525.Az

"Mən insanları bir-birindən musiqi zövqünə görə ayırıram" - Müsahibə

GƏNC İFAÇI TELMAN BUDAQOV: "BİR MÜDDƏT TANINIB, TEZ DƏ YOXA ÇIXAN MÜĞƏNNİLƏRDƏN OLMAQ İSTƏMİRƏM"


[31.03.21]
"Mən insanları bir-birindən musiqi zövqünə görə ayırıram" - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Keçmişlə bu gün arasında körpü qurmağa çalışan gənc ifaçılar, muğam ustaları çoxdur. Onlardan biri də rubrikamızın budəfəki qonağı Telman Budaqovdur.

Telman ustad sənətkarlarımızın oxuduqları mahnıları yenidən ifa etməklə yaşlı nəslin sevgisini qazanır, gənc nəsillərə isə milli musiqimizi sevdirir. Xüsusilə də o, məharətlə ifa etdiyi "Bir könül sındırmışam", "Nazəndə sevgilim", "Sən yadıma düşəndə" və başqa ifaları ilə diqqəti cəlb edə bilib. Bu ifalar təkcə Azərbaycanda yox, Türkiyə və digər ölkələrdə də sevilib, dinlənilir.

Telman Budaqovla müsahibəni təqdim edirik.  

***

- Əvvəllər televiziya vasitəsilə tanınmaq bir qədər vaxt alırdı. Ancaq sosial şəbəkələrdə paylaşdığınız ifalarınızla az bir zamanda tanındınız. Bu mənada, sosial medianın faydaları haqda nə deyə bilərsiniz?

- Televiziya vasitəsi ilə tanınmaq əslində, sosial media vasitələrindən daha rahatdır. Amma bununla belə, sosial medianın faydası böyükdür. Amma hər kəs istifadə etdiyi platformanın ona nə cür yardım göstərəcəyini bilməlidir. Təəssüf ki, çoxumuz bu haqda bilmirik.

- Əvvəllər televiziya kanallarında tez-tez qonaq olurdunuz. Son vaxtlar efirlərdə görünmürsünüz. Bu, nə ilə əlaqədardır?

- Əvvəl televiziya kanallarında bəzi layihələr vasitəsilə istedadlı gənclərə dəstək olurdular. Hazırda da dəvətlər olur, sadəcə atamı yenicə itirdiyimə görə heç yerə getmək istəmirəm.

- Ağlınıza gələrdimi ki, sadəcə bir neçə günün içərisində beləcə məşhurlaşacaqsınız?

- Açığı, o qədər də məşhur olduğumu düşünmürəm. Məşhurluq əlçatmaz olmağa bərabərdir, bunu günümüzdə heç kim bacarmır. Hazırda tanınan insanlar fenomenlərdir. Mənim də sadəcə özüməməxsus dinləyici kütləm var. Keyfiyyətli işlər üzə çıxarmaq niyyətindəyəm. Bir müddət tanınan, sonra yoxa çıxan müğənnilərdən olmaq istəmirəm.

- Musiqiyə marağınız əvvəldən olub?

- Musiqiyə uşaq vaxtından marağım var, amma özümü kəşf etməyim ikinci sinifdə oxuyanda sinif rəhbərim tərəfindən olub.

- Musiqi sahəsində təhsiliniz varmı?

- 2016-2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Estrada sənəti (vokal) üzrə təhsil almışam.

- İndi gənclərə xalq mahnılarını sevdirmək asan deyil. Xalq mahnılarını özünəməxsus ifa etməyiniz gənclər tərəfindən çox bəyənildi. Amma paylaşımlarınız əvvəlkinə nisbətən azalıb. Niyə davamlı məşğul olmursunuz?

- Məncə, indiki gənclər xalq mahnılarını sevirlər. Sadəcə belə əsərləri gündəlik duymaq lazımdır. Əfsuslar olsun ki, bu da təbliğ olunmur. Mənim özümdən asılı olmayan səbəblərim var. Bunlardan biri də tez ruhdan düşməyimdir. İnşallah bundan sonra davamlı işlər görməyə çalışacağam.

- Sosial məkanda insanları özünə cəlb etməyi bacaran, amma istedadsız həvəskar müğənnilər haqqında nə deyə bilərsiniz?

- Hər dəfə bu məsələ barədə fikir bildirməməyə çalışıram. Cəlb etmək də Allahın bir vergisidir. Problem yaşadığımız mühitdə insanların daima bayağı mahnılar eşitməyidir. Bunun da qarşısını ala bilmirik, ya səsimiz çatmır, ya da kütləmiz azdır.

- Ümumiyyətlə, gənclərin sosial şəbəkələrdən istifadə tərzi sizi nə dərəcədə qane edir?

- Hazırda sosial şəbəkələrin bu cür istifadə edilməsi tək məni yox, heç kəsi qane etmir.

- Musiqi sahəsində ideal kimi gördüyünüz biri varmı?

- Musiqi sahəsində ideallarım çoxdur. Mənə elə gəlir ki, heç vaxt onlar kimi ola bilmərik. Məsələn, Rəşid Behbudov, Müslüm Maqomayev, Vaqif Mustafazadə, Rafiq Babayev, Şövkət Ələkbərova və b. Bu insanlar təkrarsızdır, onlardan bu dünyaya bir də gəlməyəcək.

- Bu sənətin sizə görə ən çətin tərəfi nədir?

- Bu sənətin ən çətin tərəfi odur ki, özünə uyğun bir yol tapasan. Özünü hansı janrda kəşf etməyin çox önəmlidir. Mənə görə, bu sənətlə məşğul olan insanlar iki hissəyə bölünür. Sırf gəlir əldə etmək üçün bu işlə məşğul olanlar da var, sənəti sevib sənətkar olmaq üçün çalışanlar da var.

- "Bir könül sındırmışam" ifanız dinləyicilər tərəfindən çox bəyənildi. Hətta Yutubda yüz minlərlə izləyici olsan Emre Yücelen bu ifanı analiz edib, xoş təəssüratını bölüşmüşdü. Xarici ölkələrdən sizinlə əlaqə saxlamaq istəyənlər olurmu?

- Bir ara bu sənətin daşını atacaqdım. Emre Yücelen mənə çox dəstək oldu, məni incəsənətə geri qaytardı. Hazırda xarici ölkələrdən əlaqə saxlamaq istəyənlər yoxdur. Olsa, hamını xəbərdar edəcəyəm.

- Musiqi sizin üçün nəyi ifadə edir?

- Musiqini hər şeydən çox sevirəm. İnsanları bir-birindən musiqi zövqünə görə ayırıram. Çünki musiqi bir yaşam tərzidir, insanı formalaşdırır.

- Telman bəy, özünüzdə bəyənmədiyiniz hansı xüsusiyyətiniz var?

- Özümdə bəyənmədiyim tək xüsusiyyət tənbəl olmağımdır.

- Gələcəkdə sizdən hansı yenilikləri gözləyək?

- Gələcək üçün planlar çoxdur. Janr dəyişikliyi edib özümü başqa janrda sınamaq istəyirəm. Hansı janrda olacağı hələlik sirr qalsın.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.