525.Az

ADU-da Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirilib

[16.04.14]
ADU-da Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirilib<b style="color:red"></b> Aprelin 16-da Azərbaycan Dillər Universitetində (ADU) Milli Televiziya və Radio Şurasının üzvü, “Kaspi” Təhsil Mərkəzinin və “Kaspi” qəzetinin həmtəsisçisi, şairə, filologiya elmləri namizədi Sona Vəliyevanın yaradıcılıq gecəsi keçirilib.

Lent.az-ın məlumatına görə, ADU-nun Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri, professor Fəridə Səfiyevanın təşkilatçılığı ilə keçirilən tədbirdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü Flora Xəlilzadə, jurnalist, şair- publisist Telli Pənahqızı, “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli, “Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz, universitetin professor-müəllim heyəti və tələbələr iştirak edirdilər.
 
Fəridə Səfiyeva çıxış edərək şairənin yaradıcılığı haqqında tədbir iştirakçılarına məlumat verib. F. Səfiyeva "Kaspi" qəzeti-Kaspi Təhsil Mərkəzinin layihəsi əsasında İstanbulda "Hüseyn Cavid. Əsərləri" kitabının nəşr olunduğunu qeyd edib. O bildirdi ki, hər bir oxucunun təsəvvüründə Sona Vəliyeva  maarifçi, ziyalı, şair, alim, xalqını və ailəsini çox sevən bir qadın obrazı kimi canlanır. Tədbirin təşkilatçısı Sona Vəliyevanın yaradıcılığının, elmi işlərinin və peşə fəaliyyətinin vahid bir sistem təşkil etdiyini və bu sistemin bütünlüklə Azərbaycan ideyasına xidmət etdiyini diqqətə çatdırıb. O, Sona xanımın azərbaycançılıq ideologiyasının əsas tədqiqatçılarından və yorulmaz təbliğatçılarından olduğunu vurğulayıb. Kafedra müdiri söyləyib ki, onun “Azərbaycançılıq ideologiyasının təşəkkülü və tarixi inkişaf yolu” əsərinin azərbaycançılığın təbliği sahəsində özünəməxsus rolu var.

Yaradıcılıq gecəsində şairənin həyat və yaradıcılığından bəhs edən videoçarx nümayiş olunub. Onun özü və əsərləri haqqında qələm yoldaşlarının dediyi fikirlər səslənib.

Filologiya və Jurnalistika fakültələrinin I-III kurs tələbələrinin iştirakı ilə keçirilən yaradıcılıq gecəsində bildirilib ki, Sona Vəliyeva  şeiri ictimai hadisə sayır. Qeyd olunub ki, onun heç bir şeiri millətin taleyindən, zamanın gətirdiyi dərdlərdən kənar deyil. Şairənin “Arazbarı” kitabı öz ruhunu, iç dünyasını əks etdirir. Azərbaycanın parçalanması, Güney – Quzey ayrılığı, Qarabağ ağrısı Sona Vəliyevanın yaradıcılığında ana xətt kimi keçir.
 
Yaradıcılıq gecəsində tələbələr şairənin “ Qərib payız”, “Tənha sarı yarpaq”, “Yarpaq-yarpaq”, “Quruyan ərik ağacı ”, “Ata evim”, “Bir ana köçünə çatmamışam mən”, “Salam, ata”, “Ehtiyac”,  “Anamın əlləri”, “Gəl sənə həzin bir şeir oxuyum”, “Bu yağış mənə bənzəyir”, “Yaman uzandı bu yaz yağışı”, “Səni sevdim, Allahım”, “Bu nə eşq sevdası, necə möcüzə”, “Yollara yağış yağır”, “Narın yağış”, “Biraz günəş göndər”, “Səni yola saldım”, “Vallah gözə gəldi bu ilahi eşq”, “Sənsiz keçən bir günüm”, “İlləri əl-ələ verib gəlmişik”, “Gəl gedək bu şəhərdən”, “Sarı gözəl, sarı çiçək”, “Bir az möhlət ver Allah , “Arazbarı”, “Ay Qaragilə”, “Öncə can sağlığı deyən şəxslərə” şeirlərini söyləyiblər.

Tədbirdə həmçinin şairənin sözlərinə bəstələnmiş mahnılar səslənib, ədəbi-bədii kompozisiya nümayiş olunub. Sonra “Cəngi” mahnısının sədaları altında Azərbaycan bayrağı meydana gətirilib. 

Sonda Sona Vəliyeva çıxış edərək tədbirin təşkilində əməyi keçənlərə minnətdarlığını bildirib. O bildirib ki, Azərbaycan xalqı özünə məxsus dilini və mədəniyyətini bütün assimilyasiya basqılarından qoruyaraq bu günə kimi yaşada bilib. Şairə qeyd edib ki, dil millətin var olmasında ən mühüm ünsürdür. O, azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər bir insanın üzərinə məsuliyyət düşdüyünü deyib və yaddaşın millətin, xalqın formalaşmasında önəmli rol oynadığını vurğulayıb. S. Vəliyeva Azərbaycan dilinin inkişafının, azərbaycançılıq ideyasının müstəqillik dönəmindən sonra Ümummilli lider Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək yalnız Azərbaycan Respublikasının deyil, bütün dünya azərbaycanlılarının ideologiyası səviyyəsinə yüksəldiyini diqqətə çatdırıb.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.