525.Az

"Şəhidlərimiz haqqında keçmiş zamanda danışmaq adama ağır gəlir"

ŞƏHİDLƏRİMİZİN VİKİPEDİYASINI TOPLAYAN ORXAN CUVARLI: "ƏN ÇOX MƏYUS OLDUĞUM CÜMLƏ AİLƏLİ ŞƏHİDLƏRİMİZİN NEÇƏ ÖVLADININ YADİGAR QALDIĞINI QEYD ETMƏKDİR"


[07.04.21]
"Şəhidlərimiz haqqında keçmiş zamanda danışmaq adama ağır gəlir"<b style="color:red"></b>

44 günlük Vətən müharibəsi günlərində həm ön cəbhədə, həm də informasiya sahəsində, xüsusilə azərbaycanlı gənclərin şücaətinin, mübarizəsinin şahidi olduq. Hər kəs öz bacardığı yollarla bu müqəddəs amal uğrunda əmək sərf edirdi.

Müharibədən aylar keçməsinə baxmayaraq, hələ də gənclərin könüllü mübarizəsinin şahidi oluruq. Əsas təşəbbüslər isə doğru olaraq informasiya cəbhəsində toplanıb. Çünki tam, əhatəli və doğru informasiya özü ən böyük silahdır. Bizə qanları, canları bahasına qələbə sevinci yaşadan, qalib edən şəhidlərimizin xatirəsi ilə bağlı ən gözəl və lazımi təşəbbüslərdən biri də azərbaycanlı gənc jurnalist Orxan Cuvarlı tərəfindən edilib. Artıq bir neçə aydır, Orxan Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün onların hər biri haqqında Vikipediya informasiya platformasında ensiklopediyasını formalaşdırır. Qəlbində hər zaman böyük bir  Vətən, millət, xalq sevgisi gəzdirən və harada olmasından asılı olmayaraq, öz fəaliyyət sahəsində mübarizə aparan gənc həmvətənimizi daha yaxından tanıyaq.

Qeyd edək ki, Orxan Ramin oğlu Cuvarlının 27 yaşı var. Yazar, jurnalist, media araşdırmaçısıdır. Hazırda xaricdə yaşayır. Özünün dediyi kimi, araşdırmaq, yazmaq, yaratmaq və bölüşmək onun ən sevimli məşğuliyyətidir.

Orxan Cuvarlı ilə söhbətimizi təqdim edirik. 

- Hazırda internetdə bir çox informasiya bazası toplama və çatdırma platformaları var. Nə üçün səndə şəhidlərimiz haqqında məhz Vikipediya bazası formalaşdırmaq istəyi yarandı?

- Bir təşəbbüsə başlayanda mövcud şərtləri və hədəf qrupunu düzgün müəyyənləşdirmək lazımdır. Vikipediya təkcə Azərbaycanda yox, dünyada da yayğındır və Azərbaycan oxucusu üçün yad platforma deyil. Bu platformanın digərlərindən üstünlüyü də məhz budur. Bu platforma açıq ensiklopediya şəklindədir və ən əsası, burada məqalələri başqa dillərdə yaymaqla daha geniş oxucu kütləsinə, beynəlxalq oxuculara da çatmaq mümkündür. Vikipediya alqoritmləri baxımından da daha təkmildir. Məsələn, artıq bazada məqaləsi mövcud olan şəhidlərimizin ad və soyadlarını axtarış sistemlərində yazdığımız zaman ilk sıralarda onlar haqqında Vikipediya olan məqalələri görünür.

- Araşdırmaçı jurnalist kimi Vikipediya, yaxud digər platformalarda əvvəllər belə bir təcrübən olubmu?

