525.Az

Xaraba qoymaq "bahadırları" - Telman Orucov yazır

[08.04.21]
Xaraba qoymaq "bahadırları" - <b style="color:red">Telman Orucov yazır </b>

Ermənistanın yeni yaraları

(Əvvəli 6 aprel sayımızda)

Onlar təkcə azərbaycanlılara qarşı deyil, öz doğma xalqlarına qarşı da düşmənçiliyə yol vermiş, ölkəni talamaqla məşğul olmuşdular. Ordunun gücünə arxalanaraq hakimiyyətə gəldikləri halda, silahlı qüvvələrə qarşı da xəyanətə yol vermiş, orduya ayrılan vəsaiti mənimsəmiş, işğalın davamını təmin edən əsgərlərin qidalanmasına sərf edilən ərzaq alınması üçün ayrılan pulu da oğurlamaqla, bu bədbəxt insanları yarıac yaşamağa məhkum etmişdilər. Orduda xidmət edənlərin alt paltarlarının çatışmaması kimi biabırçı bir hal da mövcud idi.

Dağlıq Qarabağda bu hadisələrə qədər həyat öz axarı ilə gedir, regionda sabitlik hökm sürürdü, nisbətən firavan yaşayan əhalinin öz güzəranından heç bir şikayəti yox idi. Erməni əhalisinin hüquqlarının hansısa bir şəkildə məhdudlaşdırılmasına yol verilməmiş, milli zəmində xırda bir ixtilaf da baş verməmişdi. Bütün respublikada olduğu kimi, vilayətdə də əmək qabiliyyətli əhali torpaqda və sənaye müəssisələrində işləyir, ailəsinin güzəranını təmin edirdi. Uşaqlar orta və ali məktəblərdə təhsil alırdı. Ermənilərə doğma dilindən istifadədə, mədəniyyətlərinə bağlılıqda heç bir məhdudiyyət qoyulmurdu. Lakin belə vəziyyət erməni qatı millətçilərini qane edə bilməzdi. Onlar Dağlıq Qarabağı Azərbaycan ərazisindən qoparmaq üçün xəyanətkar hərəkətlərə başladılar. Onlar başqa xalqlara, xüsusən qonşuluqda yaşayanlara izahı çətin olan şübhə ilə yanaşır, onların səmimi dostluğunda, mehriban qonşuluğunda hansısa bir düşmənçilik çaları tapmağa can atırdılar. Məşhur təmsildəki quzunu yemək qərarına gələn canavar kimi müxtəlif bəhanələr uydurur, mehribanlığa da düşmənçilik prizmasından baxırdılar.

Qədim yunan mifologiyasında göstərilirdi ki, kim Meduza Qorqonanın (yunanca gorgo "heybətli" demək idi) dəhşətli baxışına rast gəlsə, daşa çevrilməli idi. Onun saçlarında da əjdahalar gizlənirdi. Meduza insanlar üçün ağır cəza və qorxu rəmzinə çevrilmişdi, ondan xilas olmaq qeyri-mümkün hesab edilirdi. Lakin hər bir dəhşət mənbəyinə qarşı müvafiq bir güc də tapılır. Persey onu öldürmək üçün mis qalxana baxırdı ki, onun baxışına tuş gəlməsin. Bu qəhrəman onun başını kəsdi.

Erməni qatı millətçiləri də qonşu ölkəni öz xalqının gözündə düşmənə çevirməyə cəhd edirdi, gücləri çatsaydı, elə Meduza kimi öz qonşularını bir andaca daşa çevirərdilər. Uzun müddət onlar cəzasız qalıb, öz bəd əməllərindən əl çəkmirdilər, yaxın qonşusunu əzablara düçar etməkdən həzz alırdılar. Lakin müqəddəs yer boş qalmır, Perseyə bərabər qəhrəman da tapıldı. Azərbaycan ordusu müasir Meduza Qorqonaya tutarlı dərs verməyi bacardı. Əlbəttə, Ermənistan ordusu məğlub edilmişdir, lakin bu şər mənbəyinin başı kəsilməmişdir, ancaq skalpı soyulmuşdur. Dərisi soyulmuş baş öz funksiyasını yerinə yetirə biləcəkmi? Əgər onlar yenə də düşmənçilik mənbərindən çıxış etsələr, müasir Persey bu dəfə mərhəmət göstərməyib, onun ətrafa nifrət yayan başını kəsəcəkdir.

