525.Az

"Uşaq pulu" veririkmi? - Münasibət

[07.04.21]
"Uşaq pulu" veririkmi? - <b style="color:red">Münasibət</b>

Cəmiyyətdə son illər müzakirəsi səngimək bilməyən mövzulardan biri də uşaq pulu məsələsidir.

Bu mövzu istər ayrı-ayrı iqtisadçılar, istərsə də cəmiyyətin ən fərqli təbəqələri tərəfindən davamlı olaraq müzakirəyə çıxarılır, uşaqlara pul formasında təminatdan bəhs edilir. Mənbəyi qeyri-müəyyən olan təşviqatın haradan və hansı niyyətlə aparıldığını bəzən kəsdirmək də çətin olur. Əks fikir səsləndirənlər isə, həssas məqam və mövzudur deyə, bir qayda olaraq hücumlara məruz qalırlar.

Bəs həqiqətən ölkədə uşaqlar təminatsız qalıbmı və bununla bağlı dövlətin heç bir dəstək mexanizmi yoxdurmu? Sosial müdafiə sahəsinə yad olan kəsimlər dərhal qısa yol seçərək, öz anlayışları səviyyəsində uşaqların təminatsız qaldığı düşüncəsinə varırlar. Amma qanunvericiliyə istinad etsək, mənzərənin reallıqda fərqli olduğunu görərik. Ən azından ona görə ki, dövlətin xüsusilə aztəminatlı ailələrə yönəlik ünvanlı sosial yardım mexanizmi var.

Bu gün hər azyaşlı uşağa görə ehtiyac meyarı həddində 170 manat sosial yardım verildiyini bilirikmi? Və bu, necə hesablanır? İnsanlar bu yardımı hansı hallarda ala bilirlər? Gəlin bu məsələyə nəzər yetirək.

Tutaq ki, dörd nəfərdən ibarət ailədir - ata, ana və iki azyaşlı uşaq. Qanunvericiliyə əsasən, 1 yanvar 2021-ci ildən etibarən 4 nəfərlik ailənin ehtiyac meyarı 680 manat həddində (170 manat x 4) müəyyənləşdirilib. Ailə başçısı olan atanın gəliri 680 manatdan aşağıdırsa, həmin fərqi dövlət sosial yardım formasında ödəyir. Və ya başqa bir izahla qeyd etsək, ailədə atanın gəliri minimum əməkhaqqı çərçivəsində 250 manatdırsa, 680 manatdan onun fərqi çıxılaraq 430 manat məbləğində həmin ailəyə sosial yardım ödənilir.

Yaxud başqa bir nümunə: Bu dəfə 5 nəfərlik ailəyə nəzərə yetirək. Ata, ana və üç azyaşlı uşaq. Bu ailədəki nümunədə ailənin gəliri (atanın və ya ananın timsalında) isə 350 manat təşkil edir. 5 nəfərlik ailə üzvlərinə ümumilikdə ehtiyac meyarı 850 manat (170 manat x 5) təşkil etdiyindən, həmin ailəyə 500 manat (850 manat - 350 manat) ətrafında sosial yardım ödənilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin açıqladığı sonuncu rəqəmlərə əsasən, ölkəmizdə 330 min ailə üzvü bu formada yardım əldə edir.

Bəs ailə başçılarından ata və ananın hər ikisinin işləmədiyi halda, dövlətin dəstək təminatı necə olur? Bu halda, digər yardım mexanizmi - məşğulluq xidməti təqdim edilir. Məşğulluq xidməti vasitəsi ilə iş tapan ailə başçısı həm öz gəlirini təmin edir, həm də ünvanlı dövlət sosial yardımı üçün müraciət etmək hüququ qazanır.

Bəs başqa hansı vasitə ilə uşaqlara pul verilir? Bu gün dövlətin sosial siyasəti çərçivəsində ünvanlı dövlət sosial yardımdan əlavə, bir neçə növ uşaqlara yardım mexanizmi də mövcuddur. Sağlamlıq imkanları məhdud uşaqlara ödənilən sosial müavinətlər, ailə başçısını itirən uşaqlara əmək pensiyası və ya sosial müavinətlər, beşdən çox uşağı olan qadınların uşaqlarına ödənilən sosial müavinətlər, müddətli həqiqi hərbi xidmət qulluqçuların uşaqlarına ödənilən müavinətlər, yeni doğulan uşaqlara ödənilən birdəfəlik müavinətlər, işləyən analara sosial məzuniyyət müddətində 3 yaşadək uşağa qulluqla əlaqədar ödənilən müavinətlər və s. Toplamda bu kimi ödənişlərin əhatə etdiyi uşaqların sayı 565 mindən çoxdur.

Maraqlıdır ki, sadalanan bu dəstək mexanizmləri mövcud olduğu halda cəmiyyətdə onların təkmilləşdirilməsindən heç bir halda söhbət açılmır, heç kim aztəminatlı ailələrə verilən sosial yardımla bağlı təminatın inkişaf trayektoriyasını göstərmir, tutarlı səbəblər gətirib daha səmərəli mexanizm qurmaq lazım olduğunu nümayiş etdirmir, müzakirəyə çıxarmır, buna cəhd etmir, həvəs göstərmir. Sadəcə daha rahat formanı seçərək, hay-küy salmağa üstünlük verir, bu yolla cəmiyyətin hissləri ilə oynayır, "uşaq pulu" adı altında öz gizli, heç kəsə məlum olmayan niyyətlərinə çatmağa çalışırlar.

Bütövlükdə sosial müdafiə sahəsində müsbət tendensiya 2019-cu ilin əvvəlindən etibarən baş tutur. Əhalinin böyük kəsimini əhatə edən əmək pensiyaçılarının təminatı, eləcə də sosial müavinət alanların təminatında ciddi artımların baş verməsi buna nümunədir. Bundan əlavə, bu xidmətlərin göstərilməsi zamanı "DOST konsepsiyası"nın mövcudluğu insanların sözügedən təminatlar əlçatanlığını daha da artırır. Bu yaxınlarda açılışı həyata keçirilən 4 saylı Bakı DOST mərkəzi ilə artıq 1 milyon nəfərdən çox vətəndaşa sosial müdafiə sahəsində xidmət göstərmək imkanı yaradılıb.

Bu gün ölkəmizdə sosial müdafiə sahəsində işlər gərgin əməyin nəticəsində uğurla davam etdirilir. Artıq dövlət başçısının humanist istəyini reallaşdıran çevik idarəetmə və mexanizm formalaşdırılıb. Bu prosesdə inkişafa töhfə vermək istəyən hər kəsə, düşünülmüş, məntiqli təklif verən hər bir cəmiyyət üzvünə qapı hər zaman açıqdır. Fitnə-fəsad yaratmaq niyyəti isə həmişə uğursuzluğa məhkum olan cəhddir.

NİHAN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.