüsusi tankerlər var, onlar vasitəsilə daşımaq mümkündür. Dünya bazarı bu sahədə açıqdır. Hər kəs rəqibdir. Biz də o rəqabətdə iştirak edirik. Dünyada baş verən bütün böhranlar enerji təhlükəsizliyinə öz mənfi təsirini göstərir. Burda çıxış yolu odur ki, bütün ölkələr qarşılıqlı şəkildə əməkdaşlıq edərək böhranı aradan qaldırsın.

- Cari ilin noyabrında Qətərdə futbol üzrə dünya çempionatı keçiriləcək. Bununla bağlı aparılan tikinti işlərində insan haqlarının pozulması iddiasına görə Dohanın ev sahibliyinə qarşı çıxanlar olmuşdu. Həmin iddialar Qətər hökuməti tərəfindən araşdırıldı?

- Futbol üzrə dünya çempionatının keçirilməsi dünyada baş verən ən mühüm hadisələrdən biridir. Qətər bu idman növündə yerləşdiyi regionu təmsil edir. Bu onu göstərir ki, Qətər ərazicə kiçik olsa da, dünya səviyyəli böyük bir layihəni həyata keçirməyə qadirdir. Qətərin 2010-cu ildə bu tədbirə ev sahibliyi edəcəyi məlum olduqdan bu günə kimi tənqidlərə məruz qalmışıq. İstər tikintidə işləyən fəhlələr, istərsə də digər məsələlərlə bağlı daim bizə qarşı müəyyən tənqidlər səsləndirilib. Bu, normal haldır və bizə qarşı bəzi çağırışlar da var idi. Qətər bu dövr ərzində orda çalışanların hüquqlarının qorunması ilə bağlı çox böyük islahatlar keçirdi. Ölkəmizdə beynəlxalq səviyyədə ofislər açıldı və onların vasitəsilə orda çalışanların hüquqlarının qorunması təmin edildi. Cenevrədə bilirsiniz ki, işçilərin hüquqlarının qorunması üzrə Beynəlxalq Əmək Təşkilatı fəaliyyət göstərir. Onlarla da münasibətlərimiz tənzimlənir. İşçilərin hüquqlarının qorunması təşkilatı Qətərdə də fəaliyyət göstərir. Bu sahədə islahatlar davam edir. Beynəlxalq təşkilatlar işçi qüvvəsi ilə bağlı bizim səylərimizi yüksək qiymətləndirirlər. Düzdür, bu iftiralar, yalan məlumatlar bizi bir az incidir. Qətər işçi qüvvəsi əməyinin qiymətləndirilməsi baxımından dünyada birincilər sırasındadır. İş saatlarına xüsusi nəzarət var. Ölkədə işçi qüvvəsini cəlb edən şirkətlərlə ciddi iş aparılır. Qətərdə işləyən əcnəbilərin maaşının vaxtında ödənilməsinə ciddi nəzarət var. Həmçinin, qırmızı kitab var ki, hansısa hüquqi pozuntu olanda, orda qeyd edilir. Bir sözlə, bu sahədə islahatlar davam edir.

- Cənab səfir, bir müddətdir Azərbaycandasınız, ölkəmizi necə təsvir edərdiniz? Azərbaycanda ən çox nələri bəyənirsiniz?

- Ən çox xoşuma gələn sual bu oldu. Burada fəaliyyət göstərdiyim  müddət ərzində  çox   xoş  təəssüratlarım yaranıb. Deyirlər ki, hansısa ölkə haqqında nəsə bilmək istəyirsənsə, birinci gərək ordakı yerli əhali haqqında təəssüratın yarana. Hansısa gözəl ölkədə yaşaya bilərsən, amma önəmlisi insanları necə olmasıdır. Psixoloji və təhlükəsizlik baxımından burda çox rahatdır. Mən əsasən Avropa və ABŞ-da yaşamışam. Orda düşüncə tərzi, mədəniyyət hamısı bir istiqamətdə idi. Burda isə ikilidir - həm Şərq, həm Qərb mədəniyyəti var. Coğrafi və iqlim baxımından da özəl mövqeyiniz var. Biz qətərlilər Azərbaycanı sevirik. Burda özümüzü öz ölkəmizdəki kimi hiss edirik və böyük fərq görmürük.

Pərvanə SULTANOVA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.