525.Az

YAP-da Hüseynbala Mirələmovun məsələsinə baxılacaq

[22.04.21]
YAP-da Hüseynbala Mirələmovun məsələsinə baxılacaq<b style="color:red"></b>

Yeni Azərbaycan Partiyasının (YAP) Veteranlar Şurasının üzvü, partiyanın Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmovun ötən gün sosial şəbəkələrdə yayılmış videogörüntülərdə yol verdiyi qeyri-etik hərəkət cəmiyyətdə ciddi müzakirələrə səbəb olub.

Qeyd edək ki, Hüseynbala Mirələmovun bu hərəkətləri təmsil olunduğu siyasi partiya nümayəndələri tərəfindən də şiddətlə qınanılıb. Lakin YAP tərəfindən sabiq Milli Məclis deputatının bu əxlaqa zidd hərəkətinə münasibətdə hansı konkret qərar qəbul ediləcək, bu məsələ ilə bağlı YAP-ın rəsmi mövqeyi nədən ibarət olacaq?

525.az xəbər verir ki, Cəmiyyəti maraqlandıran mövzu ilə bağlı YAP-ın Mətbuat Xidmətinin rəhbəri Hüseyn Paşayev APA-nın müxbirinin sualına cavab olaraq bildirib ki, məsələ partiyanın İdarə Heyətinin aprelin 23-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.

“Məlum videogörüntüdə Hüseynbala Mirələmovun etikadan uzaq hərəkətləri Yeni Azərbaycan Partiyasının hər bir üzvü tərəfindən təəssüf hissi ilə qarşılanıb və şiddətlə qınanılıb. Gün ərzində əksər kütləvi informasiya vasitələrində Yeni Azərbaycan Partiyasının ayrı-ayrı nümayəndələrinin məsələ ilə bağlı kəskin mövqeyi dərc olunub. Hüseynbala Mirələmovun mənəvi-əxlaqi dəyərlərdən uzaq olan bu davranışına qiymət İdarə Heyətinin sabah baş tutacaq iclasında veriləcək”, - deyə H. Paşayev qeyd edib.

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.