525.Az

Qorqudşünaslıqda yeni və mühüm mərhələ - Məqalə

[22.07.21]
Qorqudşünaslıqda yeni və mühüm mərhələ - <b style="color:red">Məqalə </b>

Bitgin və sistemli abidə olan "Kitabi-Dədə Qorqud" Sovet İttifaqında qırmızı terror illərində "ziyanlı əsər" damğası ilə qadağan olunmuşdu. XX əsrin əllinci illərinin ortalarından etibarən abidə "bəraət" qazandı və elmi-ədəbi fikrin dövriyyəsinə daxil edildi.

Sanki milli elmi-ədəbi düşüncədə bir "Dədə Qorqud" yanğısı varmış. Sanballı tədqiqatlar və tədqiqatçılar meydana gəldi. Görkəmli dövlət xadimi Heydər Əliyevin xüsusi sərəncamı ilə "Kitabi-Dədə Qorqud"un 1300 illiyi dövlət səviyyəsində  geniş qeyd olundu, bu möhtəşəm oğuznaməyə həsr edilmiş Beynəlxalq konfrans keçirildi, 2 cildlik "Dədə Qorqud" ensiklopediyası çap olundu.  Rəhbərliyimlə Ülkər Nəbiyeva "Kitabi-Dədə Qorqud" və folklor ənənələri" mövzusunda namizədlik dissertasiyası yazdı. Füzuli Gözəlov, Flora Əlimirzəyeva, Yeganə İsmayılovanın opponenti olduğum doktorluq, Əli Allahverdiyev və Nəzakət Hüseynovanın namizədlik dissertasiyaları, çoxsaylı məqalə və monoqrafiyalar işıq üzü gördü.

Bu çox əhəmiyyətli iş bu gün də davam edir.

Bu baxımdan akademik İsa Həbibbəylinin Qorqudşünaslıqda mühüm mərhələ olan, tamam yeni səpkidə yazılmış "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" monoqrafiyası (Bakı, "Elm", 2020, 280 s.) xüsusilə fərqlənir. Alimin dəyərli əsəri elmi ictimaiyyətin böyük marağına səbəb olmuş, adlı-sanlı alimlərimiz və görkəmli ziyalılarımız mətbuatda əsəri yüksək qiymətləndirmişlər.

Burada əsl alimə xas olan bir məsələni vurğulamaq istəyirəm. Akademik İsa Həbibbəylinin tədqiqatçılıq mədəniyyəti bu baxımdan diqqətəlayiqdir.

Qorqudşünaslığın bir elm sahəsi kimi ölkəmizdə formalaşmasında böyük xidmətləri olan Həmid Araslı, Əbdüləzəl Dəmirçizadə, Əli Sultanlı, Məmmədhüseyn Təhmasib, Fərhad Zeynalov, Samət Əlizadə, Anar, Kamal Abdulla, Tofiq Hacıyev, Kamil Vəliyev, Tərlan Quliyev, Səfərəli Babayev, Şamil Cəmşidov və başqalarının qiymətli tədqiqatları İsa müəllimin monoqrafiyasında yüksək dəyərləndirilir.

İsa Həbibbəylinin son dərəcə yeni və əhəmiyyətli monoqrafiyasına ictimaiyyət arasında nüfuzlu qorqudşünas kimi tanınan Xalq yazıçısı Anar "Ədəbiyyat tariximizin Dədəsi" adlı çox ciddi, sanballı və maraqlı "Ön söz" yazmışdır. Anar müəllim  müqəddəs saydığı (Anar Üzeyir bəyi və Cəlil Məmmədquluzadəni də müqəddəs hesab edir) Dədə Qorqud abidəsinə həsr olunmuş "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı monoqrafiyanın qorqudşünaslığın tamamilə yeni, çox mühüm mərhələsini təşkil etdiyini xüsusi vurğulayır. Xalq yazıçısı Anarın "Kitabi-Dədə Qorqud"la bağlı yaradıcılığı özü də mühüm bir hadisədir. Yaxşı yadımdadır, 1985-ci ildə onun çap olunan "Dədə Qorqud dünyası" əsəri böyük hadisə kimi ictimaiyyət arasında və elm aləmində geniş əks-səda doğurmuşdu. Aradan illər keçəndən sonra böyük hadisə kimi həmin əks-sədanı akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və epopeya" əsəri yaratdı. Bu qiymətli əsəri ilk dəyərləndirənin Xalq yazıçısı Anar olması diqqətəlayiqdir. "Kitabi-Dədə Qorqud"un 1300 illik yubiley tədbirlərinin keçirilməsi və "Dədə Qorqud Ensiklopediyası"nın yaradılması ideyası da Anara məxsusdur. Anarın ssenarisi əsasında çəkilmiş "Dədə Qorqud" filmi böyük rəğbətlə qarşılanmışdır. Təsadüfi deyil ki, Ümummilli liderimiz Heydər Əliyev Anarın Dədə Qorqudla əlaqədar xidmətlərini yüksək qiymətləndirirdi.

