525.Az

"Əziyyət çəkib 240 kilometr yol gəlməsinlər" 

MİLLƏT VƏKİLİ RAMİL HƏSƏN: "DEPUTATLARIN MAAŞINA EDİLƏN ARTIM ONLARIN SEÇİCİLƏRLƏ GÖRÜŞ ÜÇÜN RAYONLARA SƏFƏR ZAMANI SƏRF ETDİKLƏRİ RESURSLARDAN QAT-QAT AŞAĞIDIR"


[06.07.22]
"Əziyyət çəkib 240 kilometr yol gəlməsinlər" <b style="color:red"></b>

Müsahibimiz 91 saylı Ucar Seçki Dairəsindən Milli Məclisin deputatı Ramil Həsəndir. 

 

 

- Ramil bəy, bildiyim qədərilə dünən Ucardaydınız. Necə keçdi görüşləriniz?

- Çox məhsuldar görüşlər keçirdik. Dünən səhər sübh tezdən çıxdım ki, vaxtında Ucara çata bilim.

- Həmişə bir günə gedib qayıdırsınız?

- Bəzən bir günə gedib qayıtmadığım da olur. Təbii ki, bu, Bakıdakı proqramların gərginliyinə bağlıdır. 

- Oraların adamları ilə - seçicilərinizlə dil tapa bilirsinizmi?

- Əlbəttə. Düşünürəm ki, onlarla çox gözəl, səmimi münasibətimiz qurulub. Deyərdim ki, bu münasibət indi yox, iki il yarımdır ki, qurulub - Yeni Azərbaycan Partiyası tərəfindən mənim namizədliyim irəli sürülən gündən, təbliğat kampaniyası başlayan dövrdən bütün kəndlərdə olmuşam. Şübhəsiz ki, görüşlərdə Ucar əhalisinin təbiiliyi, səmimiyyəti bizə imkan verib ki, çox gözəl münasibətlər yaradaq. Millət vəkili, adından da bəlli olduğu kimi, millətin səsini, qarşılaşdığı problemləri müvafiq qurumlara çatdırmaq üçün unikal bir körpüdür.  Bu körpü rolunu oynadığın zaman sənin üzərinə ciddi məsuliyyət düşür. Çünki sən bir qolu digər bir qol ilə bağlayırsan.

- Uzun illər xaricdə qazanılmış təcrübədən sonra bir regionun millət vəkili kimi daxili siyasətə qayıtmaq sizə çətin olmadı ki?

- Xeyr, deməzdim ki, çətin oldu. Mən Yeni Azərbaycan Partiyasının sıralarına 1995-ci ildə qoşulmuşam. Həm də xarici siyasətə birdən-birə keçməmişəm. 1999-cu ildə YAP Siyasi Şurasının üzvü idim. 2003-cü ildə cənab Prezidentin birinci seçkisində "Heydər Əliyev siyasəti. Gəncliyin yolu" adlı təbliğat hərəkatının koordinatoru olmuşam. 2005-ci ildə isə YAP Gənclər Birliyinin sədri idim. 2008-ci ildə cənab Prezidentin seçki kampaniyasında 25 vəkilindən biri olmuşam. Dolayısıyla hələ o dövrdə mən ölkənin bütün regionları ilə tanış idim.

2009-cu ildə isə diplomatik fəaliyyətə keçmişəm. 2020-ci ildə on bir ildən sonra daxili siyasətə geri dönmüşəm. Əlbəttə, on bir ildən sonra daxili siyasətə adaptasiya olmaq mühüm bir amil idi. Hesab edirəm ki, qarşımızdakı hədəfin öhdəsindən uğurla gələ bildik. Bütün müasir üsullardan və sosial şəbəkələrdən istifadə edirik ki, seçicilər əziyyət çəkib 240 kilometr yol gəlməsinlər. İstənilən vətəndaş bizim admin qrupumuzla əlaqə saxlayıb öz problemlərini bildirə bilər.

