525.Az

Xaricdə təhsil almaq üçün zəngin olmaq şərt deyil - Müsahibə

“MADDİYYAT HƏR ZAMAN HƏLL OLUNA BİLƏR, ÖNƏMLİ OLAN MƏQSƏDDİR”


[21.04.21]
Xaricdə təhsil almaq üçün zəngin olmaq şərt deyil - <b style="color:red">Müsahibə</b> Xaricdə karyera qurmaqla bağlı məsələlərdən bəhs edən ötən müsahibəmizdə bu gün bir çox insanların ən böyük arzularından birinin xaricdə iş tapmaq olduğunu bildirmişdik. Ancaq sözsüz ki, uğurlu karyera qurmaq ilk növbədə mükəmməl təhsilə yiyələnməkdən keçir. Budəfəki müsahibimiz Kənan Səlimovla söhbətimiz də elə bu mövzudadır. Bakalavr təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində bitirmiş Kənan Səlimov İtaliyanın Bolonya, Finlandiyanın Tampere və Norveçin İnland Universitetlərinin magistr məzunudur. Hazırda EKVİTA şirkətində "Business Development və Marketing" üzrə menecer vəzifəsində çalışır. Eyni zamanda, IK Education xaricdə təhsil şirkətinin və "Maraqlı TV" portalının təsisçisidir.

- Kənan bəy, sizcə, başqa ölkələrə nisbətən Azərbaycanda işə götürmə zamanı niyə daha çox xaricdə təhsil almış şəxslərə üstünlük verilir?

- Azərbaycanda xaricdə təhsil almış şəxslərə üstünlük verilməsi məsələsi ilə tam razı deyiləm. Elə gənclər var ki, burada da təhsil alıb o imkanları özündə cəmləşdirə bilərlər. Sadəcə bir çox gənclər tənbəllik edirlər. İndi vəziyyət əvvəlki dövrdəki kimi deyil. Xaricdə təhsil artıq hamı üçün əlçatandır. Sadəcə olaraq, təhsil almaq üçün xaricə gedən gənclərin əksəriyyəti öz üzərlərində daha çox işləyirlər. Bu da istər-istəməz onları əmək bazarında daha cəlbedici kapitala çevirir. Ona görə də onlara tələbat çoxdur. Həm də xaricdə təhsil almış gənc daha çox özünü inkişaf etdirmək şansı qazanır, düşdüyü mühitdən istər-istəməz bəhrələnir. Nəticədə də işə götürən həmin gəncə üstünlük verir. Bu onun sırf xaricdə təhsil aldığına görə yox, özünü inkişaf etdirməyə meyilli olduğuna görədir.

- Azərbaycanda gənclərin çoxu valideyn narazılıqlarına görə ölkədən kənara çıxa bilmir, bu vəziyyəti həm valideynlər, həm də xaricdə təhsil almaq istəyən gənclər tərəfindən yanaşaraq necə izah edərdiniz?

- Fikrimcə, bu problem getdikcə aradan qalxır. Xüsusən də xanım tələbələr üçün ailələr daha mühafizəkar idilər. Xaricdə təhsil üzrə mütəxəssis kimi deyə bilərəm ki, ildən-ilə mənə müraciət edən xanım tələbələrin sayı daha çox artır. Bu da o deməkdir ki, valideynlər artıq övladlarına qarşı cinsi ayrı-seçkiliyi azaldıblar. Əvvəllər bu daha ciddi problem idi. Təbii ki, bəzi ailələrdə bu problem hələ də qalıb. Fikrimcə, problemlə üzləşənlər ətrafdakı yaxşı nümunələri valideynlərinə göstərib onları inandırmağa çalışa bilərlər. Hər bir valideyn nəhayətdə öz övladının gələcəyini düşünməyə məcburdur.

- Xaricdə oxumaq üçün əsas problemlərdən biri də maddiyyatdır. Hər hansı ölkədə bakalavr, ya da magistr təhsili almaq üçün minimum və maksimum nə qədər büdcə lazımdır?

