525.Az

"Kəlbəcərdə nəfəs kəsən mənzərələr gördüm"

ƏLCƏZAİR SƏFİRİ: "AZƏRBAYCANLA ƏLAQƏLƏRİ MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN ƏLİMDƏN GƏLƏNİ EDƏCƏYƏM" 


[05.07.22]
"Kəlbəcərdə nəfəs kəsən mənzərələr gördüm"<b style="color:red"></b>

Əlcəzair Xalq Demokratik Respublikasının Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Abdelvahab Osman "525-ci qəzet"ə müsahibə verib. Səfir müsahibə zamanı Azərbaycanla Əlcəzair arasında müxtəlif sahələrdə mövcud münasibətlər, gələcək planlar, 5 iyul Əlcəzairin dövlət müstəqilliyinin 60-cı ildönümü və digər məsələlərlə bağlı danışıb. 

- Cənab səfir, Siz qısa müddət əvvəl Azərbaycanda diplomatik fəaliyyətə başlamısınız. İlk növbədə oxucularımıza özünüz haqqında məlumat verməyinizi xahiş edirik.

- Doğrudur, etimadnaməmi 10 yanvar 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidentinə təqdim etdim. Xarici İşlər Nazirliyində 35 il xidmət göstərən karyeralı diplomatam. Əlcəzairin Almaniya Federativ Respublikasındakı səfirliyində sözçü kimi fəaliyyət göstərmişəm. Əlcəzairin BMT-nin Nyu-Yorkdakı Daimi nümayəndəliyində BMT-nin Baş Assambleyasının 3-cü Komissiyasının məsul nümayəndəsi olmuşam. 2010-2016-cı illərdə Konqo Respublikasında və Mərkəzi Afrika Respublikasında səfir vəzifəsində işləmişəm. Xarici İşlər Nazirliyində bir çox vəzifələrdə çalışmışam: Beynəlxalq Mətbuat Akkreditasiya şöbəsinin rəhbəri, təhlil və məlumatların idarə ediməsi üzrə direktor müavini, Xarici İşlər Nazirliyi Kabinetində tədqiqatlar və sintez üzrə məsul şəxs.

Hazırda 57 yaşımdayam, ailəliyəm, 1 oğlum var, paytaxt Əlcəzair şəhərinin yüksəkliklərində yerləşən Əl-Biyardanam.

- Azərbaycanda olduğunuz müddətdə yəqin ki, ölkəmiz barədə ilkin təəssüratlarınız formalaşıb. Bu, təəssüratlar nədən ibarətdir?

- Bəli, Azərbaycan bu gün sağlam nəfəs alan bir ölkədir. Düzgün idarəçilik hiss olunur, Prezident İlham Əliyevin rəhbərliyi sayəsində ölkə regional və beynəlxalq əhəmiyyət qazanır. Paytaxt Bakı artıq öz gözəlliyi ilə heyran edir. Rayonlar da həmçinin. Bu yaxınlarda Kəlbəcərə səfər etdim və nəfəs kəsən mənzərələr - meşələr, çaylar gördüm.

Azərbaycan xalqı çox mehriban, nəzakətli və xaricilərə açıqdır. Etiraf edirəm ki, özümü burada heç vaxt yad hiss etməmişəm, ölkələrimiz mədəniyyət və sivilizasiya baxımından oxşardır. Burada özümü çox rahat hiss edirəm və Bakıya səfir təyin olunmağımdan xoşbəxtəm. 

- İyul ayının 5-də Əlcəzairin dövlət Müstəqilliyinin 60-cı ildönümü tamam olur. Əlcəzair xalqı öz azadlığına 8 illik mübarizə və çoxsayda qurbanlar verməklə nail oldu. Bu tarix barədə nələri deyə bilərsiniz? Ötən 60 ildə Əlcəzair dövləti necə inkişaf edib, hansı uğurlar əldə edilib?

- 5 iyul mənim ölkəmin tarixində əlamətdar bir gündür. 5 iyul 1962-ci il 130 illik fransız müstəmləkəsindən sonra müstəqillik tarixdir. 1830-cu ildən başlayaraq fransız işğalına qarşı çoxlu üsyanlar oldu. 1954-1962-ci illər azadlıq mübarizəsi ilə ölkə azad olundu və milli suverenlik bərpa edildi. 60 illik müstəqillik iqtisadi və sosial inkişaf üçün çoxlu səylər göstərən bir ölkənin tarixində az bir müddətdir. Karbohidrogenlər və faydalı qazıntılarla zəngin torpaq, həmçinin, dinamik insan resursu sayəsində ölkə dəyişdi və bütün sahələrdə inkişaf etdi. Afrikada və ərəb dünyasında ən yüksək insan inkişafı göstəricisinə malik oldu.

