525.Az

“ANİB çox maraqlı layihələr həyata keçirməyi planlaşdırır” - Müsahibə

ŞƏMİL SADİQ: "SADƏCƏ KİTAB SATIŞI İLƏ YAŞAYAN ÇOX AZ SAYDA NƏŞRİYYAT VAR"


[04.03.21]
“ANİB çox maraqlı layihələr həyata keçirməyi planlaşdırır” - <b style="color:red">Müsahibə</b>

Bu günlərdə bir neçə nəşriyyat rəhbərinin təşəbbüsü ilə “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi (ANİB) yaradılıb. Birliyin prioritetləri, qarşıya qoyulan məqsədlərlə bağlı ANİB-in idarə heyətinin sədri, "Hədəf" Nəşrlərinin baş direktoru Şəmil Sadiqlə söhbətləşmişik:

– Şəmil bəy, kitab sahəsində yeni ictimai birlik yaradılıb və siz də idarə heyətinin sədri seçilmisiniz. Təbrik edirik!

– Çox sağ olun. Bəli, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi yaratmışıq. Qısaca ANİB deyirik.

– Sizcə, çox gec baş vermədi bu hadisə?

– Əslində, haqlısınız, müxtəlif sahələrdə xeyli qeyri hökümət təşkilatları var və bu hədddindən çoxdur. Amma kitab sahəsində barmaqla sayılacaq qədərdir. Düzdür, “Təhsil” Nəşriyyatının keçmiş direktoru rəhmətlik Bəhruz müəllimin təşəbbüsü ilə yaradılan “Azərbaycan Naşirlər və Poliqrafçılar Birliyi” var idi. Sağ olduğu vaxtlar maraqlı layihələr də həyata keçirilir, hətta “Naşir” jurnalı da çap edilirdi. Lakin Bəhruz müəllim vəfat edəndən sonra demək olar ki, fəaliyyətsiz qaldı. Həm də o QHT-də mətbəəçilər və nəşriyyatlar bir yerdə idi. Biz isə düşündük ki, mətbəə sektoru ilə nəşriyyat sahəsi nə qədər bir-birindən asılı olsalar da, əslində, tamamilə fərqli sahələrdir. Təəssüf ki, ölkəmizdə nəşriyyat və mətbəə sektorunun arasındakı fərqi bilməyən nəinki sadə vətəndaşlar, hətta ziyalılar, kitabçılar da var. Gec yaranma səbəblərindən biri də bu sahəyə indiyə qədər ciddi dəstəyin olmaması, kitab sektorunun az inkişaf etməsidir. “Altun” Nəşriyyatının direktoru Rafiq İsmayılov da bir zamanlar belə təşəbbüsdə olub, sadəcə qeydiyyatdan keçmədiyi üçün fəalliyyətini dayandırıb. Ölkəmizdə kitabçılıq, xüsusən də nəşriyyat işi bir çox məqamlarda diqqətdən kənarda qalır. Məsələn, mətbəə sektoru çox güclü inkişaf etsə də, nəşriyyat sahəsi o qədər də inkişaf etməyib. Bəzən də mətbəələr, elə nəşriyyat kimi fəaliyyət göstərir. Onlar da daha çox dövlət layihələri ilə işlədiyindən kitab sektorunun inkişafına o qədər təsir edə bilmir. Lakin son 5-6 ildə, bəlkə də 10 ildə müstəqil nəşriyyatlar yaranıb, dişi-dırnağı ilə yaşamağa çalışırlar. Sadəcə kitab satışı ilə yaşayan çox az sayda nəşriyyat var. Buna görə də nəşriyyatlar çox ciddi problemlərlə qarşılaşır. Birincisi, piratçılıq baş alıb gedir. Nəşriyyatların topdansatış mağazalara təsir imkanları yoxdur, bazara onlar diktə edir. Halbuki, nəşriyyat kitab istehsal etməsə, mağazalar işləyə bilməz. Amma min bir əziyyətlə yazılan kitabların bazarda surəti çıxarılıb satılır. Düzdür, bu, daha çox metodik vəsaitlərdə baş verir, amma bədii ədəbiyyat da bundan ciddi əziyyət çəkir. Bir kitaba ISBN almaq üçün 25 manat xərc çəkilməlidir. Kitab yarmarkaları yoxdur, mağazalar azdır, iki ildə bir dəfə kitab sərgisi keçirilir, onu da sadəcə nəşriyyatlar və müəlliflər bilir. Tələbələr, məktəblilər doğru-düzgün cəlb edilmir. Xarici yazarların Azərbaycan oxucusu ilə tanışlığı, yerli yazarların maliyyə çətinliyi, redaktə, korrektə, tərcümə sahəsinin pərakəndə vəziyyəti, Azərbaycan ədəbiyyatının dünyaya tanıdılması ilə bağlı, demək olar ki, heç bir  iş görülmür. Bir sözlə, Azərbaycanda nəşriyyat etikası, mədəniyyəti çox aşağı səviyyədədir. Ümumiyyətlə, ömrünü kitaba həsr edən naşirlər, tərcüməçilər, redaktorlar, korrektorlar, dizaynerlər heç bir yerdə yada düşülmür, dinlənilmir. Bütün bunlar azmış kimi, balaca bir ölkədə üç-beş nəşriyyat öz arasındakı münasibətləri düzgün koordinasiya edə bilmir. Beynəlxalq sərgilərdə nəşriyyatlarımızın nə qədər cılız olduğunun fərqinə varmaq adamı incidir. Məhz bu səbəblər tələb edirdi ki, nəşriyyatların haqq və hüquqlarını, mənafelərini müdafiə edən, onları maarifləndirən, bu sahənin inkişaf etməsi üçün dəstək verən ictimai birlik yaradılsın.

