525.Az

Emin Sabitoğlu dünyası... - Etibar Əbilov yazır

[05.08.21]
Emin Sabitoğlu dünyası... -<b style="color:red"> Etibar Əbilov yazır</b>

Ömürdə iz salan günlər zaman keçdikcə unudulmaz xatirələrə çevrilir. Bu yazımda həmin o xoş, unudulmaz xatirələrimdən biri haqqında yazmaq istəyirəm.

1983-cü ilin oktyabrın 14-də, gözləmədiyimiz halda, məşhur bəstəkar Emin Sabitoğlu, unudulmaz mahnılar ifaçısı Mirzə Babayev və atamın gənclik illərindən dostluq etdiyi Qulu Əsgərov bizə gəldilər. Həmin unudulmaz günün xatirəsi həmişə yaddaşımdadır. Ümumiyyətlə, belə xatirələr heç vaxt unudulmur... İlk dəqiqələrdə Emin Sabitoğlunun əksər böyük şəxsiyyətlərdə olan bir xüsusiyyətini müşahidə elədim: Sadəliyini. Eyni zamanda, o, həm də bir ədəbiyyat bilicisi idi, Nazim Hikmətin:

Gelsene dedi bana
Kalsana dedi bana
Gülsene dedi bana,
Ölsene dedi bana.
Geldim,
Kaldım,
Güldüm,
Öldüm.

- şeirini ilk dəfə həmin gün ondan eşitdim. Həmin şeiri elə həmin gecə türk dilində yadigar olaraq atamın xatirə dəftərinə də yazdı.
Onun bir xüsusiyyəti barədə də yazmaq istəyirəm: söhbət edərkən bütün varlığı ilə söhbətə bağlanırdı. Həmsöhbətini də diqqətlə, səbrlə, eyni zamanda da böyük hörmətlə dinləyirdi... Süfrə arxasında Qulu Əsgərov həmişə bizə gələndə olduğu kimi, qardaşım Azərin tarını gətizdirdi (rəhmətlik həm də mahir tar ifaçısı idi). Tarda özünü müşayiət edə-edə bu dəfə Bahar Şirvaninin məşhur:

Hər kim ki, hicri-yar ilə 
düşsə dimağdən,
Heç açılarmı könlü 
onun seyri-bağdən?

- beyti ilə başlayan qəzəlini oxudu... Maraqlı söhbətlər edirdilər. Artıq qaranlıq düşmüşdü. Hava sərin olduğu üçün pəncərələr yarı açıq idi. Birdən Emin Sabitoğlu mənə:

- Pəncərələri bağla-dedi. Bağladım. Nəfəslikləri də bağlamağımı istədi. Sonra durub otaqdakı qara "Belarus" pianosunun arxasına keçdi. Onun pəncərələri bağlatması bizə indi aydın oldu. Çalacağı melodiyanı küçədə kiminsə eşitməsini istəmirdi. Və pianoda bu vaxta qədər eşitmədiyimiz bir şərqi çaldı... Son akkordları vurandan sonra hələ də dinlədiyi bu sehrli melodiyanın təsiri altında olan atam:

-Bu nə melodiyadır belə?.. Bu əsrarəngiz mahnının müəllifi kimdir?- deyə soruşdu.

Emin Sabitoğlu:

- Müəllifi Üzeyir bəydir. Çaldığım melodiya isə Azərbaycan Xalq Cümhuriyyətinin himnidır (indiki himnimiz.E.Ə.)-dedi. O vaxt keçirdiyimiz duyğusal hissləri indi sözlə ifadə eləmək olduqca çətin, bəlkə də mümkünsüzdür.

Sonra Emin Sabitoğlu əzbərdən himnin sözlərini söylədi. Əhməd Cavadın, Şükriyyə xanımın faciəli həyatlarından danışdı. Başı olmazın bəlalar çəkmiş Şükriyyə  xanımın məşəqqətli həyatı barədə ilk dəfə həmin gecə Emin Sabitoğlundan eşitdim (sonralar, müstəqillik illərində Emin Sabitoğlu Əhməd Cavadın Şükriyyəyə həsr etdiyi şeirə sevilən bir mahnı bəstələdi).

Yadımdadır, məclis gecə yarısına qədər davam elədi. Həmin ərəfədə, o vaxtkı "Kommunist" qəzetində Emin Sabitoğlu haqqında bir məqalə (müəllifini təəssüf ki, unutmuşam) çap olunmuşdu. Atam da, mən də həmin məqaləni oxumuşduq. Emin Sabitoğlunun yaradıcılığından bəhs edən məqalə müəllifi onun dostları haqqında da yazmışdı, Emin Sabitoğlunun yazıçı Anarla dostluğunu xüsusi vurğulamışdı. Dediyim məqalədə Emin Sabitoğlunu ən çox duyğulandıran da məhz həmin hissə idi:

- Anarla dost olmaq bilirsiniz nə deməkdir? Mən həmişə onunla dostluğumdan fəxr etmişəm. Anar böyük yazıçı, böyük vətəndaş, böyük ziyalı, böyük dostdur-dedi.

