525.Az

Pandemiya və müharibə təhlükəsi - Xaqani Cəfərlinin şərhi

[19.09.21]
 Pandemiya  və müharibə  təhlükəsi  -<b style="color:red"> Xaqani Cəfərlinin şərhi</b>

Bir neçə milyon insanın həyatına son qoyan, dünya iqtisadiyyatın bir neçə on il geri atan koronavirus pandemiyası səngimək bilmir. Virusun sürətlə mutasiya edərək daha təhlükəli çeşidlərinin meydana çıxması mütəxəssislərin nikbin olmasına imkan vermir. “Pfizer-BioNTech” peyvəndinin müəlliflərindən biri olan Uğur Şahin COVİD-19 virusuna qarşı peyvəndin kəşf edilməsinə baxmayaraq, koronavirus təhlükəsinin hələ də yüksək olaraq qalması barədə xəbərdarlıqla çıxış edib. “BioNTech” şirkətinin qurucusu bu təhlükəni virusun mutasiya etməsilə əsaslandırıb. Virusun bəşəriyyət üçün nə zamana kimi təhlükə olaraq qalacağını bilmədiyini söyləyən Uğur Şahin virusla mübarizənin uzun çəkəcəyini ehtimal edir. Rusiyalı mütəxəssislər isə koronavirus pandemiyasının dördüncü dalğanın tezliklə hər yanı bürüyəcəyilə bağlı xəbərdarlıq edirlər.

COVİD-19 virusu isə heç bir sərhəd tanımır. Dünyada ən ciddi mühafizə olunan və yüksək keyfiyyətli səhiyyə ilə əhatə olunmuş azsaylı şəxslərdən biri olan Rusiya prezidenti Vladimir Putin koronavirusa yoluxma ehtimalı yarandığı üçün 16-17 sentyabr tarixində Düşənbədə keçirilən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Şanxay Əməkdaşlıq Təşkilatının liderlərinin iştirakı ilə keçirilən sammitinə qatılmadı. 

Ancaq bəşəriyyəti təhdid edən koronavis dövlətlərin hərbi xərclərini azaltmasına səbəb olmayıb. Əksinə, hərbi xərclərin artması ilə yanaşı, bu sahənin bir neçə onillik fasilədən sonra yenidən dövlətlərin siyasətinin əsas istiqamətinə çevrilməsi müşahidə olunur. Koronavirus pandemiyasının davam etdiyi  20 ay ərzində hərbi təlimlər COVİD-19 virusunun meydana çıxdığı dövrdən əvvəlki zamanla müqayisədə daha çox keçirilməyə başlayıb. COVİD-19 virusu ilə mübarizədə vətəndaşlarından sosial məsafə gözləməyi tələb  edən dövlətlərin hökumət rəhbərləri onminlərlə, bəzən isə bir neçə yüz min hərbçinin iştirakı ilə hərbi təlimlər keçirməkdən çəkinmirlər. Məsələn, Rusiyanın Belarusla birgə, Ermənistan, Hindistan, Qazaxıstan, Qırğızıstan və Monqolustanın təmsilçilərinin iştirakı ilə keçirdiyi "Qərb-2021" hərbi təlimində 200 min əsgər iştirak edib. Belarusun Polşa və Ukrayna sərhədləri yaxınlığında 200 min əsgər, 290 tank və 240 raket qurğusu, 80 təyyarə və 15 döyüş gəmisinin cəlb olunduğu hərbi təlim Varşava və Kiyevi narahat etdiyi üçün onlar da cavab tədbirləri görmək məcburiyyətində qalıblar. Polşa və Ukrayna Belarusla sərhəddə hərbi qüvvələrinin sayını kəskin artırıb. Əgər "Qərb-2021" hərbi təlimi yeganə və son hərbi təlim olsaydı, bu olayı ciddiyə almamaq da olardı.

