525.Az

Pol Qoqenin sualı - "Bir rəsmin dedikləri"

"BİZ HARADAN GƏLDİK? BİZ KİMİK? BİZ HARAYA GEDİRİK?"


[28.04.21]
Pol Qoqenin sualı - <b style="color:red">"Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin  müəllimi Türkanə Abbaszadədir.

Türkanə xanımla məşhur fransız rəssamı Pol Qoqenin "Biz haradan gəldik? Biz kimik? Biz haraya gedirik?" əsəri haqqında danışmışıq. 

***

- Əsərin yaranma tarixçəsi haqqında nə bilirik?

- Əsər Qoqenin yaradıcılığının son dövrlərində yaradılan ən yaxşı əsərlərindən biri adlandırıla bilər və rəssamın Taiti adasına ikinci səfəri zamanı (1895-ci ildən 1903-cü ilə - ölümünə qədər) çəkilib. Bu əsəri anlamaq üçün ən dəyərli məlumat mənbəyi Qoqenin Fransada kolleksioner və rəssam Daniel de Monfreydə yazdığı məktublardır. Bu məktublara əsasən, bu əsər üzərində işləməyə başladığı dövrün Qoqenin həyatının qaranlıq dövrü olduğunu öyrənirik.

Qoqen Peruda böyümüşdü və ekzotik təbiət, insan münasibətlərinin sadəliyinə aşiq idi. 1855-ci ildə Fransaya qayıtsa da, ora heç vaxt onun evinə çevrilmədi. Pol Qoqen Avropa və Qərb cəmiyyətindən fərqli, başqa dəyərlər üzərində qurulmuş bir cəmiyyət axtarışı üçün ailəsini tərk edərək, həmişəlik Polineziyaya, əvvəllər də olduğu Taiti adasına köçməyə qərar vermişdi. Sakit okeanda təcrid olunmuş ada, sənətinin dərin bir şəkildə yenilənməsi üçün zəmin yaradır, iqlimi, mənzərəsi, insan və təbiət arasındakı münasibəti, adətlər və bütpərəstlik mifləri onu yeni mövzularda əsərlər yaratmağa ilhamlandırırdı. Lakin o, burada maddi problemlərlə üzləşdi. Sevimli qızı 19 yaşlı Alinin ölüm xəbəri, həmçinin sağlamlığında ciddi problemlərin yaranması depressiyaya səbəb olmuşdu və rəssam özünə qəsd etməyi düşünürdü. Amma o, ölümündən əvvəl mənəvi vəsiyyətə çevriləcək son əsərini yaratmaq istəyirdi.

Qoqen Monfreydə yazdığı məktublarında deyirdi: "Düşünürəm ki, bu rəsm əvvəlkilərin hamısını üstələyəcək. Mən buna bütün enerjimi, bütün ehtirasımı sərf etdim". "Biz haradan gəlmişik? Biz kimik? Biz haraya gedirik?" əsəri tamamlandıqdan sonra Qoqen uğursuz intihara cəhd edir.

- Əsərin keçdiyi "həyat yolu" və indiki vəziyyəti haqqında məlumat verə bilərsinizmi?

- Rəssam əsəri 1897-ci ildə çəkməyə başlamış və 1898-ci ildə bitirmişdi. Əsər hazırda ABŞ-ın Massaçusets əyalətinin Boston şəhərindəki İncəsənət Muzeyində saxlanılır. Bostonda İncəsənət Muzeyinin kuratorları yeni faktlar aşkar edildikcə tablonun sahiblik tarixinə dair qeydlərini davamlı olaraq dəyişdirirdilər. 1898-ci ildə Qoqen rəsmini Parisə Daniel de Monfreydə göndərmişdi. Daha sonra 1936-cı ildə Nyu-Yorkda Mariya Qarriman qalereyası tərəfindən satın alınana qədər əsər müxtəlif avropalı tacirlərə və kolleksionerlərə satılmışdı.

Ən məşhur postimpressionist əsərlərdən hesab olunan "Biz haradan gəlmişik? Biz kimik? Biz haraya gedirik?" əsəri alleqorik janrda yaradılıb. 1890-cı ildən başlayaraq Taitidəki həyat təcrübəsi ilə Qoqen canlı rəngləri, cisimlərin kontur və formalarını kobud, lakin cəsarətli şəkildə əks etdirən olduqca bənzərsiz bir sənət üslubu inkişaf etdirmişdi. Əsərin təsvir olunduğu dövrdə kubizmlə yanaşı, fovizm cərəyanı da meydana çıxırdı və bir çoxları bədii əsərdə istifadə olunan özünəməxsus qarışıqlığın, fərqli yanaşmaların bu istiqamətə bir addım olduğunu düşünürdü.

- Rəsmin rəng koloriti necədir?

- Ümumiyyətlə, Qoqen rəng və rəng nisbəti məsələsinə çox ciddi yanaşırdı. Əsərində, rəngin təsadüfi, yaxud səthi deyil, vacib olduğunu ifadə etməyə çalışdı. Onun üçün rəssamın yalnız yaradıcı iradəsi əsas idi və bədii vəzifəsini təbiətin səmimiyyətinin və bu səmimiyyətdən narahat olan sənətkarın ruhunun sintezini daxili harmoniyasının ifadəsində görürdü.

