525.Az

İki əsrlik tarixi yola baxış - Müsahibə

[05.04.21]
İki əsrlik tarixi yola baxış - <b style="color:red">Müsahibə</b>

Lənkəranda ədəbi mühit XIX əsrin ikinci yarısından formalaşmağa başlamış və şəhərdə "Fövcül-füsəha" adlı şairlər məclisi təşkil olunmuşdu.

Təxminən iki yüz il öncə yaradılan bu söz məclisi Molla Ələkbər Aciz, Usta Məmmədhəsən Nəccar, Mirzə Əziz Əliyev, Mirzə İsa Həyali və başqa şairləri ətrafına toplamış, ciddi fəaliyyət göstərmişdi.

O zaman əslən Qarabağdan olan Mir Möhsün Nəvvab və Mirzə İsmayıl Qasir kimi Azərbaycanda tanınmış qələm sahibləri "Fövcül-füsəha"nın təşkilində, inkişafında ayrıca rol oynamışdılar.

Hər iki sənətkarı Lənkəranla qohumluq əlaqələri birləşdirmiş və onlar ömürlərinin xeyli hissəsini burda keçirmiş, necə deyərlər, qədim xanlıq mərkəzində ədəbi mühiticanlandırmış, yazıb-yaratmışdılar.

İndi bu istiqamətdə çalışan tanınmış yazıçı-publisist, ötən il Azərbaycan Yazıçılar Birliyinin Lənkəran zona şöbəsinə sədr təyin olunmuş Qafar Cəfərlinin fikirlərini, suallarımıza verdiyi cavabları oxuculara təqdim edirəm.

- Təşkilatın ən parlaq dövrü yüzilliyin ikinci yarısına təsadüf edir. Şöbənin ilk sədri Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Məmmədhüseyn Əliyev olub. Onun vəfatından sonra estafet şair Şəkər Aslanın, daha sonra İltifat Salehin əlinə keçib. Heç kəsin xidmətini danmaq mümkün deyil. Vaxtilə bu yaradıcı təşkilatın şəhərin ən gur yerində binası olub, yazarlar daim bu ünvana gedib-gəlmişlər. İndi həmin bina yoxdur, sökülüb. Şöbə sığındığımız bu köhnə beşmərtəbəyə köçürülüb. Diqqətsizlikdən heç otaqlar illər uzunu təmir edilməyib. Mebellər sınıq-salxaq, kabinetlər bərbad olub, şəraitsizlik hökm sürüb.

- Deyəsən, fəaliyyətə başlayan kimi burda təmir-bərpa işlərini hədəf götürmüsünüz. İndi az-çox səliqə-sahman nəzərə çarpır, daha "köhnə hamam, köhnə tas" deyil, gəlib-gedən də var...

- Əlbəttə, Azərbaycan Yazıçılar Birliyinin böyük maliyyə imkanları yoxdur ki, göstəriş verib pul ayırsın, əyalətlərdə fəaliyyət göstərən filiallara məxsus yerləri, inzibati binaları vaxtaşırı təmir elətdirsin. İctimai birlikdən bunu gözləməyə də dəyməz. Bu fakt sədrimiz Anar müəllimlə söhbətimizdə diqqətimə çatdırıldı və o, əlindən gələn köməyi əsirgəməyəcəyini də dedi. Sağ olsun, qayğını və diqqətini əsirgəmir. Ən çətin məqamda səsimizi eşidir. Mənim təqdimatımda hörmətli katibimiz, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid və ağsaqqal yazıçı-publisist Hüseynbala Mirələmov oldular. Onlar dözülməz vəziyyəti gözləri ilə gördülər. Mən hamını əmin etdim ki, yaradıcılıq mühiti bir yana, balansımızda olan otaqlara əl gəzdirməliyəm ki, qapımızı açanlar hürkməsin. Sözümün üstündə durdum. Artıq iki iri otaq təmirdən çıxıb. Kiçik zalımız var, tədbirlər keçirmək üçün ora diqqətimi yönəldirəm. Bütün bunları şəxsi vəsaitim hesabına ərsəyə gətirmişəm, heç kəsdən bircə manat almamışam. Məqsədim budur ki, ədəbi mühiti yenidən canlandırım, qədim ənənələri yaşadım, bərpa edim. Bunu səhv başa düşənlər də var. Elə bilirlər borcluyam, olan-qalanımı bura xərcləməliyəm.

