525.Az

"Atam fotoqraf olmağımı istəmirdi" - Fərqanə Qasımlı ilə müsahibə

"XUDAFƏRİNİ ÇƏKƏRKƏN AND İÇDİM Kİ, MƏN BU FOTOLARI BİR GÜN MÜTLƏQ İŞĞALDAN AZAD OLUNMUŞ ƏRAZİLƏRİMİZDƏ DAYANIB ÇƏKƏCƏYƏM"


[28.04.21]
"Atam fotoqraf olmağımı istəmirdi" - <b style="color:red">Fərqanə Qasımlı ilə müsahibə </b>

Elə hadisələr var ki, onu şərh etməyə sözlər yetərli olmur. Lakin zamanında çəkilən bir foto həmin hadisəni bütün çılpaqlığı ilə ifadə edə bilir.

Belə fotolar mənim üçün "danışan şəkillər" adlanır. Müsahibimiz sənətilə Azərbaycan adına layiq işlərə imza atan fotoqraflardan biri Fərqanə Qasımlıdır.

Əvvəldən qeyd edim ki, azərbaycanlı kimi onun qazandığı uğurlara hər zaman sevinmişəm, lakin bu yolda keçdiyi hekayəsini dinlədikcə gördüyü işin necə dəyərli olduğunu anlayırdım.  

***

- Necə oldu ki, müəllimə Fərqanə xanım, fotoqrafiya kimi rəngli və daha çətin sahəyə keçid edib uğur qazana bildi?

- Bəli, ilk təhsilim ibtidai sinif müəlliməliyidir. Hətta 20 il məktəbdə dərs də demişəm. Hazırda fotojurnalist şagirdlərim belə var. Lakin 15 yaşımdan foto çəkirəm və bu mənə atamdan miras olaraq keçib. Atam polis işçisi idi, həm də həvəskar foto portret çəkirdi. Hətta evimizdə otağın birini qaranlıq edib, qırmızı işıqlar qoyardı ki, şəkilləri orada yuyub hazırlasın. O vaxtlar 5-6 yaşım vardı və çox həvəsli idim deyə atam imkan verərdi ki, şəkilləri dərmanlı suya mən salam. Sevgim də oradan yarandı. Sonra doğum günümdə atam mənə fotoaparat hədiyyə etdi. Ancaq heç vaxt istəmirdi ki, mən bu sənətə yiyələnim. Düzü, fotoqrafiya ilə məşğul olsam da, heç fotoqraf olmaq da istəmirdim. Arzum rejissor olmaq idi. Yadıma gəlir 9 yaşımdan Oskar mükafatlarına baxıb deyirdim ki,  bir gün mən də o səhnəyə çıxacağam, mükafat əlimdə olacaq. Sonra elə oldu ki, atam rejissor olmağıma icazə vermədi. Bir-birimizlə çox mübarizə apardıq, amma alınmadı. Atam məni müəllimə kimi görmək istəyirdi. Mən də atamın sözündən çıxmadım. Düşündüm ki, oxuya-oxuya bəlkə yola gətirərəm. Lakin heç cürə mümkün olmadı və mən təhsilimi bitirib məktəbdə işə düzəldim. Müəllimə işlədiyim vaxtda da fotoqrafiya ilə maraqlanırdım, ancaq atama bunu bildirmirdim. Böyüyəndə anladım ki, bu peşənin çətinliyini anladığı üçün atam məni qorumaq istəyib icazə vermirdi. Sonradan ailə həyatı qurdum və mümkün şəraiti mənim üçün həyat yoldaşım yaratdı. O incəsənəti sevən biridir, həmişə deyir ki, insan özünü bu həyatda tapmalıdır, istədiyi işi görməlidir ki, xoşbəxt olsun. Mənə dedi ki,  sübut et ki, bu sənətə aşiqsən və zamanında öz mübarizəni aparmısan.

Artıq uzun illərdir beynəlxalq müsabiqələrdə iştirak edirəm. Azərbaycanda isə 2015-ci ildən etibarən keçirilən bütün beynəlxalq yarışlarda iştirak etmişəm. Ölkəmizdə fotoqraflardan bəhs edən ilk sənədli filmin müəllifiyəm. Hətta 2016-cı ildə "Formula-1" yarışında da ilk xanım fotoqraf  kimi qeydə alınmışam. Yarışlarda çəkdiyim fotoları Azərbaycan adına beynəlxalq müsabiqələrə göndərirəm.

