525.Az

Postmüharibə dövründə informasiya savaşı - Münasibət

[08.04.21]
Postmüharibə dövründə informasiya savaşı - <b style="color:red">Münasibət</b>

İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) geniş tətbiqi informasiya müharibəsi məsələsinə diqqət yetirməyi ön plana çıxarır.

İnformasiya müharibəsi milli təhlükəsizliyin əsasını təşkil edir. Akademik Rasim Əliquliyevin təbirincə desək,  "İKT sürətlə inkişaf edərək cəmiyyətin bütün fəaliyyət sferalarına dərindən nüfuz edir. Bunun nəticəsi olaraq, informasiya cəmiyyətinin formalaşdığı müasir dövrdə informasiya təhlükəsizliyi milli təhlükəsizlik və onun ayrı-ayrı komponentləri ilə sıx qarşılıqlı əlaqədardır".

Şübhəsiz, informasiya insanların əhvalına da güclü təsir edir, onları yönəldir. Tanınmış fizik Pyotr Kapitsa informasiyanın təlükəsizliyinə diqqət çəkərək yazırdı: "Kütləvi informasiya vasitələri-kütləvi məhv vasitələrindən daha təhlükəlidir". Bu təhlükəni görən inkişaf etmiş ölkələr informasiyaların təhlükəsizliyinə xüsusi diqqət yetirir.

Bədnam qonşumuz Ermənistan  başda olmaqla, Azərbaycanı gözü götürməyənlər informasiyadan istifadə etməklə həmişə bir qayda olaraq bizi təhdid etməyə cəhd göstərib. Bu təhdid tək indi yox, həmişə olub.

Xalqımız 30 illik həsrətə 44 günlük Vətən müharibəsi ilə son qoydu. Keçən ilin sentyabrında ordumuz tərəfindən aparılan  müharibədə işğal altındakı torpaqlarımız azad olundu. Bu müharibədə qəhrəman Azərbaycan Ordusunun üç min nəfərə yaxın hərbçisini şəhid verdi. Şəhidlərimiz bizim əyilmiş qəddimizi dikəltdi. İndi biz dünyanın nəzərində məğrur, qalib xalq kimi tanınırıq.

Həm hərbi, həm də siyasi cəhətdən məğlub olan Ermənistan gücünü verib informasiya müharibəsinə. Keçən ilin iyul ayında baş vermiş Tovuz hadisələri yaddaşımızdan silinməyib. İyulun 12-də Ermənistan Silahlı Qüvvələri Tovuz rayonunda yerləşən mövqelərimizi artilleriya atəşinə tutdu. Böyük məkrlə bugünəcən yalana həqiqət donu geyindirməyi bacarmış Ermənistan bu dəfə də Azərbaycanı günahlandırdı. Guya bizim əsgərlər Ermənistanın dövlət sərhədini pozub. Amma bu dəfə dünya ictimaiyyəti bu yalana inanmadı. Əksinə, bir sıra dövlətlər Azərbaycanı müdafiə etdi. Bu da Azərbaycanın öz həqiqətlərini dünyaya inamla çatdırılmasının nəticəsi idi.

2020-ci il iyulun 14-15-də gecə saatlarında Azərbaycan Ordusuna dəstək məqsədilə keçirilən aksiya cəmiyyətimizdə vətənpərvərlik ruhunun yüksək olduğunu bir daha dünyaya nümayiş etdirdi. Ən əsası, xalq  nümayiş etdirdi ki, torpaqla bağlı heç nəyə güzəştə getməyəcək və hakimiyətin ətrafında sıx birləşərək dövlətinin müdafiəsinə qalxacaq.

