525.Az

"Musiqinin dili olmur, onu hiss etməlisən" - Müsahibə

AYXAN BÜNYADZADƏ: "SOSİAL ŞƏBƏKƏLƏRDƏN İSTİFADƏ MUSİQİÇİLƏR ÜÇÜN ÇOX VACİBDİR"


[03.03.21]
"Musiqinin dili olmur, onu hiss etməlisən" - <b style="color:red">Müsahibə</b>

Bu gün gənclər arasında sosial şəbəkələrdən düzgün istifadənin təbliği çox mühüm əhəmiyyət kəsb edir. Əgər bu platformalardan qarşımıza qoyduğumuz məqsədlər üçün istifadə etsək, daha yaxşı faydalana bilərik.

Budəfəki müsahibimiz Ayxan Bünyadzadə sosial medianın faydalarından yararlanmağa çalışanlardandır.

Səsi və fərqli ifası ilə dinləyicilərin ürəyinə yol tapmağı bacaran gənc ifaçı bizə uğurlarından və sosial şəbəkələrin bu uğurdakı payından danışdı.

***

- Düşünmürəm ki, sosial şəbəkələrdən narazı olanlar çoxluq təşkil etsin. Xüsusilə də musiqiçilər üçün sosial mediadan istifadə ən vacib ünsürlərdəndir. Ona görə də, daim buradan istifadə edirik.

- Ayxan bəy, necə oldu ifaçılığa yönəldiniz?

- Uşaqlıqdan musiqi ilə yaxından tanışam. Demək olar, həyatımın hər saatında bu özünü büruzə verir. Hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 4-cü kurs tələbəsiyəm. Ondan öncə də Milli Konservatoriyanın nəzdindəki İncəsənət gimnaziyasını bitirmişəm. Bugünkü mövqeyə gəlməyim isə ailəmin köməyi və dəstəyi ilə baş tutub.

- Bəs ailənizdə sizdən başqa musiqi ilə məşğul olan var?

- Musiqiyə olan həvəsimi və inkişafımı böyük qardaşım Sərxan Bünyadzadəyə borcluyam. Qardaşım Konservatoriya məzunu, 2013-cü il Muğam müsabiqəsinin isə qalibidir.

- Əsasən türk mahnıları ifa edirsiniz, niyə milli mahnılarımıza daha çox yer ayırmırsınız?

- Bu sual mənə həm öz çevrəm, həm də tanımadığım insanlar tərəfindən tez-tez ünvanlanır. 11-12 yaşlarımdan bəri Türk xalq musiqisi və digər türk mahnı janrları ilə yaxından tanışam. Məncə, musiqinin dili yoxdur. Sadəcə ürəyin hansı tərəfi daha dərindən qəbul etdiyi nüanslar var. Amma bu o demək deyil ki, mən Azərbaycanın klassik və müasir mahnılarını sevmirəm. Sadəcə sosial şəbəkələrdə daha yaxşı hiss etdiyim mahnıları ifa etməyi üstün tuturam. Buna bizim milli mahnılarımız da daxildir. Hazırda həmin ifalar səhifəmdə də mövcuddur.

- Siz həm də uşaqlıqdan Türkiyədə bir çox müsabiqələrdə iştirak etmisiniz...

- Həmin dövr həyatımın ən yaddaqalan illəri olub. Çox həyəcanlı, gərgin, eləcə də xoşbəxt anlar yaşamışam. İlk dəfə xarici ölkədə olmaq, orada yarışmalarda iştirak etmək çox həyəcanlı idi. 140 ölkədən gəlmiş iştirakçı arasından ən yaxşılar seçilirdi və hər gün bu rəqəm azalırdı. Sonda finala qədər gəldim ilk “üçlüyə” daxil oldum və dünya ölkələri arasında ikinci yerin sahibi oldum. Orada dünyanın hər yerindən insanlarla tanış olub bəziləri ilə dostluq da qurmuşduq. Uşaqlıq illəri deyəndə ağlıma Türkiyədə keçirdiyim günlər gəlir. O günlər musiqi həyatıma çox müsbət təsir edib.

- Boş vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Əslində, boşluq yaranmağına imkan vermirəm. Daim musiqi dinləyir, səsim üzərində məşq edir, digər zamanlarda isə film izləyirəm.

- Hazırda səhifənizi böyütmək üçün hər hansı bir fikriniz varmı?

- Sənətimlə bağlı gördüyüm hər iş səhifəmə də təsir edir. Bu il yeni layihələrlə izləyicilərimi həm sevindirib, həm də sayını artırmağı qarşıma hədəf qoymuşam.

- Deyirlər, Qarabağ bölgəsindən olan adamların səsi daha gözəl olur. Siz necə düşünürsünüz?

- Azərbaycan torpaqlarının hər qarışı tarix boyu dahilər, ustadlar, filosoflar, sənətkarlar yetişdirib. Sadəcə olaraq Qarabağ zonasında, əsasən də Şuşada böyük sənətkarların fəaliyyət göstərdiyi musiqi məktəbləri yer alırdı. Hər yerdən ora tələbələr gəlirdi. Buna görə də, biz Şuşanı Azərbaycan musiqisinin beşiyi adlandırırıq. Ancaq mənim Qarabağ bölgəsi ilə əlaqəm yoxdur, əslən naxçıvanlıyam.

- Əsasən hansı janrda kitablar oxuyursunuz?

- Tarixi kitabları oxumağı çox sevirəm. Mütaliə deyəndə təsəvvürümdə qəzəllər və tarixi motivli kitablar canlanır.

- Nə vaxtsa solo konsert təşkil etmək fikriniz varmı?

- İrəlidə planlarım çoxdur. Amma bunun üçün müəyyən zaman lazımdır, solo konsert çox məsuliyyətli işdir.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.