525.Az

"Qələbədən sonra Amerikada Azərbaycanı daha çox tanımağa başladılar"

AMERİKADA İŞLƏYƏN AZƏRBAYCANLI CƏRRAH TOĞRUL TALIŞİNSKİ: "DÖVLƏTİMİZƏ VƏ VƏTƏNDAŞLARIMIZA XİDMƏT ETMƏK MƏNİM ÜÇÜN FƏXR OLARDI"


[07.04.21]
"Qələbədən sonra Amerikada Azərbaycanı daha çox tanımağa başladılar"<b style="color:red"></b>

Dünyanın istənilən yerində dərin elmi biliyi və təcrübəsi ilə fərqlənən mütəxəssis həkimlər haqqında eşidəndə insan həm təəccüblənir, həm də qibtə edir.

Səsi okeanın o tayından gələn, elmi bacarıqları ilə Amerika kimi dünya nəhəngi bir ölkədə fərqlənməyi bacaran həkimlərdən biri də həmyerlimiz cərrah Toğrul Talışinskidir.

20 ildən çoxdur Amerikada yaşayan mütəxəssis bu yaxınlarda Amerikanın "ST.Joseph's Health" xəstəxanasında Robotik/Minimal İnvaziv Cərrahiyyə bölməsinin direktoru təyin edilib.

Hələ illər öncədən böyük uğurlar əldə edən həmyerlimizi daha yaxından tanımaq və tanıtmaq niyyəti ilə onu bizimlə söhbətə razı sala bildik. 

- Əvvəla, göstərilən bu böyük etimad münasibətilə sizi təbrik edirik. Belə bir məsul vəzifəyə təynatınıza bir azərbaycanlı kimi çox sevindik. İstərdik, söhbətə oxuculara özünüz haqda, qısa da olsa, məlumatla başlayaq.

- Mən ilk dəfədir belə müsahibə verirəm. Fürsətdən istifadə edib sizi və bütün kollektivinizi, eləcə də sizin bütün oxucularınızı və bütün xalqımızı Vətən müharibəsindəki qələbəmiz münasibətilə təbrik etmək istəyirəm. Mən 20 ildən çoxdur, Amerikada yaşayıram. Buna baxmayaraq, ölkəmizlə daimi əlaqələrim var, Vətənim üçün hər zaman əlimdən gələni etməyə çalışmışam. Həmçinin, Vətən müharibəsi dövründə də bacardığımı etməyə cəhd göstərmişəm. Söhbətdən çox kənar çıxmaq istəmirəm. Ancaq qeyd etmək istəyirəm ki, mənim burada işləməyim, buradakı rahat və qürurlu yaşamağım Vətən müharibəsində həlak olan şəhidlərimizin qanı bahasına başa gəlib. Bunu bilmək, anlamaq mənim üçün çox böyük dəyərdir.

Mən ümumi cərraham. İlk dəfə Amerikada bakalavr pilləsi üzrə təqaüd qazanaraq dörd il təhsil almışam. Ondan sonra burada 4 il müddətinə Tibb Universitetini bitirdim. Daha sonra üç pillədən ibarət Amerika Birləşmiş Ştatlarının Tibdə Lisenziya imtahanı (USMLE) adlanan imtahanı verdim. Ümumi cərrahiyyə üzrə Nyu-York Universitetində uzmanlıq qazandım və 5 il də təhsilimi bu yöndə davam etdirdim. Uzmanlıq qazanandan sonra 1 il Miçiqan Universitetində cərrahiyyə-reanimasiya üzrə təhsil aldım. Bu zaman həm ümumi cərrahiyyə, həm də cərrahiyyə-reanimasiya üzrə sertifikat aldım. Bu o deməkdir ki, dövlət sizə adıçəkilən iki sahə üzrə də işləmək üçün icazə diplomu verir. Bundan sonra daha bir təlimə qoşuldum. Bu isə Minimal İnvaziv Bariatrik Cərrahiyyə üzrə bir illik təlim idi. Təlimi bitirdikdən sonra 5 il ümumi və bariatrik cərrah kimi "ackensack University Medical Center"də çalışdım. 2009-cu ildə Nyu-Yorkdakı "Medical Collage Sound Shore Medical Center"da rezidenturanı başa vuraraq cərrahiyyə üzrə internatura məzunu adına layiq görüldüm.