– Təşəbbüs kimdən gəldi, neçə nəşriyyat bir yerə yığışa bildi?

– Bir naşir kimi, yaranma səbəbi məni çox qane edir. Yəni adətən, belə hallarda bir-iki nəfər qabağa düşür, təsis edir və digərlərini də dəvət edir. Amma ANİB təbii yolla, demokratik mühitdə yaradıldı. Yəni 8 nəşriyyat təsisçidir. Proses düz bir ildir davam edir. Gənc naşirlər öz aralarında görüşür, müzakirələr aparırdı. Sonda mənə də dedilər ki, belə bir təşkilat yaratmaq arzusundayıq, gəlin, birləşək, əməkdaşlıq edək, problemlərimizi bir qazana töküb dadına baxaq. “Parlaq İmzalar”, “XAN”, “Qədim qala”, “Ağıllı bala”, “Çinar”, “Simurq”, “Çapar”, “Hədəf”, “Qələm”, “BookZone”, “Köhlən” nəşriyyatları, demək olar ki, qeyri-rəsmi olaraq birləşib müəyyən işlər görməyə hazır idilər. Görüşüb müzakirələr apardıq, əksər nəşriyyatları dəvət etdik, toplantı keçirdik. Bu mərhələdə artıq 20-dən çox nəşriyyat bir yerdədir. “Altun”, “Təhsil”, “Alatoran”, “Şərq-Qərb”, “Nurlan” nəşriyyatları da proseslərə aktiv qoşulandan sonra təsisçilər və idarə heyəti müəyyənləşdi. “Qanun”, “Teas Press” kimi nəşriyyatlar toplantıda iştirak etməsələr də, telefonla danışdıq, üzv kimi iştirak edəcəklərini bildirdilər. Bir sözlə, bütün nəşriyyatların belə bir təşkilata ehtiyacı vardı və bir arada olmaqdan məmnun olduqlarını deyə bilərik.

– Sizcə, bütün nəşriyyatları bir araya gətirə biləcəksiniz?

– Əlbəttə, məqsəd məhz odur. Toplantıya gələ bilməyən nəşriyyatlarla da telefonla danışmış, dəstəklərini almışıq. Ümid edirəm ki, yaxın zamanda onlar da üzv olacaq, mehriban şəraitdə balaca, amma qədim ənənələri olan ölkəmizdə kitabçılığı inkişaf etdirəcəyik. Bütün nəşriyyatların bir yerdə olması arzuediləndir. Kimsə üzv olmayacaqsa, artıq şirkətin və ya şəxsin öz qərarıdır. Üzvlərin çox geniş imtiyazları olacaq. Hazırda bütün nəşriyyatların siyahısı hazırlanır, hamısına dəvət göndərəcəyik.

– Mədəniyyət Nazirliyi bu məsələyə necə baxır?