Həmişə olduğu kimi, Kreml yenə də özünün forpostuna dəstək verməkdə davam edir. Tovuz hadisələri baş verəndən dərhal sonra, iyulun 17-dən etibarən "İl-76" təyyarəsi ilə Rusiyadan İran vasitəsilə Ermənistana silahların daşınması həyata keçirildi. Və bu proses indinin özündə də davam edir. Bu isə Azərbaycan ictimaiyyətini, dövlətini ciddi narahat edir. Rusiyanın yalana söykənən izahı bizi qane etmir, çünki təyyarə ilə daşınan yüklərin tikinti materialları olduğu deyilsə də, bəzi informasiya saytları yükün silah olduğunu yaymışdı. Hətta Rusiyanın ermənipərəst mövqeyi ilə seçilən "Regnim" informasiya agentliyi də Stanislav Tarasovun Rusiyanın Ermənistana silah göndərilməsindən bəhs edən 4 sentyabr tarixli "Dağlıq Qarabağın yeni ümidləri" adlı məqaləsini yaymaqla yalanın üstünü açmışdı. Elə buradaca qeyd edək ki, Rusiya 2010-cu ildən 2018-ci ilədək Ermənistana 50 min ton silah verib.

Bu gün informasiya müharibəsi İnternet məkanında daha çox vüsət alıb. Ermənistan bu vasitələrdən istifadə etməklə ordumuzun ünvanına böhtanlar yağdırır, insanlar arasında çaşqınlıq yaratmağa çalışır.  Ermənistanla Azərbaycan arasındakı informasiya qarşıdurması son vaxtlar daha intensiv xarakter alır. Bu qarşıdurmada düşmən məqsədinə çatmaq üçün hər cür yalana, riyakarlığa əl atır. AMEA İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı İradə Ələkbərova  informasiya qarşıdurmasının məqsədini belə izah edir: "İnformasiya qarşıdurmasında əsas məqsəd qarşı tərəfin informasiya da daxil olmaqla, bütün növ resurslarına təsir göstərməkdir. İnformasiya qarşıdurmasının effektivliyinin əsas meyarı kimi qarşı tərəfə məxsus şəbəkə və kommunikasiya texnologiyalarına, nəhayət, kompüterlərə icazəsiz müdaxilələr nəzərdə tutulur. Digər tərəfdən, informasiya qarşıdurmasında demoqrafiya təbliğat, "beyinlərin yuyulması", ictimai rəyin və şüurun manipulyasiyası və s. üsullardan geniş istifadə edilir".

Bu gün informasiya silahı dağıdıcı silahlardan qətiyyən geridə qalmır. Odur ki, indiki şəraitdə dövlətlər öz informasiya sistemlərini qoruyub saxlamaqla düşmənin informasiya sistemini dağıtmağa çalışırlar.

Etiraf edək ki, əvvəllər informasiya müharibəsində biz çox vaxt ermənilərə uduzurduq. Bu o demək deyil ki, ermənilər təbliğatda bizdən güclü idilər, sadəcə biz zəif idik, həm də operativ deyildik. Uzun illər  xaricdə məskunlaşmış həmvətənlərinin köməyi onların təbliğat işinə yarıyırdı. Bizim dünyaya çıxan təbliğatımız isə  son 15-20 ildə formalaşmağa başladı.   

Hansı ölkəyə ayağı dəyirsə, erməni mütləq orada öz varlıqlarını gözə soxmağa çalışır. Uzağa getməyək, 2018-ci ildə Fransanın Desin-Şarpio şəhərində "Fransada Artsax (Qarabağ) günləri" keçirərək, Qarabağ haqqında film nümayiş etdirdi. Ermənistanın  "All Armenia" informasiya agentliyi  yalan-doğru belə bir informasiya yaydı ki, ABŞ-ın Kaliforniya ştatının Qlendeyl şəhərində küçələrdən birinə Artsax (Qarabağ) adının verilməsi razılaşdırılıb. Üzdə özünü bizə dost kimi təqdim edən qonşu İranda küçələrdən biri Azərbaycan türkünü qətlə yetirən Andranikin adını daşıyır.

Bu gün isə Ermənistan sosial şəbəkələrdə hay salır ki, Azərbaycan Qarabağda onların hüquqlarını pozur. Və bu barədə beynəlxalq təşkilatlara kömək üçün müraciət edir. "Aze Voice"nin ("Azərbaycanın səsi") məlumatına görə, qondarma respublikanın qondarma xarici işlər naziri Masis Mayılyan beynəlxalq təşkilatlara göndərdiyi məktubda yazır ki, guya Azərbaycan hökuməti onları blokadaya alıb və insan hüquqlarını pozur. Ağ yalan! Qışqıra-qışqıra danışmaq, yalan uydurmaq bu xalqın xislətindədir. Bəs bir milyon azərbaycanlı qaçqın və köçkünün hüquqlarını kim pozub? Yeri gəlmişkən, qeyd edək ki, həmin qondarma nazir keçən ilin yanvarında "RusArminfo"ya müsahibəsində demişdi ki, "Artsax" heç bir şəraitdə Azərbaycanın tərkibində ola bilməz.