Anarın İsa müəllimin əsərini yüksək dəyərləndirməsi xüsusi əhəmiyyət kəsb edir. Anar kompas kimi həmişə həqiqəti göstərir: "Dediyim kimi, Dədə Qorqudun açılmamış sirləri az deyil. Amma zənnimcə, üç əsas sirri var: Əsərin yaşı, yəni yaranma tarixi, əsərin yaradıcısı və əsərin janrı - daha dəqiq desək, "Kitabi-Dədə Qorqud"un yazılımı, şifahimi ədəbiyyata aid olması. İsa Həbibbəylinin araşdırmalarında hər üç suala elmi cavablar verilir.

Tam səmimiyyətlə deyə bilərəm ki, İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və ya epopeya" adlı araşdırması qorqudşünaslığın tamamilə yeni və başqa, çox mühüm mərhələsini təşkil edir".

Biz də belə hesab edirik ki, akademik İsa Həbibbəylinin monoqrafiyası Qorqudşünaslıqda ara-sıra tezis kimi səsləndirilən "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat nümunəsi olması haqqındakı mülahizələri ilk dəfə olaraq inandırıcı dəllilər əsasında müstəqil tədqiqat obyektinə çevirən, mühüm yeni elmi problemləri açıb göstərən, ciddi elmi-nəzəri nəticələri ilə səciyyələnən mükəmməl akademik nəşrdir. Bu, "Kitabi-Dədə Qorqud"un yazılı ədəbiyyat nümunəsi olması haqqında yazılmış birinci sistemli və əhatəli elmi-tədqiqat əsəridir.

Akademik İsa Həbibbəyli ilk dəfə olaraq belə bir nəzəriyyə irəli sürür ki, "Kitabi-Dədə Qorqud" el-oba, yaxud xan - Sultan məclislərində onu qoşub-düzən Dədə Qorqudun, yaxud da ustad Ozanın davamçıları olan Alp ozanların dilindən, canlı ifa prosesində mirzələr tərəfindən yazıya alınmışdır. "Dədə Qorqud kitabı"nın bütün boylarında ifadə olunmuş "Xanım, hey", "Sultanım, hey" müraciətləri eposu məclisdə söyləyən Ozanın onu dinləyənlərdə oyatdığı reaksiyanı hiss etmək üçün işlədiyi bədii priyomdur. Dədə Qorqud boylarının sadə və təbii təhkiyəsi, bənzərsiz bədii təsvir və ifadə vasitələri, canlı dil xüsusiyyətləri eposun canlı ifadədən yazıya alınması nəticəsində mətnə rəsm edilmişdir. Bütün bunlara görə mirzələrin yazıya aldığı xan-sultan əlyazması "Kitabi-Dədə Qorqud"un ilk əlyazma nüsxəsi hesab olunur. Müəllif bu qənaətdədir ki, XI əsr əlyazması ilk dəfə mirzələrin yazıya aldıqların daha da təkmilləşdirilmiş nüsxəsidir. Akademik İsa Həbibbəylinin qorqudşünaslığa gətirdiyi bu nəzəriyyə abidənin yazılı ədəbiyyat nümunəsi olması versiyasını əsaslandırmağa xidmət edir.

