525.Az

"Çərkəzlə mən yollar yorğunu olduq o vaxtlar..." - Müsahibə

SONA ÇƏRKƏZ: "SUALLARIMA CAVAB AXTARIB TAPMAYANDA ÖZÜMÜ GÜNAHKAR BİLİRƏM"


[23.04.21]
"Çərkəzlə mən yollar yorğunu olduq o vaxtlar..." - <b style="color:red">Müsahibə </b>

Müsahibimi cəmiyyətdə, ən çox da ədəbiyyat aləmində çoxları tanısa da, onu bir daha təqdim etmək mənim üçün böyük fəxr və zövqdür: BDU-nun baş müəllimi, Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısı, 16 kitabın və çox sayda elmi məqalənin, publisistik yazıların, esselərin müəllifi Sona Çərkəz. Daha dəqiq, 1994-cü ilə qədər Sona Məmməd qızı Quliyeva.

1995-ci il iyunun 3-də Saatlı rayonuna toy məclisinə gedərkən avtomobil qəzasında ömür-gün yoldaşı, folklorşünas alim Çərkəz Quliyevi itirdikdən sonra onun adını aldığı hər nəfəsdə, qəlbində yaşatdığı kimi, öz kimliyində də adı ilə yanaşı olmasını istəyir.

Ölümə meydan oxuyan, həyat yoldaşının dünyasını dəyişməsi, yoxluğu ilə heç cür barışa bilməyən bu geniş qəlbli qadın öz adı ilə yanaşı, ömür-gün yoldaşının adını da kimliyinə yazdırır (o dövrdə çətinliklə də olsa, buna nail ola bilir) və Sona Çərkəz olaraq dərs dediyi fakültələrin cədvəllərində, müəllifi olduğu kitablarda, məqalələrdə, xarici ölkələrdəki simpozium və toplantılarda, ümumiyyətlə, hər zaman, hər yerdə qoşa yazılır onların adı.

Kimlərsə bunu təsəlli kimi başa düşür, kimlərsə vəfa borcu adlandırır, kimlərsə də sevgi... Sona xanım özü isə bir şeirinin aşağıdakı bəndində bu məsələyə belə aydınlıq gətirir:

Adını adımla qoşa yazdırıb,
Ölümün gözünü oymaq istədim.
El məni qınadı, "unut" deyərək,
Mən isə adından doymaq istədim.

Ağrının-acının içində atəşdə yanan kimi qovrulan bu qadın Çərkəz müəllimin öz dediyi kimi yanmağı özünün həyat devizi seçib. Hələ sağlığında ikən yazdığı gündəliyində Çərkəz müəllim öz Sonasını yanıb kül olub, sonra öz külündən yenidən doğulan Səməndər quşuna bənzədib. Həyat yoldaşının onun yoxluğundan sonra nələrə sinə gərib, ayaqda dura biləcəyindən xəbərsiz halda, ömrünün ən rahat anlarında o fikri nədən yazdığı da bir başqa yazının mövzusudur, məncə.

Sona xanımın iyirmi yeddi ildir yaşadıqları, bir sözlə, həyatı yüzlərlə tanınmış qələm sahiblərinin diqqətini çəkdi. Yüzlərlə təsəlli məktubu, məqalələr, esselər yazıldı. İlk açıq məktubu (1995-ci ildə) böyük şairimiz Bəxtiyar Vahabzadə ünvanladı Sona xanıma. Şəki şəhərində qələmə alınan bu yazı əvvəl "Şəki" qəzetində, daha sonra "Günay" qəzetində işıq üzü görərək Sona xanıma çatdırıldı. O yazıda Bəxtiyar Vahabzadə Sona xanımın ömür-gün yoldaşını itirdikdən sonra qələmə aldığı ilk kitabından ("Çərkəzli-Çərkəzsiz günlərim"dən) çox təsirləndiyini bildirərək deyirdi: "Sevimli ömür-gün yoldaşınızın itkisindən sonra çəkdiyiniz iztirabla siz öz kədərinizi yazdığınız kitab vasitəsilə qəlblərə köçürə bildiniz. Bu da ədəbiyyatda çox mühüm məsələdir..." Beləcə, ata, qardaş, həyat yoldaşının itkisini qəlbində heç zaman öləziməyə qoymayan, gedənləri də qalanlar qədər ürəyində yaşadan Sona xanım sədaqət simvoluna çevrildi. Nə xoş ki, illər sonra Sona xanım yenə müsahibimdir.

-Salam, Sona xanım, xoş gördük. Sizdən, daha doğrusu, yaşamınızdan, alın yazınızdan və ya qismətinizə düşən ayrılıqlardan çox tanınmış qələm sahibləri söz açıblar. Elə mən də. Lakin bu gün Çərkəz müəllimin ad günü ərəfəsində sizinlə həmsöhbət olmaq keçdi ürəyimdən.

