525.Az

"Kütlə absurd fikirləri trend etməyi sevir" - Sosial şəbəkələrdə parlayanlar

TVİTTER İSTİFADƏÇİSİ ƏZİZ ƏLİ: "ÖNƏMLİ PROBLEMLƏR ARXA PLANDA QALIB, ƏLAQƏSİZ MÖVZULARI MÜZAKİRƏ OBYEKTİNƏ ÇEVİRMİŞİK"


[07.04.21]
"Kütlə absurd fikirləri trend etməyi sevir" - <b style="color:red">Sosial şəbəkələrdə parlayanlar</b>

Rubrikamızın budəfəki  qonağı son zamanlar Tvitterdə məşhurlaşan Əziz Əlidir. Əziz hazırda ali təhsilini Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsində davam etdirir. Gələcəkdə Avropa ölkələrindən birində magistratura təhsili alıb, orada yaşamağı planlaşdırır.

Əzizlə söhbətə özünün də tez-tez toxunduğu mental məsələlərlə bağlı fikirlərini öyrənməklə başladıq. Həmsöhbətimiz bir tərəfdən mental dəyərlərə hörmət etməyin vacibliyini vurğuladı, digər tərəfdən gənclərin bu qaydalara uymağa məcbur olmadığını xatırlatdı. 

- "Filan şey mentalitetə ziddir, çox adam etmir, mən də etməyim", deyə düşünməməliyik. Hər kəs öz istədiyini edə bilər və başqaları da onu qınaya bilməz.

***

- Sosial mediada tanınmağınız Tvitter platforması vasitəsilə baş tutdu, paylaşımlarınızla istifadəçilərin diqqətini çəkməyi bacardınız. İlk dəfə bu işlə məşğul olanda bu dərəcədə tanınacağınızı gözləyirdinizmi?

- Açığı, tanınacağımı gözləmirdim. Bir il əvvəl karantin başlayan vaxtlarda Tvitteri yüklədim və bir neçə maraqlı fikirlər yazıb paylaşdım. Tez bir zamanda diqqət çəkdim, sürətlə izləyicilərim artmağa başladı və ilk atdığım tvitlər İnstaqramın böyük səhifələrində paylaşıldı. Bu isə məni daha da həvəsləndirdi.

- Hərdən cəmiyyətdə gedən bəzi proseslərə qarşı öz etirazınızı da bildirirsiniz. Sizə xoş gəlməyən daha çox hansı proseslərdir?

- Cəmiyyətimizdə problemlər çoxdur. Bu problemlərin ən önəmliləri arxa planda qalıb, biz isə əlaqəsiz problemləri müzakirə obyektinə çevirmişik. Halbuki "Filankəsin ifşası yayılıb", "Filankəs filan sözləri deyib" tipli cümlələr əvəzinə, cəmiyyətin daha ciddi problemləri işıqlandırılsa, daha faydalı olar.

- Sosial mediada istər paylaşım, istərsə də izləyicilər cəhətdən sizi narahat edən hansı məqamlar var?

- Paylaşımlarda təkrara yol verilməsi və fikir oğurluğu məni narahat edən əsas məqamlardan biridir. İzləyicilər tərəfindən linç olunmaq isə çox üzücüdür. Çünki bəzi izləyicilər mizahla yazdığımız fikirləri ciddiyə alıb tənqid, hətta təhqir edir. Hərdən paylaşımda bəhs edilən mövzu izləyicinin kriteriyaları ilə uyuşmur və izləyici yenə təhqir etməyə başlayır.

- Məlumdur ki, fikirlərimizlə hər kəsin zövqünü oxşaya bilmərik. Hər halda paylaşımlarınıza həm mənfi, həm də müsbət şərhlər gəlir. Bəs bu rəylər əsasən hansı yöndədir?

- Müsbət və mənfi rəy yazanlar çox olur, hətta bəziləri tvitimi bəyənməyib izləmədən də çıxarırlar. Amma mən izləyicilərimin zövqünü oxşamağa çalışıram. Hər bir izləyicinin fikrinə hörmətlə yanaşıram, kimsə fikirlərimdən inciyəndə həmin insanın könlünü almağa çalışıram. Elə olub ki, izləyicini itirməmək üçün onun bəyənmədiyi postu silmişəm.

- Bilirsiniz ki, bir çox ölkələrdə Tvitterdən qısa xəbər qaynağı və ya aforizm paylaşmaq üçün istifadə edirlər. Bəs Azərbaycanın Tvitter istifadəçiləri niyə bayağı söhbətlərə daha çox üstünlük verir?

- Çünki müasir kütlə absurd fikirləri trend etməyə öyrəncəlidir. Yaxşı ki, ana səhifəyə çox baxmıram, yoxsa tətbiqi silməli olardım.

- Bu gün insanların korlanmış zövqünü necə bərpa etmək olar?

- İnsanların korlanmış zövqünü bərpa etmək çətindir. Bərpa olunsa da, bu, tamamilə mümkün olmayacaq. Çünki təmirdən sonra heç bir əşya əvvəlki qədər yeni olmur.

- Mütaliə etməyi sevirsiniz?

- Kitab oxumağı çox sevirəm, amma son vaxtlar iş, dərs və sosial şəbəkələrdəki fəaliyyətim vaxtımı çox alır. Əsasən coğrafi və fantastik əsərlər oxuyuram. Jül Vern isə ən sevdiyim yazıçıdır.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.