"Giriş", dörd fəsil, "Nəticə" və istifadə olunmuş ədəbiyyatın göstəricisindən ibarət olan, hər fəsli bitkin bir əsər təsiri bağışlayan bu çox gərəkli monoqrafiyanın "Kitabi-Dədə Qorqud" şifahi və yazılı ədəbiyyat abidəsi" adlanan I fəslində tədqiqatçı Azərbaycan Oğuznaməsinin yazılı ədəbiyyat nümunəsi olduğunu inkarolunmaz faktlarla isbatlayır. Alim heç bir dastanda, şifahi ədəbiyyat əsərlərində "kitab" sözünün işlənmədiyini gündəmə gətirmiş və elmi əsaslarla "Kitabi-Dədə Qorqud"da işlənən "kitab" sözünün mahiyyətini aşkarlamış, şifahi xalq ədəbiyyatında dastanların çoxvariantlı olmasından fərqli olaraq eposun təkvariantlı olmasını, Dədə Qorqudun tarixi şəxsiyyət olmasını isbat etmişdir.

Qorqudşünaslıqda heç kəsin ağlına gəlməyən "Kitabi-Dədə Qorqud"dakı folklorda sələfi olmayan, Dədə Qorqud tərəfindən yaradılmış obrazları ilk dəfə İsa Həbibbəyli müəyyən edib elmi ictimaiyyətə təqdim edir.

Araşdırıcı "Kitabi-Dədə Qorqud"u qədim yunan tarixçisi Homerin "İlliada" və "Odisseya" əsərləri ilə müqayisə etmiş, ilk dəfə olaraq "Dədə Qorqud" eposunu epopeya kimi təqdim etmişdir. Bununla kifayətlənməyən müəllif faktlara söykənərək bu ölməz abidəni "roman-epopeya" kimi tədqiqata cəlb etmiş və fikirlərini isbat edə bilmişdir.

Müəllifin gəldiyi qənaət, verdiyi hökm böyük həqiqətdən söz açır: "İlliada" və "Odisseya" kimi, "Kitabi-Dədə Qorqud" da yarandığı dövrün sadəcə ədəbiyyatı deyil, həm də dili, tarixi və fəlsəfəsidir. Sözün böyük mənasında "İlliada" və "Odisseya" qədim Yunanıstanın, "Kitabi-Dədə Qorqud" isə Azərbaycanın ictimai-mənəvi həyatının ensiklopediyasıdır". İsa Həbibbəylinin Dədə Qorqudu Azərbaycan ədəbiyyatının Homeri adlandırması da düşünülmüş tapıntıdır.

Akademik İsa Həbibbəylinin “Kitabi Dədə Qorqud: yazılı epos və ya epopeya”  monoqrafiyası çap olunub - İki sahil 

Akademik xüsusi olaraq vurğulayır ki, "Kitabi-Dədə Qorqud" - şifahi xalq ədəbiyyatı nümunələrindən yaradıcı istifadə yolu ilə yaradılmış orijinal, möhtəşəm yazılı ədəbiyyat abidəsidir. "Kitabi-Dədə Qorqud"da müqəddiməçilik ənənələrinin qoyulduğunu da ilk dəfə İsa Həbibbəyli müşahidə etmişdir. Müəllif qeyd edir ki, "Kitabi-Dədə Qorqud"un "Müqəddimə"sindəki  "Allah-allah deməyincə işlər önməz" misrası ilə başlanan soylama Qorqud Atanın yaratdığı minacatdır:

Allah-allah deməyincə işlər önməz,
Qadir tanrı verməyincə ər bayılmaz.
Əzəldən yazılmasa, qul başına qəza gəlməz,
Əcəl vədə verməyincə, kimsə ölməz.

Göründüyü kimi, "Kitabi-Dədə Qorqud"da Azərbaycan yazılı ədəbiyyatının meracnaməsinin əsası qoyulmuşdur. Tədqiqatçının fikrincə, yazılı ədəbiyyatda bədii müqəddimə prinsipləri ilk dəfə öz əksini "Dədə Qorqud" kitabında tapmışdır.

Akademik tədqiqat nəticəsində o qənaətə gəlmişdir ki, şifahi xalq poeziyasının aşıq şeiri qolundakı gəraylı və qoşmalardan fərqli olaraq, "Kitabi-Dədə Qorqud"da daha çox on iki və on dörd hecalı şeirlər yer almışdır. Bununla belə, Dədə Qorqud şeirləri tam heca vəznli olmayıb, sərbəst şeirlərlərdir və  orijinal yazılı ədəbiyyat nümunələridir.