- Nə mənada, nəyi nəzərdə tutursunuz? Axı, iş olan yerdə adətən həmişə söz-söhbət də olub. Əhəmiyyət vermək lazım deyil. İndi hamı tələb edir. Hər ağızdan bir hava gəlir. Sizcə, bütün bunların yaranmağına səbəb nədir?

- Orası elədir. Bura təyin olunanda, dedim, hər şey alt-üst idi, hətta bir neçə ştat da ləğv edilmişdi. İdarədə üç nəfər qalmışıq. Sədr, ədəbi məsləhətçi, xadimə. Sıfırdan başlamışam. Bəzi ağzıgöyçəklərə deyirəm ki, qoy bir nəfəs dərim, otaqları qaydaya salım, sonra keçim digər məsələlərə. Pandemiya dövrüdü, geniş tədbirlərə icazə yoxdur. Yenə bütün bunlara baxmayaraq, ağsaqqal qələm sahiblərindən götürüb şəhid ailələrinə baş çəkmiş, yas mərasimlərinə qatılmışıq. Yeni il, Novruz tədbirlərini, 8 mart Qadınlar bayramını, Beynəlxalq Poeziya gününü qeyd eləmişik. Ancaq imkan dardı, gücümüz çatan daşdan yapışmalıyıq.

Düzü, on illər idi, şöbənin qapısını tanıyan yox idi. İndi yetən durub gəlir bura, məndən Yazıçılar Birliyinin üzvü kimi təqaüd, hətta medal istəyir, iş tələb edir. Mən birmənalı surətdə başa salıram ki, bunlar səlahiyyətimə aid deyil, oluram pis adam, zəif idarə müdiri. Əlbəttə, başa düşənlər var. Məsələn, İdrak Dadaşov şöbəmizə kompüter dəsti bağışlayıb, çağırışçılarımıza həmişə müsbət cavab verir. Görünür, tədricən hər şey yolunu tapar, zəmanəyə uyğunlaşma hər vaxt çətindir.

- Qafar müəllim, etiraf edək ki, ötən yüzilliyin 70-90-cı illər şöbənin "qızıl dövrüydü", ətrafında xeyli sayda şair, nasir, ədəbiyyatşünas, publisist vardı. Lənkəran Dövlət Dram Teatrında yerli dramaturqların - Məmmədhüseyn Əliyevin, Şəkər Aslanın, Yaşar Rzayevin, Vaqif Hüseynovun əsərlərindən ibarət tamaşalar səhnələşdirilirdi. Poeziya gecələri tədbirlərə rəng qatırdı, əhali gedib-gəlir, yaradıcı adamları izləyir, əsərlərimi oxuyurdu. İndi deyəsən, bu haqda heç danışmağa dəyməz.

- O zaman həm Yazıçılar İttifaqının zona şöbəsi, həm də teatr fəaliyyətə başlamışdı. Bu iki mədəniyyət-sənət cəbhəsi arasında qarşılıqlı əlaqə yaranmışdı. Demək olar ki, yazarların bütün tədbirləri teatrda keçirilirdi. Çünki əzəmətli binası vardı və bir sıra əhəmiyyətli Dövlət tədbirlərinin teatrın binasında keçirilməsi adamların marağını artırır, diqqətini çəkirdi. O zaman burada Azərbaycanın görkəmli dramaturqlarının əsərləri ilə yanaşı, dünya klassiklərinin də pyesləri oynanılırdı.

İstedadlı rejissor, əməkdar incəsənət xadimi Baba Rzayev hər tamaşaya özünəməxsus orijinal quruluş verirdi. Qiraətçi, əməkdar artist, mərhum Əli Salahlı şövqlə şairlərin şeirlərini oxuyur, Füzulidən, Nəsimidən, Vahiddən qəzəllər söyləyirdi.

