525.Az

Yunan sivilizasiyası - Telman Orucov yazır

[21.07.21]
Yunan sivilizasiyası - <b style="color:red">Telman Orucov yazır </b>

Yunanıstan: səfər təəssüratları və zəngin keçmişi barədə düşüncələr

(Əvvəli ötən şənbə sayımızda)

Yunan sivilizasiyası özünün davamı kimi, daha geniş məkanda ellinizmi yaratdı. Yunanlar əvvəllər də birləşməyə meyl etsələr də, yaratdıqları liqaların ömrü heç də uzun çəkmirdi. Ona görə də yunanlar başqalarından fərqlənsələr də, vahid xalqa çevrilə bilmədilər. Ellinizmin ilk rüşeymləri Makedoniya çarı II Filippin dövründə yarandı, lakin onun o vaxtkı məlum dünyada təşəkkül tapması isə Böyük Aleksandrın adı və fəaliyyəti ilə sıx bağlıdır. O, öz dövrü üçün inqilabi bir iş görürdü, Qərblə Şərqi birləşdirmək istəyirdi. Bu cəhd məhz öz ifadəsini Ellinizmin yaranmasında tapdı. Yunan sivilizasiyası və mədəniyyəti böyük sərkərdənin işğal etdiyi ərazilərə nüfuz etdi, yayıldı. Avropadan başqa qitələrə ayaq açan bu sivilizasiya Asiyanı və Afrikanı öz doğma sayıla biləcək məkanına çevirdi. Baxmayaraq ki, Misir sivilizasiyası yunanlarınkından qədim idi və hətta misirlilər yunanları tarixi bilməyən və ondan öyrənməyən bir uşaq olduğunu istehza qaydasında qeyd edirdilər. Lakin həmin dövrdə daha yüksək səviyyədə olan yunan mədəniyyəti Misirdə də kök atmağa başladı.

Ellinizm üç əsr öz gücünü göstərdi və yayılmaqda davam etdi. Roma imperiyası Yunanıstanı və digər ellinist dövlətləri işğal etdikdən sonra heç də bu fövqəl ideya bütünlüklə yoxa çıxmadı, hələ uzun müddət qızarmış metal istisini davam etdirən kimi öz təsirini saxladı. Hətta qalib xalq məğlub olanın daha yüksək mədəniyyətini əxz etmək, ondan çox şey götürmək məcburiyyətində qaldı. Axı daha dolu qabdan başqasına nəyisə tökmək mümkün olur. Tarixdə belə hallar sonralar da baş vermişdir. Osmanlılar ərəb ölkələrini işğal etdikləri, öz imperiyalarına qatdıqları halda türklər daha yüksək ərəb mədəniyyətindən faydalandılar.

Qədim yunanlar siyasi sistemi əsaslı metamorfozaya uğratmağın da ustaları idilər və onların bu bacarığından inqilabi hal xarakteri daşıyan demokratiya meydana gəlmişdi. İlk dəfə olaraq dövlət azlığın deyil, çoxluğun iradəsinə əsaslanaraq idarə olunurdu. Solon, ya Perikl nə qədər böyük islahatçı olsalar da, əlbəttə, onların xidmətlərini inkar etmək və azaltmaq ədalətsizlik olardı, demokratiyanın təşəkkülünə və yaşamasına məhz afinalıların azad, müstəqil ruhu və təbiəti şərait yaratmışdı. Əgər xalqın şüuruna, idrakına, həyat tərzinə bu islahatlar uyğun olmasaydı, yəqin ki, digər uğursuz olanların taleyini yaşamaqla, hələ uşaq vaxtı qəbirə gömülər, əvvəlkilərin və sonrakıların dəfn edildiyi ən böyük qəbiristanlıqda uyuyardı. Hera Heraklın gələcəyindən qorxduğundan onun beşiyinə ilan salmışdı, igid uşaq isə əlləri ilə ilanı boğub öldürmüşdü. Demokratiyanı da zəhərləmək, öldürmək cəhdləri çox olmuşdu, bu xalq hakimiyyəti bəzən başqa xalqlar üçün tarixi və kütləvi qatil rolunu oynayanlar tərəfindən məhvə sürüklənmişdi, lakin əfsanəvi feniks quşu küldən canlanıb həyata qayıtdığı kimi, yenidən aparıcı mövqeyə çıxmışdı. Hitlerin eybəcər faşizmindən, yaponların militarizm hallusinasiyasından sonra demokratik inkişaf yoluna qayıdan Almaniya və Yaponiya buna bariz misal ola bilər.

