525.Az

Qonaq gəlmisən - Ərşad Vəliyevin şeirləri

[04.05.21]
Qonaq gəlmisən - <b style="color:red">Ərşad Vəliyevin şeirləri </b>

Ərşad Vəliyev 2006-cı ildə Bakının Sabunçu rayonunda anadan olub. Hazırda Ağdam rayonunda yaşayır.

I Yüzbaşılı kənd tam orta məktəbinin 8-ci sinif şagirdidir. Ərşadı, bir ilə yaxındır, tanıyıram. Şeirlərini göndərir, oxuyuram, müzakirə edirik. Nəzəriyyəni dərindən öyrənməyə can atır. Klassik ədəbiyyatı və aşıq poeziyasını davamlı şəkildə mütaliə edir. Müasir dövrün tanınmış imzalarını çox böyük maraqla izləyir.

İnanıram ki, yaradıcılıqda öz yolunu tapacaq. Gənc qələm dostuma uğurlar diləyir və bir neçə şeirini oxuculara təqdim edirəm.

Cəmil CƏMİLBƏYLİ

Adam

Çox zaman sayılmaz, kənarda durar,
Bəzən də başlara tac olar adam.
Kimsənin önündə əyilmədikcə,
Yüksələr, göylərə ucalar adam.

Dönməz öz yolundan, səhvi olsa da,
Əzablar qazancı, nəfi olsa da.
Gülsə də, sevsə də, kefi olsa da,
Sevincə hər zaman ac olar adam.

Min cür düşüncələr gəzər başında,
Kədər var tökülən hər göz yaşında.
Nə vaxtsa tək qalıb yalqızlaşanda,
Özündən, ruhundan öc alar adam.

Bu dünya insana zaman saxlamaz,
Bir də yaşamağa güman saxlamaz.
Heç kimi ömürlük cavan saxlamaz,
Günbəgün, ilbəil qocalar adam.

Gedəsən

Gördüyün heç nəyə əl atma daha,
Gərək bu dünyaya baxıb gedəsən.
Ya dağtək, qayatək məğrur olasan,
Ya da ki su kimi axıb gedəsən.

Nə qədər, bu baş var, dəyəcək daşa,
Yolu vurmamışıq hələ də başa.
Dərdi də, səri də - hər şeyi qoşa,
Tutub boğazından sıxıb gedəsən.

Ömürdü, getdisə, gələsi deyil,
Bu dünya insanın köləsi deyil.
Tutduğu işdən də dönəsi deyil,
Gərək bu dünyanı yıxıb gedəsən.

Sərvətdən ucalan dağı da olsa,
Qaymağı da olsa, yağı da olsa,
Dünyanın ən gözəl çağı da olsa,
Hər şeyi tullayıb çıxıb gedəsən.

Yoxdu

Bağ əkmişəm, adı bağdı,
Çəmənində gülüm yoxdu.
Qaranlıqlar içindəyəm,
İşıq saçan günüm yoxdu.

Kədər uzun, sevinc qısa,
Şahid oldum şərə, yasa.
Öz içimdə susa-susa,
Lal olmuşam, dilim yoxdu.

Bahar çağı sazaq düşür,
Söykəndiyim dayaq düşür,
Məni görən uzaq düşür,
"Hal-əhvalın bilim" yoxdu. 

Hamı burdan yatıb getdi,
Torpaq altda batıb getdi.
Kim dünyanı tutub getdi,
Kim deyir ki, ölüm yoxdu?!

Qonaq gəlmisən

Ey insan, özünü yaxşı bil, tanı,
Sən bura beş günlük qonaq gəlmisən.
Axtar öz yurdunu, qur öz yuvanı,
Sən bura beş günlük qonaq gəlmisən.

Qoyma ki, ürəyin dönüb daş olsun,
Sevgisiz, duyğusuz, içi boş olsun.
Hər zaman hər yerdə xətrin xoş olsun,
Sən bura beş günlük qonaq gəlmisən.

Baxma haram mala, gözünü qoru,
Sözünə qiymət ver, sözünü qoru.
Lap elə özündən özünü qoru,
Sən bura beş günlük qonaq gəlmisən.

Çınqılsız, kəsəksiz yol ola bilməz,
Hər dərdin əlacı pul ola bilməz.
Allahın yerində qul ola bilməz,
Sən bura beş günlük qonaq gəlmisən.

Hər sözün, kəlmənin bir yüyəsi var,
Əzab çəkiriksə, bil, niyəsi var.
Dünyanın, ay insan, öz yiyəsi var,
Sən bura beş günlük qonaq gəlmisən.

Ərşad VƏLİYEV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.