525.Az

"Bir ildə siyasi dialoqla bağlı çox mühüm işlər görülüb" - Siyasi dialoq

ASİM MOLLAZADƏ: "DİALOQDAN İMTİNA BU PROSESDƏN KƏNARDA QALAN QÜVVƏLƏRİ MARGİNAL BİR QÜVVƏYƏ ÇEVİRƏ BİLƏR"


[17.03.21]
"Bir ildə siyasi dialoqla bağlı çox mühüm işlər görülüb" - <b style="color:red">Siyasi dialoq</b>

"Siyasi dialoq" rubrikasının növbəti qonağı Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, Milli Məclisin deputatı Asim Mollazadədir.

- Asim müəllim, bildiyiniz kimi, bir ildən artıqdır ki, ölkəmizdə hakimiyyətlə siyasi partiyalar arasında dialoq başlayıb. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin müdiri Ədalət Vəliyev mütəmadi olaraq siyasi partiya liderləri ilə görüşür, onların fikirlərini, təkliflərini dinləyir. Həmin təkliflərin reallaşması istiqamətində addımlar atılır. Siz ümumilikdə bu prosesi necə qiymətləndirirsiniz?

- Məlumdur ki, ölkəmizdə çoxşaxəli islahatlar başlayıb və bu, islahatlar təbii olaraq siyasi sistemi də əhatə etməli idi. Azərbaycanda parlament seçkilərindən sonra  Prezident İlham Əliye parlamentin ilk iclasında çıxışı zamanı məhz siyasi sistemin inkişafı ilə və çoxpartiyalı sistemə keçidlə bağlı fikirlərini ifadə etdi. Prezident Administrasiyasında yeni yaradılmış Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsi də bu prosesi həyata keçirməkdədir. Düşünürəm ki, bir il ərzində siyasi dialoqa bağlı çox mühüm işlər görülüb, bu istiqamətdə zəruri addımlar atılıb.

Hakimiyyət tərəfindən siyasi dialoqa dəvət olunan bütün siyasi partiyalar ölkədə öz problemlərini, vəziyyəti və əməkdaşlığın hansı istiqamətlərdə ola bilməsi zərurətini iqtidar nümayəndəsinə çatdırıb və bu proses artıq inkişaf edir. Bilirsiniz ki, dialoq başladıqdan sonra bəzi siyasi partiyalar qeydiyyata alınıb, bəziləri öz fəaliyyətini həyata keçirmək üçün müvafiq qərargahlarla təmin ediliblər. Yəni bu prosesin məhz mütəmadi xarakter almasını, davamlı olmasını və qeyd edilən istiqamətlərdə işlərin görülməsini mən çox müsbət qiymətləndirirəm. Hesab edirəm ki, bu proses davam etməli və daha da dərinləşməlidir. Dövlət başçısı da Yeni Azərbaycan Partiyasının yeddinci qurultayında çıxışı zamanı dialoq prosesinin müsbət dərinləşdirilməsinin əhəmiyyətini vurğuladı. Prezident qeyd etdi ki, bu prosesə müharibədən əvvəl start verildi və qısa müddət ərzində yaxşı nəticələr əldə edildi.

Söhbət əlbəttə ki, dialoq zamanı hansısa fikir ayrılıqlarını ortaq bir məxrəcə gətirməkdən getmir. Söhbət ilk növbədə siyasi partiyaların güclənib, cəmiyyətdə kifayət qədər öz fikirlərini ifadə etmək, fəaliyyət göstərmək imkanlarından gedir. Mənə elə gəlir ki, çoxpartiyalı sistemin yaradılması üçün zəruri addımlar atılıb və Siyasi partiyalar və qanunvericilik hakimiyyətilə iş şöbəsinin bu prosesdə müsbət rolunu qiymətləndirirəm.

- Bəzi həmkarlarınız ötən müddət ərzində artıq müəyyən nəticələrə nail olunduğunu bildirir. Siz də prosesin müsbət məcrada davam etdiyini vurğuladınız. Bəs nəticələrdən necə, artıq danışmaq mümkündürmü?

- Düşünürəm ki, ilk növbədə qarşılıqlı addımların atılmasını, əməkdaşlıq mühitinin yaradılmasını müsbət bir hal kimi qeyd etmək lazımdır. Artıq narahatçılıq doğuran məsələlərin bilavasitə iqtidarın nümayəndələrinə çatdırmaq, siyasi partiyalar üçün yeni bir şəraitin təmini ölkədə yeni konfiqurasiyanın yaradılmasına imkan verdi. Mən ötən bir il ərzində Prezident Administrasiyasının müvafiq şöbəsinin işini müsbət hesab edirəm və bunu Prezidentin ifadə etdiyi yeni strategiya istiqamətində zəruru addımlar kimi qiymətləndirirəm.

- Siyasi partiyalar dialoq çərçivəsində müxtəlif təkliflərlə çıxış edirlər. Sizdən öncə həmsöhbət olduğum bir sıra həmkarlarınız həmin təkliflərin bəzilərinin artıq reallaşdığını bildiriblər. Eyni zamanda, onlar hakimiyyətin bütün təkliflərə açıq olduğunu söyləyirlər. Sizin rəhbərlik etdiyiniz partiya hansı təklifləri verib və onlardan reallaşan olubmu?