- Yox. Sözün düzü, maraq dairəmdən uzaq olub. Vətən müharibəsindəki şəhidlərimiz arasında uşaqlıq dostlarım, hazırlıq yoldaşım və əmioğlum da var idi. Üçtərəfli bəyanatın ardından sosial şəbəkələrdə şəhidlərimiz haqqında pərakəndə paylaşımlar qarşıma çıxırdı. Bir neçə gün bu paylaşımların verdiyi pis ovqatla yaşadım. Artıq yəqin etmişdim ki, şəhidlərimizlə bağlı bir təşəbbüsüm olmalıdır, məni ancaq bu istiqamətdə bir fəaliyyət özümə gətirə, əhval-ruhiyyəmi yaxşılaşdıra bilər. İlk dəfə bu arzumu dekabrın 7-də Tvitter sosial şəbəkəsindəki şəxsi hesabımdan elan etdim:

"Diqqət!

Könüllü olaraq şəhidlərimizin Vikipediya səhifəsinin yaradılmasına lazım olan bütün mətnlərin yazılmasını, redaktəsini və yerləşdirilməsini öz öhdəmə götürürəm. Avtobioqrafik məlumatlar verə biləcək bir şəhid yaxını bəsdir mənə. Maksimum paylaşaq zəhmət olmasa".

Paylaşımım belə idi. İkinci Qarabağ müharibəsi dövründə Tvitter xalqımız üçün fərqli bir sosial şəbəkəyə çevrilmişdi. Həmin dövrdə bu elanı məhz orada yaymağım da daha çox insanla ünsiyyətdə olmaq məqsədi daşıyırdı. Düşündüyüm kimi də oldu. Qısa müddət ərzində müraciətim yüzlərlə istifadəçi tərəfindən paylaşıldı, şəhid yaxınları şəxsi əlaqə ünvanlarımdan mənə yazmağa başladılar.

- Bu təşəbbüsü həyata keçirmək kifayət qədər zəhmət və material tələb edir. Materialların sistemləşdirilməsi çətin olmurdu ki?

- Onda hələ medallar təsis olunmamışdı, məlumatlar daha çox pərakəndə idi. Məhz şəhid yaxınları ilə əlaqə qurmaq istəyim də bu bilgi kirliliyinin qarşısını almaq məqsədi daşıyırdı. Bir insanı onun yaxınlarından yaxşı kim tanıya bilər ki? Ona görə də şəhid yaxınları bu mənada mənə çox yardım etdilər. İlk günlərdə şəxsi işlərimi bir kənara qoyub bu işə daha çox vaxt ayırmağa başladım. Bir neçə gün ərzində 50-yə yaxın məqaləni sistemləşdirmişdim və fəaliyyətim belə başladı.

- Bildiyim qədərilə bu məqalələri tək hazırlayırsan. Ölkəmizdə həm də Vikipediya materiallarını formalaşdıran bir viki icma var. Səncə, bu icmanın əməkdaşları ilə köməkləşərək işləri sürətləndirib daha mütəşəkkil hala gətirmək olarmı? Ümumiyyətlə, onlardan sənin bu təşəbbüsünə reaksiyası olubmu?

- Üç aya yaxındır, tək fəaliyyət göstərirəm. Amma ilk başladığım vaxtlarda kömək istədiyim şəxslər olub. Təxminən bir ay təcrübəli həmkarlarla bərabər çalışdıq. Sonralar mənə gələn müraciətlər o qədər artdı ki, tək fəaliyyət göstərməyə başladım. Viki icmada bu istiqamətdə fəaliyyət göstərən tək şəxs mən deyiləm. Burada çox dəyərli və təcrübəli həmkarlarım var. Mən onlara da minnətdaram. Hazırda 1700 nəfərə yaxın Vətən müharibəsi şəhidinin Vikipediya məqaləsi yaradılıb. Bunları biz koordinasiyalı şəkildə işləyərək ərsəyə gətirmişik. Vikipediya açıq ensiklopediya olduğu üçün orada hər kəs məqalə yarada bilir. Bizim əsas məqsədimiz bu məqalələrin ensiklopedik üslubda və göz oxşayan formada hazırlanmasına töhfə verməkdir. Biz hər birimiz bu işi könüllü formada, şövqlə, dərin ehtiramla görürük.

- Məlumatları tam hazır olan şəhidlərin məqalələrini digər dillərdə də təqdim etmək üçün bir fikrin varmı?

