525.Az

ADMİU-da Aqşin Babayevin yubileyi qeyd edilib

[25.11.21]
ADMİU-da Aqşin Babayevin yubileyi qeyd edilib <b style="color:red"></b>

Noyabrın 23-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) Azərbaycanın tanınmış yazıçı-dramaturqu, şair, tərcüməçi, pedaqoq, ictimai xadim, professor, universitetin rektorunun mərhum müşaviri Aqşin Babayevin 85 illik yubiley gecəsi keçirilib. Tədbirdə mərhumun ailə üzvləri, universitet rəhbərliyi, tanınmış ictimai-siyasi xadimlər, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.

Xatirə gecəsi A.Babayevin həyat və yaradıcılığını əks etdirən video-slaydla başlayıb. 

Tədbiri giriş sözüylə açan ADMİU-nun rektoru, professor Ceyran Mahmudova A.Babayevin həyatı, yaradıcılığı haqqında geniş məlumat verib, onun universitetdəki fəaliyyətindən danışıb. Rektor qeyd edib ki, A.Babayev mükəmməl pedaqoq olmaqla yanaşı, ADMİU-nun ictimai işlərində də yaxından iştirak edən əməkdaş idi. O, hər zaman özünün yenilikçi fikirləri, məntiqli və uzaqgörən təklifləriylə fərqlənər, maraqlı ideyalar irəli sürərdi: "Aqşin müəllimlə iş prosesində gördüm ki, insanın xarakteri, şəxsiyyəti tutduğu vəzifələrdən asılı deyil. Harda olmağından asılı olmayaraq, onun daxili dünyası özünü büruzə verəcək. Aqşin müəllimlə birgə işləmək, ünsiyyətdə olmaq çox böyük şans idi. Ona bizim universitetdə çox böyük hörmət vardı. Çünki o, olduqca səmimi, böyüklə böyük, kiçiklə kiçik ola bilən bir insan idi. Xatırlayıram ki, ulu öndərimiz Heydər Əliyevlə bağlı bütün tədbirlərimizdə iştirak edər və maraqlı çıxışlarıyla fərqlənərdi. Özü də onun bir çıxışı digərinə bənzəməzdi. Bildiyiniz kimi, o, bir müddət Ulu Öndərlə birgə işləmişdi. Onun bir-birindən maraqlı xatirələri bitməz-tükənməzdi. O, çıxışlarını elə qururdu ki, hər dəfə bizə yeni nəsə danışırdı. Sanki o, yenə də aramızdadır. Bildiyiniz kimi, universitetin 100 illik yubileyi yaxınlaşır. Aqşin müəllimin yeri hər zaman olduğu kimi, indi də çox görünür və hər zaman görünəcək. "Əvəzolunmaz insan yoxdur" fikriylə razı deyiləm. Əvəzolunmaz insanlar var və Aqşin müəllim də onlardan biridir".

Daha sonra Əməkdar incəsənət xadimi, ADMİU-nun kafedra müdiri, professor Əli Əmirli A.Babayevin həyat və fəaliyyətindən bəhs edib: "Aqşin Babayev uzun, mürəkkəb və şərəfli bir ömür yolu keçib. 1936-cı ildə Bakıda doğulub. 1937-ci ildə bütün ölkə boyu Stalin repressiyaları başlayıb. Bu bəla onların evindən-ocağından da yan keçməyib, bir yaşı olanda atası həbs olunub. 6 aydan sonra gənc rəssamı "Bu qədər bəsindir"-deyib azadlığa buraxıblar. 1941-ci ildə Böyük Vətən savaşı başlayıb, 5 yaşlı Aqşinin atası könüllü cəbhəyə gedib, Stalinqrad uğrunda döyüşlərdə aldığı yara ilə geri dönüb. Aqşin Babayev müharibə illərini, aclığı, çörək növbələrini uşaqlıq yaddaşına yazıb.

Təhsil illəri də çətin dövrə düşüb. Ali məktəbin sonuncu kursunda oxuya-oxuya işləməyə başlayıb, ilk iş yeri də "Avtomobil nəqliyyatçısı" qəzetinin redaksiyası olub. Sonra dostlarının, xeyirxah insanların köməyi ilə radioda işə düzəlib. Ömrünün 32 ilini bu kollektivdə keçirib, sıravi əməkdaşdan AZ.TV-nin sədr müavini vəzifəsinə kimi yüksələ bilib.

Aqşin Babayev 1991-ci ildən 2006-cı ilə kimi fəaliyyətini Milli Məclisdə davam etdirib. Parlamentimizin ilk Mətbuat katibi olmaq məhz onun bəxtinə düşüb. Müstəqilliyimizin ilk illərində baş verən ictimai-siyasi prosesləri yaxından izləmək imkanı qazanıb. Qanunverici orqanda çalışarkən II dərəcəli Dövlət müşaviri rütbəsinə layiq görülüb.