Qanunun aliliyi, seçkilərin təşkili, düzgün idarəçilik və azad sivil cəmiyyətin yaradılması ilə demokratik quruculuğun möhkəmlənməsi prosesində müstəqillikdən bəri böyük irəliləyişlər əldə edilmişdir. Çoxlu sayda siyasi və iqtisadi islahatlar aparılıb. Ölkənin xarici siyasəti qətiyyətlə sülh axtarışına, BMT Nizamnaməsinin prinsiplərinə hörmət və əməkdaşlığa yönəlib. 1830-cu ildən bəri milyonlarla şəhid verərək yadelli işğalına qarşı mübarizə aparan Əlcəzair, təsdiqini tapmış təklif qüvvəsi ilə bütün dünyada, Fələstində və Qərbi Saharada ədaləti dəstəkləməyə davam edir. Əlcəzair Sahel və Liviyada münaqişənin sülh yolu ilə həllində iştirak edir, əsas müzakirə və cari məsələlərə öz töhfələrini verir.

Regional güc, Afrikada və dünyada səsi duyulan ölkəm iqtisadi  inkişaf, sülhün yayılması və sülh içində birgə yaşama yolunu əminliklə davam etdirəcək. 

- Əlcəzair ilə Azərbaycan arasında əlaqələrin tarixi keçmişə gedir. Hələ Sovet İttifaqı dönəmində bu münasibətlər yaxşı səviyyədə olub. Bu gün Azərbaycanla Əlcəzair arasında münasibətlərin səviyyəsini necə xarakterizə edərdiniz?

- Sovet dövründə çoxlu sayda əlcəzairli Azərbaycanda, xüsusən neft və hərbi donanma sahəsində təhsil alıblar, həmçinin, həmin dövrdə çox sayda azərbaycanlı Əlcəzairdə, xüsusilə karbohidrogenlər sahəsində işləyib. 

Diplomatik əlaqələrimiz 22 aprel 1994-cü ildə qurulub. 2015-ci ildə Əlcəzair Bakıda diplomatik missiya açdı, 2019-cu ilin oktyabrında isə Əlcəzair səfirliyi yaradıldı. 2016-cı ildə  iki qardaş xalq naminə birgə münasibətləri inkişaf etdirmək üçün hər iki ölkənin siyasi istəyi ilə Azərbaycan da Əlcəzairdə səfirlik açdı.

Məmnunluqla qeyd etmək lazımdır ki, hər iki ölkə İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində çoxtərfli səviyyədə əməkdaşlıq edir. İcazə verin, buradan Azərbaycan Respublikasının Prezidentinin Qoşulmama Hərəkatındakı sədrliyini alqışlayım. 

Buraya gəldiyim gündən etibarən azərbaycanlı həmsöhbətlərimlə ünsiyyət zamanı həmişə  qeyd edirəm ki, istər siyasi məsləhətləşmələr, istərsə də iqtisadi, ticari və mədəni mübadilələr səviyyəsində ikitərəfli münasibətlərə yeni nəfəs verilməsinə ehtiyac var. Sevindirici haldır ki, artıq ölkələr arasında gələcəyə ümid verən bir çox əməkdaşlıq layihələrimiz var. Düşünürəm ki, iki ölkə arasında Biznes Şurasının yaradılmasının vaxtı çatıb, biz bu sahədəki mütəxəssisləri tərəfdaşlıq potensialını araşdırmaq və iki ölkə bazarını tanımaq üçün hər iki ölkədə keçiriləcək yarmarka və sərgilərdə iştirak etməyə təşviq etməliyik.

Hər bir halda mən, Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini möhkəmləndirmək üçün əlimdən gələni edəcəyəm. 

Bu sualın cavabını sonlandırmaq üçün, Əlcəzair güləş komandasının Bakıda iki həftəlik təlim-məşq toplantısı keçirdiyi barədə oxucularınıza məlumat vermək istərdim. Əlcəzairli güləşçilərin Azərbaycandakı bu ilk təcrübəsi Azərbaycanın Gənclər və idman Nazirliyi və Güləş Federasiyasının köməkliy ilə asanlaşdırıldı. Mən, Gənclər və İdman naziri cənab Fərid Qayıbova və Güləş Federasiyasının prezidenti kimi cənab Mikayıl Cabbarova öz dərin təşəkkürümü bildirirəm. İdmançılarımız üçün yaradılan şəraitdən çox məmnunam. Azərbaycan dostluğu, qardaşlığı, peşəkarlığı, qonaqpərvərliyi, qarşılama və təşkilatçılığı vəhdət təşkil edirdi.  Biz əlcəzairlilər, qardaş Azərbaycan xalqı ilə bir çox ümumi dəyərlərə sahibik. İdmançılar özlərini Bakıda qətiyyən yad hiss etmirdilər.

