525.Az

"Bizdə incəsənət üçün resurslar tapmaq çox çətindir" - Müsahibə

RƏŞİD AĞAMALIYEV: "ANİMASİYA FİLMLƏRİMİZ AZ OLDUĞUNDAN UŞAQLARIMIZ DAHA ÇOX XARİCİ FİLMLƏRƏ BAXIRLAR"


[24.04.21]
"Bizdə incəsənət üçün resurslar tapmaq çox çətindir" - <b style="color:red">Müsahibə</b>

İncəsənətin, o cümlədən, kino sənətinin ən önəmli sahələrindən olan animasiya kağız üzərində və ya kompüterdə çəkilən şəkillərin hərəkətə gətirilməsi nəticəsində ortaya çıxıb.

Şübhəsiz, uşaqlıqda hər birimiz bir dəfə də olsa, animasiya filmi izləmişik. Ancaq etiraf etmək lazımdır ki, SSRİ-nin süqutundan bu yana Azərbaycanda animasiya filmləri sahəsində bir qıtlıq var, animasiya filmləri azlıq təşkil edir.

Müsahibimiz Rəşid Ağamalıyevlə söhbətimiz də elə bu mövzu ətrafındadır. Rəşid Ağamalıyevin dünyaya gəlməsi "Beynəlxalq Animasiya günü" kimi tanınan 28 oktyabr tarixinə təsadüf edir.

O, Çexiyanın Olomouts şəhərindəki Palatski Universitetində Kinoşünaslıq və İngilis dilinin filologiyası ixtisasları üzrə bakalavr təhsilini başa vurduqdan sonra Praqada Səhnə Sənətləri Akademiyasının Kino və Televiziya fakültəsində Kinoprodüser ixtisası üzrə kurs bitirib. 

- Azərbaycanda animasiya fimlərinə həm maraq, həm də tələbat, nədənsə çox azdır. Sizcə, buna səbəb nədir?

- Məncə, ölkəmizdə animasiyaya maraq və tələbat çoxdur, sadəcə biz bundan istifadə etmirik. Yerli animasiya filmləri az olduğundan, uşaqlarımız daha çox xarici filmlərə baxırlar. Mən özüm xarici animasiya filmləri ilə böyümüşəm. Yadımdadır ki, atam məni ilk dəfə kinoteatra aparanda, orada "Tarzan" tammetrajlı animasiya filmini izlədim və uzun müddət o filmin təsirindən çıxa bilmirdim. Kino və animasiya ilə uşaqlıq vaxtından maraqlanıram, ona görə də, özüm üçün kino sahəsini peşə seçdim.

- Bir müsahibənizdə deyirsiniz ki, ürək xəstəliyindən müalicə aldığınız dövrdə daha çox animasiya filmləri izlədiyiniz üçün sonradan sizdə bu sahəyə maraq yarandı. Bu fimlərdə sizə yeni arzular bəxş edən əsas məqam nə idi?

- Bəli, ağır ürək əməliyyatdan sonra xəstəxanada yatanda ciddi dram filmlərinə baxmaq istəmirdim, ona görə də əyləncəli animasiya filmlərinə baxmağa başladım. Uşaqlıqda izlədiyim Sovet filmlərinə təzədən baxdım və çox təsirləndim. Anladım ki, uşaqlıqda izlədiyim "multiklər" əslində, çox yüksək incəsənət nümunələridir. Və beləcə, animasiya filmlərini tamamilə başqa baxış bucağından gördüm.

- "Azərbaycan animasiyası" kitabı və "Animafilm Beynəlxalq Animasiya Festivalı" layihələrinizin ilk olması sizi qorxutmurdu ki? Xəyal etdiyiniz nəticəni əldə edə bildinizmi?

- İlk olmaq çox əyləncəlidir, insan özünü ixtiraçı kimi hiss edir. Və bu, adama böyük motivasiya verir. Amma eyni zamanda deməliyəm ki, dostlarım və həmkarlarım məni işlərimdə çox dəstəkləyir. Onların dəstəyi olmadan bu layihələri reallaşdıra bilməzdim.

 

- Bildiyim qədəri ilə komandanızın üzvləri könüllülük prinsipi əsasında çalışır və peşəkarlardan ibarətdir. Bu komandanı yığmağa necə nail oldunuz?

- Bəli, komandamız artıq 4 ildir, könülüllük prinsipi ilə çalışır. Bu onu göstərir ki, komanda üzvlərimiz bizə pula görə yox, gözəl ideyalar üçün qoşulurlar və cəmiyyətimizə töhfə vermək istəyirlər. Buna baxmayaraq, düşünürəm ki, hər bir iş qarşılıqlı olmalıdır. Ümid edirəm ki, komandamızın işlərini tezliklə layiqincə dəyərləndirə biləcəyik. Bilirsiniz, bizdə incəsənət üçün resurslar tapmaq çox çətindir. Amma mümkündür.

