525.Az

"Cari təhsil ili koronavirus pandemiyasına görə xüsusi özəlliklər tələb edir"

İMİŞLİ RAYON TƏHSİL ŞÖBƏSİNİN MÜDİRİ ƏLƏMDAR QULİYEV: "TƏƏSSÜF Kİ, HƏLƏ DƏ ƏNƏNƏVİ METODLARLA İŞLƏMƏYƏ ÜSTÜNLÜK VERƏN MÜƏLLİMLƏR VAR"


[19.03.21]
"Cari təhsil ili koronavirus pandemiyasına görə xüsusi özəlliklər tələb edir"<b style="color:red"></b>

İmişli rayonunda son illər təhsilin yeniləşməsi istiqamətində xeyli işlər görülüb. Karantin rejimində təlim-tərbiyə işinin təşkili, ümumi təhsil müəssisələrində Vətən sevgisinin aşılanması, Qarabağ Zəfəri ilə bağlı görülmüş işlər və qarşıda duran vəzifələr barədə müsahibimiz İmişli rayon Təhsil şöbəsinin müdiri Ələmdar Quliyevlə söhbətləşdik.

- Ələmdar müəllim, öncə istərdik ki, rayonunuzun təhsil mənzərəsi barədə məlumat verəsiniz.

- Rayonumuzda 2 ibtidai, 3 ümumi orta və 57 tam orta məktəb olmaqla 62 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Bundan əlavə, Şahmat məktəbi və Uşaq Yaradıcılıq Mərkəzi də var. 62 ümumtəhsil müəssisəsində 18500-ə yaxın şagird təhsilə cəlb olunub. Onların təlim-tərbiyəsi ilə 1720 nəfər pedaqoji işçi məşğuldur ki, onların da 1251 nəfəri, yəni 71,5  faizi qadınlardır. Qeyd edim ki, təhsilin müxtəlif istiqamətləri üzrə inkişaf dinamikasına nail olmuşuq. Məktəblərin maddi-texniki bazası yaxşılaşmış, kadr potensialı gənc müəllimlərin hesabına xeyli yenilənib. Son 10 ildə 46 məktəbin binası yenidən inşa edilib və yaxud əsaslı təmir olunub. IX-XI siniflərdə Dövlət İmtahan Mərkəzi tərəfindən aparılan ümumtəhsil pilləsində təhsil alanların yekun qiymətləndirilməsinin (attestasiyasının) nəticələrinə görə də ilbəil həm keyfiyyət, həm də kəmiyyət göstəriciləri inkişafı əks etdirir. Son 3 ildə ali məktəbə qəbul olunanların sayı da fərqli şəkildə artıb. 2019-cu ildə bu rəqəm 306 nəfər təşkil edirdisə, 2020-ci ildə məzunlardan 360 nəfəri ali məktəblərə qəbul olunub.

Pandemiya şəraiti müəyyən çətinliklər yaratmasına baxmayaraq, şagirdlərimiz olimpiada və bilik yarışlarının və eləcə də intellektual oyunların respublika mərhələsində uğurlar qazanırlar. Son günlər "Məktəblərarası bilik yarışması layihəsi"nə start vermişik. İlk təcrübə İmişli şəhər A.Eminov adına 7 saylı tam orta məktəblə rayonun Əliqulular kənd tam orta məktəbinin şagirdləri arasında  onlayn formada "Çiçək, çiçək qrupları" mövzusunda oldu. Bu yarışma uşaqların bilik və bacarıqlarının üzə çıxarılmasına xidmət edirdisə, eyni zamanda, rayonumuzun qabaqcıl təcrübəyə malik biologiya müəllimi, "İlin müəllimi müsabiqəsi"nin qalibi, "Tərəqqi" medallı Leyli Əliyevanın gənc təyinatçı biologiya müəllimi Taleh Cavadovla təcrübə mübadiləsi xarakteri də daşıyırdı. Bilik yarışması artıq rayonun bütün məktəblərində aparılır.

- Ölkədə COVİD-19 pandemiyası ilə bağlı tədrisin təşkili yeni format aldı. Sizdə bu iş necə təşkil olunub?

- Ötən il martın 3-dən pandemiya şəraiti ilə bağlı tədris distant (məsafədən) təşkil olunmağa başladı. Müəllimlər tədrisi onlayn qaydada apardı, "Dərs vaxtı" şagirdlərin teledərs layihələrinə qoşulmasını təşkil etdi və eyni zamanda, Votsap tətbiqi və digər vasitələrlə proqram materiallarının tam şəkildə mənimsənilməsinə nail oldular. İlin sonunda buraxılış siniflərinin yekun qiymətləndirilməsi (attestasiyası) onu göstərdi ki, mövcud çətinliklərə baxmayaraq, müəllim-şagird kollektivlərimizin birgə səmərəli əməyi nəticə verib. Dövlət İmtahan Mərkəzi tərəfindən ana dili və ədəbiyyat, riyaziyyat və xarici dil fənləri üzrə aparılmış yekun qiymətləndirilmənin (attestasiyanın) nəticələri əvvəlki illərdən üstün oldu.

