525.Az

İndoneziyalı Leyla öz Məcnununu Azərbaycanda tapdı - Müsahibə

İNDONEZİYALI KİNOREJİSSOR MONTİ TİVANIN NİZAMİ GƏNCƏVİNİN "LEYLİ VƏ MƏCNUN" POEMASININ MOTİVLƏRİ ƏSASINDA ÇƏKDİYİ "LEYLA-MƏCNUN" FİLMİ "NETFLİX"DƏ YAYIMLANMAĞA BAŞLAYIB


[15.02.21]
İndoneziyalı Leyla öz Məcnununu Azərbaycanda tapdı - <b style="color:red">Müsahibə</b>

"Leyli və Məcnun" adlı ilk film 1961-ci ildə, rejissor Lətif Səfərovun quruluşunda, Məhəmməd Füzuli və Nizami Gəncəvinin eyniadlı poemalarının motivləri əsasında çəklib.

Nəzərə alsaq ki, həmin filmdə N.Gəncəvinin əsərindən yalnız Zeyd ilə Zeynəbin sevgi motivindən istifadə olunub, o zaman görərik ki, həmin əsər indiyədək, daha doğrusu, 2019-cu ilə qədər ekranlaşdırılmayıb.

Yəqin sizin üçün də maraqlı olar ki,  görəsən, 58 il sonra bu əsərə kim və niyə müraciət edib? Kimin ağlına gələrdi ki, ədəbiyyatımızın və böyük Nizaminin şah əsərlərindən biri olan "Leyli və Məcnun" poemasının motivləri əsasında indoneziyalı kinorejissor Monti Tiva film çəkəcək?

İndoneziya ilə Azərbaycanın ortaq  layihəsi olan, azərbaycanlı aktyorların da rol aldığı (Filmdəki "Məcnun" - Samir roluna azərbaycanlı gənc aktyor Murad İsmayıl çəkilib)  "Leyla-Məcnun" ("Layla-Majnun") filmi artıq 11 fevraldan etibarən dünyanın ən yaxşı və ən keyfiyyətli kinofilm, serial platforması olan "Netflix"də yayımlanır.  Əgər film haqqında daha çox bilmək istəyirsinizsə, onda baş rolda Leylanı canlandıran Aça Septriasa və filmin rejissoru Monti Tiva ilə müsahibəni oxuyun. Onlar filmdən, çəkiliş prosesindən danışıb, öz təəssüratlarını bölüşüblər.

- Dahi Azərbaycan şairi Nizami Gəncəvinin  "Leyli və Məcnun" poemasının motivləri əsasında film çəkmək ideyası indoneziyalı rejissorun ağlına necə gəlib?

Monti Tiva: - Bu hekayə ilə uşaqlığımdan tanış idim. 1930- 1940-cı illərdə bizim yazıçılarımız bu əsəri Nizami Gəncəvinin adını qeyd etmədən götürüb yazmışdılar. Ona görə də, bütün indoneziyalılar bu hekayəni bilirdilər. Mən artıq kollecdə oxuyanda öyrəndim ki, Nizami Gəncəvinin bu adda poeması var. Onda bildim ki, bu, islam ölkələrinin milli, ənənəvi hekayəsidir. Filmin ideyası isə hekayəni eşitdiyimdən bəri ağlımda idi. Həmişə "Leyli və Məcnun" hekayəsinə film çəkmək istəyirdim. Əvvəlcə də dediyim kimi, bu hekayəni butun indoneziyalilar bilirdilər. Bizdə həmin hekayəni "Buxammaşqa" adlandırırdılar.

Bizim yazarların bu hekayəni Nizami Gəncəvidən götürdüklərini öyrənəndə onunla daha çox maraqlanmağa başladım. Əsəri oxuyub çox bəyəndim. Nizami Gəncəvinin Azərbaycan şairi olduğunu onda öyrəndim.

- Bu filmdə baş rola çəkilmək təklifini nə zaman aldınız və ilk təəssüratınız necə oldu?

Aça Septriasa: - Bu filmdə baş rola çəkilmək mənə 2019-cu ildə, fevral ayı ərəfəsində təklif olundu. Mən şanslıydım ki, prodüserim bu filmi mənə təklif etdi. Biz Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasından ilhamlandıq. Amma filmin süjet xəttində ciddi interpretasiyalar var. Əsas ideya kimi iki insanın bir-birinə dəhşətli dərəcədə aşiq olmasını götürdük. Filmdə baş rollar Samir və Leyla obrazlarıdır. Samir Leylaya aşiqdir. Leyla indoneziyalı yazıçıdır və Cakartada ədəbiyyat üzrə universitetlərdən birində oxuyur. Onun yazdığı kitab çox məşhurdur. Leyla ədəbiyyat adamı kimi qonaq qismində Azərbaycana gedir və orada Samiri görüb ona aşiq olur. Amma əsas problem odur ki, artıq Leylanı ailəsi İndoneziyada, Javada nişanlayıb. Sonra o Azərbaycanda əsl sevgisi ilə - Samirlə rastlaşır. Ssenarini bəyəndim və bu hekayənin bir parçası olmaq istədim. Çünki bilirdim ki, çox məşhur  bir film olacaq. "Romeo və Culyetda" dan da əvvəl "Leyli və Məcnun" var idi. Şanslıyıq ki, bu film pandemiyadan əvvəl çəkildi.

- Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının motivləri əsasında çəkilmiş filmdə baş rolda Leylanı canlandırmısınız. Xüsusilə azərbaycanlı izləyicilərdə sual yaranır: Aça Septriasa "Leyli və Məcnun" əsərini oxuyubmu?