Tədqiqatçı ilk dəfə olaraq Azərbaycan Qorqudşünaslığında şifahi xalq ədəbiyyatındakı dastan janrının romana, epos janrının isə epopeyaya uyğun gəlməsindən söz açır. "Kitabi-Dədə Qorqud"un həm də epos adlanmasını, elmi ədəbiyyatda "Oğuz qəhrəmanlıq eposu" kimi təqdim olunmasını göstərsə də, bu möhtəşəm abidənin əhatə dairəsinin genişliyinə, böyük ideallarına və bədii vüsətinə görə Böyük Oğuznamə Kitabı olduğunu, janr baxımından roman-epopeya ilə ciddi şəkildə səsləşdiyini qeyd edir. O, xüsusi olaraq vurğulayır ki, bu əzəmətli abidə roman-epopeya janrının yüksək tələblərinə cavab verən Azərbaycan oğuznaməsidir.

Müəllif müqayisələr apararaq "Kitabi-Dədə Qorqud"un bütün boylarının təkvariantlı olmasına, boyları vahid bir müəllifin - Dədə Qorqudun yaratdığına, şifahi xalq ədəbiyyatında bənzəri olmayan əlavə süjetləri, çoxsaylı fərqli obrazları olmasına əsaslanaraq "Dədə Qorqud kitabı"nı "yazılı epos" adlandırmışdır. Yazılı epos anlayışı ədəbiyyatşünaslığa ilk dəfə İsa Həbibbəyli tərəfindən daxil edilmişdir.

Akademik o qənaətə gəlmişdir ki, "Kitabi-Dədə Qorqud" Azərbaycan şifahi xalq ədəbiyyatının düzüb-qoşmaq yolu ilə yaradılan yazılı eposu və yazılı ədəbiyyatımızın epopeyasıdır. Bir-birini tamamlayan bu elmi qənaətlər "Dədə Qorqud kitabı"nın janrının müəyyən edən obyektiv elmi nəticələrdir. Müəllif onu da xüsusi vurğulayır ki, janr etibarilə "Kitabi-Dədə Qorqud"u Azərbaycan ədəbiyyatında ilk roman-epopeya adlandırmaq doğru olar.

Yeri gəlmişkən yaradıcılıq fəhmi ilə vaxtilə abidənin Dədə Qorqud tərəfindən yazıya alınması barədə yazmışdım: "Araşdırıcılar göstərir ki, "Kitabi-Dədə Qorqud"un əksər boyları islamiyyətdən əvvəl yaranıb və sonralar yazıya köçürülüb. Mənə belə gəlir ki, eposu ilk dəfə yazıya köçürən elə Dədə Qorqud olmuşdur. Bunu eposun adından da görmək olar, "Dədə Qorqud"un kitabı" ("525-ci qəzet", 21.11.2015).

Akademik İsa Həbibbəyli isə bu məsələni tədqiqat apararaq çoxsaylı inkarolunmaz faktlarla isbatlamışdır.

Akademikin "Kitabi-Dədə Qorqud"un səkkiz məlum və naməlum əlyazma nüsxəsinə dair tədqiqatları da böyük elmi əhəmiyyət kəsb edir. İsa Həbibbəyli Qorqudşünaslıqda ilk dəfə olaraq "Kitabi-Dədə Qorqud"un  "Alp Ozan qiraəti, yaxud Xan-sultan" əlyazma nüsxəsindən söz açmış, eposun Dədə Qorqudun və ya onun davamçılarının dilindən el-oba məclislərində canlı ifadan mirzələr tərəfindən qələmə alındığını əsaslandırmışdır. Eyni zamanda, İsa Həbibbəylinin eposun XI əsr əlyazması haqqındakı Həmid Araslı versiyası, naməlum XV əsr əlyazmasının mövcud olması və nəhayət, Sankt-Peterburq əlyazmasına dair Bəkir Çobanzadə versiyası haqqındakı mülahizələri Qorquşünaslıqda yeni fərziyələrdir və Dədə Qorqudun əlyazma nüsxələri barəsində tam, bütöv, ümumiləşdirilmiş təsəvvürün yaradılmasına xidmət edir. Monoqrafiyanın bütövlükdə "Kitabi-Dədə Qorqud"un əlyazma nüsxələrinə həsr olunan II fəsli qorqudşünaslara, xüsusən də gənc tədqiqatçılara bələdçi olmaq baxımından da əhəmiyyətlidir.