- Ramil bəy, Ucarın iqlimi əkin-biçinlə məşğul olmaq üçün kifayət qədər əlverişli deyil. Bir tərəfdən də suvarma problemi məsələni xeyli qəlizləşdirir. Təbii ki, rayonda əkinçiliklə məşğul ola bilməmək işsizlik faizinə mühüm təsir göstərir. Sözügedən problemlərin həlli istiqamətində konkret hansı addımları atmısınız və bundan sonra hansı addımları atmağı düşünürsünüz?

- Milli Məclisin deputatının səlahiyyətləri çərçivəsində üzərimə düşən bütün addımları atmışam. İlk növbədə mən ciddi bir araşdırma apardım. Vətəndaşlarla daimi ünsiyyətdə olub hətta həyətlərə qədər getdiyim üçün mən çox gözəl şəkildə bilirəm ki, Ucarın ən böyük problemi susuzluqdur. Əkin sahələrinin yararsız olması birbaşa susuzluqdan qaynaqlanır. Melorotiv tədbirlər vaxtında həyata keçirilmədiyi üçün torpağın tamamilə öz keyfiyyətini itirməsindən dolayı ortaya çıxan problemlərdir.  Həmçinin, Sovet dövründə mövcud olan bir çox rentabelli müəssisələrin hazırda mövcud olmaması da işsizlik probleminə öz təsirini göstərir. Mən hökumətə bir neçə konkret təkliflər təqdim etmişəm. Bu təkliflərim rəsmi şəkildə Milli Məclisin struktur arxivlərində qeydiyyatdadır. Eyni zamanda, hörmətli Baş nazir Əli Əsədova, hökumətin müvafiq qurumlarına ünvanlandığım və parlament çıxışlarımda ifadə etmiş olduğum fikirlər var. Bunlar nələrdir? Ucar rayonunun 90 mindən çox əhalisi olduğu halda bu gün rayonda real, aktiv fəaliyyətdə olan stadion, idman kompleksi yoxdur. Ona görə də keçən ilin dövlət büdcəsi müzakirə olunanda sözügedən məsələ ilə bağlı təklifi - idman kompleksinin inşa edilməsi təklifini vermişəm. Əgər 90 mindən çox əhalisi olan bir rayonda gənclər toplaşıb qonşu Göyçay rayonuna futbol oynamağa gedirlərsə, bu, çox ciddi bir problemdir. Gənclərin asudə vaxtının təşkili ilə bağlı geniş şərait yaratmalıyıq ki, onlar neqativ ünsürlərin əlində alətə çevrilməsinlər.

Suvarma kanalları məsələlərinə gəldikdə isə bu da olduqca vacib bir məsələdir. Müvafiq qurumlar bu məsələ ilə ciddi şəkildə məşğul olmaqdadır. Bir də, indi ümumilikdə olan su probleminin həllində Qarabağın işğaldan azad edilməsi ilə ordakı su resurslarının əlçatan olması mühüm rol oynayacaq.

- Hətta Həkəri ilə bağlı konkret rəqəmlər də açıqlanıb. Çayın respublikamızda yaxın gələcək üçün proqnozlaşdırılan su qıtlığı ərəfəsində 14 rayonun 3 milyon əhalisini içməli su ilə təmin edəcəyi deyilir.

- Bəli, göstərilən 33 faiz çox ciddi bir rəqəmdir. Ümid edirəm ki, ordan Ucara da pay düşəcək. Bilirsiniz, suvarma ilə bağlı məsələdə vətəndaşların özündə də məsuliyyətsizliklər var. Mən şəxsən vəziyyətlə tanış olduğum üçün dəfələrlə şahidi olmuşam ki, kəndin yuxarısında gələn suyu bəzi şəxslər öz bağ-bostanına çəkir, nəticədə kəndin aşağısında yaşayanlara su az gedir. Biz suyun paralel şəkildə bölünməsini təmin etməliyik. Burda iki resurs var: inzibati resurs və vətəndaşın öz vicdanı.  Əgər suyun həcmi ilə bağlı həyətlərə sayğac qoyulsa, vətəndaş biləcək ki, israfçılıq etsə, bunun haqqını ödəyəcək. Bəzən qarşılaşıram ki, iki qardaşdır, su probleminə görə illərdir ki, küsülüdür.
Ümumiyyətlə, son illər dünyada, o cümlədən, Azərbaycanda su qıtlığı məsələsi aktualdır. Dünyada problemin həlli istiqamətində müəyyən işlər görülür. Artıq bəzi ölkələrdə müasir texnologiyalar vasitəsilə adi zibildən və kanalizasiya sularından distillə olunmuş suyun yaradılması həyata keçirilir.