...Süfrəyə çay gələndə Mirzə Babayev kitabxanamızı görmək istədiyini dedi. Onu böyük kitabxanamıza gətirdim. Rəflərə sıra ilə düzülmüş çoxlu sayda kitablara baxıb - Burda bir aləm var ki, -dedi. Bir neçə kitabı götürüb baxdı, vərəqlədi. Ən çox ilgisini çəkən məşhur aktyor İnnokenti Smuktunovskinin kitabı oldu. Kitabxanamızdakı divanda oturub həmin kitabdan bəzi hissələri oxudu da. Sonra kitabı öz yerinə qoyub - Kaş sən yaşda olaydım, bu kitabları bir-bir oxuyardım-deyə əlavə elədi.

Mən o vaxta qədər Mirzə Babayevi yalnız televizorda görmüşdüm. Onunla söhbət edərkən onun səhnədə başqa, həyatda isə tamam başqa adam olduğunu görürdüm. Səhnədə nə qədər şən, qıvraq, teatral idisə, həyatda bir o qədər kübar, alicənab, ağır təbiətli bir adam idi...
Yenidən qonaqlar olan otağa qayıtdıq. Çay içə-içə söhbət edirdilər. Birdən, heç gözləmədiyimiz halda Emin Sabitoğlu:

-Mən Neftçalanı gəzmək istəyirəm-dedi.

Atam təəccüblə:

- İndi? Gecənin bu vədəsi?-deyə soruşdu.

-Hə, indi gəzmək istəyirəm-Emin Sabitoğlu istəyində israrlı idi.

Gecə saat birə qalıb. Emin Sabitoğlu, Mirzə Babayev və mən (bələdçi kimi) küçəyə çıxdıq (Atam və Qulu Əsgərov evdə qaldılar). Adamsız, qaranlıq, işıqsız küçə. Tam sakitlikdir. Mərkəzi küçəyə çıxacaq tini burulmuşduq ki, Emin Sabitoğlu qəfildən ayaq saxladı. Bir müddət sakitcə dayanıb, məni təəccübə salacaq diqqətlə nəyisə dinlədi, dinlədi...və sonra heyrətlə:

- Mirzə, dənizin səsini eşidirsən? -dedi.

Mirzə Babayevi bilmirəm, amma mən çaşıb qalmışdım. Dəniz bizim şəhərdən ən azı bir kilometr yarım uzaqlıqda idi və şəxsən mən, o vaxta qədər məhəlləmizin heç bir yerindən dənizin səsini eşitməmişdim... Nəsə demək istədim. Emin Sabitoğlu əlinin işarəsi ilə mənə "Sus...Danışma..." işarəsini verdi... Bu dəm dəqiq hiss edirdim ki, onun bütün fikri mənim eşitmədiyim həmin dəniz səsinin yanındadır.
- Eşidirsiz? -Əlini dəniz olan səmtə uzatdı- Mirzə, eşidirsən?.. Səsə bax... Kim bu səsi nota sala bilər? Bəh...Bəh...Bəh... Bu nə səsdir, İlahi... -Sonsuz heyrət içərisində olan bəstəkar həm də həyəcanlı idi.

...İndi o unudulmaz hadisədən uzun illər keçir. Mən dənizin səsini, dediyim kimi, məhəlləmizdən nə o vaxta qədər, nə də ondan sonra (o vaxt ilə müqayisədə, indi dəniz xeyli geriyə çəkilib) heç vaxt eşitmədim. Amma o unudulmaz gündən sonra hər dəfə Emin Sabitoğlunun könül oxşayan musiqilərini dinləyəndə bütün aydınlığı ilə anlayıram ki, Emin Sabitoğlu həmin gecə dənizin səsini gerçəkdən də eşidirmiş. Çünki onun bir çox musiqilərində dənizin uzaqdan gələn pıçıltılarını əks etdirən o qədər məqamlar var ki...

Demək, əsl böyük bəstəkarlar həm də hər kəsin eşidə bilməyəcəyi səsləri eşidənlər və həmin səsləri öz ölməz əsərlərində səsləndirənlərdir...
Ən əsası isə, bizim eşitmədiyimiz, eşidə bilmədiyimiz o dənizin səsini eşitmək, hiss etmək, duymaq üçün, insanda sadəcə olaraq Emin Sabitoğlu dühası, Emin Sabitoğlu duyumu, Emin Sabitoğlu hissiyyatı, Emin Sabitoğlu istedadı olması gərəkdir...
 

Etibar ƏBİLOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.