525.Az

"Yeri gələndə kütləyə qarşı getməyi də bacarmalısan" - Şəhriyar Məhərrəmov

"ABŞERON" QRUPUNUN RƏHBƏRİ: "DƏRİN MÜTALİƏSİ OLMAYAN ADAM, ÇƏTİN Kİ, YAXŞI FİLM ÇƏKƏ BİLSİN"


[21.04.21]
"Yeri gələndə kütləyə qarşı getməyi də bacarmalısan" - <b style="color:red">Şəhriyar Məhərrəmov</b>

Müsahibimiz son illər populyarlıq qazanan  "Abşeron" qrupunun rəhbəri Şəhriyar Məhərrəmovdur. Şəhriyar Məhərrəmov 1984-cü ildə Kürdəmir rayonunda anadan olub.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Kinoşünaslıq ixtisasına yiyələnib.

Tələbəlik illərindən sonra İctimai Televiziyada səs müsabiqəsinə - "Star" layihəsinə qatılan Ş.Məhərrəmov daha sonra dostları ilə birlikdə "Abşeron" qrupunu yaradıb. Qrupun bədii rəhbəri və solistidir.

Şəhriyar Məhərrəmovla söhbəti təqdim edirik. 

***

- Şəhriyar bəy, nə vaxt qərar verdiniz ki, müğənni olacaqsınız? Bu, istedadın diktəsi idi, yoxsa müstəqil seçim?

- Bu qərarı tələbəlik dövründə vermişəm. Mən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. Orada oxuduğum illərdə bu maraq yarandı. O vaxt yeni başlayan musiqi müsabiqələrindən birində özümü sınamaq qərarına gəldim. Yarışmaya qoşuldum. O vaxt belə yarışmalara maraq çox idi. Ordan sonra da yavaş-yavaş başladıq.

- Bildiyimiz qədəri ilə universitetdə Kinoşünaslıq ixtisasına yiyələnmisiniz. Bəs niyə kino üzrə də davam etmədiniz?

- İstəmədim. Daha doğrusu, Azərbaycanda bu sahə üzrə perspektiv görmədim. Bəli, bizim Sovet dövründə gözəl kinolarımız olub. Ancaq indi bu sözü deyə bilmərəm. Çünki yaxşı kino üçün sözün əsl mənasında peşəkarlar lazımdır. Ən əsası da çoxlu ədəbiyyat oxumaq. Çoxlu ədəbiyyat oxumayan, dərin mütaliəsi olmayan adam, çətin ki, yaxşı film çəkə bilsin. Amma bu sahədə davam etməsəm də, mən kinonu çox sevirəm. Həddindən artıq çoxlu filmlər izləyirəm.

- Sizi sosial şəbəkələrdə tez-tez bayağılığı tənqid edən görürük. İşinizlə əlaqədar siz toylarda da çox olursunuz. Gəlin etiraf edək ki, bugünkü toylarımızda kifayət qədər bayağı məqamlar var. Bayağılığı daima tənqid edən biri olaraq toyda həmin bayağılıqla üzləşəndə necə davranırsınız?

- Əvvəlcə onu qeyd edim ki, toy bayağı olmur, toyda iştirak edənlər bayağı olur. Deməli, səbəbi başqa yerdə axtarmaq lazımdır. Qaldı ki mənim bununla üzləşərkən reaksiyama, məsələn, məndən hər hansı bir bayağı  mahnı istəyəndə ifa etmirəm. Çünki həmin mahnıları öyrənmək mənə maraqlı deyil. Oynamaq istəyirsənsə, diski qoşsunlar, oyna. Bəzən bu yanaşmam insanlarda qıcıq yaradır. Bu isə məni narahat eləmir.

- Söhbət sosial şəbəkələrdən düşmüşkən, mən sizi müğənnidən daha çox sosial şəbəkələrdə kəskin statuslar yazan bir adam kimi tanıyıram. Cəmiyyətin içində olan bir adama cəmiyyəti belə kəskin tənqid etmək problem yaratmır ki?

- Mən heç vaxt kütlə ilə gedən adam olmamışam. İnsan yeri gələndə kütləyə qarşı getməyi də bacarmalıdır. Əgər kütlə qatıq qaradır deyirsə, sən də qatığa qara deməyə məcbur deyilsən. Nə olursa-olsun, öz fikrini ifadə etməyi bacarmalısan. Və ən əsası, tənqidlərə də hazır olmalısan.

- Qadınları tez-tez tənqid etməyiniz bir izləyici kimi məni çox qıcıqlandırır. Həm də təkcə məni yox, mənim kimi bu statusları oxuyan başqa qadınları da.

- Axı, mən həmişə qadınları tənqid eləmirəm, əksinə, deyərdim ki, qadınlardan daha çox kişiləri tənqid edirəm. Xüsusilə də qadın azadlığı mövzusunda. Çünki qadın azadlığı çox önəmli anlayışdır. Təəssüf ki, bəzən kişilər bu məsələdə çox radikal davranırlar. Mən buna qarşıyam.

- Şəhriyar bəy, bildiyim qədərilə mütaliəli adamsınız. Oxuduğunuz əsərlər içərisində xüsusi sevdiyiniz bir əsər varmı?

- Bunu demək çox çətindir. Çünki hər əsərin özünəməxsus cəhətləri var. Məhz həmin cəhətlərdən yola çıxaraq əsəri sevdiyimi desəm, yalan demiş olaram. Mənim üçün "Anna Karenina"nın öz yeri, "Cinayət və cəza"nın öz yeri var.

- Əgər Dostoyevski ilə Tolstoyu nümunə gətirdinizsə, deməli, klassikanı sevirsiniz. Musiqidə necə?

- Hə, klassik musiqiləri daha çox dinləyirəm.

- Pandemiya dövrünü necə keçirirsiniz? Bu dövrdə səhnədən uzaq düşmək sizə çətin gəlmir ki?

- Deməzdim ki, maddi cəhətdən çox çətinlik yaşadım. Əksinə, kiçik biznesim var, həmin biznesimə bu dövrdə daha çox vaxt ayırdım. Ona görə də maddi olaraq çətin olmadı. Ancaq mənəvi olaraq, əlbəttə, evdə oturmaq çətindir. Karantin yeni başlayanda lap çətin gəlirdi. İndi nisbətən öyrəşmişəm.

Aytac SAHƏD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.