- Nə qədər kobud səslənsə də, müasir dövrdə şəkil çəkə bilən çox adam özünü fotoqraf adlandırır.  Kimi illərini bu sahəyə qoyur, kimisi də bir şəkillə trend olub fotoqraf sayılır. Bu doğrudurmu?

- Fotoqraf  kimi bu məndə heç bir qıcıq yaratmır. Hər kəsin öz seçimi var. Belə deyim, zamana uyğun olaraq, bir şəkillə partlayış etmək, trendə düşmək olar. Lakin bu təsadüfi haldırsa, sonradan irəliləmək bir az çətin olacaq. Nə qədər də olmasa, illərlə əziyyət çəkənlərlə müqayisədə hər zaman boşluqlar hiss ediləcək. Fotoqrafiya elə sahədir ki, hər kəsin öz yolu, baxış bucağı olmalıdır. Elə insanlara rast gəlmişəm ki, kiməsə baxıb həvəslənib. İşə pul qazanmaq istəyilə yanaşıblar, sonradan isə davam edə bilməyiblər. Kənardan asan görünsə də, bu, çətin sənətdir. Xanımlar üçün daha çətindir. Mən bu sahəyə gələndən heç kimə "yaxşı, yaxud pis çəkir" kimi baxmamışam və öz yolumu tutmuşam. Azərbaycanda fotoqraf sənətkarları kimlərdisə, ancaq onların işi ilə maraqlanmışam. Beynəlxalq müsabiqələrdə iştirakımın da səbəbi o idi ki, çiynimdən fotoaparatı asıb yalandan deməyim ki, mən fotoqrafam. Mənim qazandıqlarım mənim peşə arxivimdir.

- Fotoqraf kimi sizə uğur gətirən ilk fotonuz hansı olub və onun yaranma hekayəsi necədir?

- Fotomüsabiqələrdə ilk qazandığım uğur Xudafərin körpüsü ilə bağlı olub. O şəkli Naxçıvana gedəndə İran tərəfdən çəkmişdim. Xudafərinin o biri üzü ermənilərin işğalı altında olan Azərbaycan əraziləri idi. Şəkli çox yaxından çəkmişdim və məqsədim körpünü deyil, bizim erməni işğalında olan torpaqlarımızdakı evləri  göstərmək idi. Bir şeyi qeyd edim. Mən Bakıda böyümüşəm və qaçqınlıq dövründə köçüb gələnlərin çoxunun həyatına şahid olmuşam. Lakin onların nə hiss etdiyini tam olaraq anlamamışam. İnanın, ilk dəfə o hissləri həmin anda yaşadım. Bir qədər tutuldum və o zaman anladım ki, torpaq itirmək nə deməkdir. Sən dayanmısan və çox yaxınında sənin doğma torpaqlarındır. Lakin ona toxuna bilmirsən. Fotonu çəkərkən orada yaşadığım hadisə məni and içməyə vadar etdi. Dedim, o torpaqlar bizimdir və and içirəm ki, mən bu fotoları bir gün mütləq sərhədin o tərəfindən - işğaldan azad olunmuş ərazilərimizdə dayanıb çəkəcəyəm. Dediyim gündən 10 il sonra torpaqlarımız işğaldan azad olundu. Çox cəhd etsəm də, işğaldan azad olandan sonra ora gedə bilmədim. Arzumun 10 il sonra reallaşmış fotosunu (2010-2020) çəkmək istəyirdim. Təəssüf ki, alınmadı. Ancaq şükürlər olsun ki, azad olundu. Həmin fotonu Mədəniyyət Nazirliyinin keçirdiyi "Mənim Azərbaycanım" müsabiqəsinə yollamışdım. Doğrusu, müsabiqələrə şəkil seçərkən hər zaman yoldaşımla məsləhətləşirəm. O dedi ki, bu fotonu müsabiqəyə yollama, çünki insanlar baxıb məyus ola bilər. Sanki köhnə yaranın qaysağını qopartmış kimi olacaqsan. Bu dəfə isə təkidlə həmin şəkli yollamaq və insanlara mesaj ötürmək istəyirdim ki, Azərbaycanın bir parçası da buradır, unutmayaq. Şəkil sosial şəbəkədə paylaşılıb səsverməyə qoyulmuşdu və minlərlə şərh yazılmışdı. Hətta çoxları elə bildi ki, bu şəkil fotoşopdur (photoshop). Lakin həmin yerdən video da çəkdiyim üçün sübut etdim ki, fotoşop deyil. Şərhləri oxuyanda anladım ki, mən öz mesajımı düzgün çatdıra bilmişəm və müsabiqədə təşkilatçı rəğbəti qazanmış nominasiya üzrə qalib oldu.