Ermənistan ordusu və onun farvaterində gedən Dağlıq Qarabağın erməni millətçiləri Azərbaycanla müharibə aparıb, onun ərazilərini işğal etməklə özlərinin gələcəkdəki bədbəxtliklərinin ilk fazasının bünövrəsini qoydular, ona qədəm basdılar. Beləliklə, onlar ilk bədbəxtliklərinin baş tutmasına imza atdılar. Əvvəllərdə baş vermiş məğlubiyyət isə Azərbaycanın sonrakı rəhbərliyinin hərbi işə ciddi diqqət verməsini tələb edirdi və zamanın bu çağırışı eşidildi və ölkədə yeni, müasir tipli ordu yaradıldı.

Erməni millətçiləri Azərbaycan ərazisinə silahlı qaydada soxulmaqla qapıları birinci növbədə öz bədbəxtliklərinə açmışdılar və özlərinin uzağı görə bilməmələrini nümayiş etdirmişdilər. Onlar qarşılarındakı xalqa gücsüz kütlə kimi baxırdılar, bu xalqın mənəvi zənginliyini, sınaq anı gələndə fədakarlığını, Vətən yolunda özünü qurban verməyə hazır olduğunu nəzərə almır, anlamırdılar. Öz qüvvələrilə qürrələnmələri, məğrurluqları onları kor etmişdi, şirin bir gün oyanacağını ağıllarına gətirmir, təsəvvür etmirdilər, bu isə onlara olduqca baha başa gəldi. Ermənistan Azərbaycan ərazisinə soxulmaqla, özünün yaratdığı bir kataklizmə düçar oldu. Bu, onların sırasında ilkin sayıla bilərdi.

Dağlıq Qarabağda separatizmin tüğyan etdiyi ilin sonunda, 1988-ci ilin dekabrında Ermənistan həm də görünməmiş təbii kataklizmə məruz qaldı. Yüksək maqnitudada olan zəlzələ Spitak şəhərini qədim Romanın Pompeyi kimi yer üzündən sildi, Leninakan şəhəri də geniş miqyaslı dağıntıya məruz qaldı. On minlərlə insan həlak oldu. Azərbaycanın qonşu ölkəyə göndərdiyi inşaat materiallarından ibarət kömək qəbul edilmədi, geri qaytarıldı. Köməyə göndərilən ehtiyatda olan əsgərlərdən ibarət inşaatçılar dəstəsi Leninakan yaxınlığında təyyarə qəzasında həlak oldu. Ermənistana kömək göstərilməsi naminə günahsız azərbaycanlılar öz canlarını qurban verdilər. Zəlzələnin aradan qaldırılması üçün bütün respublikaların səylərini səfərbərliyə alan hökumət komissiyası yaradıldı və ona SSRİ Nazirlər Sovetinin sədri başçılıq etdi.

Ermənistan Dağlıq Qarabağda separatizmi qızışdırmaqla, azərbaycanlılardan həmin ərazini qoparmaq istəyirdi, lakin nəticə etibarilə onların özlərinə təbii fəlakət kimi bədbəxtlik də qismət oldu. Çünki insan əli ilə yaradılan ilk kataklizmi erməni millətçiləri özləri təşkil etmişdilər, on ay sonra təbiət də Ermənistanı bu qəbildən olan öz "hədiyyəsi" ilə mükafatlandırdı. Hələ daha iri kataklizmlər seriyası geridə idi, qatı millətçilər isə yaxınlaşan bu bədbəxtlikləri görə bilmədilər, gələcəyi qiymətləndirməkdə ağıl korluğuna tutulduqlarını göstərdilər. 

Xaraba qoymaq "bahadırları" 

Ermənistan ordusu təkcə Azərbaycan ərazilərini işğal etmədi, həm də bir az əvvəl çiçəklənən, bol məhsul verən bu torpaqları cansız səhraya çevirdilər. Şəhərlərdəki və kəndlərdəki evlər amansızcasına dağıdıldı və ya yandırıldı. Onların inşaat materiallarının yad ölkəyə satılmasından həm də xeyli pul qazandılar. Şəhərlərin və kəndlərin vandallardan miras qalmış xarabalıqları azad olunduqdan sonra, göz önündə hər şeyi görmüş tarixi də dəhşətə gətirə bilən bir mənzərə yarandı. Elə bil ki, buraya XX əsrin sonunun insanları deyil, qədim yəhudi mifologiyasındakı qoqlar və maqoqlar adlanan vəhşi xalqlar basqın etmişdi. Hər şey elə qaydada məhv edilmişdi ki, elə bil Yer üzündə həyatın sonu başlayırmış, dünya, bəşəriyyət "qiyamət günü" ərəfəsində imiş. Abovyan isə elə bil ki, erməniləri gələcəkdə təmizə çıxarmaq üçün ancaq asiyalıların xaraba qoymağı bacardıqlarını vurğulayırdı.