- Yəqin siz gələcəkdə Ucar sakinlərinə kanalizasiya suyu içirmək istəmirsiniz?

- Yox, mən bunu suvarma suları ilə bağlı deyirəm. Bir də ki, bu bir qədər utopik görünə bilər, ancaq sözügedən metoddan bu gün İsrail, Səudiyyə Ərəbistanı kimi ölkələrdə istifadə edirlər. 

- Ramil bəy, Ucarda başqa hansı işlərin görülməsini labüd hesab edirsiniz?

- Bildiyimiz kimi, Ucar rayonunun ərazisi düzəngahdır. Bu, bir tərəfdən təbiət guşələrinin olmaması deməkdirsə, digər tərəfdən müsbətdir. Biz neqativi pozitivə çevirə bilərik.

- Necə?

- Mən sizə deyim necə. Ucar rayonu İpək yolunun üzərində yerləşir. Belə desək, Bakı, Gürcüstan, Türkiyə üzərindən Avropanı Asiya ilə bağlayan yolların tam ortasındadır. Dolayısıyla böyük həcmli nəqliyyat daşınmaları oradan keçir. İki istiqamətdə biz Ucar üçün mühüm işlər görə bilərik. Birincisi, logistik mərkəzlərin, irimiqyaslı depoların yaradılması rayonda ciddi mənada işsizlik probleminin aradan qaldırılmasına səbəb ola bilər. Mən bu təklifi vermişəm.

- Dediyiniz məsələnin reallaşma ehtimalı nə qədərdir?

- Düzü, hazırda ehtimalın nə qədər olduğu barədə fikir söyləmək tezdir. İstənilən halda bu fikir reallığa yaxındır və utopiya deyil. Sovet dövründə də respublika əhəmiyyətli bir çox müəssisələr Ucar rayonunda yerləşirdi. İkinci layihə isə respublika əhəmiyyətli bir neçə müəssisənin Ucar rayonunda salınmasıdır. Məsələn, Neftçalada avtomobil zavodu var, Gəncədə traktor zavodu. Yəni gələcəkdə respublika əhəmiyyətli müəssisənin biri Ucara salınsa, bu, ciddi miqdarda işçi qüvvəsi deməkdir. 

- Özünüz də qeyd etdiyiniz kimi, bir müddət ölkədə gənclər siyasəti ilə sıx bağlı olmusunuz. Ölkə gəncliyinin bugününü necə dəyərləndirirsiniz?

- Azərbaycan gəncliyi bir çoxlarının gözləntisinin əksinə olaraq milli duyğu və şüur hissinə sahib olduğunu Qarabağ müharibəsində isbat elədi. Öz gözlərimin şahidiyəm ki, hərbi komissarlıqların qarşısında ən bahalı maşınlardan tutmuş marşrut avtobuslarına kimi düşüb gələn gənclər vardı. Mən bu suala belə cavab verərdim.

- Qarabağ müharibəsindən söz düşmüşkən, postmüharibə dövrü, sülh prosesi və ermənilərlə birgəyaşayış. Necə düşünürsünüz bundan sonra ermənilərlə birgəyaşayış necə olacaq? Sualı təkcə diplomatik təcrübənizdən yox, həm də Zəngəzurda doğulduğunuzu nəzərə alaraq həyat təcrübənizdən çıxış edib verirəm.