- İlk peşəkar filminiz "Züleyxa ilə dialoqlar" filmi 11-ci Bakı Beynəlxalq Filmlər Festivalında diploma layiq görüldü. Təəssüratlarınız necə oldu?

- Çox sevindiyimi deyə bilərəm. Bu sənədli film özü mənim üçün mükafat idi və öz missiyasını uğurla yerinə yetirdi. "Züleyxa ilə dialoqlar" filmi vasitəsi ilə öz ürək xəstəliyimi analiz etməyə çalışdım. Mənim üçün bu, bir mərhələ idi və bu dərəcədə şəxsi filmimin mükafat qazanması sevindirici hal idi. Həmçinin, bu çətin vaxtlarında ölkədə beynəlxalq film festivalının keçirilməsi də, məncə, böyük addımdır. Bakı Beynəlxalq Filmlər Festivalının komandasına təşəkkür edirəm və fəaliyyətlərinin davamlı olmasını arzulayıram.

- Bildiyimə görə, bu il keçiriləcək ANİMAFİLM Festivalının mövzusu "ƏLİLLİK"dir. Niyə məhz bu mövzu? Festivalda nələr gözlənilir?

- Hər il festivalımızın mövzusu dəyişir. Ötən illərdə mövzu ölkələrə aid idi, misal üçün 1-ci festival Azərbaycan animasiyasına, 2-ci Festival isə Çex animasiyasına həsr olunmuşdu. 2020-ci ildə keçirilən festivalda mövzu "Azərbaycan uşaqları" idi, çünki biz fikirləşdik ki, müharibə dövründə məhz uşaqlara daha çox dəstək və qayğı göstərmək lazımdır. Müharibədən sonra ölkəmizdə çoxlu qazilər, fiziki və psixoloji travma yaşayan uşaqlar var. Düşünürük ki, fiziki qüsurlu insanlara və ümumiyyətlə, bu vacib mövzuya daha çox diqqət göstərmək lazımdır. Biz göstərmək istəyirik ki, əlillik əngəl deyil, fiziki qüsurlu insanlar cəmiyyətimizə və mədəniyyətimizə böyük fayda gətirə bilərlər. Festivalımızn mövzusu adətən müşayiətedici proqramda əks olunur. Bu il proqram çərçivəsində fiziki qüsurlu uşaqlar üçün xeyriyyə sərgisi, əlliliklə bağlı teatr tamaşası və musiqili terapiya konserti təşkil olunacaq.

 

- Azərbaycanda animasiya sahəsi ilə bağlı gələcək üçün hansı planlarınız var?

- Hazırda bir neçə animasiya layihələri üzərində çalışıram. Eyni zamanda, dostlarla "Azərbaycan Animasiya Assosiasiyası" ictimai birliyini yaratmaq istəyirik. Birliyin əsas məqsədi milli animasiya sənətini və sənayəsini inkişaf etdirmək olacaq. Təbii ki, ANİMAFİLM Festivallarımızı təşkil etməyə davam edəcəyik, bu, artıq ənənəvi xarakter daşayır. Bir neçə il sonra isə tammetrajlı animasiya filmi çəkmək istəyərəm.

- Animasiya filmləri aşağı yaş qrupuna daha çox xitab edir və bu filmlərdə onlara müxtəlif tipli mesajlar ötürülür. Bəs Azərbaycan animasiya filmlərində, xüsusilə sizin çəkdiyiniz animasiya filmlərində əsas mesaj nədən ibarətdir?

- Əslində, biz təzəlikcə animasiya filmləri çəkməyə başlamışıq. Misal üçün, indi işlədiyimiz layihə daha çox böyüklər üçün nəzərdə tutulub. Düşünürəm ki, həm uşaqlar, həm böyüklər üçün çəkilən filmlərimdə mesaj insani və yaradıcı olmalıdır. Destruktiv və depressiv mövzuların tərəfdarı deyiləm.

- Animasiya filmlərimiz hansı çatışmazlıqlara görə Avropa və ABŞ-da çəkilən animasiyalardan geri qalır və nə üçün orada keçirilən müsabiqələrdə namizədlər sırasında yer almır?

- Təəssüf ki, Azərbaycanda il ərzində animasiya filmləri olduqca az çəkilir. Ölkədə animasiya üzrə ali təhsilin olmaması, kadr çatışmazlığı və maliyyə məsələləri bu problemin başlıca səbəblərindəndir.

Aytac ASLAN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.