525.Az

Koronavirusa qarşı peyvənd və "KT" müayinəsi

HƏKİMLƏR NƏ MƏSLƏHƏT GÖRÜRLƏR?


[13.01.21]
Koronavirusa qarşı peyvənd və "KT" müayinəsi<b style="color:red"></b>

Son zamanlar artan koronavirus pandemiyası təhlükəsi hər kəsdə bir narahatlıq yaradıb. İnsanlar müalicəsi dəqiq bilinməyən bu virusa qarşı tədbirli olmağa və maksimum qorunmağa çalışır.

Elə bu səbəbdəndir ki, özündə az da olsa, koronavirusun əlamətlərini hiss edən şəxslər dərhal kompüter tomoqrafiyası (KT) müayinəsindən keçmək istəyir. Bu mövzuda həkimlərin fikirləri də fərqlidir. Lakin bir çox mütəxəssisin fikrincə, heç də həmişə tomoqrafik müayinəyə ehtiyac yoxdur. 

Daha bir məsələ isə virusa qarşı yaradılan vaksinlərlə bağlıdır. Artıq dünyanın müxtəlif ölkələrində sınaqdan keçən və uğurlu nəticələr əldə edilən bu vaksinlərə taclı virusdan xilas olmağın yeganə çıxış yolu kimi baxılır. Fərqli ölkələrdə hətta ilk sıralarda siyasətçilər, dövlət xadimləri və tanınmış şəxslərin peyvənd olunmasına baxmayaraq, ölkəmizdə peyvəndin müsbət təsirinə şübhə ilə yanaşan şəxslər də az deyil. Ölkəmizin savadlı və kifayət qədər auditoriyası olan həkimlərinin qeyd etdiyimiz mövzularla bağlı fikirlərini sizə təqdim edirik.

Anestezioloq-reanimatoloq Şahin Məmmədov koronavirusu yüngül keçirən şəxslərə səslənərək  kompüter tomoqrafiyası barədə tövsiyələrini verib:

"COVİD-19 şübhəsi olan xəstəni hətta yaxma testi etdirmədən, şəhərin ortası ilə diaqnostika məqsədili "KT"yə göndərilməsi cinayətdir. Birincisi, o, izolyasiyadan çıxır, camaatı yoluxdura-yoluxdura gedir. İkincisi, KT müayinəsi koronavirusun ilkin diaqnostikasında əhəmiyyətsizdir. Test müsbətdirsə, qızdırma varsa, biz zatən bilirik ki, ağciyərdə buzlu şüşə mənzərəsi olacaq, vardır. Faizin əhəmiyyəti yoxdur, hər an o rəqəm dəyişə bilər, müalicədə həkimin taktikası da o faizə görə dəyişilmir. Üçüncüsü, o xəstədə gələcəkdə radiasiyaya bağlı xərçəng olma riskini artırırsız.

KT yalnız ağciyər arteriyası tromboemboliyası şübhəsi varsa, stasionarda yatan COVİD-19 xəstəsinə differensial diaqnostika məqsədilə, başqa müayinələrlə diaqnoz qoymağa çətinlik çəkirsinizsə və əlbəttə, həmin xəstəni klinikanın radiologiya şöbəsinə təhlükəsiz transport etdirmək mümkündürsə, etdirilə bilər".

Azərbaycan Həkimləri Birliyinin sədr müavini, həkim radioloq Aydın Əliyev isə vaksinlə bağlı yaranan təzadlı fikirlərə qarşılıq olaraq öz tövsiyələrini bildirib. Radioloq, insanları COVİD-19-a qarşı peyvənddən qorxmamağa çağırıb:

"Vaksin - zəiflədilmiş, öldürülmüş virus və ya onun zülallarının və genomunun-genlər cəminin bir və ya bir çox hissəsidir. Bu, orqanizmə yeridildiyi zaman xəstəlik yaranmır, lakin virusa qarşı antitellər-immunitet (spesifik immunoqlobulin G) yaranır.  Vaksin-peyvənd orqanizmə yeridiləndən təqribən 2-3 həftə ərzində bu antitellər yaranır. Antitellərin orqanizmdə kifayət qədər yaranması, yəni xəstəlikdən tam qorunma üçün 2-4 həftə sonra təkrar vaksinasiya lazımdır. Bunlardan 2-3 həftə sonra xəstə şəxsdən bizim orqanizmimizə aktiv virus keçsə belə, yəni yoluxduğumuz halda artıq bədənimizdə yaranmış o antitellər daxil olan aktiv virusları öldürə bilir - inaktivləşdirib məhv edir. Ona görə də vaksinləşmə-peyvəndlənmə çox vacib və önəmlidir. Pandemiyadan qurtuluşun yeganə yoludur. Heç bir qorxusu, təhlükəsi yoxdur! Qorxmayın! Bu, elmin məhsuludur! Qüvvət elmdədir! Bu prosesi bilməyən insanlar hansısa çiplənmədən danışırlar. Bu, absurddur. Lakin önəmli məqamlardan biri budur ki, hər iki vaksinasiyadan təqribən 2-3 həftə keçənə qədər yenə də yaxşıca qorunmalıyıq ki, antitellər yaranana qədər orqanizmimizə aktiv viruslar daxil olub işi çətinləşdirməsin. Yəni iki mərhələli vaksinasiyadan təqribən 2 həftə keçənə qədər qorunsaq, qurtulmuş sayılırıq".

Afaq RZA


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.