- Bəli, 1978-ci ildə Zəngəzurda-Qafanda doğulmuşam,  uşaqlığım orda keçib. Dolayısıyla mən ermənilərlə yetərincə ünsiyyətdə olmuşam. Ona görə də  deyə bilərəm ki, cənab Prezidentin də qeyd etdiyi kimi, biz humanist bir millətik. Tarix onu hər zaman göstərir ki, türk milləti mərd, igid və tolerant bir millətdir. Təbii ki, hər millətin yaxşısı da-pisi də var. Mən ümumi genefondda olan xarakterimizi deyirəm. Ona görə də  xoş niyyətimizi göstərərək ermənilər tərəfindən bu günə qədər edilənlərə baxmayaraq Azərbaycan irəliyə doğru addım atır. Məlumdur ki, regiona sülh gətirmək üçün kimsə əlini daşın altına qoymalıdır. Azərbaycan böyük bir gücə, iradəyə sahibdir və xoş niyyətini ortaya qoyur. Prezidentimizin dediyi bütün cümlələr bir-birini tamamlayır. Cənab prezident bir tərəfdən ermənilərlə birgəyaşayışı, sülhü qeyd edir, digər tərəfdən onu da vurğulayır ki,  Azərbaycana qarşı qərəzli, təcavüz siyasətini yürüdə biləcək qüvvələr dəmir yumruğu unutmamalıdır. Dolayısıyla biz bölgədə nə qədər güclü və qüvvətli olacağıqsa, sülh də o qədər dayanıqlı olacaq. Bu baxımdan da biz ermənilərlə gələcəkdə sülhün və barışın gəlməsi üçün normal münasibətlər qura bilərik. Dünya tarixinə baxsaq, görərik ki, yüzillər boyunca ingilislər və fransızlar, fransızlar və almanlar bir-biri ilə düşmən olublar. İndi isə vəziyyət fərqlidir. Uşaqlıq təcrübəm göstərir ki, o dövrdə ermənilərin də içərisində tamamilə beyniyuyulmuş, şovinist düşüncələrlə pozulmuş insanlar var idi. Ancaq düşünürəm ki, normal münasibət qurula biləcək formatlar da mövcuddur.

- Ermənistanın Baş naziri Nikol Paşinyanın son bəyanatları müzakirələrə səbəb oldu. Siz bu bəyanatlar haqqında nə deyə bilərsiniz?

- Paşinyanın bütün açıqlamalarını bir-biri ilə müqayisə etsək, görərik ki, onun açıqlamaları ziqzaqvari, bir-birinə tamamilə ziddir. Paşinyan əslində öz seçicilərinə, erməni ictimaiyyətinə oynayır. Ermənistan ictimaiyyəti də öz aralarında, teleqram kanallarında yazırlar ki, siz Paşinyanın yox, İlham Əliyevin dediklərinə inanın. Çünki cənab Prezidentin vermiş olduğu mesajlar qətidir, onun hər kəlməsinin arxasında iradə dayanır.  Bu xüsusiyyətlər Ermənistanın Baş nazirində olmadığına görə,  o, ictimai mühitdə özünə uyğun rəyi qoruyub saxlamaq üçün fərqli mesajlar verir. O mesajlar bizdə də müzakirələrə səbəb olur. Bu haqda danışarkən bir neçə nüansı unutmamalıyıq. Dünyanın heç bir yerində son dövrlərdə müharibə edib uduzan bir iqtidarı o ölkənin vətəndaşları hakimiyyətə gətirməyib. Bu, sadəcə Ermənistanda baş verib. Çünki erməni xalqı bilir ki, Azərbaycan və Türkiyə ilə normal münasibətlər qurulmasa, Ermənistanın gələcəyi şübhə altında olacaq.

- Milli Məclisin deputatlarının maaşlarına edilən artımdan sonra gilas ala bilirsinizmi?

- (gülümsəyir) Əmin olun ki, qeyd etdiyiniz o artım Milli Məclisin deputatının seçicilərlə görüş üçün rayonlara səfərləri zamanı istifadə etmiş olduğu resurslardan qat-qat aşağıdır.

  Aytac SAHƏD 
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.