525.Az

Müstəqillik illərində Azərbaycanda sənaye inkişafı: yerli üstünlüklərdən klasterləşməyə

[19.09.21]
Müstəqillik illərində Azərbaycanda sənaye inkişafı: yerli üstünlüklərdən  klasterləşməyə <b style="color:red"></b>

18 oktyabrda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30 yaşı tamam olur. 1991-ci il 18 oktyabr Müstəqillik Aktı Azərbaycanın bütün dünyada tanınmasında həlledici rol oynadı. Müstəqillik illəri Azərbaycan üçün çətin, lakin davamlı bir inkişaf dövrü olmuşdur. Ümummilli lider Heydər Əliyev tərəfindən ölkəmizin milli dövlət strategiyasının təməlinin yaradılması sayəsində Azərbaycan dünyanın nəhəng dövlətlərilə ikitərəfli, bərabər hüquqlu və diplomatik münasibətlər yaratmağa nail oldu.

Azərbaycanın dünyada sürətlə inkişaf etməkdə olan gənc müstəqil dövlət kimi nüfuz qazanması Prezident İlham Əliyevin bütün sahələrdə uğurla davam etdirdiyi iqtisadi və siyasi islahatların nəticəsidir. 30 illik inkişaf yolunun ən böyük nailiyyətləri Azərbaycan dövlətinin iqtisadi gücünun artırılması və siyasi müstəqilliyin daha da möhkəmləndirilməsi, işğal altında olan bütün ərazilərin azad edilməsidir. İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi, təhsil sisteminin müasir tələblər səviyyəsində qurulması, sənaye sahəsində dünyanın qabaqcıl transmilli şirkətləri ilə əlaqələrin genişlənməsi ölkəmizi regionun aparıcı dövlətlərindən birinə çevirib.

Azərbaycanda innovativ inkişafın yeni reallıqları və klaster lahiyələri dünyanın müasir sənaye ölkələrindən birinə çevrilməsində mühüm perspektivlər açır.

Azərbaycan zəngin iqtisadi resurslara və sənaye potensialına malikdir. Bu zənginliklər hələ müstəqilliyə qədərki dövrdə ölkəni iqtisadi cəhətdən daha az asılı inkişafını və özünütəminatının yüksək səviyyəsini təmin edə bilib. 

Müstəqilliyin ilk illərində Azərbaycan dövlətinin sənaye müəssisələri vahid bazarın dağılmasının, regionda baş verən mürəkkəb geosiyasi proseslərin destruktiv təsirlərinə məruz qalıb. Vahid məkanının dağılması ilk növbədə sənaye inkişafına daha cox təsir göstərib. Müstəqilliyin ilk illərində ölkədə baş vermiş böhran, siyasi sistemin tənəzzülü, kooperasiya əlaqələrinin dağılması, eləcə də Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı iqtisadiyyatın bütün sahələrində və sənaye istehsalında böyük tənəzzülə səbəb oldu. Müəssisələrin fəaliyyəti dayandı, sənaye istehsalının həcmi və bütün mal nomenklaturası göstəriciləri azaldı.

Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə ərazisində hərbi əməliyyatların dayandırılması üzrə ciddi proseslər başladıldı, milli dövlətçiliyin dağılmasının qarşısı alındı, siyasi sabitlik təmin olundu və islahatlara başlanılması ilə yeni bir mərhələyə keçid mümkün olub. Sənayenin canlanması xüsusilə, bu tarixi mərhələdə Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalanan "Əsrin müqaviləsi" ilə bağlı olub. Ölkədə həyata keçirilən ilk islahatlar, antiböhran tədbirləri qısa müddət ərzində ölkədə siyasi sabitliyin bərqərar olmasına imkan verdi. Postsovet ərazisində ilk dəfə aqrar islahatlar aparan ölkə Azərbaycan olub. Bu kimi mühüm addımların nəticəsində 1997-ci ildən başlayaraq sənaye istehsalının artması müşahidə olundu. Demək olar ki, sənaye inkişafının mühüm təməlləri formalaşdırılmağa başladı, sənaye mülkiyyətinin özəlləşdirilməsinə, Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığın başladılmasına nail olundu. Bu tədbirlər Azərbaycanın müstəqil dövlət kimi bazar iqtisadiyyatı statusunun və onun institutlarının yaradılmasını təmin etdi. Bu addımlarla beynəlxalq əhəmiyyətli Əsrin müqaviləsi, Şahdəniz, Bakı-Tbilisi-Ceyhan, TRASECA layihələrin icrasının təməli qoyuldu.

