525.Az

Mehriban Vəliyeva: "Ənənəvi təhsilə keçirilərsə..."

[08.04.21]
Mehriban Vəliyeva: "Ənənəvi təhsilə keçirilərsə..."<b style="color:red"></b>

"Əgər distant təhsil davam edərsə, yəqin ki, əmrə əsasən, onlayn məktəbdaxili qiymətləndirmə dərs ilinin sonunda da həyata keçiriləcək".

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva deyib. Onun sözlərinə görə, ənənəvi təhsilə keçirilərsə, onda Təhsil Nazirliyinin müvafiq qərarı və əmrləri olacaq: "Qiymətləndirmə də buna uyğun olaraq həyata keçiriləcək. Qiymətləndirmə çox vacib məsələdir. O zaman problemlər yarandı, buna etiraz edənlər oldu ki, qiymətləndirmə keçirilməsin. Amma qiymətləndirmə mövcud vəziyyəti dəyərləndirmək deməkdir. Bunsuz biz harda olduğumuzu ölçə bilməzdik. Düzdür, burada da obyektiv və subyektiv səbəblər oldu, amma bu, çox mühüm məsələdir və düşünürəm ki, qiymətləndirmə olacaq".

O, əlavə edib ki, distant təhsil heç vaxt əyani təhsili əvəz edə bilməz. Çünki emosional öyrənmə mühiti deyilən bir anlayış var: "Göz təması, ünsiyyət, yanaşma - hamısı vacib məqamlardır. Hər gün şagirdin səhər qalxıb məktəbə getmə vərdişi, məktəbdə ünsiyyətdə olması, idman dərsləri hamısı sağlamlıqdır. Sağlam psixoloji mühitin formalaşması bu prosesdə baş verir. Amma təəssüf ki, indi  şagirdlərimiz dörd çərçivə içərisindədir. Uşaqlar yataqdaca dərsə qoşulurlar. Bu, sağlamlığa, psixoloji duruma da  təsirini göstərəcək".

M.Vəliyeva qeyd edib ki, ünsiyyət prosesi əsas məsələlərdən biridir: "Öyrənmə ünsiyyət prosesi məqamında baş verir. Şagirdlər təmasa və ünsiyyətə ehtiyac duyurlar".

BŞTİ müdiri qeyd edib ki, distant təhsilin də üstün cəhətləri var: "Distant təhsilin müxtəlif materialların çevik mənimsənilməsində üstün cəhəti var. Bundan başqa, iqtisadi səmərəlilik məsələsi var. Sağlamlığı məhdud insanların distant təhsildən istifadə imkanları bu təhsilin üstün cəhətidir".

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.