525.Az

Övlad qatili olan qəzəbli çar - "Bir rəsmin dedikləri"

[17.02.21]
Övlad qatili olan qəzəbli çar - <b style="color:red">"Bir rəsmin dedikləri"</b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru Aslan Xəlilovdur. Aslan bəylə İlya Yefimoviç Repinin "İvan Qroznı öz oğlunu öldürür" ("İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə")  əsəri haqqında danışmışıq. 

- Əvvəlcə onu qeyd edim ki, bu əsər haqqında çox yazılsa da, əsərdə əksini tapmış hadisənin başvermə səbəbləri haqda hələ də tədqiqatçılarda dəqiq məlumat yoxdur. Hadisənin baş verdiyi tarixi dövr müəyyən qədər məlumdur. XVI əsrdə (1581, 1582 və ya 1583-cü il) Avropanın hakim sülalələri arasında görünməyən bu müəmmalı qətl hadisəsi hələ də alimlərin diqqət mərkəzindədir. Deyilənlərə görə, emosiyalarına hakim ola bilməyən İvan Qroznının var gücü ilə əlindəki əsanı öz oğlu İvanın gicgahına vurması oğlunun ölümü ilə nəticələnir. Bir mənbəyə görə, oğlunun ölümündən sonra çarəsiz qalan İvan Qroznı sarayda bu cür nalə edirdi: "Bədbəxtəm mən, oğlumu öldürdüm! Oğlumu öldürdüm!" Daha sonra böyük peşmanlıq hissi ilə saqqalını yolmağa başlayır. Hətta deyilənlərə görə, çarın qara saçları həmin an ağarıb. Məşhur rəssam İlya Yefimoviç Repin də "İvan Qroznı öz oğlunu öldürür" və ya "İvan Qroznı və oğlu İvan 16 noyabr 1581-ci ildə" əsərində məhz bu səhnəni kətan üzərinə həkk edib.

- Əsərin yaranma tarixi haqqında nə bilirik?

- Əsərin yaranma tarixi onun məzmunundan fərqli olaraq daha dəqiq araşdırılıb. Çünki bu əsərin yaradılması haqqında rəssam özü də bilavasitə öz xatirələrində müəyyən qeydlər edib. İ.Repin özünün "Uzaq-yaxın" avtobioqrafik povestində qeyd edir ki, IV İvanın həyatından bəhs edən belə bir əsər yaratmaq fikri onda Moskva sərgisi vaxtı, Rimski-Korsakovun konsertində iştirakı zamanı yaranıb. Rəssam daha sonralar yazırdı: "Onun musiqi trilogiyası və oradakı məhəbbət, hakimiyyət və qisas məndə elə böyük təəssürat hissi oyatmışdı ki, həmin musiqi gücündə bir rəsm əsərini təsvir etmək istəyi məndə durmadan çoxalırdı". Bəli, bəstəkarın məhəbbət, hakimiyyət və qisası ehtiva edən musiqisi onu oxşar təsirə malik rəngkarlıq əsəri yaratmağa sövq etmişdi: "Bunun elə də asan olmayacağını bilsəm də, işə başladım..." Tədqiqatçılar müəyyən edib ki, N.A.Rimski-Korsakovun şərq nağılının birinə əsaslanan "Antar" simfonik süitası İ.Y.Repini ən heyrətləndirən əsərlərdən biridir. Məhz "Antar" əsərinin bəstəkar tərəfindən "Qisas" adlandırılmış hissəsi rəssamda dərin təəssürat yaradıb.

Qeyd edim ki, əsərin ilkin variantı hələ 1882-ci ildə karandaşla çəkilib. Tablonun yekun variantı üzərində işə başlayana qədər rəssam on bir eskiz işləyib. 1883-cü ildə yağlı boya ilə ərsəyə gətirilmiş hazırlıq eskizi isə son variantın yaradılmasında əsas material olub. Rəssam əsər üzərində 1884-1885-ci illərdə Moskva və Peterburq şəhərlərində çalışıb.

Müasir rəssamların əksəriyyətindən fərqli olaraq o vaxtın sənətkarları daha çox kompozisiyalara daxil etdikləri obrazların oxşarını həyatda axtarıb tapar, onları naturadan işləməyə üstünlük verərdilər. İ.Repin də bu üsuldan istifadə edib. Əsər barəsində zamanında yazılmış tədqiqatlara əsasən demək lazımdır ki, Repin İvan Qroznının obrazı üçün rəssam Q.Myasoyedov, bəstəkar P.Blaramberq və daha iki naməlum şəxsin portretlərindən istifadə edib. Çarın oğlunun cizgiləri isə yazıçı V.Qarşin və rəssam V.Menkdən götürülüb.

Rəssam kətan üzərində karandaşla çəkilmiş, bir qədər qeyri-müəyyən və qeyri-dəqiq ideyanı özündə birləşdirən sadə və ümumi eskizdə kompozisiyanın bütün həcmini təsəvvür etmək və gələcək çalışmalar üçün, ön planda İvan Qroznı və onun oğlunun eskizlərini yaratmışdı. Ancaq əvvəlcə burada səs-küyü eşidib içəri daxil olmuş boyarların, zadəgan qadınların və otağın küncündə gördüklərindən şoka düşmüş qadının eskizləri yaradılmışdı. İ.Repin özü bu işdən narazı idi və artıq sonrakı eskiz variantında boyarlar və qadın kompozisiyadan çıxarılır. Çünki onların tabloda olması bir o qədər də önəmli deyildi. Təbii ki, həqiqətdə zəhmli çarın qışqırıqlarından qorxmuş saray əhli, əllərini tanrıya uzatmış ana və dayələr, eləcə də "Yara dərindir, ümid yoxdur" deyən saray həkimi bu hadisənin iştirakçıları olublar. Lakin bunlar məhz sonrakı hadisələrdir. Ona görə də rəssam qərar verir ki, tabloda yalnız çar və onun oğlunu təsvir etmək lazımdır.