Əminliklə demək olar ki, artıq bu gün Azərbaycan informasiya müharibəsində Ermənistanı üstələməyə başlayıb. Xüsusilə də 44 günlük müharibədə əldə olunan böyük qələbədən sonra beynəlxalq təşkilatların, aparıcı dövlətlərin Azərbaycana münasibəti müsbət mənada xeyli dəyişib. Biz bunu dünyada  Xocalı soyqırımının builki anım mərasimlərinin fərqli qaydada keçirilməsi zamanı da gördük. Bir nümunəyə diqqət yetirək. Yaponiyada Tokio sakinlərinə üzərində "Xocalıya ədalət" yazılmış tibbi maskalar paylanılıb. Hətta düşmən ölkənin özündə də Xocalı soyqırımını pisləyən açıq gözlü, hadisələrə düzgün qiymət verən insanlar var. Onlardan biri də erməni yazıçısı Anna Rayatyandır. Onun Xocalı soyqırımı barədə dedikləri Ermənistanı şoka salıb: "Xocalı soyqırımı olub və  bunun üçün quldurlar cavab verməlidirlər. Onlar əsgər deyillər, cinayətkar və qatildirlər: Levon  Ter-Petrosyan, Vazgen Sarkisyan, Robert Koçaryan. Onların hamısı uşaq və qadın qatilləridir". O həmçinin deyib ki, Qarabağda azərbaycanlılara qarşı törədilən vəhşiliklərə görə bir erməni olduğu üçün utanır.

Heydər Əliyev Fondunun  vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə  2008-ci ildən təşkil olunan "Xocalıya ədalət" beynəlxalq kampaniyası soyqırımın dünyada  tanınmasında çox böyük işlər görür. Aparılan məqsədyönlü təbliğatın nəticəsi olaraq Xocalı soyqırımını artıq 18 ölkə tanıyır.

Yaxşı deyiblər, qalibi mühakimə etmirlər. İkinci Qarabağ müharibəsindəki müzəffər qələbədən sonra dünya Azərbaycanın haqq səsini eşitməyə başlayır. Təsadüfi deyil ki, indi Ermənistanın böyük qardaşı Rusiyanın siyasi elitasının bəzi nümayəndələri də mətbuat səhifələrində, telekanallarda, internet saytlarında Azərbaycanın tarixi qələbəsini alqışlayır, haqqı müdafiə edirlər.

Maksim Şevçenko (jurnalist, politoloq): "Azərbaycan xalqı Ermənistan tərəfindən təxminən 30 il əvvəl işğal olunmuş Qarabağ torpaqlarını azad etdi. Azərbaycan bu müharibədə ədalətli qələbə qazandı. İkinci Qarabağ müharibəsində Azərbaycanın Böyük qələbəsi bəşəriyyətin tarixini dəyişəcək".

İqor Korotçenko (Rusiyada nəşr olunan "Milli müdafiə" jurnalının baş redaktoru): "Düşünürəm ki, bu gün heç kimin Qarabağın sahibi olması ilə bağlı xəyalları yoxdur. Qarabağ bölgəsi Azərbaycanın bir hissəsidir. Dağlıq Qarabağın hər hansı statusundan söhbət gedə bilməz. Azərbaycan üçün Qarabağın inkişafı əsas milli prioritetlərdən biridir".

Aleksandr Perenjiyev (rusiyalı politoloq):  "Azərbaycan tərəfdən Ermənistana heç bir təcavüz olmayıb. Əksinə, Ermənistan Azərbaycnın torpaqlarını işğal edib. Azərbaycan çalışır ki, Ermənistan tərəfindən işğal olunmuş torpaqları azad etsin. Həqiqət Azərbaycanın tərəfindədir".