 

- Fotojurnalistika, fotoqəzetçi kimi terminlər var. Lakin bizdə ixtisas olaraq fotoqrafiyanın tədris olunduğu məktəb yoxdur. Bu, hansı çətinlikləri yaradır?

- Bildiyim qədərilə bizdə fotoqraflar ancaq Azərbayan Dövlət Mədəniyyət İncəsənət Universitetində operator yaxud rejissorluq ixtisasını oxuyurlar, sonra müəllim yanına gedərək öyrənə bilirlər. Sırf fotoqrafiya ilə bağlı ixtisas təəssüf ki, yoxdur. Bu işin vaxtında üzərinə düşüb həll etmək lazım idi. Çox istəyərdim ki, fotoqrafiyanın bir məktəbi olsun. Üstünlüyü də çox olardı. Xarici fotoqraflarla bizim fərqimiz odur ki, onlar məktəb keçirlər və nəzəriyyəni bilirlər. Bizdə isə praktika var, lakin nəzəriyyə yoxdur. Adi fotoreportaj hazırlayan xarici və yerli resurslara baxanda fərqi hiss etmək olur. Bizim fotoqrafların beynəlxalq dərəcədə tanınmamasının səbəbi də məktəbin olmamağıdır. Çox azsaylı fotoqrafımız var ki, dünya səviyyəsinə çıxa bilib. Bəzən deyirlər, şəkil yolladım amma seçilmədi. Bütün bunlar şəkillərin standartlara uyğun olmamasına görədir.

- Pandemiya dövrü peşənizlə əlaqədar fəaliyyətinizə necə təsir etdi? Bu dövrü izah edən bir fotonuz oldumu?

- Mənim üçün pandemiya dövrü əvvəlki illərdən çox fərqli oldu. Əvvəllər adətən çəkilişlərdə olurdum və təbiəti sevdiyim üçün evdə oturan biri deyildim. Bizim ailəlikcə evdə oturmağımız bu dövrə təsadüf etdi. Bu dövr mənə fotoqrafiya sahəsində nə istədiyimi və özümü tapdım. Boş küçələri, həyatı çəkəndə artıq fikirlərim formalaşdı. Əsl Fərqanəni onda kəşf etdim. Hansı janrlarda daha çox özümü tapıram, əvvəllər bunu hiss etməmişdim. Bəli, pandemiya dövrünü tarixə salan bir fotom da oldu. Hansı ki, Amerikanın onlayn fotoqrafiya jurnalı fotomüsabiqə keçirirdi və evdə çəkdiyim həmin fotonu ora göndərdim. O jurnaldakı ən yaxşı fotolar siyahısına seçildi. Şəkli sərt karantin vaxtı çəkmişdim. Hekayəsi də belədir ki, biz qızıma ad günündə Fransaya səyahət sözü vermişdik. Pandemiya dövrünə düşdüyü üçün gedə bilmədik. Uşaq məndən koronavirusun nə olduğunu soruşub onun oyuncağını istədi. Hər yer bağlı olduğu üçün oyuncağı özüm hazırladım. Atası oyuncaqla ona xəritədə koronavirusu göstərirdi. Ortaya belə maraqlı foto çıxdı. Fotonun adı "Səyahətçilər" idi. Burada 3 səyahətçi vardı: koronavirus, ata və qızı.

- Artıq kifayət qədər peşə təcrübəniz var. Gənc fotoqraflara nə məsləhət görərdiniz?

- Bəzən hiss etmişəm ki, gənclərimiz təcrübəli fotoqraflarımızla söhbət edəndə çəkinirlər. Onların fotoaparatlarının bahalığı, peşəkar olmağı gəncləri bəlkə də ruhdan salır. Əgər həqiqətən də bu sənəti sevirlərsə, davam edib öyrənsinlər. Çox şad olaram ki, Azərbaycan adı fotoqrafiya ilə bağlı bütün beynəlxalq yarışlarda çəkilsin. Bizim fotoqraflarımız heç bir ölkə nümayəndələrindən geri qalmır. Gənclər heç nədən çəkinməsinlər. Çünki min kilometr yolu getmək birinci addımdan başlayır.

Afaq RZA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.