Yuxrada qeyd etdiyimiz kimi, hərbi təlimlər demək olar, bütün coğrafiyanı əhatə edir. Üstəlik, hərbi təlimlərlə yanaşı, yeni hərbi ittifaqların yarana biləcəyi ilə bağlı müzakirələrin getməsi haqqında da məlumatlar artıb. Məlumatlara görə, Rusiya Hindistan və Monqolustanın KTMT-yə cəlb olunmasına çalışır. Aydın görünür ki, Moskva KTMT-ni keçmiş Varşava Müqaviləsi Təşkilatı kimi Rusiyanın əleyhdarlarına qarşı hərbi birlik kimi görür. Eyni zamanda, Rusiya KTMT-də islahatlar aparmaqla bu təşkilatın hərbi gücünü artırmağa çalışır. Bu məsələdə Ermənistanın Baş naziri Nikol Paşinyanın təklifləri Rusiyanın istəklərinə cavab verə bilər. KTMT-nin Düşənbə sammitində çıxış edən Paşinyan təşkilatın kollektiv qüvvələrinin modernləşdirilməsi və potensialının artırılması zərurətini qeyd edib. Nikol Paşinyanın təklifinin digər diqqət çəkən məqamı KTMT-nin birgə qüvvələrinin pilotsuz birləşmələri ilə bağlıdır. Belə görünür ki, Ermənistanın Baş naziri İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusunun Pilotsuz Uçuş Aparatlarının (PUA) döyüş meydanındakı rolunu unuda bilməyib. KTMT-nin Düşənbə sammitində təşkilata sədrlik Ermənistana keçib.

Müşahidəçilər Ermənistanın bu imkandan yararlanıb İkinci Qarabağ müharibəsində məruz qaldıqları məğlubiyyətin əvəzini çıxmağa çalışacağını qeyd edirlər. Bu qənaəti yaradan isə Ermənistan Baş nazirinin KTMT-nin sammitindəki çıxışıdır. Nikol Paşinyan bildirib ki, müxtəlif bölgələrdə gərginliyin yüksək olması böhranlı vəziyyətə qarşı cavab mexanizmlərinin yenilənməsini zərurətə çevirib. Bununla Ermənistanın hansı məqsədi güddüyü hər kəsə məlumdur. Çünki Nikol Paşinyan da daxil olmaqla İrəvanda hər kəsə aydındır ki, Ermənistanın Azərbaycana qarşı hərbi əməliyyatlara başlamaq imkanı yoxdur. “University College of London”un elmi əməkdaşı Vladimir Pastuxov kimi yüksək səviyyəli ekspertlər hesab edirlər ki, yaxın 50 ildə Ermənsitanın Azərbaycana qarşı çıxmağa gücü və imkanı olmayacaq. Təbii ki, Ermənistanın siyasi dairələrində də bu gerçəkliyi çox yaxşı bilirlər. Buna görə də Azərbaycanı başqa bir qüvvə ilə qarşılaşdırmağa çalışırlar. Ermənilərə görə, belə bir qüvvə Rusiya və yaxud da KTMT ola bilər. Ermənilərin belə niyyətə düşməsində rus siyasətçilərin böyük rolu var. Məsələn, Rusiya Federal Məclisinin üzvü, senator Andrey Klimov Türkiyənin bölgədəki fəal mövqeyi ilə bağlı sualı cavablandırarkən deyib ki, Ermənistanın sərhədlərini öz sərhədlərimiz kimi qoruyacağıq: "Hərbi doktrinamız elə qurulub ki, özümüzü və müttəfiqlərimizi müdafiə edə, bütün dünyaya qarşı dayana bilərik. Bunu yoxlamağı heç kimə məsləhət görməzdim. Düşünürəm ki, Ankaradakı tərəfdaşlarımız da bunu başa düşürlər". Rusiyalı siyasətçilərin belə çıxışları Ermənistanda revanşçı qüvvələri daha qızışdır və Cənubi Qafqazda yeni müharibə ehtimalın artırır. Ancaq görünür, Rusiyada unudurlar ki, onun Qərb və Şərq sərhədləri Ermənistandan daha artıq təhlükədədir.  
 

Xaqani CƏFƏRLİ

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.