Ermənistan ordusu, qatı millətçiləri öz əməlləri ilə müqayisədə amerikanların dəhşətli filmlərindəki qorxulu mənzərələri də ötüb, keçmişdilər. Axı nə qədim dünyadakı vandallar, nə XX əsrdəki nasistlər bunlara azacıq da bənzər olanları törətmişdilər. Kambocadakı Pol Pot da əhalinin üçdə birini qırmasına, digər vəhşiliklərinə baxmayaraq, insan məskənlərinə belə divan tutmamışdı.

İşğalda iştirak edən, sonra da  viran qoymaq vəzifəsini icra edən erməni əsgərlərindən və zabitlərindən həmin cinayətlər barədə soruşduqda, yəqin ki, deyəcəklər: "Heç nə bilmirik. Bizim xəbərimiz  yoxdur". Bəlkə də, bütün ermənilər bunu təkrar edəcəklər. Elə təsəvvür yaranacaq ki, bunu erməni ordusu deyil, hansısa şeytanlar dəstəsi törətmişdir.

Onlar təkcə insan zəhmətinin və əlinin yaratdıqlarını məhv etməklə kifayətlənməyib, təbiətə də ağır zərbə vurmaqdan çəkinməmişdilər. İşğal etdikləri ərazilərdə təkcə meşələri qırmayıb, şəhərlərin parklarını, yaşıl zolağını, kəndləri isə bütünlüklə bəzəyən bağları, meyvə ağaclarını qırıb məhv etmişdilər. Qızmar isti vaxtı özlərinin də daldalanmaları üçün kölgə mənbəyi olan bir dendroloji bitki növünü də saxlamamışdılar. Şarl Monteskyenin yazdığına görə, Luizianadakı hindular meyvəni dərmək üçün ağacı kökündən kəsib yerə yıxırdılar. Erməni talançıları isə meyvə yığmaq üçün deyil, özlərindən qalacaq nişan kimi ərazini qum səhrasına çevirmək, düşmənçiliklərini daim xatırladan bir mirasın qalması üçün bunu edirdilər.

Azərbaycanlıların əkin sahələrinə də imkanlarında olan ziyanı vurmaq üçün öz ərazilərindən keçən su mənbələrindən onların təchiz olunmasını dayandırır, minlərlə əkinçinin zəhmətinin zay olmasına nail olurdular. Separatizm dalğası başlayandan müxtəlif qurğuların köməyi ilə Arazdan ölkəmizə gələn suyu xeyli azaltmaqla, süni surətdə suvarma suyunun qıtlığını yaratmışdılar. İşğaldan sonra isə Azərbaycan hidrotexniki inşaatlarının ağır zəhmətinin bəhrəsi olan Sərsəng su hövzəsindən suvarma mövsümü dövründə suyun buraxılmasını kəsir,  yaz vaxtı isə Tərtər çayında məhvedici sel yaratmağa çalışırdılar. Ölkəmizin əkinçiliklə məşğul olan fermerlərinin il boyu çəkdikləri zəhmət suvarma suyunun çatışmaması ucbatından hədər olur, onlar məhsul götürə bilmirdilər. Heyvandarlığın da yem bazasının yaradılmasında çətinliklər yaranırdı.

Azərbaycanlılara ziyan vurmaq üçün hər cür vasitələrə əl atır, özlərinə məxsus ziyankar "innovasiyalar" tətbiq edirdilər. Azərbaycanlıların yaşayış məntəqələrinin yaxınlığındakı işğal edilmiş ərazilərdə biçənəkləri yandırırdılar ki, bu yanğın həmin əhalinin təsərrüfatlarına keçib, onları məhv etsin.

Bu yolla onlar həm də torpaqlardakı mikroorqanizmləri, həşəratları da məhv edirdilər ki, özlərinin istifadə etmədikləri torpaqlar münbitliyini itirsin, yararsız hala düşsün. Bəzilərinə bu qeyd təəccüblü görünə bilər, lakin unutmaq olmaz ki, əkinə yararlı torpaq heç də süxur deyil, canlı orqanizmdir, bitkilərin meydana gəlməsi, yaşaması və bar verməsi üçün mühüm şərtdir. Torpaq yeganə vasitədir ki, bitki vasitəsilə qeyri-üzvi maddəni üzvi maddəyə çevirir, bitki isə həm də mal-qara üçün yem rolunu oynayır. Deməli, üzvi aləmin yaranmasında və dövranında torpağın rolu əvəzedilməzdir.

(Ardı var)

Telman ORUCOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.