525.Az

"4 Lüksemburq boyda ərazini Azərbaycan yenidən inşa etməlidir"

[21.04.21]
"4 Lüksemburq boyda ərazini Azərbaycan yenidən inşa etməlidir"<b style="color:red"></b> "Aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıqabul rayonuna səfər edib. Dövlət başçısının bu səfəri ölkəmizdə uğurla həyata keçirilən  regionların sosial-iqtisadi inkişaf strategiyası baxımından mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident Hacıqabul rayonuna səfər çərçivəsində Azərbaycan televiziyasına müsahibəsində bir çox önəmli məqamlara toxunub. Beləki, ölkə başçısı Hacıqabul rayonunda gerçəkləşdirilmiş infrasturktur layihələri, kənd təsərrüfatı sahəsində ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərdən tutmuş, işğaldan azad olunan əraizlərdə həyata keçirilən infrastruktur layihələri, xüsusilə yol infrastrukturu haqqında, həmçinin, Zəngilan rayonunda planlaşdırılan “Ağıllı kənd” layihəsi haqqında görüləcək işlərdən söz açıb. Cənab Prezidentin müsahibəsində qeyd etdiyi önəmli məqamlardan biri də Zəngəzur dəhlizinin yaradılması məsələsi ilə yanaşı, erməni faşizminin törətdiyi vəhşiliklər barədə olub".

Bu fikirləri 525.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, COVİD-19 pandemiyasının bütün dünyada yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycanda regionların sosial-iqtisadi inkişaf staregiyası uğurla davam etdirilir. Pandemiya şəraitində ölkə başçısının regionlara vaxtaşırı səfər etməsi, vətəndaşların həyat şəraitinin  daha da yaxşılaşdırılmasına xidmət edən layihələrin icrasını şəxsən nəzarətdə saxlaması cənab Prezidentin Azərbaycan xalqına göstərdiyi diqqət və qayğının növbəti dəfə təzahürüdür. Şübhəsiz ki, regionlarda həyata keçirilən sosial-iqtisadi layihələr Azərbaycanda investisiyaların qeyri-neft sektoruna, xüsusən də regionların inkişafına yönəldilməsinə, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılmasına, işsizlik probleminin həllinə, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir.

T. Cəfərova qeyd edib ki, cənab Prezident jurnalistin işğaldan azad olunan ərazilərdə görülən işlərlə əlaqadər sualına cavabında Ermənistanın törətdiyi növbəti hərbi cinayət barədə fikirlərini bölüşüb. Ölkə başçısı qeyd edib ki, “İndiki mərhələdə orada müxtəlif istiqamətlər üzrə işlər görülür, minalardan təmizləmə prosesi gedir. Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir”. Əlbəttə ki, Ermənistanın növbəti cinayətinə aidiyyatı qurumlar, beynəlxalq təşkilatlar səssiz qalmamalıdır. 30 ilə yaxın münaqişənin dondurulmasına çalışan qurumlar, heç olmasa post-konflikt dönəmində ədalətli mövqe ortaya qoymalıdır. Məhz, bu xəritələrin verilməməsi nəticəsində 100-dən çox ancaq mülki vətəndaş yaralanıb və həlak olub.

Bütün bunlara baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə əsas infrastruktur layihələrinə start verib. Həmin ərazilərin elektrik təchizatı və xüsusilə yol infrastrukturunun yaradılması ilə əlaqədar işlər sürətlə davam edir. İlk növbədə, Füzuli-Şuşa yolu, Zəfər yolu, magistral yolumuz, eyni zamanda, yaxın gələcəkdə Horadiz-Zəngilan avtomobil yolunun təməli qoyulacaq. Füzuli-Hadrut, Füzuli-Cəbrayıl, Bərdə-Ağdam, Göygöl-Toğanalı-Kəlbəcər avtomobil yollarının tikintisi artıq başlamışdır və bununla paralel olaraq Bərdə-Ağdam və Horadiz-Zəngilan-Ağbənd dəmir yolu infrastrukturu da yaradılmaqdadır. Bu yolun Zəngəzur dəhlizinə gəlib çatacağı nəzərdə tutulur. Türk dünyasını birləşdirəcək olan Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın tarixi missiyasıdır. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək “Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

T. Cəfərova vurğulayıb ki, müharibə başa çatandan dərhal sonra Azərbaycan bütün istiqamətlərdə işlərə başlayıb. "Nəzərə alsaq ki, həmin torpaqların ərazisi 4 Lüksemburqa bərabərdir. Müqayisə aparmaqla, həmin əraziləri təsəvvür etmək mümkündür. Nəzərə almaq lazımdır ki, 4 Lüksemburq boyda ərazini Azərbaycan yenidən inşa etməlidir, çünki, mənfur düşmən bütün infrastrukturu məhv edib, dağıdıb. İndi bütün dünya erməni faşizminin hansı vəhşilikləri törətməyə qadir olduğunu öz gözləri ilə görüb. Azərbaycan bu müharibədə öz ərazi bütövlüyünü bərpa etməklə yanaşı, həm də erməni faşizmini məhv edib. Cənab Prezidentin sözləri ilə desək , “Bu, bizim tarixi missiyamızdır - təkcə Azərbaycan xalqı qarşısında yox, dünya qarşısında. Erməni faşizmi məhv edilib. Onu məhv edən Azərbaycan xalqı olmuşdur”.

Bu gün Ermənistanda bəzi revanşist qüvvələr baş qaldıranda bilməlidirlər ki, onların başı lazım olarsa, istənilən zaman əziləcəkdir. Azərbaycan imkan verə bilməz ki, erməni faşizmi yenə baş qaldırsın. Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Azərbaycan əgər mümkün olan hər hansı bir təhdidi təsbit etsə, dərhal onu məhv etməyə qadirdir. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir.


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.