- Etibarlı, qədir bilməyi bacaran, dəyərli insanlarla bir arada olanda yaxşı olmağa çalışıram. Həyat bəzən məni çox yorur, hətta ümidsizləşdirir. Lakin Allah belə bir vaxtda məni elə insanlarla qarşılaşdırır ki, dinləmək maraqlı, görmək xoş olur, səmimiyyətlərindən güc-qüvvət almaq və səbirsizliklə yenidən görməyə can atmaq keçir ürəyimdən. Düşünürəm, nə yaxşı ki, var yaxşılar, yoxsa dünya nəyə yarar... Doğru deyiblər, dünya yaxşıların üzünə gözəldir.

- Sona Çərkəz nədən qorxur həyatda, nədən nigarandır?

- Əslində, təbiətən aciz və qorxaq adam deyiləm. Amma bu gün  həyatda qorxmağa bəzi məqamlar vardır sanıram. Mən öz yaşamımda haqq-sayı uca tutan, bir səmimi salamı belə dəyərləndirən, ölüsünün, dirisinin qədrini bilən insanları çox istəyirəm və elələrindən güc alıram. Lakin elə adamlar da var ki, onu çiyinlərinə alıb gəzdirərsən, boynundan basar. Görmədiyi mərtəbəyə layiq bilərsən, deyər elə yurdum-yuvam buradaydı. Doğrudanmı, insanlara çox diqqət göstərdikcə adam özü dəyərdən düşür? Elələri haqda rəhmətlik ömür-gün yoldaşım deyərdi: "Sona, unutma, bəzi insanların ümumiyyətlə lüğətində "sağ ol" sözü yoxdur". Haqlıymış. Bax, əslində, belə insanlardan qorxuram, qızım.

Nigaranam övladlarımdan. Pis vaxtlarında ata itirdilər, nisgillidirlər. Ataları sağ ikən addımbaşı onlara "qurban olum" deyənlər, boyunlarına sarılanlar, iyirmi yeddi ildir ki, çox uzaqdadırlar. Qəribədir bu dünya. Vəzifəli, pullu, arxalı olana məhəbbətlə yanaşır hamı. Mən həmişə demişəm, can yandırmaq, təəssüb çəkmək, isti münasibətdə olmaqdır qohumluq, doğmalıq. Daşa sual verirlər, sən niyə daş oldun? Deyir, daşlara rast gəlib daş oldum. Biganə davranışlar, soyuq münasibətlər hər vaxt mənim sarsılmağıma səbəb olur. Ayaqda olanda yox, yıxılanda yanımda olan, qolumdan tutandır doğmam. Doğma sözü haqqında da fikrim müsbət deyil. Doğmalıq nə qandadır, nə canda. Səni anlayan, gözəl insani keyfiyyətlərə malik olan, səninlə ürəyi bir vuran, sən ağlayanda ağlayan, sən güləndə güləndir doğman. Hamımıza məlum olan bu gün baş verənlər təəssüf ki, doğmalığı da, yaxınlığı da dondurdu.

-Sevimli və sadiq həyat yoldaşınız Çərkəz Quliyevdən sizi 27 illik bir zaman məsafəsi ayırır. Bu zaman kəsiyini siz onsuz, amma ikinizin yerinə yaşadınız. Necə yaşadığınızı sizdən gözəl kimsə bilməz.

- Çox gözəl sualdır, doğru vurğuladınız, ikimizin yerinə yaşadım. Amma kaş Allah bu ömrü Çərkəzə yaşadaydı ikimizin yerinə, çox ağır olsa da. İnanın, bunu da ona qıymadan söyləyirəm. Çox çətin dözərdi o, mənim dözdüklərimə. Amma yenə övladlarım ürəkli olardı bu yaşa qədər.

Çərkəzsiz çox ağır yaşadım desəm, əslində rahat cavab alınacaq. İyirmi yeddi ilin nisgilli ayları, illəri, uşaqlarımın atalılardan seçkin olmaları, Çərkəzin təzə ev alıb içində otura bilməməsi, nəvə görməməsi, dostlarının və həmkarlarının arasından əlli dörd yaşında qəflətən ayrılması ağrı yox, qaysaq tutmayan yaradır köksümün altında. Lakin mən bu dərdi kiminsə evində, yanında deyil, kağız-qələmlə bölüşərək çəkdim. Çünki insanların çoxu dərddən yorulur, bezir. Rəhmətlik Tofiq Hacıyev demişkən, mən dərdimi də sevinc kimi bağrıma basa bildim. Ən doğma adamın belə bir gün "bəsdir!" deyib səni yaralayır. Bəzilərinə əfsus ki, dərdimi qələm-kağızla bölüşməyim də əcaib görünür. Neyləyim, arsız olammadım. Mən belə yaşaya bildim.