İşıq-kölgə oyunu baxımından rəngi əsərin musiqisi adlandıran Pol Qoqen qeyd edirdi ki, əsərdə nəyin təsvir olunduğunu belə bilmədən, əsərin süjetini ayırd etmək üçün onun sehrli səsi tamaşaçını ovsunlamalıdır. "Biz haradan gəlmişik? Biz kimik? Biz haraya gedirik?" əsərinin rəng sxemi əsasən üç əsas rənglə formalaşır: mavi, yaşıl və sarı. Sarı rəng parlaqlıqla əlaqələndirilir. O biri əsərləri ilə (məsələn, "Sarı Məsih", 1889) müqayisə edərək rəssamın sarı rəngdən müqəddəslik rəmzi kimi istifadə etdiyi qənaətinə gələ bilərik. Ton ahəngdarlığı ilə işlənmiş obrazlar daha poetik görünüş yaradır. Ümumiyyətlə, Qoqenin əsərləri rəngin emosional dolğunluğu, kompozisiyanın səthiliyi və statikliyi ilə fərqlənirdi. Fırça vuruşları və özünəməxsus koloriti ilə Qoqen gerçəkliyin sadəcə təsvirini boyamaqla yanaşı, "yaşadığımız böyük dünyanın sirrini və müəmmalarını" da axtarmaq istəyirdi.

- Əsərin hər detalı bir məna, bir mesajdır. Sanki rəssam insan ömrünü tabloya köçürüb. Bu detalları açıqlaya bilərsinizmi?

- Əsərin konsepsiyası, rəssamın özünün də vurğuladığı kimi, rəsmin sağdan sola oxunmasıdır. Əsər üç hissəyə bölünür və hər üç hissə simvolikdir - bunlar  rəssamın əsərin adında qeyd edilən Biz haradan gəlmişik? Biz kimik? Biz haraya gedirik? suallarına cavab verir. Körpəsi olan üç gənc qadın, bizə həyatın başlanğıcından bəhs edir, mərkəzi qrup yetkinliyi göstərir və son hissəsi həyatını yaşayan yaşlı bir qadındır, həyatın ümidsizliyini və sonluğunu düşünməyə qərq olub.  Yaşlı qadının ayaqları altındakı ağ quşun simvolik görünüşü Qoqenin bütün düşüncələrini dəyərdən salır. Ancaq rəssam paralel olaraq əsərin arxa planında mavi bir bütlə daha yüksək bir dünya olduğuna inamını itirmir. Qısaca desək, rəssam həyatı simvolik olaraq belə görürdü: əvvəlcə saf körpə kimi doğuluruq, sonra yeniyetməlik gəlir, daha sonra Xeyir və Şər ağacından meyvələr dəririk - öyrənirik, hər şeyi bilmək istəyirik, sonra ağrı və əzab çəkirik (arxa planda qara rəngli bir qadın) və ya ağılsızca həyatdan zövq alırıq (ön planda çılpaq bir qadın). Nəhayət, sonuncu yolumuz ölümü düşünən qocalıqdır.

Rəssamı müəyyən bir süjet deyil, baş verənlərin simvolizmi maraqlandırırdı. Mərkəzdə gözəl bir Taiti qadını təsvir edilib. Çılpaq qadın Venera, yaxud da Olimpiya obrazını xatırladır. Əsərin rəssamın yaradıcılığının son mərhələsinə aid olduğunu nəzərə alsaq, onun Taitidəki ikinci arvadı Paolanın təsvirin yaratdığını düşünmək olar. Amma görünüş oxşarlığı baxımından bu, rəssamın ilk arvadı Tehuradır. Düz qara saçları, incə bədəni olan gənc bir qadın obrazı, demək olar, rəssamın bütün Taiti əsərlərində görünür. Taiti qadının güclü bədən quruluşu Avropanın "incə idealından" çox uzaqdır. Renuar modeli izləyicidə bir çini heykəlciyi xatırladırsa, buradakı qadın obrazı parıldayan dərisi ilə bürünc bir heykələ bənzəyir. Kətandakı bütün personajların fərqli dəri rənginə sahib olması diqqət çəkir.

Arxadakı mavi büt, Qoqenin "Beyond" olaraq xarakterizə etdiyi büt insanı təbiətin qoynuna qərq olmağa, taleyini qəbul etməyə çağırır. Həmçinin, cənnətdə azad olmuş bir ruhun dirilməsinə olan ümidi təmsil edir.

Yatan uşaq insan ruhunu simvollaşdırır. Tədqiqatçılar bildirirdi ki, Qoqen insan ruhunun maddi dünyaya enməzdən əvvəl cənnətdə olduğuna inanırdı.

Əsərdəki it simvolik olaraq yer üzündə insanı gözləyən bəlaların simvoludur. Keçi  mənəvi axtarış əzablarını bilməyən, qayğısız bir varlığın, kərtənkələ ilə quş isə ölüm saatının qaçılmazlığının simvollarıdır.

Yeniyetmə fiquru isə özünü dərk etmək arzusunda olmayan, yalnız cismani varlığını düşünən və o həyatı yaşayan insanı simvolizə edir.

- Bu əsər bizə nə deyir?

- Hər bir insanın daxilində həyatın mənasını anlamaq arzusu var. Bu arzu hər kəsdə fərqli ölçülərdədir. Elmin, fəlsəfənin, dinlərin və fərdin özünün gəldiyi nəticələri müqayisə etdiyimiz zaman bir çox nəticələrə gələ bilərik. Bu nəticələrdən biri də odur ki, bu dünyanı, kainatı, insanları və özümüzü biz yaratmamışıq. Lakin bunların olduğu bir gerçəklik içindəyik. Biz bu həyatda təbiətin dəyişməz qanunlarını öyrənərək, harmoniya yaratmağa çalışmalı və bunları öz həyatımızda tətbiq etməliyik.

Aytac SAHƏD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.