525.Az

Qarabağdan gəlirik! - Fidan Nəsirlinin Ağdam təəssüratı

[19.09.21]
Qarabağdan gəlirik! -<b style="color:red"> Fidan Nəsirlinin Ağdam təəssüratı</b>

Yazıya Ulu Öndərimizin Ağdam haqqında dediyi sözlərlə  başlamaq  istəyirəm:  

“Ağdam şəhəri Azərbaycanın qədim və çox böyük tarixə malik şəhərlərindən biridir. Respublikamızın həyatında Ağdam rayonu həm iqtisadi, elmi potensialına, həm də insanların fədakarlığına görə həmişə çox mühüm rol oynamışdır.” 

12 sentyabr 2021-ci il… 28 il əvvəlki Ağdamdan indiki Ağdama qayıdırıq, qürur, sevinc, həyəcan, xoşbəxtlik... İllərlə xatirələrdə yaşayan Ağdamımıza gedirik. Hər kəsin içində bir təlatüm. Yol yoldaşlarımdan fərqli olaraq, mən bu şəhərdən lap kiçik yaşımda ayrılmışam. Xatırlamıram, amma   evimizin, doğma yurdumuzun surətini valideynlərimin və yaxınlarımın danışdığı xatirələrdən yaratmışam. Bu yolu Ağdamın fəxri sakinləri - elm adamları, incəsənət və din xadimləri, həkimləri, idmançıları, media nümayəndələri ilə gedirəm.  Bir gənc kimi mənim üçün bundan qürurverici nə ola bilər? Yol boyu dəyərli insanlarla keçən zaman içərisində gizlədə bilmədiyim həyəcanla dərin düşüncələrə dalıram.  Ağdamı ziyarət edəcək   insanların bu şəhərlə bağlı xatirələri var, bəs mənim necə? Görəsən, küçəmizi, yollarımızı, abidələrimizi doğru əzbərləmişəmmi? Valideynlərim üçün çəkəcəyim fotoşəkildə yadigar qalacaq kiçik bir xatirə tapa bilərəmmi? Ağdamın bugünkü fotoşəkilləri ilə illəri özündə yaşadan fotoşəkillərdən təsəlli  tapan insanları sevindirə bilərəmmi?

İşğaldan azad olunan  ərazilərimizə çatırıq. Bu doğma, məşəqqətlərə təkbaşına sinə gələn torpaq, sanki öz dərdini unudub övladlarına qucaq açır. Ana torpağın boynunu qucaqlamaq üçün tələsirəm. Həyəcanla avtobusun pəncərəsindən çölə baxıram. Yol boyu keçirdiyim sevinc, xoşbəxtlik hissi buz kimi dondu yanaqlarımda... Haradadır mənim Ağdamım? Yox, yox...  Televiziyada göründüyü kimi deyil, daha dəhşətlidir. Bura ağ damları viranə qalmış Ağdamdır. Bu görüntülər qarşısında özümü təmkinlə dayanmağa məcbur edirəm. Çünki Ağdam övladını belə görməməlidir. Çünki, bu dəfə biz Ağdamın yarasına məlhəm olmağa gəlmişik və əbədi olaraq qayıtmışıq. Nəhayət, o möhtəşəm an çatdı. Bir azdan “Dəmir yumruq” gücü hesabına işğaldan azad olunan Ağdam torpağına ayaq basırıq... Bir anlıq dayandım, avtobusdan enməyə tərəddüd etdim. Yenə fikir məni apardı... Bu torpağa ilk dəfə  qədəm qoyacağam. Görəsən, uşaqlığımın, gəncliyimin keçdiyi, Ağdama qardaş olan doğma  Bərdədə  böyüyüb boya-başa çataraq  təhsilimlə, fəaliyyətimlə  layiqli gənc ola bilmişəmmi bu Vətənə?  Görəsən, Ağdam əsarətdə qalanda onun üçün edə biləcəyim hər şeyi etmişəmmi?  Cəmi bir neçə saniyədə beynimdən yüzlərlə fikir keçdi.  Asta-asta qapıya yaxınlaşdım və ilk dəfə bu torpaqlara ayaq basdım. Bölünməz Vətənimizin bir parçası olan Ağdamımız, doğulduğum torpaq, xoş gördük səni! İllərlə həsrətin qəlbimizi parçaladı, çox uzun çəkdi qayıtmağımız, amma bax, biz gəldik, evimizə gəldik... Sanki qollarım uzanıb, nəinki Ağdamı, bütün Qarabağı qucaqlayıram.  Dərindən nəfəs alıb  Qarabağın  havasını uduram. Buranın havası da, ətri də başqadır. Pambıq kimi buludlar, mavi göy üzü, tər-təmiz hava… Qarabağın dağ çəkilən halı belə cənnətmiş... 

Ağdama çatanda bizi ilk olaraq Prezidentin Ağdam şəhəri üzrə xüsusi nümayəndəsi Emin Hüseynov qarşıladı. Emin müəllim bizə Ağdam şəhərinin baş planı haqqında geniş və ətraflı  məlumat verdi. Bu möhtəşəm planla tanış olmaq biz ağdamlılara böyük sevinc bəxş edir. Emin müəllim sakinləri maraqlandıran sualları cavablandıraraq Ağdamda yaradılacaq İşğal muzeyi və Zəfər muzeyi haqqında söz açdı. Cənab Prezidentimiz İlham Əliyev doğma Qarabağımızı   yenidən cənnətə çevirmək üçün bütün imkanları səfərbər edib. Ali Baş Komandanımızın qətiyyəti sayəsində işğaldan azad olunmuş bütün ərazilərimizdə “Böyük  Qayıdış”  planı həyata keçirilir.  Biz gənclər də  möhtərəm Prezidentimizin  ətrafında sıx birləşərək Qarabağın inkişafı üçün var gücümüzlə   çalışacağıq. 