- Bildiyimiz qədəri ilə icra olunmayan əməliyyatın tətbiqinə görə də fərqlənmisiniz. Bir az da bu haqda məlumat verərdiniz.

- Mənim işim ümumi cərrahiyyəni minimal invaziv, lazım olarsa laporoskopik, yaxud robotik üsulla həyata keçirməkdən ibarətdir. Bariatrik cərrahiyyə dedikdə metobolik cərrahiyyə nəzərdə tutulur. Buraya mədə kiçiltmə kimi proseslər aiddir. Əlavə olaraq, reflüks cərrahiyyəsi də var ki, bu, mədə turşuluğunun qarşısını almaq üçündür. Qeyd edim ki, bu əməliyyatların başqa növü də var. Nəinki laproskopik, həm də endoskopik cərrahiyyə. Bu, reflüks dediyimiz əməliyyatın tamamilə tikişsiz, əməliyyat izi olmadan edilən növüdür. Tam sərbəst olaraq 6-7 ildir, cərrahiyyə ilə məşğulam. Amerikada cərrah olmaq üçün uzun müddət vaxt sərf etməli olursan.

- Uzun  illərdir, xaricdə, həm də çox çətin və məsuliyyətli bir sahədə çalışırsınız. Uğurlu fəaliyyətinizlə həm də ölkəmizin təbliğatını aparmış olursunuz.  Bir azərbaycanlı kimi, xüsusilə Vətən müharibəsindəki qələbəmizdən sonra orada sizə qarşı münasibət və hissləriniz necə oldu?

- Belə deyim, ilk dəfə Amerikaya gələndən indiki vəziyyətlə böyük bir fərq vardı. Yəni ilk dəfə gələrkən Azərbaycan deyəndə demək olar ki, heç bir münasibət yox idi, çünki tanımırdılar. Həmişə soruşanlara başa salmağa çalışırdım ki, Vətənim hansı ölkənin yanında yerləşir, yaxud qitən hansıdır, qonşuların kimdir və s. Ancaq təbii ki, son 5-10 il ərzində bu situasiya müsbətə doğru çox dəyişib. Azərbaycan inkişaf edib beynəlxalq arenalara çıxdıqca, uğurları artdıqca, daha çox tanınmağa başlayıb. Lakin sirr deyil ki, qələbəmizdən sonra burada Azərbaycanı daha çox tanımağa başladılar. Bu, çox sevindiricidir. Kimsə gəlib soruşanda ki, "Sən kimsən, nəçisən, vətənin haradır?" mən şad oluram və həqiqətən azərbaycanlı olduğumu deməkdən qürur duyuram. Həm də biləndə ki, azərbaycanlı olaraq bu qədər yolu təkbaşına qət edib, pillə-pillə uğura addımlamısan və ölkəni elminlə təmsil edirsən, insana çox xoş olur. Bu cür təbliğat daha rahat və təbii çıxır.

- İndi kifayət qədər gənclərimiz var ki, tibb sahəsində oxuyurlar. Peşəkar biri kimi bu gənclərə məsləhətiniz və mesajınız nə olardı?