- Niyə də olmasın? Torpaqlarımızı işğaldan azad edərkən canından keçən bütün şəhidlərimizi nəinki Azərbaycan oxucusu, bütün dünya tanımalıdır. Onlar buna artıqlaması ilə layiqdirlər.

- Bəlkə bu işi könüllü görmək istəyən, ancaq xəbəri olmayan şəxslər də var. Təşəbbüskar kimi nəsə çağırış etmək istəyərsənmi?

- Bu, bir az könül məsələsidir. Vikipediya açıq ensiklopediyası hər kəsin üzünə açıq bir platformadır. Orada hər kəs qaydaları gözləməklə məqalə yarada bilər. Buna heç bir məhdudiyyət yoxdur. Sadəcə ensiklopedik şərtləri düzgün yerinə yetirmək lazımdır.

- Bu günə qədər neçə şəhid məqaləsi hazırlaya bilmisən?

 - Birbaşa və dolayı yolla 300 nəfərə yaxın şəhidimiz üçün məqalələrin yaradılmasında iştirak etmişəm. Bu rəqəm indiyə qədər Vətən müharibəsi şəhidlərimiz üçün yaradılan məqalələrin təxminən 20 faizinə bərabərdir. Fəaliyyətim hələ də davam edir. Əsas kimin nə qədər məqalə yaratmağı yox, prosesin davamlılığıdır. Yay aylarına kimi bu işin yekunlaşacağını düşünürəm. O zamana qədər bütün Vətən müharibəsi şəhidlərimiz üçün məqalə hazırlanmış olacaq.

- Kifayət qədər məsuliyyətli və mənəvi yükü ağır işdir. Məlumatlar toplandıqca şəhidlərin qəhrəmanlıq hekayələri ilə tanış olursan. Bu, səndə hansı hisslər yaradır?

- Mən bu təşəbbüsə başlamazdan qısa müddət əvvəl atamı itirmişdim. Ona görə də yaxın itkisi hissinin ağırlığını, nə olduğunu çox yaxşı bilirəm. Fəaliyyətim boyunca da bu hissin diktəsi altında çalışıram. Şəhidlərimiz haqqında yazılan hər cümlə insanı həm qürurlandırır, həm də məyus edir. Onlar haqqında keçmiş zamanda danışmaq adama ağır gəlir. Onların döyüş yolunu dinləyərkən, qələmə alarkən necə oğullar itirdiyimizi bir daha anlayıram. Şəhidlərimizin hamısı çox cəsur olublar, ölümün gözünə dik baxıblar, düşməndən çəkinməyiblər. Onlar son damla qanlarına qədər çox ürəklə, mərdcəsinə savaşıblar. Ən çox məyus olduğum cümlə isə ailəli şəhidlərimizin vəfatından sonra neçə övladlarının yadigar qaldığını qeyd etməyim olur.

Şəhidlərimiz sonsuz ehtirama layiqdirlər. Bizim hər birimiz bundan sonrakı ömrümüzü onların ailələrinə qayğı, diqqət göstərərək yaşamalıyıq. Biz bu gün qürur duya, fəxrlə işğaldan azad olunmuş torpaqlarımızdan danışa biliriksə, bu, onların canı, qanı hesabınadır. Hər birimiz öz sahəmizə uyğun formada şəhidlərimizin xatirəsini həmişə əziz tutmalıyıq. Nə xoş mənə ki, mən onların unudulmaması üçün zərrə qədər də olsa, nəsə bir töhfə verməyə çalışıram. Onların ailələri də çox məğrurdur. Bəzən bu iş müqabilində mənə ödəniş təklif edən şəhid yaxınları olub. Mən sadəcə dəhşətə gəlmişəm və onlara izah etməyə çalışmışam ki, borclu olan bizik, siz yox. Allah torpaqlarımız, azadlığımız uğrunda canından keçən bütün soydaşlarımıza rəhmət eləsin. Xalqımıza əbədi sülh və əmin-amanlıq, bəxtiyarlıq, sağlamlıq arzu edirəm. Diqqətinizə və müsahibəyə görə minnətdaram.

Afaq RZA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.