525.Az

“Bir millət, iki dövlət” şüarı ilə bütün çətinliklərin öhdəsindən gələcəyik”

[03.05.21]
“Bir millət, iki dövlət” şüarı ilə bütün çətinliklərin öhdəsindən gələcəyik”<b style="color:red"></b>

“Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərdə yer alan müstəsna bir qardaşlığa şahidik. Şübhəsiz ki, bu qardaşlıq kökünü ortaq tarix və mədəniyyətdən alır”.

525.az APA-ya istinadən xəbər verir ki, bu fikirlər Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçının müraciətində öz əksini tapıb.

“İki dövlətin qurucuları - ulu öndər Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” sözləri ilə ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət" anlayışı bu qardaşlıq bağının əsasını təşkil edir, eyni zamanda, Prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı və ikitərəfli münasibətlərimizi inkişaf etdirmək və qorumaq üçün bir anddır. Məlum olduğu kimi, qədim Azərbaycan torpağı olan Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalı 44 gün davam edən Vətən müharibəsinin sonunda şanlı Qələbə ilə başa çatdı. Bu Qələbə Azərbaycan xalqı kimi Türkiyədəki vətəndaşlarımızı da çox sevindirdi. Türkiyə Vətən müharibəsində qardaşlıq borcunu yerinə yetirərək Azərbaycanı heç vaxt tək qoymadı. Türkiyə savaşın əvvəlindən sonuna qədər qardaşının yanında oldu və hər cür dəstək göstərdi. Türkiyə xalqı adından Azərbaycandakı və dünyadakı bütün azərbaycanlılara səslənirəm: Zəfəriniz mübarək və daimi olsun! Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət diləyirik, onların ailələrinə, döyüşçü yoldaşlarına, sevənlərinə və Azərbaycan xalqına başsağlığı veririk və səbr diləyirik. Ruhları şad, məkanları cənnət olsun! Biz inanırıq ki, artıq Qarabağda hər bahar xarı bülbüllər şəhidlərimiz üçün açacaq, onların ətrini Qafqazın incisi Qarabağdan bütün Türk dünyasına daşıyacaq. Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın da dediyi kimi, “Türkiyə dünən olduğu kimi bu gün də bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında oldu və bundan sonra da olacaq. Heç bir güc Türkiyə-Azərbaycan birliyini sarsıtmayacaq”. “İki dövlət, tək millət şüarı” ilə əl-ələ, çiyin-çiyinə bütün çətinliklərin öhdəsindən gələrək ölkələrimizi inkişaf etdirib, daha da irəli aparacaq və gücləndirəcəyik”, - deyə səfir vurğulayıb.

Türkiyə ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıq geostrateji dəyər qazanıb.

Səfir bildirib ki, son zamanlar Azərbaycan-Türkiyə münasibətlərində bütün sahələr üzrə böyük irəliləyiş qeydə alınıb:

“Bakı-Tbilisi-Ceyhan neft boru kəməri və Bakı-Tbilisi-Ərzurum təbii qaz boru kəmərindən sonra enerji sahəsində tədarük təhlükəsizliyi və müxtəliflik baxımından regional və qlobal önəmə sahib olan Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) və Trans Adriatik Boru Kəməri (TAP) fəaliyyətə başlayıb. Bakı-Tbilisi-Qars dəmir yolu həm də Türkiyə və Azərbaycanın rəhbərliyi altında bölgədə nəqliyyat şəbəkələrinin inkişafı üçün əhəmiyyətli potensiala malik olan bir layihədir. İkitərəfli əməkdaşlığımız artıq yalnız Türkiyə və Azərbaycana fayda gətirmək hüdudlarını keçərək regional əməkdaşlığa yol açıb. Türkiyə və Azərbaycan bölgənin təhlükəsizliyinə və sabitliyinə töhfə vermək üçün bütün imkanlarını və güclərini birləşdirib”.

C. Bağçı qeyd edib ki, ikitərəfli əməkdaşlığın çox inkişaf etdiyi və bir çox yeni fürsətin yarandığı belə bir tarixi dövrdə Türkiyənin Bakıdakı səfiri kimi xidmət etmək onun üçün böyük şərəfdir:

“Bütün iş yoldaşlarım, əlaqədar təşkilat nümayəndələri və mülki strukturlarla birlikdə bu vəzifənin əhəmiyyəti və məsuliyyətini dərk edərək səylə, çox ciddi şəkildə, diqqətlə, səmimiyyətlə və fədakarlıqla çalışacaq, münasibətlərimizi daha da irəli aparmağa və qüvvətləndirməyə səy göstərəcəyik. Səfirliyimizin bu səyləri Naxçıvan və Gəncədəki konsulluqlarımız və Lənkərandakı Fəxri Konsulluğumuz tərəfindən dəstəklənir. Türkiyənin Azərbaycandakı bütün rəsmi nümayəndələri olaraq, biz ev sahibi olan Azərbaycan səlahiyyətliləri və qardaşımız olan Azərbaycan Türkləri ilə sıx əməkdaşlıq etməyə çalışacaq, eyni zamanda, bu ölkədə Türkiyə Cümhuriyyəti vətəndaşlarına kömək və rəhbərlik edəcəyik”.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.