Aça Septriasa: - Əslində, mən Bakıya gələndə artıq Nizami Gəncəvinin "Xəmsə"sini oxuyub bitirmişdim. Azərbaycanda Nizami Gəncəvinin muzeyini ziyarət etdim, heykəlini gördüm. Həmin muzeyi, heykəli görmək, Bakını gəzməklə mən anladım ki, o, bu poemanı necə yazıb. Onun bütün dünyada ədəbiyyata böyük təsiri olub. Və anladım ki, Nizami Gəncəvi hələ ədəbiyyat çox məşhur olmazdan əvvəl var olub. Əlbəttə, filmdən öncə də mən bu əsəri bilirdim, amma o kitabı əlimdə tutmaq, o əsəri oxumağım daha yaxşı oldu. Bu əsər sevginin şah əsəridir. Bu hekayə bir insanın aşiq olmasını daha yüksək formada ifadə edir. Bu saf, gözəl sevgi hekayəsidir və onu Nizami Gəncəvi kimi böyük bir poema ustası yazıb.

- "Layla-Majnun" filmi ilə əsər arasında hansı fərqlər var?

Monti Tiva: - Bəzi səbəblərə görə hekayəni maksimun öz hekayəmizə uyğunlaşdırmağa çalışdıq. Oxşar olaraq götürdüyümüz ən əsas motiv sevgililərin bir-birinə qovuşa bilməmələridir. Bunun səbəbi Leyla ilə Samirin sosial məcburiyyətləri ilə bağlıdır. Bir sözlə, biz orjinal hekayə ilə bizim hekayəni birləşdirmişik. Əsas götürdüyümüz ortaq məqamlar isə bunlardır: görünməyən məcburiyyətlər, imkansızlıq, sosial təzyiqlər və s. Biz filmdə hörmət və ehtiram əlaməti olaraq Nizami Gəncəvinin də adını çəkmişik və filmin adı, motivlər olduğu kimi qalıb.

- Film ümumilikdə 23 gün ərzində - həm Azərbaycanda, həm də İndoneziyada çəkilib.  Azərbaycandakı çəkiliş prosesində sizə ən xoş olan anlar, çətin gələn məqamlar hansılar idi?

Aça Septriasa: - Ən çətini o idi ki, filmin çəkilişləri noyabrdan dekabra qədər bitməli idi. Bu da qışın ortasına təsadüf edirdi. Çəkiliş zamanı Şamaxıda, bir kənddə dağa çıxdıq, orada hava çox küləkli, qarlı və həddindən artıq soyuq idi. Təxminən 7 dərəcə şaxta vardı, ağzımızdan buxar çıxırdı. Danışmaq belə mümkün deyildi. Çəkiliş vaxtı danışmalı idik, amma danışa bilmirdik. Amma bunlar mənim üçün çox yaxşı təcrübə oldu.

Yadıma gəlir ki, bir səhnədə Samirlə Şamaxıda dostlarımızdan birinin toyuna getməli və orada Azərbaycanın ənənəvi toyunda iştirak etməli idik. Bu, filmdə ən sevdiyim epizodlardan biri oldu. Mən orada Azərbaycanın milli rəqsini gördüm.

- Film üçün azərbaycanlı aktyorların seçilməsi prosesi necə həyata keçdi?

Monti Tiva: -  Azərbaycandakı qrup ilə İndoneziyadakı qrupumuz çox yaxşı işlədilər. Bizə bu prosessin həll olunmasında çox kömək etdilər. Arzu Məmmədova, Elsevər və digərləri həm orjinal hekayəni öyrənməyimizdə, həm də aktyorların seçilməsində bizə yardımçı oldular. 

- "Layla-Majnun" filmi Azərbaycan və İndoneziyanın ortaq layihəsidir, filmdə Azərbaycan aktyorları da rol alıblar. Onlarla münasibətiniz necə idi?

Aça Septriasa: - Azərbaycanlı aktyorlardan Aidə Cəbiyeva, Murad İsmayıl və adını unutduğum digərləri var idi. Komandada bizdən, İndoneziyadan 50 nəfər iştirak edirdi. Mənim üçün çox sevincli idi ki, Azərbaycan aktyorları ilə işləyəcəyəm. Aidə mənim sevdiyim aktrisa dostumdur. O, məni təsirləndirməyi bacarırdı. Onun çox yaxşı xarakteri var. Nizam-intizamı sevən, işinə çox tələbkar insandır. Mən onunla 18 gün bir yerdə işlədim. Gələcəkdə daha çox Azərbaycan aktyorları ilə işləmək istəyirəm. Film çıxdıqdan sonra biz bunu onlarla birgə qeyd edəcəyik.

- Filmin yayımlanmasını səbrsizliklə gözləyən azərbaycanlı izləyicilərə nə demək istərdiniz?

Aça Septriasa: -  "Layla-Majnun" adi hekayə deyil. Burada iki ölkənin mədəniyyətindən, ədəbiyyatından bəhs olunur. Ona görə də hamıya məsləhət görərdim ki, filmi izləsinlər. Bu film əsl sevgini, bir çox xatirələri göstərir və məncə, siz bunu izləməlisiniz. Film artıq 11 fevraldan "Netflix"də yayımlanır. Azərbaycanlı izləyicilərə bol-bol salamlarımı və sevgilərimi çatdırmaq istəyirəm.

Sona GÜNDÜZ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.