Son illər fəaliyyətini Dövlət Mədəniyyət və İncəsənət Universitetində davam etdirib.

O, sözü duyan yazıçı, teatrı çox sevən dramaturq, televiziyanı, radionu dərindən bilən jurnalist, incə duyğuları sözə çevirməyi bacaran şair, nüfuzlu alim idi. Tələbəlik illərindən pyeslər yazmağa başlayıb və əsərləri teatrlarda səhnələşdirilib. Ümummilli lider Heydər Əliyevə həsr etdiyi "Xilaskar" pyesini özünün şah əsəri hesab edib. O əsəri İrəvan Dövlət Dram Teatrı səhnələşdirib". Ə.Əmirli mərhum ədibin "Yarpaq ömrü" şeirini səsləndirib. 
Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı Aqşin Babayevin şeirlərindən bəhs edib: "Bu gecənin mənimçün ən önəmli hadisələrindən biri budur ki, mənə burda Aqşin müəllimin şeir kitabı təqdim olundu. Mən onu gözəl yazıçı, dramaturq, ictimai xadim, pedaqoq kimi tanımışam. Amma bu zamana kimi şeir yazdığını bilmirdim. Birdən-birə bu kitab mənimçün gözlənilməz hədiyyə oldu. Qısa zamanda bu kitabı vərəqlədim, şeirləriylə tanış oldum və Aqşin müəllimin təkcə yaradıcı tərəfini deyil, həm də mükəmməl insanlığını kəşf elədim. Deməzdim ki, o, şeirlərini çox da üzə çıxartmayaraq, onlara böyük məsuliyyətlə yanaşıb, onları indiki Azərbaycan poeziyasının mənzərəsində solğun görüb. Qətiyyən belə deyil. Bu şeirləri oxuduqca gördüm ki, Aqşin Babayev özünün yolu, üslubu olan, orijinal fikirləriylə seçilən bir şair olub. Onun əsərlərində klassik bir Azərbaycan kişisinin obrazı var. Bu şeirlər adamın içini işıqla doldurur, insan sevgisi aşılayır. Təəssüflənirəm ki, uzun illər birgə işləməyimizə, qarşılıqlı böyük hörmətimizin olmasına, maraqlı söhbətlər etməyimizə baxmayaraq, bu məsələləri müzakirə etməmişəm. Allah onun ruhunu şad eləsin. Bu cür gözəl tədbirə görə Mədəniyyət və İncəsənət Universitetinə və Aqşin müəllimin oğlu Gündüz müəllimə təşəkkür edirəm". 

AYB-nin sədr müavini Rəşad Məcid A.Babayevin son illərdə qələmə aldığı hekayələrindən danışıb, onu iti müşahidə qabiliyyətinə malik, ictimai-proseslərə adekvat reaksiyası ilə seçilən nasir, jurnalist kimi səciyyələndirib: "Onun ictimai-siyasi proseslərə dəqiq, konkret və kəskin reaksiyası cəsarətli jurnalist mövqeyindən irəli gəlirdi. Amma eyni zamanda, həlim və yumşaq xarakteri də əsərlərində özünü göstərirdi. Onun əziz xatirəsi hər zaman yaddaşımızın ən gözəl yerində qalacaq".  

Daha sonra Azərbaycan Televiziya və Radiosunun sədr müavini, Əməkdar artist Rafiq Həşimov A.Babayevin radiodakı fəaliyyətindən, İrəvan Teatrının direktoru İftixar Piriyev onun dramaturgiyasından, tədqiqatçı-alim Melih Güneş Nazim Hikmət sevgisindən və araşdırmasından, "Mişov dağı" dərgisinin baş redaktoru Aqşin Ağkəmərli "Körpü" verilişindən, müğənni, prodüser, aparıcı, DJ Tofiq Həsənsoy "Biri var, biri yox" verilişindən danışaraq A.Babayev şəxsiyyəti haqqında fikirlərini bölüşüb, xatirələrini yada salıblar. 

Sonda ailə adından oğlu Gündüz Babayev çıxış edərək ADMİU-nun rəhbərliyinə və tədbirin keçirilməsində zəhməti olan hər kəsə öz təşəkkürünü bildirib. Həmçinin, o, Aqşin Babayevin "Seçilmiş əsərlər" toplusunun yenicə çapdan çıxmış ilk beşcildliyini ADMİU-nun kitabxanasına hədiyyə edib. 
Gecədə mərhum sənətkarın vaxtilə televiziya kanallarından birinə verdiyi müsahibədən fraqmentlər nümayiş olunub. Həmçinin, bədii hissədə Universitet tələbələri tərəfindən A.Babayevin şeirləri səsləndirilib, onun çox sevdiyi mahnılar ifa edilib. 

Tədbir A.Babayevin həyat haqqındakı müdrik düşüncələrinin səslənməsilə yekunlaşıb. 

Şahanə MÜŞFİQ
 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.