- Həmişə demişəm, maddi çatışmazlıqlar xaricdə təhsilə maneə olmamalıdır. Hətta bununla bağlı "ClubHouse"da "Xaricdə təhsil almaq üçün zəngin olmaq şərt deyil" adlı daimi panellər təşkil etmişəm. Mən özüm də ailədən dəstək almadan Avropada təhsil almışam. Bunun mümkün olduğunu hər kəsə izah etməyə çalışıram. Məqsədi olan gənc təqaüdlər axtarmalı və paralel şəkildə özünə büdcə yığmalıdır. Şərt o deyil ki, xaricdə bu gün təhsil alaq. Olmasın bu il, olsun iki il sonra. Önəmli olan həmin zamanı yaxşı dəyərləndirib məqsədə fokuslanmaqdır. Maddiyyat hər zaman həll oluna bilər. Önəmli olan məqsəddir.

- Sizcə, gənclərin çoxunun xaricdə təhsilə meyl etməsinin səbəbi Azərbaycandakı təhsilin qeyri-kafi olmasıdır, yoxsa şəxsi maraqlar?

- Azərbaycanda bakalavr təhsilini yüksək səviyyədə təşkil edən ADA və BANM kimi kiyafət qədər uğurlu qurumlar var. Mənə elə gəlir ki, bizdə problem magistr proqramları ilə bağlıdır. Tələbələrin çoxu magistr proqramlarında sadəcə vaxt itirdiklərini bildirirlər. Bunun səbəbləri araşdırılmalı və proqramlara göz gəzdirilməlidir. Biz görürük ki, ADA Universiteti sayəsində yüzlərlə gənc Azərbaycanda bakalavr oxumağa çalışır. Hansılar ki, normalda Avropaya gedəcəkdilər. Çünki onlar oxşar imkanları burada tapa bilirlər. Eynilə magistr üçün də bu problem həll edilə bilər.

- Xaricdə təhsil almaq istəyənlər ilk nəyə diqqət etməlidir, onları hansı risklər gözləyir?

- Məqsədsiz şəkildə xaricə təhsil üçün getməkdən qaçmaq lazımdır. Elə gənclər var ki, təhsil alıb qayıdırlar və işsiz qalırlar. Çünki xaricə ancaq gəzmək üçün gedirlər. Əslində təhsil ən önəmli kapitaldır. Onu düzgün dəyərləndirmək lazımdır, çünki insanın öyrənmək üçün gələcəkdə bu qədər çox vaxtı olmaya bilər. Tövsiyyə edirəm ki, "Time Management" barəsində kitablar oxusunlar. Dərsləri mütləq şəkildə önəmsəsinlər, vaxtlarını və pullarını riskə atmasınlar. Bu şans hər dəfə olmayacaq.

- Əksəriyyət təqaüdlü təhsil almaq üçün çalışır, bunun üçün nə etməlidirlər? Təqaüdsüz təhsillə fərqləri çoxdur?

- Təqaüdlü təhsil almaq üçün çox yaxşı imkanlar var. Mən təhsil aldığım dövrdə 6-dan artıq müxtəlif təqaüdlər almışam. Artıq bu təqaüdləri mənim tələbələrim alır. Əgər tələbənin göstəriciləri uyğun olursa, təqaüd ala bilər. Bunun üçün xarici dil sertifikatı və bəzən də bir neçə sənəd kifayət edir. Bir də etibarlı konsultasiya almaq önəmlidir. Bu baxımdan biz tələbələrə daima köməklik edirik. Demək olar ki, 100-dən çox gənc üçün konsultasiya vermişəm. Hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanı məhz mənim tələbələrim təmsil edirlər. Tələbələrə bacardığım qədər dəstək oluram.

- Xaricdə təhsil almış biri kimi tövsiyyələriniz nələrdir?

- Xaricdə təhsil almazdan əvvəl mütləq sahənizi və məqsədlərinizi düzgün planlaşdırın. Bu halda daha effektiv nəticələr əldə edə bilərsiniz. Bir də ki, başqalarının fikirləri ilə xəyallarınızdan vaz keçməyin. Əgər xaricdə uğurlu olacağınıza inanırsınızsa, elə indidən araşdırma etməyə başlayın. Başlamaq bacarmağın yarısıdır.

Aytac ASLAN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.