Qeyd etdiyimiz kimi, tablonun yekun variantının ərsəyə gətirilməsi üçün rəssam on bir eskiz işləyib.  Öz yüksək tələbkarlığı ilə İ.Repin artıq hazır olan və bir qədər əvvəl özünün belə xoşuna gələn şəkil parçalarını beş-on dəfə amansızcasına məhv edir, ya da yenidən düzəldirdi. O, sonralar çəkdiyi əziyyəti xatırlayaraq demişdi: "Tabloda şəkli birnəfəsə çəkirdim. Əziyyət çəkir və həyəcan keçirirdim, çəkdiyimi təkrar-təkrar düzəldirdim. Xəstə peşmançılıq hissi ilə çəkdiklərimi gizlədir, daha sonra isə şüurumun daxilindən yeni fantaziyanı çıxararaq yenidən kətanın üzərinə hücum edirdim".

Rəssamın bu əsərlə mübarizəsi ağır xəstəliyə düçar olmuş insanın ölüm-dirim mübarizəsinə bənzəyirdi. Sonralar İ.Repin bu barədə deyirdi: "Bəzən bir neçə dəqiqə bu şəkil məndə dəhşət doğururdu. Üzümü şəkildən çevirir və ya bir müddət onu heç kəsin tapa bilməyəcəyi yerlərə gizlədirdim. Dostlarım üçün də o, eyni təsir bağışlayırdı. Amma hansısa bir güc məni onun yanına getməyə və onunla yenidən çalışmağa məcbur edirdi".

- Əsərin bu qədər təsirli alınmasının səbəbi nədir?

- Ata və oğlun qaçılmaz toqquşmasını - İvan Qroznının yenicə törədilmiş cinayətin ilk dərketmə anını təsvir edən rəssam əsərdə realist təsvir metodundan istifadə etməklə psixoloji yaşantıların bədii ifadəsini yüksək ustalıqla verə bilib. Başqa sözlə desək, burada rəssamı tarixi fakt yox, məhz cinayətin psixoloji məqamı və motivasiyası maraqlandırır. İ.Qrabar əbəs yerə demirdi ki, Repinin bu cür uğur qazanmasının başlıca səbəbi onun tarixi gerçəkliyin deyil, günahsız tökülmüş qanların bahasına yaranmış dəhşətli müasir gerçəkliyin kətanda təsvir olunması və insanlara nümayiş etdirməsidir.

 

- Qədim zamanlardan slavyanlar şeytanın güzgüdə əks olunmadığına inanıblar. Görəsən, rəssam güzgüdə heç nəyi əks etdirməklə bunumu demək istəyir?

- Düzü, slavyanların güzgü ilə bağlı inancları haqqında hər hansı bir fikir söyləməyim yanlış olar. Çünki onların belə bir inanca malik olub-olmadıqları haqqında dolğun təsəvvürüm yoxdur. Lakin güzgüylə bağlı bir neçə maraqlı məqamları nəzərinizə çatdırmaq istərdim. Bildiyimiz kimi, bəzi xalqların güzgülərlə bağlı müxtəlif inanc və əlamətləri var ki, bu da mənfi və ya müsbət məna kəsb edə bilər. Deyilənlərə görə, güzgü onun önündə baş verən bütün hadisələri yaddaşında saxlaya bilir. Xüsusilə cinayət və ya hər hansı bir mübahisəli dava-dalaşı. İstənilən fiziki zorakılıq güzgülərdə mənfi energetika buraxır. Hətta əfsanələrə görə, güzgü ölmüş insanın ruhunu özündə həbs edə bilər. Bəzi dinlərə görə, ölən insanın ruhu hələ bir müddət insanların arasında dolaşır. Onun missiyası o biri dünya üçün bir yol tapmaq və oraya getməkdir. Lakin ölənin otağında güzgü varsa, onun ruhu orada ilişib qala bilər. Görünür, məhz buna görə İ.Repin otaqdakı güzgünü qaranlıq - əks təsirsiz təsvir edib ki, oğlu - şahzadə İvanın ruhu güzgüdə məskən salıb onu narahat etməsin.

- Bir neçə yerdə oxumuşdum ki, əsərdə təsvir olunan xalça Qazax xalçasıdır. Sizcə, bu nə dərəcədə doğrudur?

- Bəli, bu, haqda az da olsa, məlumat var. Yalnız əsərdə təsvir olunan xalçanın üzərindəki motivlərdən onun Gəncə-Qazax xalçaçılıq məktəbinə aid olduğunu qeyd etmək olar.

- Rəsm indi hardadır və hazırkı vəziyyəti necədir?

- Əsər hazırda Moskva Dövlət Tretyakov Qalereyasında saxlanılır. Etirazçılar tərəfindən iki dəfə  - 1913 və 2018-ci illərdə fiziki təsirə məruz qalmasına rəğmən, bərpadan sonra əvvəlki görkəmini qoruyub saxlaya bilib.

- Rəsm bizə nə deyir?

- Əsər bizə deyir ki, sonrakı peşmançılıq fayda verməz!..

Aytac SAHƏD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.