- Qeyd etdiyim kimi, Azərbaycanla mənim əlaqələrim çox sıxdır. Oradan çoxlu gənclər mənə məktublar yazıb suallar verirlər. Onlara maraqlıdır ki, mən necə gəlib bu yerlərə çatdım. Mən əlimdən gələni edib öz məsləhətlərimi verirəm. ABŞ-a yeni gələndə heç kimdən heç nə soruşmaq imkanım yox idi, ümumən imkanlar çox məhdud idi. Mən hansı qapını döyəcəyimi, hansı imtahanı verəcəyimi bilmirdim. İndi isə hər şey fərqlidir, daha rahatdır. O baxımdan, öz biliklərimi nə qədər lazımdırsa, gənclərlə bölüşməyə çalışıram. Məncə, təhsili hər yerdə davam etdirmək lazımdır. Təhsil belə bir şeydir ki, dayansaq və öyrənməsək, heç nə alınmır. Belə deyim, irəli getmiriksə, geriyə gedəcəyik. Əgər bu gün yeni bir şey öyrənmədinsə, geri qalacaqsan. Mənim bütün ailəm tibb sahəsindədir - anam, atam, qardaşım. Onların Azərbaycan tibb təhsili və tibb sahəsində zəhməti çox böyükdür. Atam burun-boğaz, qulaq cərrahıdır, anam immunopatoloqdur. Valideynlərim Azərbaycan Tibb Universitetində uzun illərdir dərs verirlər, gəncləri yetişdirirlər. Gənclərə mesajım odur ki, ancaq öz üzərlərində işləməli, böyük zəhmət çəkməli, qarşılarına məqsəd qoymalıdırlar. Azərbaycan gəncləri çox istedadlı gənclərdir, inanıram ki, onları hansı sahəyə yönəltsək, o sahənin gözəl mütəxəssisi olacaqlar.

- Hər iki ölkənin tibb sahəsini müqayisə etsək, kifayət qədər çoxlu fərqlər var. Əsas fərqləri nədə görürsünüz?

- Təbii ki, bizdə və buradakı bütün sistem tamamilə fərqlidir. Mən yalnız həkimlərin iş keyfiyyəti barədə yox, bütün səhiyyə sistemi barədə danışıram. Misal üçün, mənim çalışdığım Nyu-York xəstəxanası çox böyükdür. Burada xəstəxananın içində bir şöbədən başqasına getmək üçün 20 dəqiqə gəzmək lazımdır. Bu xəstəxanaların çox böyk tibbi potensialı, imkanları var. Yəni tək həkim fərqi ilə yanaşmaq düzgün deyil. Bu, təhsildən başlayaraq sığortadan keçən və insanların yanaşmasına qədər böyük bir sistemi təşkil edir. Hər şeyin dəyişməsinin tək cavabı isə elmdir. Gərək öz elmimizə münasibətimizi dəyişək, qədrini bilək. Əsas addım budur. Elmə nə qədər çox üstünlük versək, hər şey o qədər yaxşı olacaq - həm keyfyyət, həm insanlıq baxımından.

- Nə zamansa geri dönüb ölkəmizdə bir peşəkar kimi fəaliyyət göstərməyi nəzərdə tutursunuzmu?

- Ötən il koronavirus pandemiyasından öncə Bakıda Tariel həkimin təşkil etdiyi  Beynəlxalq Bariatrik konfrans keçirilmişdi, məni də dəvət etmişdi. Mən də çox sevinclə gəlib çıxış etmişdim. Təbii ki, mənim biliyimi özümdə saxlamağımın heç bir mənası yoxdur. Mən də azərbaycanlıyam. Burada təhsil almışam, ancaq təbii ki, azərbaycanlı kimi hər zaman ölkəmə qulluq etmək istəyirəm. Bu qulluğun da öz növləri var. Misal üçün, çalışmalıyıq ölkəmizdən gəncləri gətirib burada yetişdirək, yaxud lazım olduqca gəlib Azərbaycan xəstəxanalarında işləyək və s. Bu proseslər hələ ki, davam edir. Gələcəkdə nə olacağını demək çətindir. Ancaq təbii ki, dövlətimizə, vətəndaşlarımıza xidmət etmək mənim üçün fəxr olardı.

Afaq RZA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.