Doğru deyirsiniz, köhnə qaynar mühit yoxdur, ancaq bölgənin hər yerindən şöbəmizlə əlaqə saxlayanlar, gəlib-gedənlər var. Yəqin tezliklə, pandemiya təhlükəsi sona yetər, qara-qorxu çəkilib gedər, bizim işlərimiz də düzələr. Bu gün Lənkəranda Hafiz Mirzənin, Yədulla Ağazadənin, Ağamir Cavadın, Cavidanın, Tərlan Əbilovun, Etibar Əhədovun, Əhməd Haqsevərin, Tofiq Həsənlinin, Siyavuş Süleymanlının, gənclərdən Müşfiq Cəbinin, Xəqani Muğamatoğlunun, Ziya Dilsuzun, Ziyafət Əkbərovun, Kamran Bağırlının, Cavid Quliyevin adlarını çəkə bilərəm. Astaradan İlham İlhami, Lerikdən Qədiməli Əhməd, Xanlar Həmid, Yardımlıdan Aslan Quliyev, İqbal Nəhmət, Cəlilabaddan Meyxoş Abdulla, Gülbala Teymur, Əlizadə Nuri, Masallıdan Əlizamin Baxış, Aliq Nağıoğlu qonağımız olur, müzakirələrimizə qatılırlar.

- Eşitdiyimizə görə, bu qısa vaxt ərzində Lənkəranda bir zaman işıq üzü görən, "Şəfəq" ədəbi-bədii jurnalını da çap etdirməyə müvəffəq olmusuz. Axı, onun fəaliyyəti 8-10 il bundan əvvəl dayandırılmışdı. Yəni bu faktın doğruluğunu bilirəm, haqqında sosial şəbəkələrdə, internet saytlarında oxumuşam, istəyirəm təzə nəsə sizin dilinizdən eşidim.

- Bu dərgi də bizim fəaliyyətimizin bir hissəsidi. "Şəfəq"in bu qayıdış ilk sayında müxtəlif rubrikalar altında xeyli sayda orijinal yazı çap olunub. Əgər jurnal ancaq şeir və nəsr dərc etdirsəydi, maraqsız çıxardı. Bu faktoru nəzərdən qaçırmamışıq. Axı, ilk addım atılırdı. Buna görə, xeyli sayda maraqlı publisistik məqalələr tapdıq. Təbii ki, bədii dərgi olduğundan poeziyaya, nəsr nümunələrinə, ədəbiyyatşünaslığa aid yazılara yer verdik. Kitab rəyləri "Şəfəq"in səhifələrini bəzədi. Mənim ön sözümlə çıxan "Qarabağ Azərbaycandır" ümumi başlıq altında 44 günlük qələbəmizi vəsf edən publisistik qeydlərin müəllifləri elə yerli yazarlarımızdır. Bundan əlavə, "Şəfəq"də ilk dəfə "Gənclər guşəsi" açmışıq. Burda əsasən gənclərin yaradıcılığından nümunələr çap etdiririk. Dərgi bir qədər iri alınıb, yığcam eləmək istəyirik ki, hər rübdə bir sayını buraxaq, onun dövrülüyünü təmin edək.

- Qafar müəllim, çox məsələlərə aydınlıq gətirdiniz, təkcə özünüz haqqında heç nə danışmadınız. Bəlkə "525-ci qəzet"in oxucularına tanışlıq naminə bir qədər də tərcümeyi-halınızdan, yazıçılıq fəaliyyətinizdən məlumat verəsiniz. Son illər dalbadal nəsr kitablarınız, publisistik məqalələrdən ibarət toplularınız nəşr olunub, detektiv janrda yazılmış, povest və hekayəriniz isə sizə xeyli populyarlıq qazandırıb.

- "525-ci qəzet" ölkənin ən populyar mətbuat orqanıdır. Lənkəranda, ətraf rayonlarda sevilə-sevilə oxunur, baxmayaraq ki, elektron mətbuatın hökmranlığı başlayıb. Qəzetin yaradıcı kollektivinə, çoxsaylı oxucularına uğurlar diləyirəm. Qaldı mənim tərcümeyi-halıma, elə yaradıcılığım avtobioqrafiyamdır. Çünki yaratdıqlarımın əksəriyyəti gördüyüm, izlədiyim hadisələr və müşahidələrimdir. Axı, Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmiş, inzibati orqanlarda uzun müddət çalışmışam. Özü də polis sistemində, daim cinayət aləminin gizlin-aşkar iştirakçıları ilə mübarizədə və mücadilədə ömrüm keçib.