Qədim Yunanıstan, mədəni cəhətdən onun bir hissəsi sayılan Makedoniya tarixə hərb dühalarını da bəxş etmişdir. Sonuncunun çarı II Filipp bir siyasət növü kimi müharibəni diplomatiya ilə birləşdirməyi bacarırdı. Aleksandr Makedoniyalının 12 il dalbadal qələbələrlə müşayiət olunan, ağır döyüşlərdə üzə çıxan hərb dühası isə tarixdə özünə bərabər olan bir nümunəni tanımır. Yuli Sezar da böyük qələbələr çalmışdı. Lakin o, əsasən, dövlətçilik təcrübəsi və ondan irəli gələn üstünlüklərə malik olmayan barbar xalqlarla vuruşmuşdu. Aleksandr isə nəhəng və qüdrətli Persiya imperiyasını darmadağın etmişdi. O, həmin vaxtın məlum dünyasının sonuna çatmaq istəyirdi. Ordusunun Hindistanda artıq irəli getməkdən imtina etməsi, bu qeyri-adi məqsədin həyata keçirilməsinə imkan verməmişdi. Həyatdan çox cavan yaşında gedən Böyük Aleksandrın qələbələri saya gəlməsə də, məğlubiyyətlə bir dəfə də olsun, üzləşməmişdi. O, döyüşlərdə sayca özündən xeyli çox canlı qüvvəyə malik olan düşmən orduları üzərində daim qələbə çalmışdı. Onun ən böyük və daha nəhəng təsirə malik olan qələbəsini isə Ellinizmi həyata gətirməyini və sağlığında bu cərəyanın yeniyetməliyə qədəm qoymasını hesab etmək olar.

Ellinizm o vaxtkı dünyanın sifətini dəyişdirmiş, ona yunan sivilizasiyasına xas olan mədəniyyətin çalarlarını vermişdi. Ellinizm həm də tarixi hadisə kimi  iqtisadiyyatda, sosial münasibətlərdə, dövlətçilikdə və mədəniyyətdə yunan və Şərq elementlərini ifadə edirdi.

Ellinizm Qərbi Şərqlə üz-üzə qoymaq siyasətindən, düşmənçilikdən əl çəkmək yolu ilə onları birləşdirmək, imperiya adlanan vahid bədənə çevirmək məqsədini güdürdü. Lakin Aleksandrın ölümü ilə imperiyanın da ömrünə son qoyuldu və parçalanaraq, qurama yorğana xas olan hissələrə bölündü. XIX əsrdə kraliça Viktoriya da Britaniya imperiyasını Qərblə Şərqin sintezinə çevirmək istəsə də, müstəmləkəçilikdən başqa bir nəticəyə nail olmadı, asılı xalqların müqavimət hissləri gücləndi və Britaniya imperiyasının müstəmləkələri çox sayda müstəqil dövlətlərə çevrildilər.

Ona görə də yazının müəllifində Yunanıstanın keçmişinə ötəri nəzər salmaq və bunu qısa icmal şəklində ifadə etmək istəyi yarandı. Maraqlanan oxucu bu ölkənin tarixi barədə müəyyən məlumat əldə edə bilər. Taleyüklü hadisələr və dahi şəxsiyyətlər bu tarixi çox sayda qəribəliyi ilə seçilən naxışlarla bəzəmişdir. Onlarla yaxından tanışlıq isə bəşəriyyət qarşısında qədim yunanların böyük xidmətlərini layiqincə qiymətləndirmək imkanı verir.

Yunanıstanda klassik antik dövrün böyük günlərinin qalıqları göz önündədir. Rast gəldiyimiz abidələr müasir insana bir çağırış kimi səslənir, qədim insanların vaxtı qabaqlayan yaradıcılıq enerjisinə ehtiramla yanaşmaq hissləri təlqin edir.

Bu ölkə əsrlər ərzində öz həyatsevərliyini saxlayaraq, çox sayda xalqların qarışığından meydana gəlmişdir. Bu torpaqlar uzun müddət ərzində Avropa, Asiya və Afrika xalqlarının yolayrıcı olmuşdur. Yunanıstan hələ qədimdən Orta Şərqlə tanış idi, onun dili və qidalanması isə Türkiyədən, Müqəddəs Torpaqdan, Misirdən və daha uzaqlardan gələn ellinistlərin müdaxiləsi ilə seçilir. Yunan tacirləri və digər hətta ziyalı adamlar əcnəbi həyat tərzinə yiyələnir və Vətən barədə öz güclü xatirələrini qoruyub saxlayırdılar. Elə təsəvvür yaranırdı ki, guya onlar heç vaxt yunan torpaqlarını tərk etməmişlər. Öz doğma elinə belə bağlılıq yunan musiqisinin melanxoliyasının və nostalji mahnıların motivlərinin yaratdığı hisslərdə ifadə olunurdu. Torpağın becərilməsinin və dənizlərdə üzməyin çətinlikləri gözlənilən həyatın keşməkeşli olacağını yada salırdı. Bu iki sahədən isə yunanlar əsrlər ərzində dolanışıqlarını çıxardır, çörəklərini qazanırdılar.