Yeni müstəqil ölkə kimi Azərbaycanda mühüm və strateji əhəmiyyətli transformasiya prosesləri baş verib. Belə ki, müstəqillik mərhələsinin ən mühüm sənaye hadisələrindən biri kimi Azərbaycanın enerji asılılığından çıxmasını, regional və beynəlxalq səviyyəli enerji lahiyələrinin reallaşdırılmasına nail olunmasını qeyd etmək olar.

Bir faktın əhəmiyyəti də nəzərə alınmalıdır ki, Azərbaycanda 1990-cı illərdən bəri enerji, infrastruktur və təhsil sahələrində irəliləyişlər əldə edilmişdir. Bu gün ölkədə sənayenin şaxələndirilməsi, elmi tədqiqatların dəstəklənməsi və yeni nəsil mütəxəssislər formalaşdıran təhsil sistemi inkişaf etdirilir. 

Kiçik və orta müəssisələrin inkişafı və qlobal dəyər zəncirlərinə inteqrasiyası birbaşa xarici investisiyaların artırılmasını və Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini zəruri edir. Sənayenin qlobal və regional istehsal şəbəkələri ilə əlaqələndirilməsinə və inteqrasiyasına imkan yaradan texnoloji parkların formalaşdırılması mühüm əhəmiyyət kəsb edir. Bu, istehsal fəaliyyətlərinə və istehsalla bağlı xidmətlərə xarici investisiyaların cəlb edilməsi deməkdir .

Azad iqtisadi zonaların yaradılması göstərilən istiqamətlərin inkişafında strateji əhəmiyyətə malikdir. Qeyd edək ki, Prezident İlham Əliyev Ələt azad iqtisadi zonasının yaradılması və təşkili haqqında sərəncamı 2020-ci ilin mayında imzalayıb. Ələt sərbəst iqtisadi zonasının Bakının "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı"nın yaxınlığında yerləşməsi regional iqtisadi əlaqələrə və sənaye biznesinin inkişafına böyük töhfə verə bilər. Ələt azad iqtisadi zonası qabaqcıl beynəlxalq təcrübəyə əsaslanır, bu lahiyə Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) sərbəst iqtisadi zonaların təcrübəsinə nəzər salınaraq yaradılıb. 

Azərbaycan hazırda yeni sənaye dövrünə qədəm qoyur. Ölkədə sənaye sektoru innovasiya, yeni iş yerləri yaratma və artım mənbəyi kimi qəbul edilir. Azərbaycan kimi orta gəlirli ölkələr üçün rəqabət qabiliyyətini artırmaq, yeni bazarlara çıxmaq və orta gəlir səviyyəsindən daha da yüksəlmək üçün insan qabiliyyətlərinə, yeni innovativ sənaye sahələrinə və texnologiyalara investisiya qoyuluşu prioritet istiqamətləri təşkil edib.

Müasir iqtisadiyyatın yüksək rəqabət qabiliyyəti tələbi müəssisələri rəqabət üstünlüyü mənbələri axtarışına və innovasiya fəaliyyətlərinə sövq edir. İnnovasiyalar bildiyimiz kimi, yeni dəyər yaratmaq üçün yeni imkanlar yaradır. Iqtisad elmində və praktikada ənənəvi olaraq müxtəlif innovasiya fəaliyyəti proseslərinə və texnoloji yeniliyə daha çox diqqət yetirilməkdədir. Çünki texnoloji yeniliklər elmi nailiyyətləri texniki cəhətdən mümkün edir və texnologiyalar öz növbəsində onları iqtisadi cəhətdən səmərəli edir.

Hazırda Azərbaycan iqtisadiyyatının qarşısında duran vacib vəzifə sənayenin innovativ inkişafının təmin edilməsi, modernləşdirilməsi, səmərəlilik səviyyəsinin artırılması və istehsal keyfiyyətini inkişaf etmiş ölkələr səviyyəsinə qaldırılmasıdır. Bu məqsədlə bəzi emal sənayesi sahələrinin klasterləşməsi üçün texnoloji və məhsul innovasiyalarının işlənilməsi zəruridir. 1990-cı illərin əvvəllərində müstəqillik əldə edilərkən Azərbaycan sənayesi malik olduğu məhsul çeşidi və keyfiyyəti baxımından inkişaf etmiş ölkələrin sənayesindən xeyli geridə qalırdı. Lakin bu ğün bir qrup yüksək keyfiyyətli sənaye avadanlığı, texnologiya, yeni növ materiallar və qida məhsulları ilə ölkə sənayesi regional bazarlarda mövqeyini genişləndirməkdədir. Uğurlu iqtisadi şaxələndirmə sənaye nomenklaturasını dəyişdirmiş və sənaye texnologiyalarının keyfiyyətini yaxşılaşdırmaqla ölkənin müasir brend məhsullarının dünya bazarlarında rəqabət qabiliyyətini artırmağa imkan verib.