2020-2021-ci tədris ili də koronavirus pandemiyası ilə bağlı xüsusi özəlliklər tələb edir. Ona görə də fəaliyyət planlarımızı xüsusi karantin rejiminin tələbləri və mövcud hüquqi-normativ sənədlər əsasında planlaşdırmışıq. Təhsil Nazirliyi tərəfindən hazırlanıb yerlərə göndərilmiş meyarlar fəaliyyətimizin əsas qayəsidir. Pandemiya ilə bağlı sanitar-epidemioloji vəziyyəti nəzarətdə saxlamaq, qarşıda duran vəzifələri təhlil edib, düzgün nəticə çıxarmaq üçün bütün ümumtəhsil müəssisələrində meyarlara nəzarət komissiyaları yaradılıb. Həmin komissiyalar hər gün Təhsil Şöbəsinə görülmüş işlər barədə məlumatlar verir ki, biz də ümumiləşdirib Təhsil Nazirliyinə və aidiyyəti qurumlara göndəririk. Pandemiya şəraitində bütün fəaliyyətimiz "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə "Nazirlər Kabinetinin 29 avqust 2020-ci il tarixli qərarı"nın icrası haqqında Təhsil Nazirliyinin müvafiq əmr, göstəriş və məktubları əsasında tənzimlənir. Təhsil nazirinin "2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə" 10 sentyabr 2020-ci il tarixli əmri isə bütün təlim-tərbiyə işinə ayna tutacaq bir sənəddir. Fəaliyyətimizi düzgün planlaşdırmışıq və hesab edirəm ki, nəzərdə tutulan hədəflər bütövlükdə Azərbaycan təhsilini daha böyük uğurlara aparacaq.

- İlin ən önəmli hadisəsi Qarabağ Zəfəridir. Bu Zəfərdə təhsilimizin yeri və rolu, Zəfər tarixi ilə bağlı gördüyünüz işlər barədə nə deyə bilərsiniz?

- Qarabağ Zəfəri Azərbaycanın həyatında tarixi və əvəzolunmaz bir hadisədir. Biz haqq işi üçün müharibə etdik. Bizim müharibə ədalətli idi. Bəs Ermənistan nə edirdi? Nə üçün işğalçılıq siyasətindən əl çəkmirdi? Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli kimi rayonlarımızın dinc əhalisini raket atəşlərinə tutub, yaşayış məntəqələrimizi dağıdırdı. Ali Baş Komandanımız İlham Əliyevin dəfələrlə "Düşmən ölkənin xilasının yeganə yolu budur ki, torpaqlarımızdan çıxsınlar" söyləməsinə baxmayaraq, Ermənistan rəhbərliyi öz təxribatçılıq missiyasından geri dönmək istəmirdi. Əsgər və zabitlərimiz silaha sarıldı, münaqişənin hərbi yolu yoxdur deyən Minks qrupu, ona həmdsədrlik edən ölkələr gördülər ki, Azərbaycan ordusu güclüdür, öz torpaqlarını işğaldan azad edə bilir. Təbii ki, bu tarixi zəfərdə Azərbaycan təhsilinin, Azərbaycan müəlliminin yeri və rolu var. 44 günlük Vətən müharibəsində əsgər və zabitlərimizin yanında olduq, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin "Dəmir yumruğ"unun gücünə güc qatdıq. Gənc Azərbaycan müəllimləri və təhsil işçiləri də könüllü cəbhəyə üz tutdular. Ordu, xalq və dövlət birliyində vətənpərvər təhsil işçiləri öndə oldular. Təkcə onu demək kifayətdir ki, Vətən müharibəsində bir təhsil şöbə müdiri, 32 direktor müavini və 20 məktəb direktoru olmaqla 700 nəfərə yaxın təhsil işçisi iştirak etdi. Zəfərə gedən yolda 20 nəfər çiyindaşımız Şəhidlik zirvəsilə adlarını tarixə yazdılar. Bizim doğma İmişlimizdən də 27 nəfər təhsil işçisi Qarabağ Zəfərində qəhrəmanlıq göstərdi. Biz mütəmadi olaraq onlarla görüşlər keçirib, Zəfər düşüncələrini bölüşürük. Onlar qəhrəman Azərbaycan xalqının qəhrəman müəllimləridir.

- Gənc nəslin vətənpərvərlik tərbiyəsində məktəbin yeri və müəllimin rolu əvəzolunmazdır. Bu istiqamətdə bir təhsil idarəçisi kimi işlərinizi necə qurmusunuz?