Sergey Markov (Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq): "Qarabağdakı qondarma rejimin bayrağının Rusiya Müdafiə Nazirliyinin saytında nümayiş olunması qəbuledilmızdir".

Yevgeni Mixaylov (Beynəlxalq münaqişələr üzrə ekspert): "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi artıq işlədilməməlidir. Qarabağ Azərbaycandır və nida!"

Baxmayaraq ki, dünya Azərbaycanın Vətən müharibəsindəki qələbəsinə haqq qazandırır, yenə də Ermənistanda separatçı qüvvələr Üçüncü Qarabağ müharibəsindən danışır və "Artsax"ın (Qarabağın) "işğaldan" azad edilməsini prioritet məsələlərdən biri olduğunu deyirlər. "Qalanews" xəbər portalı erməni generalı Arşavir Qaramanyanın Feysbuk vasitəsilə erməni xalqına ünvanladığı müraciəti yayıb: "Əziz dünyada yaşayan ermənilər, bugünkü siyasi gücün qeyri-milli və dövlət əleyhinə idarəçiliyi sayəsində biz Qarabağı itirdik. Artıq yeni müharibəyə başlamaq lazımdlr. Qarabağdakı ermənilər bu müharibəyə hazırdırlar". Generalın bu statusu heç də birmənalı qarşılanmayıb. Müraciətə yazılmış şərhlərdə generalla razılaşmayanlar, ordunun yoxluğu barədə fikir söyləyənlər, hətta təhqiramiz sözlər yazanlar az deyil. Armen Lalayan adlı erməni lap baltanı kökündən vurub: "Hansı ordu? Sizin təriflədiyiniz o ordu cəmi 44 günə hər yeri təhvil verdi. Əgər rus olmasaydı, Azərbaycan əsgəri İrəvana qədər gələcəkdi".

Mütəxəssislərin qənaətincə, təbliğat və kommunikasiya hərbi strategiyanın bir hissəsidir. Müasir müharibə əvvəlki illərin müharibəsindən seçilir. Döyüş əməliyyatları ilə yanaşı, informasiya savaşına da diqqət xeyli artıb. Düşmən tərəfin bəzən elə informasiyaları olur ki, onu qarşı tərəf geniş yaymalı olur, çünki onlar özləri həmin informasiyanı ya silir, ya da yayılmasının qarşısını alır. Məsələn, bu ilin mart ayında Ermənistan vətəndəşı İsxan Verdiyan özünün Feysbuk səhifəsində Prezident İlham Əliyevə müraciət yerləşdirib. O müraciətdə prezidentin diqqətinə çatdırılır ki, Robert Koçaryan və Serj Sarkisyan Azərbaycan vətəndaşıdırlar, onlar özləri üçün ənənəvi banditizm metodları ilə hərəkət edərək Azərbaycana və Ermənistana ziyan vurmaqda davam edirlər. Verdiyan Prezident İlham Əliyevdən xahiş edir ki, onların Azərbaycana ekstradisiyası üçün bütün zəruri tədbirlər görsün.

Hazırda Ermənistanda vəziyyət ağırdır, xaos bütün ölkəni bürüyüb. İstər baş nazir Nikol Paşinyan, istərsə də onun kreslosuna göz dikənlər vəziyyətdən çıxış yolu tapa bilmirlər. Heç Soros da kömək əlini uzatmır.

Bu yazını isə  professor Qulu Məhərrəmlinin bəhs etdiyimiz mövzu ilə bağlı fikrini diqqətə çatdırmaqla yekunlaşdırıram: "Göründüyü kimi, müasir texnoloji vasitələr mürəkkəb və çox dəqiq işlənmiş informasiya müharibəsi aparmağa imkan verir. Yalnız bu vasitələrə mükəmməl yiyələnmiş dövlətlər onları çevik təbliğat texnologiyaları ilə birləşdirərək uğurlu informasiya müharibəsi apara, özlərini hər cür psixoloji hücumlardan müdafiə edə və milli təhlükəsizliklərini qoruya bilərlər".

Akif RÜSTƏMOV

<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.