Azərbaycan iqtisadiyyatının gələcək davamlı inkişafı, təkcə iqtisadi islahatlardan və sənaye sektordakı tərəqqidən, hökumət tərəfindən investisiya və innovasiya siyasəti üzrə həyata keçirilmiş tədbirlərdən asılı deyildir. Eyni zamanda, Azərbaycan manatının möhkəmliyindən və xam neftin qeyri-sabit qiymətlərindən asılıdır. 

Qlobal iqtisadi konyunktur proseslərinin neqativ təsirlərinin qarşısını almaq üçün Azərbaycan hökuməti müvafiq tədbirlər planı hazırlanıb.

Prezidentin 6 dekabr 2016-cı il tarixli Fərmanı ilə "Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi" təsdiq edilib. Təsadüfi deyildir ki, Beynəlxalq reytinq agentlikləri mütəmadi olaraq Azərbaycanın kredit reytinqini müsbət qiymətləndirirlər. “Fitch və S&P” Azərbaycanın reytinqini "BB+" olaraq qiymətləndirib. Azərbaycan sənayesinin gələcək iqtisadi inkişafı əsasən hökumətin vergi, tənzimləmə və siyasi islahatlarla birlikdə həyata keçirdiyi iqtisadi tədbirlərin səmərəliliyindən asılıdır. Bu baxımdan ölkənin elmi tədqiqat müəssisələrinin iştirakı ilə klasterləşmə istiqamətlərinin sistemli işlənilməsi, tədqiqi və sənaye biznesinin davamlılığını təmin etmək üçün kompleks tədbirlər planı işlənib hazırlanmalıdır.
Ölkənin sənaye siyasətində "Sənaye 4.0" strategiyasının həyata keçirilməsinin əsas hədəflərdən biri kimi qeyd olunmasını da nəzərə alaraq, Azərbaycanda "yaşıl" istehsalın mühüm bir innovasiya komponenti olaraq inkişaf etdirilməsi, texnoparkların fəaliyyətində "yaşıl" iqtisadiyyata keçid strategiyası və "yaşıl" sənaye klasterlərinin formalaşdırılması xüsusilə aktuallaşır. 

Azərbaycanın neft sənayesi ilə yanaşı, qeyri-neft sektorunda inkişaf, regionların canlanması, qlobal iqtisadi inkişafa inteqrasiya və iqtisadiyyatın rəqabətədavamlılığının yüksəlməsi qaçılmaz xarakter alıb. Hazırda Azərbaycan davamlı inkişafın bir komponenti olaraq yaşıl iqtisadiyyatın qurulması istiqamətində uğurlu siyasət yürüdür. 

Azərbaycanda yaşıl klasterlərin formalaşdırılması istiqamətində böyük əhəmiyyətli potensial imkanlar mövcuddur. Qarabağ regionunda bərpa olunan enerji mənbələrindən istifadə, enerji səmərəliliyi, ekoloji təmiz texnologiyalar, o cümlədən, nəqliyyat vasitələrinin tətbiqi və digər məsələləri əhatə edəcək "yaşıl məkan" konsepsiyasının hazırlanmasına başlanılıb. 

Klasterləşmə məqsədləri baxımından digər mühüm məsələ istehsal fəaliyyətində yerli və beynəlxalq əməkdaşlığa və inteqrasiyaya da geniş yer ayrılmasıdır. Texnologiyalar Parkı yalnız Azərbaycanda deyil, həm də ölkənin hüdudlarından kənarda fəaliyyət göstərən firmalar və tədqiqat müəssisələri ilə əməkdaşlığı genişləndirməlidir. Müasir beynəlxalq elmi-texniki münasibətlər kifayət qədər geniş sfera olmaqla yanaşı, genişlənən maraq dairəsidir. Təcrübə göstərdi ki, Covid-19 pandemiyasının milli iqtisadi sistemlərə mümkün təsirlərinin qarşının alınması, ilk növbədə sənayedə texnoloji təminatın mükəmməlliyini tələb edir. Azərbaycanda yüksək texnologiyalar sahəsində texnoparkların inkişafı, Parkın peşəkar mütəxəssislər korpusunun yaradılması və eləcə də buraya səriştəli rezidentlərin cəlb edilməsi klaster fəaliyyətinin formalaşdırılmasının əsas tələbidir. Eyni zamanda, yüksək rəqabət qabiliyyətli və ixrac potensiallı məhsullarla Azərbaycan sənayesinin regional bazarlarda mövqeyinin gücləndirilməsi üçün strateji vəzifədir.

Müşfiq  QULİYEV 
Azərbaycan Dövlət İqtisad 
Universitetinin (UNEC) müəllimi, iqtisad elmləri doktoru

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.