- Azərbaycan Demokratik İslahatlar Partiyası bir neçə istiqamətdə təkliflərlə çıxış edib və deyim ki, bizim fikirlərimiz də müsbət qarşılanıb. Mənə elə gəlir ki, ölkəmizin inkişafı, vətəndaşlar üçün lazımi imkanların yaradılması çox vacibdir. Yəni burda biz əsasən kiçik və orta sahibkarlar, onların hüquqları ilə bağlı məsələlər, mədəniyyətin inkişafı və bununla yanaşı, Azərbaycanda güclü təhsil sisteminin yaradılması imkanlarını nəzərdə tuturuq. Biz, bu məsələləri Azərbaycanda ən əsas istiqamətlər hesab edirik. Bu istiqamətlərdə verilən təkliflər düşünürəm ki, öz müsbət nəticəsini verəcək. Bununla yanaşı, mənə elə gəlir ki, Azərbaycan üçün hal-hazırda çox mürəkkəb, çağırışlarla dolu bir zamanda xarici siyasət məsələsi vacib əhəmiyyət kəsb edir. Bu mövzuda da öz fikirlərimizi ifadə etmişik. Ümumiyyətlə, burda da biz milli mövqedən çıxış etməyi və bütün siyasi qüvvələrin qeyd edilən prosesə cəlb olunmağını zəruri hesab edirik. Bu istiqamətdə əməkdaşlıq daha da güclənməlidir.

- Vətən müharibəsində iqtidar-müxalifət birliyinə şahidlik etdik. Əldə edilmiş qələbədən sonra, sizcə, bu həmrəyliyin davam etməsi nə dərəcədə vacibdir?

- Vətən müharibəsi dövründə Azərbaycan unikal bir milli həmrəylik və birlik sisteminin formalaşmasına nail oldu. Hətta bu, bir sıra ölkələrin diqqətini cəlb etdi və bizə oxşar vəziyyətdə olan ölkələrdə Azərbaycanı çox yaxşı bir nümunə kimi təqdim edib, öz problemlərinin həllində milli birlik, vahid bir düşüncəni, gücü ortaya qoymaq barədə fikirlər səsləndirdilər. Mənə elə gəlir ki, Azərbaycan üçün əslində müharibədən sonra çox mühüm bir yeni dövr başlayır. Söhbət Böyük Qayıdışdan gedir. Söhbət Qarabağın bərpasından gedir. Bununla yanaşı, ölkəmizin çox çətin pandemiya dövründə inkişafı üçün iqtisadiyyatın şaxələndirilməsi də prioritet təşkil edir. Bu mənada hesab edirəm ki, milli, dövlət maraqları istiqamətində həmrəyliyə böyük ehtiyac var və bu istiqamətdə də həmrəylik qorunub saxlanılmalı, inkişaf etdirilməlidir.

- Hakimiyyət tərəfindən fərq qoyulmadan bütün partiyalar dialoqda dəvət edilib. Amma bəzi siyasi dairələr, konkret AXCP bundan imtina edib. Bu mövqeyi necə qiymətləndirirsiniz?

- Ümummilli məsələlərlə bağlı həmrəylikdən imtina, hakimiyyətlə dialoqan imtina bu prosesdən kənarda qalan qüvvələri marginal bir qüvvəyə çevirə bilər. Çünki onlar ölkənin dayaq maraqları, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü, ölkəmizin müasir, demokratik bir dövlətə çevrilməsində əməkdaşlıqdan imtina edirlərsə, o zaman onların məqsədləri də şübhə doğura bilər. Və zənnimcə, həmin qüvvələrin məqsədləri Azərbaycan dövləti və onun müstəqilliyi üçün bir problemə çevrilə bilər.

- Ölkəmizdə aparılan siyasi islahatlar, yaradılan dialoq mühiti partiyaların cəmiyyətdəki roluna, iştirakçılığının artmasına necə təsir göstərib?

- Bu istiqamətdə ilk müsbət addımlar artıq atılıb, amma hələ çox işlər görülməlidir. Bu addımları daha da genişləndirməyə böyük bir ehtiyac var. Söhbət Azərbaycanın bütün ərazisini əhatə etməkdən gedir. Çünki Azərbaycanın bir sıra bölgələrində icra strukturları özlərini xan kimi apararaq siyasi partiyaların fəaliyyəti üçün də problemlər yaradırlar. Ona görə də bu istiqamətdə islahatların daha da genişlənməsi, güclənməsi və mütəmadi olaraq irəliyə addımların atılması üçün çox böyük işlər görülməlidir. Məqsəd isə Azərbaycanı müasir, demokratik, çoxpartiyalı, rəngarəng siyasi sistemə malik bir ölkə kimi inkişaf etdirməyə çalışmaq olmalıdır. Bunun üçün böyük potensial var və çox müsbət bir proses başlayıb.

- Dialoq prosesinin gələcəyini necə görürsünüz? Ümumiyyətlə, bu proses hara qədər davam edəcək?

- İlk növbədə mən ölkəmizin gələcəyini məhz müstəqil Azərbaycanda yetişmiş gənc nəslin güclənməsində, savadlı, peşəkarlığında, siyasi proseslərdə sərbəst iştirak imkanlarına malik olmasında görürəm. Azərbaycanın gələcəyi üçün bu cür nəslin formalaşması çox vacibdir. Azərbaycan xalqı böyük bir mədəni dəyərlərə malikdir. Bu mədəni dəyərlər xalqımızı hər zaman türk-islam dünyasının lider edib. Mənə elə gəlir ki, məhz bu proseslər, yəni siyasi islahatlar, mədəniyyət sahəsinin inkişafı, təhsil sahəsinin inkişafı üçün hansısa vaxt müəyyən etmək mümkün deyil, yəni bu işlər əbədi davam etməlidir. Azərbaycanı güclü bir dövlətə çevirmək üçün bunlar hamısı zəruri sayılan amillərdir. Məqsəd isə güclü Azərbaycan, Azərbaycan xalqının rifahı, ən əsası Azərbaycanı güclü sözə, imkanlarına malik olan bir dövlətə çevirməkdir.

PƏRVANƏ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.