Monoqrafiyanın III fəslində "Oğuz tayfalarının həyat tərzi və dünyabaxışı", "İç Oğuzla Dış Oğuzun ittifaqı və nifaqı", "Oğuz igidlərinin mənəvi dünyası", "Oğuz cəmiyyətində qadınların rolu", "Oğuzların adət və ənənələri" kimi həyati əhəmiyyət kəsb edən, keçmişimizə işıq tutan məsələlər elmi-nəzəri tədqiqatın süzgəcindən keçirilmişdir. Əsərin bu fəslində "Kitabi-Dədə Qorqud"un coğrafiyası" bölümü xüsusi peşəkarlıqla işlənmişdir.

Burada alim həm dilçi, həm coğrafiyaşünas, həm də tarixçi kimi mühüm uğura imza atıb. Tədqiqatçı görkəmli rus alimi Vasili Bartold tərəfindən abidənin əhatə etdiyi coğrafi ərazi haqqındakı mülahizələrini və öz tədqiqatlarını əsas tutaraq "Kitabi-Dədə Qorqud" boylarındakı yer adlarının mütləq əksəriyyətinin Azərbaycana aid olmasını faktlarla isbatlamışdır. İsa müəllim Azərbaycan alimlərinin, xüsusən də Anarın tədqiqatlarına arxalanaraq, "Kitabi-Dədə Qorqud"da "erməni və hay sözlərinə" rast gəlinmədiyini, bununla da ermənilərin bu coğrafi ərazilərdə qədimdən yaşadıqları barədə fikirlərini alt-üst etmişdir. Araşdırıcı bu möhtəşəm abidədə də yer alan Dəmir Qapı Dərbənd, Bərdə, Gəncə, Qarabağ, Əlincə, Dərəşam, Göyçə gölü və sair kimi yer adlarının indi də mövcud olduğunu xüsusi vurğulayır. Akademikin söz açdığı toponimlərdən Qazan göl və Dərəşam (Şamlıq) Tovuz ərazisində də vardır. Bundan əlavə, bu ərazidə Ağdam, Dondar, Xatınlı, Qazqulu, Qazangöl dərəsi, Dərəşam (Şamlıq) dərəsi və sairə kimi toponimlər də mövcuddur. Ağdam kəndi ərazisində Aldədə məqbərəsi indi də ziyarətgahdır. Məlumdur ki, Aldədə - Ulu Dədə anlamındadır. Professor Qara  Namazov və dosent Zirəddin Xasıyevin qənaətinə görə, Tovuzdakı Aldədə məqbərəsi Dədə Qorquda aid abidələrdən biridir.

"Kitabi-Dədə Qorqud və Azərbaycan dövlətçiləri məsələsi də Qorqudşünaslığa akademik İsa Həbibbəyli tərəfindən gətirilmişdir. İlk dəfə olaraq Qalın Oğuz Eli anlayışının elmi mahiyyəti açılmış və bu qədim Oğuz tayfa birliyi müstəqil Azərbaycan dövlətinin sələfi kimi müəyyən edilmişdir.

Burada bir arzumu tədqiqatçının nəzərinə çatdırmaq istərdim. Monoqrafiyada "Kitabi-Dədə Qorqud"un Müqəddiməsində adı keçən, Dədə Qorqudun hansı xalqa mənsub olduğunu göstərən Bayatlardan - Bayat boyundan da söz açılsaydı, yaxşı olardı.

Mühüm bir məsələyə də münasibətimi bildirmək istərdim. Vaxtilə Anar "Kitabi-Dədə Qorqud"u xalqımızın "Ana kitabı" adlandırırdı. İraqda yaşayan soydaşımız, görkəmli ədəbiyyatşünas alim Əta Tərzibaşı da abidəni xalqın "Ana kitabı" adlandır-mışdır. Akademik İsa Həbibbəyli ilk dəfə olaraq abidənin "Müqəddimə"sindəki "Qorqud Ata" sözündən çıxış edərək onu xalqın  "Ata kitabı" adlandırmışdır.

