525.Az

"İstənilən problemi dialoq yolu ilə həll etmək mümkündür" - Müsahibə

ARAZ ƏLİZADƏ: "ƏLDƏ EDİLMİŞ NƏTİCƏLƏR PREZİDENTİN MİLLİ BARIŞIQ NAMİNƏ ATDIĞI ADDIMLARIN TƏZAHÜRÜDÜR"


[14.04.21]
"İstənilən problemi dialoq yolu ilə həll etmək mümkündür" - <b style="color:red">Müsahibə</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, sabiq millət vəkili Araz Əlizadədir. 

- Araz müəllim, məlum olduğu kimi, bir ildən artıqdır ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir və onların həyata keçirilməsi istiqamətində addımlar atılır. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

- Əvvəlcə qeyd etmək istəyirəm ki, Azərbaycan Sosial Demokrat Partiyası hər zaman dialoqun tərəfdarı olub və bu cür müzakirələri dəstəkləyib. Biz düşünürük ki, cəmiyyətdə, ölkədə mövcud olan istənilən problemi müzakirə edib, dialoq yolu ilə həllinə nail olmaq mümkündür. Sosial Demokrat Partiyası yaranan gündən hesab edib ki, cəmiyyətdə milli barışığa nail olunmalıdır. Amma siyasi dialoq, milli barışıq istiqamətində addım mütləq iqtidar tərəfindən atılmalıdır. İqtidar da ötən il bu addımı atdı, dialoqa başlamaq üçün prinsipial mövqeyini ortaya qoydu. Sizin də vurğuladığınız kimi, ötən il Prezident Administrasiyasında Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi yaradıldı. Şöbənin əsas fəaliyyət istiqamətlərindən biri bu oldu ki, partiya rəhbərləri ilə görüşlər keçirilsin və mövcud olan bəzi anlaşılmazlıqlar aradan götürülsün. Burda önəmli olan başqa bir məqam isə ondan ibarətdir ki, siyasi dialoqda iştirakda partiyalar arasında heç bir fərq qoyulmadı. Yəni bütün siyasi qüvvələr hakimiyyət tərəfindən dialoqa dəvət olundu. Bununla da hakimiyyət bütün siyasi partiyalarla görüşməyə, müzakirələr aparmağa, onları narahat edən məsələləri dinləməyə və həlli üçün real addımlar atmağa hazır olduğunu nümayiş etdirdi. Həmçinin, hakimiyyət bir daha dialoqda nə dərəcədə maraqlı olduğunu göstərdi.

- Bəzi həmkarlarınız ötən müddət ərzində artıq müəyyən nəticələrə nail olunduğunu bildirir. Siz necə düşünürsünüz, dialoqun nə kimi nəticələri olub?

- Dialoq başlayandan bu yana əlbəttə ki, müəyyən nəticələr əldə edilib. Əgər nəticələr olmasaydı, prosesi davam etdirməyin də mənası qalmazdı. Müəyyən irəliləyişlərin olduğu üçün müzakirələr gedir. Bilirsiniz ki, dialoq başladığı müddətdə yeddi partiya qeydiyyatdan keçib, bəzi partiyalar ofislə təmin olunub ki, bu da onların fəaliyyəti üçün vacib əhəmiyyət kəsb edir. Bir çox partiyaların qurultayı keçirilib. Hər kəsə məlumdur ki, bir sıra partiyalar var idi ki, onların fəaliyyəti yox dərəcəsində idi, yəni sanki "ölü partiyalar" idilər. Məhz siyasi dialoq onların dirçəldilməsinə səbəb oldu. Bütün bunlar əlbəttə ki, cənab Prezidentin milli barışıq naminə atdığı addımların təzahürüdür. Dövlət başçısının birbaşa nəzarəti ilə də prosesi Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi həyata keçirir.

- Siyasi partiyalar dialoq çərçivəsində müxtəlif təkliflərlə çıxış edirlər. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri verib və onlardan reallaşan olubmu?

- Bizim partiya tərəfindən çox təkliflər irəli sürülüb. Həmin təkliflərin demək olar ki, hamısı həyata keçirilib. Sosial demokratlar olaraq əlillərə verilən müavinətlərin artırılmasını təklif etmişdik, artıq cənab Prezidentin müvafiq sərəncamı ilə bu müavinətlər artırılıb. Təklif vermişdik ki, minimum əmək haqqı minimal tələbat səbətindən aşağı ola bilməz, bu da həyata keçirildi. Torpaqlarımızın işğaldan azad edilməsini, Vətən müharibəsi modelini təklif etmişdik, bu da Ali Baş Komandanın rəhbərliyi ilə öz həllini tapdı, Azərbaycan böyük zəfər qazandı. Yəni bizim heç bir narazılığımız yoxdur, bütün təkliflərimiz nəzərə alınıb və reallaşıb.

- Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Doğru vurğuladınız ki, 44 günlük Vətən müharibəsi zamanı bütün cəmiyyət Ali Baş Komandanın ətrafında sıx birləşdi. Eyni zamanda, siyasi partiyalar da birlik nümayiş etdirib, dövlətin yanında oldular. Düşmənin Tovuz təxribatı, Vətən müharibəsi günlərində siyasi partiyalar birgə müraciətlə çıxış edərək, cənab Prezidentin ətrafında sıx birləşdi. Bu prosesdən iki partiya kənarda qaldı. Yəni onlar bu həmrəyliyə qoşulmadılar. Həmin iki partiya hər zaman öz maraqlarını dövlətin, xalqın maraqlarından üstün tutublar. Bunlar AXCP və Müsavat partiyasıdır. İndi də onlar tərəfindən eyni yanaşma davam edir.

Bilirsiniz ki, bu yaxınlarda siyasi partiya sədrləri işğaldan azad edilmiş Ağdam rayonuna səfər etdilər. Bu, çox gözəl bir təşəbbüs idi. Siyasi pariya rəhbərləri erməni vəhşilərinin törətdikləri vandallıqları öz gözləri ilə gördülər. Ağdamdan heç nə qalmayıb. Şəhər tamamilə dağıldılıb, yerlə-yeksan edilib. Biz olduqca ürəkağrıdıcı bir mənzərə ilə qarşılaşdıq. Eyni zamanda, 30 ilə yaxın davam edən işğaldan sonra azad edilmiş torpaqlara ayaq basmaq gözəl bir hiss idi. Bu cür addımları yalnız təqdirəlayiq hesab etmək olar. Sosial demokratlar olaraq bu addımları müsbət qiymətləndiririk, hesab edirik ki, bu da siyasi dialoqun bir nümunəsidir.

Təəssüf ki, siyasi dialoqu gözdən salmağa çalışan həmin qüvvələr bu səfər barədə də müxtəlif qarayaxmalar irəli sürdülər. Azərbaycanda beşinci kolon var, bu da həmin iki partiyadır. Onların son addımları bir daha sübut etdi ki, bu insalar xudpəsənddirlər.

Prezident İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında bu məqamlara toxunaraq bildirdi ki, məhz 1992-ci ildə faktiki olaraq hakimiyyətə gəlmiş və bu gəlişini rəsmiləşdirmək istəyən AXCP-Müsavat cütlüyünün xəyanəti nəticəsində Şuşa və Laçın işğal altına düşdü. Çünki onlar üçün hakimiyyətə gəlmək hər şeydən vacib idi. Onlar Şuşa və Laçını ermənilərə təhvil verərkən Bakıdakı hakimiyyəti yıxmaq istəmişdilər və buna nail oldular. Ondan bir ay keçəndən sonra hərbi çevriliş edərək, parlament binasını zəbt edərək hakimiyyəti devirdilər və qanunsuz olaraq hakimiyyətə gəldilər. Dövlət başçısı bunu onların böyük xəyanəti adlandırdı və ondan sonra ölkənin faktiki olaraq idarəolunmaz vəziyyətə düşdüyünü söylədi.

Bütün bu məqamları nəzərə alaraq düşünürəm ki, indi birlik müharibə müddətində olduğu qədər vacibdir. Cəmiyyət nə qədər çox birləşsə, bir-biri ilə dil tapa bilsə, bir o qədər ölkənin inkişafı üçün faydalı olar.

- Araz müəllim, əvvəllər də ölkəmizdə dialoq adına müxtəlif təşəbbüslər olub və bu prosesdə bəzi xarici dairələr -  ATƏT, ABŞ səfirliyi vasitəçilik etməyə çalışıb. Sizin fikrinizcə, kənar müdaxilə olmadan aparılan dialoqun hansı üstünlükləri var?

- Doğrudur, əvvəllər bəzi xarici dairələr guya dialoq təşkil etmək istəyirdilər. İndi aparılan proses onu göstərir ki, Azərbaycan cəmiyyəti demokratiyaya artıq hazırdır və Azərbaycan cəmiyyətində milli barışıq var. Bu bayaq da dediyim kimi, xüsusilə özünü 44 günlük müharibənin getdiyi vaxtda göstərdi. Çünki Azərbaycan xalqı bir yumruq kimi birləşdi. Yəqin iki partiyanı da narazı salan budur ki, ABŞ və xarici qüvvələr milli barışıq üçün görüşlər keçirəndə həmişə onları önə çəkirdilər. Sanki əsas müxalifət qüvvəsi onlardır. İndi də çalışırlar ki, həmin qüvvələrə xüsusi münasibət olsun, şərtlər diktə etməyə cəhd göstərirlər. Hamıya eyni gözlə baxılanda isə bunlar əsəbləşirlər.