Onu da deyim ki, 1957-ci ilin 7 martında Lənkəran rayonunun Viyən kəndində doğulmuşam. İki il o zamankı yeganə universitetin filologiya fakültəsində oxumuşam. 1975-77-ci illərdə orduda xidmət keçmişəm. Bəlkə də bəxtim gətirdi, Ukraynanın Donetsk vilayətində hərbi prokurorluqda qulluq etdim: dəftərxanada kargüzar. Hərbi xidmətim başa çatan kimi Bakıya döndüm, filologiya fakültəsini yarımçıq qoydum. Müvafiq iş tapdım, məvacib aldım və təzədən texniki peşə məktəbinə üz tutdum, oranı fərqlənmə diplomu ilə bitirdim və 1978-ci ildə əvvəl bildirdiyim kimi, BDU-nun hüquq fakültəsinə əyani qəbul olundum və beləliklə, Daxili İşlər Nazirliyi sistemində əməliyyatçıdan rəis müavinliyinədək yol, məsafə qət etdim. Orta məktəb illərindən məqalələrim, miniatürlərim, kiçik həcmli esselərim Lənkəranın "Leninçi" (hazırkı "Lənkəran") qəzetində, "Azərbaycan pioneri" qəzetində (indiki "Savalan") çap olunub, verilib. Yerli radio verilişlərində səsləndirilib. Tələbəlik illərində, sonrakı dövrdə hekayələrim respublika mətbuatında ara-sıra dərc olunub. Yəni həmişə sözlə nəfəs almış və qələmimi yerə qoymamışam. Bunu kitablarım da (sayı 6-dır) təsdiq edir. Xeyli çap olunmamış əsərlərim var. Onları nəşrə hazırlayıram, görək də ya qismət... Yəni deməyim odur ki, bəziləri kimi təqaüdə çıxandan sonra ikiəlli qələmə sarılmamışam, bu sahədə xeyli təcrübə keçmiş, yazıçı ədiblərimizdən öyrənmişvə yenə öyrənməkdə davam edirəm. Mənim nəzərimcə, yazıçılıq ədəbi rahasızlıq və böyük məsuliyyətdir.

- Qafar müəllim, siz həm də müharibə veteranısınız - yəni Birinci Qarabağ savaşının. Bu mövzuda xeyli hekayə və bədii tele-publisistik məqalələrin, oçerklərin müəllifisiniz. Səhv eləmirəmsə, Şuşanın ötən yüzilliyinin bu çətin vaxtlarının şahidi olmuş, polislərdən ibarət bölməyə rəhbərlik etmiş, mühüm obyektləri qorumuş, mənfur düşmənlə üz-üzə dayanmısınız. Bu barədə qənaətiniz nədir?

- Birinci Qarabağ müharibəsini pərakəndə Azərbaycan ordusu Ermənistanla eləmədi, SSRİ ilə savaş apardı və torpaqlarımız səhvlərimiz ucbatından güdaza getdi. Mən bu haqda yazmışam. Şuşa qalasına tarixi esse həsr etmişəm, yenə işləməmiş qeydlərim var. Ancaq bu müharibə Prezident -Xalq-Ordu birliyinin nəyə qadir olduğunu göstərdi. Ali Baş Komandan cənab İlham Əliyevin "Dəmir yumruğu"nu bütün dünya gördü. Qələbə ruhumuzu qaldırdı, yenilməzliyimizi artırdı, inamımızı qaytardı. Çünki cənnətməkan Qarabağımızı və ətraf rayonlarımızı tapdaqdan təmizlədik. Doğrudur, cəsur oğullarımızın qanı bahasına düşmən qovuldu, onlar bədii əsər, kinofilm qəhrəmanlarına çevrildilər, haqlarında dastanlar yazıldı, yazılacaq da. Mənim redaktorluğum altında "Lənkəran şəhidləri" adlı publisistik toplu çapa hazırlanıb, yazıçılarımız müxtəlif janrlarda döyüşçülərimizin şücaətini, qəhrəmanlığını, vətənpərvərliyini vəsf ediblər. Bu haqda qənaətim müsbət, dolğun və zəngindir.

Ağacəfər HƏSƏNLİ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.