525.Az

Azərbaycan humanistlik göstərərək, daha üç hərbçini Ermənistana qaytarıb

[04.05.21]
Azərbaycan humanistlik göstərərək, daha üç hərbçini Ermənistana qaytarıb<b style="color:red"></b>

Azərbaycanın Ermənistana qaytardığı 3 erməni hərbçi - Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyanı daşıyan təyyarə İrəvanın “Erebuni” hava limanına enib.

525.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş nazirin müavini Tiqran Avinyanın ofisi məlumat yayıb.

Erməni hərbçiləri Qarabağdakı Rusiya sülhməramlılarının komandiri Rüstəm Muradov müşayiət edib.

***

19:17

Azərbaycan Prezidenti İlham Əliyevin nümayiş etdirdiyi humanist siyasətə uyğun olaraq daha üç erməni hərbçi Ermənistana qaytarılıb.

525.az-ın məlumatına görə, Ermənistana qaytarılan şəxslər 10 noyabr 2020-ci ildə imzalanmış razılaşmadan sonra Qarabağda tərksilah edilərək tutulublar. Bunlar Robert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Onlar yaxın saatlarda Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı, general Rüstəm Muradovun müşayiəti ilə Bakı-İrəvan aviareysi ilə yola salınacaq.

Məlumatda o da deyilir ki, araşdırma zamanı onların erməni hərbçilər olduğu müəyyənləşsə də, cinayətkar fəaliyyətdə, o cümlədən Azərbaycan hərbçilərinin həlak olması və yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakları təsdiqlənməyib.

Qeyd edək ki, Azərbaycan indiyə qədər də humanistlik nümayiş etdirərək xeyli mülki ermənini və hərbçini qarşı tərəfə qaytarıb.

Ermənistan isə bunun əksinə olaraq, işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməkdən imtina edir.

Bundan başqa, Ermənistan Birinci Qarabağ müharibəsində itkin düşmüş 4000-dək Azərbaycan vətəndaşı barədə informasiya verməkdən boyun qaçırır, eyni zamanda Birinci Qarabağ müharibəsində əsir götürülmüş Azərbaycan vətəndaşları barədə məlumatları da gizlədir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.