-Söhbətlərinizdə, müsahibələrinizdə tez-tez zamandan gileylənirsiniz. O zamandan ki, Lao Tszinin təbirincə desək, bir daha gəlməmək şərtilə həyatımızdan gedir.

- Zaman haqqında fikirlərinizlə, o deyimlərlə yarama toxundunuz. Lakin adamı yandıran odur ki, itirdiyi zamanı (özü də qədirbilməzlərin yolunda) geri qaytara bilmir. "Əfsus"lar və "kaşki"lər yuxumu əlimdən alır. Mənim üçün zaman çox qiymətlidir. Zamanımızı kimin yolunda xərclədiyimizi bilək gərək. Təəssüf ki, bunu xərclədiyimiz zaman dərk edə bilmirik.

Bəzən işdən tələsik evə gələrdik, ağzımıza bir tikə çörək almadan gedərdik rayondan üzü bəri gələn xəstələrin yanına. Onların arasında ata qohumlarım da olub, ana qohumlarım da. Çərkəzin bacıları da, bacısı uşaqları da, yeznələri də, kənddən gələn dost-tanışlar da. Bir dəfə yox, hər gün. Bir sözlə, biz özümüz üçün yaşamadıq. Çərkəzlə mən yollar yorğunu olduq o vaxtlar. Amma indi o vaxt itirdiyim zamanın ağrısı, həsrət sızıltısı məni çox incidir. Suallarıma cavab axtarıb tapmayanda özümü günahkar bilirəm. Və nə yazıq ki, bu gün də dəyişə bilmirəm. Mən bu gün də yenə hamını düşünməyi bacarıram. Və o zaman itkisi sağlamlığıma yetərincə zərbə vuraraq hər gün özünü xatırladır. İçimdə ölən zamana çox heyfim gəlir. Çünki o itirilən zaman ömrə yazılmır.

Eşidirəm, hərdən çalır qulağım,
Deyirlər ki, Sona hələ yaşayır...
Amma, görən, o deyənlər bilirmi,
Bu "bəxtəvər" hansı yükü daşıyır?..

İçimdə ölməyən bir zaman var - məndən kiçik olsa da, özümün də, övladlarımın da çiyinlərində çox haqq-sayı olan el bərabəri qardaşım Füzuli və sonsuz diqqətini heç unuda bilmədiyim Çərkəzlə bağlı zamandır ki, mən öləndə öləcək. Həqiqətən onlarla bağlı zaman gözlərimin önündə canlıdır, itmir.

- Henri Berqson deyib ki, insan zamanın içində deyil, zaman insanın içində yaşayır. Məncə, Siz öz zərif vücudunuzda qos-qoca bir zaman yaşadırsınız. Amma nə olursa olsun ağrı hiss etmək, acılarla yaşaya bilmək bir insanlıq halıdır. Nə xoş ki, Siz belələrindənsiniz.

- Təşəkkür edirəm, Əntiqə xanım. Mənim bu dərdli qəlbimi ovudan, azacıq olsa da, ağrı-acımı sığallamağa çalışan çoxlu qələm əhli olub həyatımda. Mənim insani yaşantılarıma, həyat yoldaşıma sədaqətlə bağlılığıma heyran qalaraq, heyrət edərək haqqımda çox dəyərli məqalələr yazan çoxlu sayda yazıçı və jurnalistlər olub. Hamısına ömrümün sonunadək minnətdar olacam. Mənə dəyər verən dəyərlilərim arasında usanmadan, yorulmadan, təkrarən, dönə-dönə mənim haqqımda yazan mənəvi qızlarım Esmira, Aynur, Əntiqə var. Bunun üçün hər birinizə sonsuz təşəkkürlərimi bildirmək borcumdur.

P.S. Sona xanımın, uzun illər prokurorluq orqanlarında vicdanla çalışmış Füzuli Məmmədovun, icra strukturunun dövlət qulluqçusu Fəzli Məmmədovun qayğıkeş və cəfakeş anaları, ömrünün 55 ilini şagirdlərin maariflənməsinə və təlim-tərbiyəsinə həsr etmiş pedaqoq, ziyalı Səriyyə müəllimə haqq dünyasına qovuşdu. Ailəsinə və doğmalarına dərin hüznlə başsağlığı verirəm. Nur içində uyusun.

Əntiqə QONAQ
Əməkdar jurnalist


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.