- Vətənpərvərlik tərbiyəsi kompleks tərbiyənin əsas qayəsidir. Təbii ki, bunun bünövrəsi ailədə qoyulur, məktəbdə davam etdirilir və möhkəmləndirilir, həyatda isə öz reallığını tapır. Əvvəldə söylədiyim kimi, qəhrəman Azərbaycan xalqının müəllimi də qəhrəmandır. Təlim-tərbiyə prosesində gördüyü işlərlə bərabər, onun şəxsi nümunəsi, həyat yolu da Vətən sevgisinə bir örnəkdir.

Məktəblərdə şəhidlərimizin guşələri yaradılıb, onların döyüş yolunu əks etdirən materiallar toplanılıb. Yuxarı sinif şagirdlərinə videoçarxlarla Ali Baş Komandan cənab İlham Əliyevin Vətən müharibəsindəki çıxış və görüşləri, eyni zamanda, düşmən üzərində zəfəri əks etdirən maraqlı məqamlar təqdim olunur. Bütün ümumtəhsil məktəblərində "Vətənin qəhrəman oğulları", "Qarabağ bizimdir!", "Əziz Şuşa, sən azadsan!", "Mənim qəhrəmanım!" və "Əsgər anası" mövzularında inşa və rəsm müsabiqələri, ədəbi-bədii kompozisiyalar keçirilir. Məktəblərdə veteranlarla canlı görüşlər, şəhid ailələrinin və məzarlarının ziyarət olunması da uşaqlarda sonsuz Vətən sevgisi yaradır.

- Belə bir fikir dolaşır ki, Təhsil Şöbələri ikili idarəetmədən, yəni Təhsil Nazirliyi ilə İcra Hakimiyyəti arasında birgə fəaliyyətdən əziyyət çəkirlər. Siz nə düşünürsünüz, bu fikirlər həqiqətə uyğundurmu?

- Bildirim ki, artıq təhsil sistemində kadr potensialının seçilməsi və yerləşdirilməsi tam olaraq Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Maliyyə və təchizat isə yaradılmış Ərazi Maliyyə Hesablaşma Mərkəzləri tərəfindən ödənilir. Bizim İmişli rayonuna İcra Hakimiyyəti başçısı Elçin Rzayev yeni təyin olunub. Biz hər an onun qayğı və diqqətini hiss edirik. O, məktəblərimizdə yaranmış və yarana biləcək bütün problemlərdə bizə ən yaxın köməkçidir. Sizin dediklərinizə gəlincə, xatırlayıram ki, 5-10 il bundan əvvəl belə hallar olurdu.

- Bir idarəçi kimi təhsilin hansı aktual problemləri sizi narahat edir?

- Azərbaycanda iqtisadi sahədə olduğu kimi, təhsil sahəsində də inkişaf və yeniləşmə yetərincədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" barədə 2013-cü ildə imzaladığı sərəncamı çox mühüm sosial bir hadisə oldu. Strategiyada həm görülmüş işlər, həm də həlli vacib olan problemlər öz əksini tapdı. Bu sənəd həm də Ümummilli liderimiz Heydər Əliyevin təhsilə göstərdiyi qayğı və diqqətin davamı kimi öz əksini tapdı. Həyat inkişaf etdikcə yeniləşmə tələb edir. Təhsilimizdə maddi-texniki baza, müəllim, müəllim-şagird, valideyn-məktəb münasibətləri və dərsliklər zamanın tələbinə uyğun gəlməlidir. Bəzi məktəb binalarımız müasir tələblərə cavab vermədiyi üçün dərslər iki növbəli keçirilir, altı iş günü rejimində işlənilir. Qış mövsümündə odun sobası ilə otaqların qızdırılması da müəyyən çətinliklər yaradır. Təəssüf ki, hələ də məktəblərimizdə İKT bacarıqları olmayan, ənənəvi metodlarla işləməyə üstünlük verən müəllimlər var. Yeni gələn təyinatçı müəllimlər İKT üzrə bacarığı olub, ixtisaslarını mükəmməl bilsələr də, metodik bacarıqları zəifdir. Müəllim-şagird münasibətlərində problem olduğu halda bütün istiqamətlərdə çıxış yolu müəllimdə olmalıdır. Dərsliklərimiz yenilənir. Buna baxmayaraq, ibtidai sinif dərsliklərində tələffüzü çətin olan termin və uşaqların anlaya bilmədiyi mövzulara da rast gəlinir.

- Başqa nə demək istərdiniz?

- Bir ildən artıqdır ki, pandemiya, cari dərs ilində isə Vətən müharibəsi tədrisdə çətinliklər yaratsa da, öhdəsindən uğurla gəlirik. Allah qoysa, müharibədə qalib olduğumuz kimi, dünyanı cənginə almış pandemiya ilə mübarizədə də qalib olacağıq. Təhsil işçilərimiz Vətən müharibəsində olduğu kimi, yay tətili günlərində də Qarabağın yaşayış məntəqələrində bərpa-quruculuq işlərində öndə olmağa hazırdır.

Asim HÜSEYNLİ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.