- Bu iki partiyanın dialoqdan imtinasının prosesə hər hansı təsirini görürsünüz?

- Xeyr, heç bir təsiri yoxdur. Bu partiyaların ümumiyyətlə, Azərbaycan cəmiyyətinə təsiri demək olar ki, sıfıra bərabərdir.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Biz əlbəttə ki, yalnız müsbət təsirlərdən danışa bilərik. Bayaq vurğuladığım kimi, neçə partiya demək olar ki, ölü vəziyyətində idi, heç qurultaylarını da keçirmirdilər. Pandemiyaya baxmayaraq, bəzi partiyaların onlayn qurultayının keçirilməsinə şərait yaradıldı. Fərq qoyulmadan bütün partiyalarla müzakirələr aparılır. Nəticə olaraq isə bu partiyalar aktiv siyasi həyata qayıtdılar.

- Bəs sosial demokratlar üçün nə dəyişdi?

- Biz normal fəaliyyətimizi davam etdiririk. Mən deyə bilmərəm ki, bizim partiyamızın fəaliyyəti üçün hansısa maneələr var idi. Sosial Demokrat Partiyası Azərbaycanda ən qədim partiyalardan biridir. Buna görə biz öz işimizi davam etdiririk.

Sonuncu qurultayımız 2017-ci ildə olub, növbətisi 2023-cü ildə keçirilməlidir.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?

- Bu proses daimi olmalıdır. Çünki təkamülün həddi yoxdur. Demokratiyada cəmiyyətimiz bir-birinə düşmən gözü ilə baxmamalıdır, dost, qardaş gözü ilə baxmalıdır. Ona görə də bu proses daimi olaraq davam etməlidir və düşünürəm ki, qarşıda daha böyük nəticələrə nail ola biləcəyik. Siyasi partiyalar cəmiyyətdə güzgü rolunu oynamalıdırlar, iqtidarın hər hansı səhvi olarsa, onu deməlidirlər. Eyni zamanda, öz ideyalarını həyata keçirmək üçün iqtidara təkliflər verməlidirlər. İqtidar da buna hazır olmalıdır.

- Bildirdiniz ki, indiyədək irəli sürdüyünüz təkliflər həyata keçirilib. Bəs növbəti müzakirələr zamanı hansı məsələlərə diqqət çəkməyi düşünürsünüz?

- Bizim bir təklifimiz ondan ibarətdir ki, hər ailədə heç olmasa bir uşaq dövlət tərəfindən tam olaraq maddi baxımdan təmin olunmalıdır. Çünki Azərbaycanda ailələr çoxuşaqlıdır, əgər heç olmasa ailədə bir uşağa ayda 200 manat müavinət verilsə, bu o deməkdir ki, digər uşaqlar da bundan yararlanacaq. Məktəbə gedən uşaqların geyim pulu, dərslikləri, yəni bütün tələbatı dövlət tərəfindən təmin ediləcək. Çünki əgər bu uşaqlar dövlət tərəfindən təmin olunmasalar, heç də hər ailənin imkanı yoxdur ki, bu təminatı həyata keçirsin. Eyni zamanda, bu, bərabər imkanlar yaradacaq. Yəni imkansız ailələrdən olan uşaqlarla imkanlı ailələrdən olan uşaqlar arasında böyük fərq olmayacaq. Bu, normal vətəndaşın yetişməsi üçün mühüm şərtdir. Uşaq da görəcək ki, vətən ondan yalnız vətəndaş olaraq nəsə tələb etmir, onun yetişməsi üçün də çoxlu iş görür.

- Bu təklifiniz müzakirə edilib?

- Xeyr, bu, hələ ki, bir təklifdir və növbəti görüşlərdə müzakirə olunacaq.

- Pandemiya səbəbindən siyasi dialoq onlayn formatda, yaxud da dar çərçivədə keçirilir. Yaxın günlərdə geniş görüşün keçirilməsi gözlənilir?

- Hazırda pandemiya davam edir. Bütün partiya liderləri peyvənd olundular. Bu, həm onların sağlamlığı, həm də gələcəkdə üzbəüz görüşlərin keçirilməsi üçün vacib idi.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.