- Cənab səfir, sizin fikrinizcə, iki ölkə arasında hansı sahələrin inkişafı prioritet təşkil edir?

- Fikrimcə, hazırkı hadisələr və ərzaq təhlükəsizliyi problemi ilə bağlı olan əsas sektorlardan biri kənd təsərrüfatıdır. Düşünürəm ki, bu sahədə hər iki tərəfdən araşdırılmağa dəyən potensial var. Neft sənayesindəki əməkdaşlıq da həmçinin. Turizm sahəsi də hər iki ölkə üçün aparıcı seqmentdir. Əlbəttə ki, sənətkarlıq, kiçik və orta biznes də bura daxildir.

- Qeyd edildiyi kimi, əməkdaşlıq üçün vacib sahələrdən biri də turizmdir. Həm Əlcəzairin, həm Azərbaycanın bununla bağlı böyük potensialı var. Ölkələrimiz arasında turizm mübadiləsinin inkişafı üçün hansı planlar var?

- Doğrudur, hər iki ölkə çoxlu turistik məkanlara sahibdir və bu onları ən yaxşı qlobal istiqamətlərə çevirə bilər. Budur, əməkdaşlığı inkişaf etdirə biləcəyimiz daha bir sahə. Bu perspektivi İqtisadiyyat naziri Mikayıl Cabbarovla da müzakirə etmişik. Bu gün Bakı dünya miqyasında tanınan istiqamətlərdən biridir. Əlcəzairlilər səyahətçidirlər və ölkəni kəşf etmək istəyirlər. Əvvəllər Əlcəzairdə işləyən azərbaycanlılar Saharanın və Əlcəzair sahil boyunun gözəlliyindən qürurla danışırlar. Hər iki tərəfdən viza prosedurunu asanlaşdıraraq və turistik operatorlar arasında əlaqə yaradaraq sosial turizmi inkişaf etdirə bilərik.

- Hazırda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işləri aparılır. Əlcəzair şirkətləri bu prosesdə hansısa şəkildə iştirak edə bilər?

- Ağdam və Kəlbəcərə səfərim zamanı Azərbaycan dövləti tərəfindən başladılmış bir çox işin şahidi oldum. Yenidənqurma və təmir edilməli çoxlu yerlər olduğu üçün bura açıq bir tikinti sahəsidir. Mənim ölkəmin bina və böyük işlər üzrə müəssisələrinə gəldikdə isə, düzünü desəm, onlar beynəlxalq səviyyədə işləmək üçün hələ kifayət qədər təcrübə əldə etməyiblər. 

- Cənab səfir, ticari-iqtisadi münasibətlərin səviyyəsi barədə nə deyə bilərsiniz? Məlumdur ki,  ölkələrimizn iqtisadiyyatının əsasını neft və qaz təşkil edir. Lakin iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən, yuxarıda vurğulandığı kimi kənd təsərrüfatı sahəsində əməkdaşlıq üçün potensial mövcuddur. Bu gün bu potensialdan nə dərəcədə istifadə olunur?

- Təəssüf ki, nəticə qənaətbəxş deyil. Mübadilə səviyyəsi zəifdir. Bu vəziyyəti düzəltmək üçün ciddi şəkildə işləyirik. Çoxsahəli əməkdaşlığa dair birgə Komissiyanın yaradılması ölkələr arasındakı mübadiləyə töhfə verəcək və biz bu mexanizmi daha tez həyata keçirməyə nail olacağıq. Biz ümumi qazanc tərəfdaşlığı üçün çalışacağıq və fəaliyyət yönümlü əməkdaşlığı inkişaf etdirəcəyik. 
Hazırda hər iki tərəfdən iki qardaş ölkə arasında münasibətləri lazımi səvviyəyə qaldırmaq üçün real siyasi istək mövcuddur.

- Əlcəzairin Dövlət Müstəqilliyi Günü münasibətilə sizi təbrik edir, müsahibəyə görə təşəkkür edirik.

-Mən sizə təşəkkürümü bildirirəm. 
 

Pərvanə SULTANOVA
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.