Yunanıstan landşaftı təkcə özünün gözəlliyinə görə deyil, həm də yaşayış üçün mürəkkəbliyinə və müxtəlifliyinə görə fərqlənirdi. Antik dövrün görkəmli coğrafiyaçısı Strabonun qeyd etdiyi kimi, dəniz aparıcı təsirə malik idi, axı ölkə hər tərəfdən dənizlərlə əhatə olunmuşdur və çox yerdə quru ərazilərə xəncər kimi soxulur. Ölkənin topoqrafiyasında ikinci başlıca amil dağlardır. Onlar ölkə səthinin, demək olar ki, dörddə üçünü tuturlar. Dağ vadiləri, kiçik düzənliklər üçüncü elementi təşkil edir. Kiçik buxtaların münbit torpaqları sivilizasiyanın ilk ilhamlandırıcısı olmuşdur. Dəniz isə ayrı-ayrı icmalar arasında əlaqələr yaratmış, uzaq ölkələrlə də təmasın inkişafını təmin etmişdi.

Bütövlükdə təbii şəraitlər tarixi inkişafın ilkin mərhələsində yunan mədəniyyətinin çiçəklənməsi üçün çox əlverişli olmuşdu. Yunan təbiəti insana çox da əliaçıq deyildi, əlverişli həyat şəraitlərini heç də asan şəkildə vermirdi, əvəzində adamları əməksevərliyə, işgüzarlıqda ilhamlandırırdı.

Ölkədə hələ qədim dövrlərdən şəhər həyatı artan dərəcədə əhəmiyyətli olmuşdu. Qədim yunan mədəniyyətinin qalıqları da məhz şəhərlərdə qalmışdır. İndi isə muzeylər müasir yunan mədəniyyətinin vacib elementi kimi çıxış edir.  

Yunan sivilizasiyası 

Qədim Yunanıstanın Qərb sivilizasiyasının tarixində xüsusi rolunu müşahidə etmək, onu izah etməkdən daha asandır. Onun fərqli bir cəhəti də ondadır ki, özündən əvvəlki Nil, Mesopotamiya və ya İndə aid olan böyük sivilizasiyalardan fayda götürmüşdür. Bu sivilizasiyanın nailiyyətləri, irsi zəkanın və siyasi həyata yaxınlaşmanın müxtəlif yollarını göstərirdi. Qədim Yunanıstan bütün qədim mədəniyyətlər içərisində ən savadlısı idi, savadsız adamlar demokratiya yolunu seçə bilməzdi. Epik poeziya, qanun kodeksləri və lirik şeirlər üçün yeni öyrənilən əlifba yazısından istifadə olunurdu. Burada ilk dəfə ənənəvi miflərin dramatik tamaşaları və xor ifaları meydana gəlmişdi.

Yunan fəlsəfəsinin təşəkkül tapması kainat haqqında nəzəriyyə kimi miflərin kosmologiyasını əvəz etməkdə istifadə olundu. Bu isə hökmən praktiki elmi kəşflərə aparıb çıxarmalı idi. İnsanın fikir prosesinin tədqiqatı və məntiq siyasi və fərdi əxlaq praktikasını ifadə edirdi, həm də onlara öz təsirini göstərirdi.

Yunan fəlsəfəsi insanı bütün varlıqarın ölçüsü kimi qəbul etdi və bəşəriyyət indi də qədim yunanların görkəmli ehkamlarını öyrənir. Ləyaqət, müdriklik və gözəllik barədə yunan standartları, onların idealizə olunmasına gətirib çıxardı. Heç bir qədim xalq dühanın belə geniş əhatəsini nümayiş etdirə bilməmişdi və belə güclü irs qoyub getməmişdi. Yunan tarixinin qəhrəmanlıq səhifələri elə iftixar hissi ilə ifadə olunmuşdur ki, yeni məqsədlər naminə də daha geniş istifadə olunmaqda davam edir.

Qədim tarixçilər milli hadisələri ilhamla təsvir edir, bu sahədə onlar Şərqin və Misirin xronika yazanlarından fərqlənirlər. Herodotun "Tarix"i b.e.ə. V əsrin mənzərəsini əks etdirir. Elə həmin əsrdə yazıb-yaradan tarixçi Fukidid Peloponnes müharibəsinin əhvalatlarını, Persiyanın hücumunun dəf edilməsini qələmə almışdır. Bu dəqiq tarixçinin səyi hesabına biz Periklin məşhur nitqi ilə - Peloponnes müharibəsində həlak olmuş afinalıların dəfn mərasimində etdiyi parlaq çıxışın mətni ilə tanış olmaq imkanı əldə etmişik.

Perikl bu məşhur nitqində Afinanın böyüklüyü haqqında söhbət açır, afinalıların siyasi sisteminin gücünü yada salır. O deyirdi: "Bizim konstitusiya demokratiya adlanır, çünki hakimiyyət azlığın əlində deyil, bütün xalqın əlindədir. Özəl müzakirələrdə bir məsələ həll edilən vaxt, qanun qarşısında hər bir kəs bərabər olur. Çünki bizim siyasi həyatımız azad və açıqdır, beləliklə, gündəlik həyatımız da bir-birimizlə əlaqədə keçir... Burada hər bir fərd təkcə öz işləri ilə deyil, həm də eyni qaydada dövlətin işləri ilə maraqlanır".

(Ardı var)


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.