Səfərimiz “Qarabağ”-ın “İmarət”-I ilə başladı. “Qarabağ” FK-a qələbələr qazandıran stadionda – İmarətdəyik.  İllərdir bu günü səbirsizliklə gözləyirdim. Çünki Ağdamda, uğrunda minlərlə can verilən bu torpaqda üçrəngli, əzəmətli  üçrəngli  bayrağımızı  daşımaq ən böyük arzularımdan olub. Çatan kimi “İmarət” satdionunda müqəddəs bayrağımızı dalğalandırdım. Azərbaycan gənci olmaqdan və Azərbaycan bayrağını Ağdamda daşımaqdan qürur duyuram.  Bu bütün Azərbaycan gəncliyinin qüruru idi. 

Növbəti ziyarətimiz Ağdamın Cümə Məscididir. Asta səslə, yavaş addımlarla daxil olduğumuz ibadətgah - məscidə qarşı necə vəhşilik törətmək olar?! Bizlər belə olmamışıq. Başqa dinlərin ziyarətgahlarına qarşı belə davranmamışıq. İçəri daxil oluram. Dağıntıları gördükcə daha da diqqətli, yüngül addımlarla hərəkət edirəm. Axı illərlə ağrı-acı görmüş bu torpağı incidə bilərəm. Birdən məscidin qoşa minarələrindən Azan səsi eşidildi. Qeyri-ixtiyari əlimi göyə tutub Rəbbimizə bu günümüzə, bu müqəddəs ziyarətimizə görə şükür etdim. Tarixi anlar, bir ömür yaddaşlardan silinməyən dəqiqələr yaşayırıq. Allah xalqımızın dualarını qəbul etdi. İllərlə əsarətdə qalan doğma Qarabağımızın başına gələn müsibətləri dünyaya çatdırmaq üçün Azərbaycan gəncliyi olaraq əlimizdən gələni etdik. Bu gün isə, o vəhşiliyi  əyani şəkildə  görən gənclik kimi bu istiqamətdə işlərimizi  davam etdirəcəyik, törədilən  vandalizmi  dünyaya çatdıracağıq. Dağıntılar o qədər qəddarlıqla   törədilib ki bu şəhərdə bir küçə, küçədə bir döngə, döngədə bir ev, evdə bir nişanə tapa bilmirsən. Düşmənin törətdiyi bu vəhşiliyin adı yoxdur. Şəhər yeksan edilib, şəhərin mərkəzində səngərlər qazılıb, kəndlər də eyni vəziyyətdədir. Hətta bu mənfurlar qəbrləri belə dağıdıb. Bir sözlə, Ağdamda nəinki yerin üstü, yerin altı belə salamat qalmayıb. 

Son dayanacaq - əzəmətli Şahbulaq qalası... Gözəlliyi dillər əzbəri olan cənnətməkandayam. Yaşıl ağaclar, sərin sulu bulaq, başgicəlləndirici təmiz hava. Çox sevincliyəm, amma “sevincliyəm” kəlməsi yetməz. Vətən xoşbəxtliyin sirridir. İTV-nin, AzərTac-n, APA Tv-nin Qarabağ bölgə müxbirlərinə   müsahibə verərkən, yaşadığım anları, sevincimi, təəsüratlarımı bölüşürəm. Bu müqəddəs torpaqlarımızın azadlığı uğrunda canından keçərək illərlə  köksü yaralı olan  Azərbaycanı bütövləşdirən şəhidlərimizə Allahdan rəhmət diləyirik. Müqəddəs torpaqlarımızın erməni qəsbkarlarından azad edilməsində canlarını belə əsirgəməyən, düşməni “iti qovan” kimi qovan  qazi qardaşlarımıza uca Tanrıdan şəfa diləyirik. Başda Ali Baş Komandanımız olmaqla, dünya hərb tarixində öz sözünü demiş, xalqımıza qələbə  sevinci yaşadan  Ordumuz  var olsun! Qürur duyuram! Azərbaycanlı  olmaqdan, Qarabağı Azad edən gəncliyin bir parçası olmaqdan, Qarabağda olmaqdan qürur duyuram! Bu gün Azərbaycan gənci bir daha başı dik, alnı açıq, qürurla sözünü deyir! 

Müqəddəs torpaqlara ziyarət yekunlaşır. Uşaqlığı, gəncliyi bu doğma torpaqda keçən valideynlərimə aparmaq üçün bir ovuc torpaq götürürəm. Doğma  Ağdamdan, doğmalaşan Bərdəyə gəlirəm. Dəyərli ziyalımız Əli Əliyevin bir şeiri yadıma düşür: 

Qarabağ həyatım, varlığımdır bil, 
Ağdam bir gözümdür, Bərdə bir gözüm. 

Bütün dünya şahid olsun, səsimi duysun istəyirəm: Biz Qarabağdan gəlirik! Qarabağ Azərbaycandır! 

Fidan Nəsirli
Bərdə rayon Gənclər və İdman idarəsinin baş məsləhətçisi


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.