– Şükür, ölkəmiz demokratik və hüquqi dövlətdir. Cənab prezident dəfələrlə çıxışlarında özəl sektorun inkişafı üçün bütün şəraitin yaradılmasını məmurların qarşısında tələb qoyub. Yeni Mədəniyyət nazirimiz də açıqfikirli insandır və ümid edirəm, dəstək alacağıq və bu dəstək həm də Mədəniyyət Nazirliyinin işinə kömək olacaq. Artıq əməkdaşlıq edir, məsləhətləşmələr aparırıq. “Mədəniyyət Nazirliyinin dəstəyini indidən alırıq” da deyə bilərik. 9-11 mart tarixlərində İstanbulda nəşriyyatların və agentliklərin iştirakı ilə follovşip keçiriləcək. Azərbaycan da qonaq ölkədir. Bu tədbirdə 10-a yaxın  nəşriyyat iştirak edir. Hazırlıq proseslərində də birgə fəaliyyət göstəririk. Hətta tədbirdə iştirak etmək üçün bir neçə gənc nəşriyyatın bütün gediş-gəliş, qonaqlama xərclərindən azad azad edilməsi, bu zaman bizim də fikirlərimizi nəzərə almaları təqdirəlayiq haldır. Düzdür, xərcləri Türkiyə tərəfin təşkilatçısı qarşılayır, lakin hansı nəşriyyatların qızıl paket alması təklifi Mədəniyyət Nazirliyindən olub.

– Bu tip tədbirlərdə, adətən, nəhəng nəşriyyatlar və agentliklər iştirak edir, öz kitablarını satır. Sizcə, buna hazırıqmı? Yəni bizim naşirlər xaricə kitab sata biləcəklərmi? 

– Tam haqlısınız, bu sahədə çox geridəyik. Adətən, xaricdən kitab alırıq. Amma xaricə müəllif hüququ satmaq ənənəsi bizdə formalaşmayıb. ANİB-in əsas hədəflərindən biri də budur: Azərbaycan müəlliflərini xarici nəşriyyatlara təklif edib satmaq. Düzdür, hələ də ölkəmizdə bu sahədə ciddi qrant layihələr yoxdur ki, xarici naşirlər üçün maraqlı olsun. Bir çox ölkənin dövlət tərəfindən maliyyələşən belə qurumu var, ən azından tərcümə xərclərini həmin ölkə öz ədəbiyyatını təbliğ etmək üçün ödəyir. Ümid edirik, bu sahədə yaxında ciddi addımlar atılar. Buna baxmayaraq biz hazırlaşmışıq, hər nəşriyyat beş-on müəllifi təqdim və təbliğ edəcək. Son bir ayda bununla bağlı 4 toplantımız olub, təcrübələrimizi bir-birimizlə bölüşmüşük. Məsələn, biz “Hədəf” Nəşrləri olaraq 15 müəlliflə iştirak edəcəyik. Bunlardan müəllif hüquqları bizdə olan Əzizə Cəfərzadə, İsa Muğanna, Salam Qədirzadə, Rüstəm Behrudi, QanTuralı, Ceylan Mumuoğlu, Vüqar Zifəroğli, Şəmil Sadiq kimi müəlliflər var. Digər naşirlər də həmçinin, öz müəlliflərinin kataloqunu ingiliscə hazırlayıb, hədəfimiz budur ki, ən az hərəmiz bir neçə kitab sataq. Amma hazırda orda iştirak etmək, təcrübə qazanmaq daha vacibdir. Gələcək üçün.

– Azərbaycan müəlliflərinin əsərlərinin dünyaya çıxması, tanıdılması uzun proses olacaq, yəqin ki...

– Amma haradansa başlamaq lazımdır. Yeni nəsil gənc yazarlar var və çox da yaxşı yazırlar. Sadəcə bizdə nəşriyyat institutu, nəşriyyat menecerliyi tam formalaşmayıb. Görülməli çox iş var, lakin dediyim kimi, haradansa başlamaq lazımdır. Hələ də ölkəmizdə müəllif hüquqlarının alışı və satışı ilə bağlı məşğul olan agentliklər yoxdur. Sevindirici haldır ki, yeni yaradılan “Qorqud” Agentliyi bu dəfə İstanbuldakı tədbirdə iştirak edəcək. Ümid edirəm, yaxşı işlər olacaq, həm də çox yaxşı. Komanda güclü, istəkli və həvəslidir. Ən əsası, çox çevikdir. ANİB qısa zamanda çox maraqlı layihələr həyata keçirməyi planlaşdırır. Oxuclarımızın da köməyi ilə Azərbaycan kitabçılığına yeni ab-hava gətirəcəyimizə inanırıq!

Cavid QƏDİR


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.