Anar İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud": yazılı epos və epopeya" kitabına yazdığı "Ön söz"də bu möhtəşəm abidəni ədəbiyyatımızın "Dədə kitabı" kimi təqdim edir. Bu məqamda Anara etiraz etmək çətindir. Lakin sözün geniş və böyük mənasında bütün xalqa məxsus olan nə varsa, Ana ilə bağlı olur. Məsələn, "Ana dili", "Ana vətən", "Ana yasa" və sair. Eləcə də "Kitabi-Dədə Qorqud"un xalqın "Ana kitabı" kimi qəbul olunması daha məqbul sayıla bilər.

Akademik İsa Həbibbəylinin əsərinin tamamilə orijinal IV fəsli "Kitabi-Dədə Qorqud"un poetikasına həsr olunub. Burada "Dədə Qorqud şeir mədəniyyəti: xalq şeirindən yazılı şeirə keçid", "Dədə Qorqud şeirində məcazlar", "Dədə Qorqud şeirinin janrları", "Dədə Qorqudun süjetli lirikası", Dədə Qorquddan gəlmə Nizami müdrikliyi, Füzuli şeiriyyəti, Şəhriyar və Səməd Vurğun sadəliyi, Cavid hikməti  kimi orijinal yarımfəsillər ilk dəfədir ki, tədqiqata cəlb olunur.

Akademik qəti qənaətə gəlir ki, mütəfəkkir düşüncəyə malik olması və dərin hikmətamiz fikirləri etibarilə Azərbaycan ədəbiyyatının Nizami Gəncəvisi Dədə Qorqud səviyyəsinə yüksəlir.

İsa Həbibbəylinin fikrincə, bənzərsiz bədii təsvir vasitələrinə görə isə  Dədə Qorqud şeirləri Azərbaycan poeziyasında yalnız Məhəmməd Füzulinin lirikası ilə müqayisə oluna bilər. Dədə Qorqud şeiri Molla Pənah Vaqifin poeziyasının  ibtidası və möhtəşəm təməlidir - deyə akademik hökm verir.

"Kitabi-Dədə Qorqud"la az-çox tanış olan hər kəs akademikin qənaətlərinin dəqiqliyinə haqq qazandırar.

Tədqiqatçının əsər boyu irəli sürdüyü orijinal müddəalar monoqrafiyanın "Nəticə" bölümündə yığcam şəkildə təqdim edilir. "Nəticə"dəki aşağıdakı mülahizələr əsər boyu eposun yazılı ədəbiyyat nümunəsi olmasına dair aparılmış ciddi araşdırmalardan çıxarılmış yekun qənaətlərdir: "Kitabi-Dədə Qorqud" - Beyrəyin, Uruzun, Basatın və Təpəgözün romanı, Dədə Qorqud və Qazan xanın epopeyasıdır. Janr baxımından "Kitabi-Dədə Qorqud" roman - epopeyadır. "Kitabi-Dədə Qorqud" - Böyük Oğuznamə Kitabıdır.

Təqdim olunan monoqrafiyanın məsul redaktorları filologiya üzrə fəlsəfə doktorları İsmixan Osmanlı və Aygün Bağırlıdır. Bu seçim də təsadüfi deyildir. İsmixan Osmanlı Oğuznamələr və Aygün Bağırlı isə çağdaş ədəbiyyatımız üzrə mütəxəssisdirlər.

"Kitabi-Dədə Qorqud" dilimizin, ədəbiyyatımızın, tariximizin, folklor və etnoqrafiyamızın ilk yazılı abidəsidir ki, akademik İsa Həbibbəyli tutarlı faktlarla və konseptual xarakterə malik nəzəri müddəalarla bu qənaətin təsdiqinə nail olmuş və qorqudşünaslara əvəzsiz bir elmi əsər töhfə etmişdir. Məhz ciddi elmi yeniliyinə, orijinallığına, eposa fərqli baxışları ifadə etməsinə görə akademik İsa Həbibbəylinin "Kitabi-Dədə Qorqud" yazılı epos və ya epopeya" monoqrafiyası Qorqudşünaslıqda yeni və fərqli bir mərhələ hesab edilə bilər.

Qəzənfər PAŞAYEV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.