525.Az

Pikassonun üsyanı: "Gernika"

[13.01.21]
Pikassonun üsyanı: <b style="color:red">"Gernika"</b>

Vətən müharibəsi günlərində erməni terroru nəticəsində Gəncə və Bərdədə qətlə yetirilən məsum körpələr və övladlarını itirən anaların fəryadı böyük ispan rəssam Pablo Pikassonun 1937-ci ildə çəkdiyi, İspaniya vətəndaş müharibəsində alman və italyan hava qüvvələrinin İspaniyanın Basklar regionunda Gernikanın bombardman edilməsinə həsr olunmuş dünyaca məşhur "Gernika" əsərindəki hadisələrin eynisini  öz gözlərimizlə görməyimizə səbəb oldu.

"Bir rəsmin dedikləri" rubrikasının növbəti qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Nuranə Səlimli ilə də elə bu əsər haqqında danışdıq.

- Pablo Pikasso və kubizmi bir-birindən ayrı təsəvvür etmək mümkünsüzdür. Kubizmdə Pikasso və Pikassoda kubizm - bu haqda nə deyə bilərsiniz?

- XX əsrin əvvəllərində Avropa təsviri sənətində çox böyük dəyişikliklər baş verib. Realizm üslubundan imtina edən əksər rəssamlar rəng, forma və digər ifadə vasitələri üzərində çox həyəcanla təcrübələr aparır və nəticədə bir-birinin ardınca müxtəlif modernist sənət cərəyanları meydana gəlirdi. Əsası Jorj Brak və Pablo Pikasso tərəfindən 1907-ci ildə qoyulmuş kubizm realizmə ən çox "zərbə" vuran, formanı radikal dəyişikliyə uğradan sənət üslubudur. Postimpressionizm cərəyanının məşhur nümayəndəsi Pol Sezanın öz düşüncələrini ümumiləşdirərək söylədiyi "Təbiətdə hər şey şar, silindir və konus formasındadır " ifadəsini kubistlər sanki hərfi mənada qəbul etdilər. Bu ifadə onların yeni cərəyanının bədii-estetik prinsiplərinin əsas şüarına çevrildi. Bu cərəyana mənsub rəssamlar təsvir edikləri hər şeyi həndəsiləşdirdilər. Digər cərəyanlarla müqayisədə kubizm ən məhsuldarı, ən çox sənət əsərlərinin yarandığı bir üslubdur və təbii ki, bunda Pikassonun çox böyük payı var. Demək olar, bütün həyatı boyu intensiv yaradıcılıqla məşğul olan rəssam  "Mən başqalarını yox, özümü təkrarlamaqdan qorxuram" deyib daima yeni motivlər axtarır və özünü fərqli üslublarda sınayırdı. İbtidai dövrün mağara rəsmləri, Şərq miniatür üslubu, xəttatlıq sənəti, Afrika maskaları Pikassonu çox həyəcanlandırırdı və o, bu qiymətli mənbələr üzərində pikassosayağı təcrübələr aparırdı.

- Pikassonun ən məşhur əsərlərindən olan "Gernika"nın yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?

- Yüksək sənət dəyərinə malik bir çox əsərlər yaratdığından "Gernika" bəlkə də, Pikasso yaradıcılığının şah əsəri deyil. Ancaq bu əsərin XX əsr modern rəssamlığının ən məşhur nümunələrindən biri olması dəqiqdir. Demək olar, dünyanı qarış-qarış gəzən "Gernika" tablosunun yaranmasının səbəbi tarixin qanlı səhifələrindən biri ilə bağlıdır. 1937-ci ildə Parisdə keçiriləcək Dünya incəsənət sərgisində İspaniya pavilyonunun memarı Jozep Sert burada Pikassonun tarixi mövzuda, milli ruhu əks etdirən əsər sərgiləməsi üçün hökumətin xahişini rəssama çatdırdı. Əslində, Pikasso yaşadığı sənət cameəsində tamamən apolitik dünyagörüşə sahib biri kimi tanınırdı. Onun dostu və bioqrafı Kristian Zervos Pikassonun İspaniyada baş verənlərə qarşı necə münasibət göstərməsilə bağlı xeyli qərarsız qaldığını söyləmişdi. Rəssam İspaniyada olanlara görə böyük narahatlıq keçirirdi. Hər gün qorxulu xəbərlər gəlirdi. Çox sevdiyi yaxın dostu, şair Federiko Qarsiya Lorkanın millətçilər tərəfindən sorğu-sualsız güllələnməsi xəbərini Pikasso böyük ürək ağrısı və acı ilə qarşıladı. Bundan sonrakı günlər də yalnız qan və ölümlə dolu idi.

Pikasso İspaniyada baş verənləri tabloya necə köçürmək barədə tərəddüdlər keçirirdi. Yaşanan hadisələr isə tarixi əsərin yaranmasına münbit zəmin hazırlamaqda idi. 1937-ci il aprelin 26-da general Frankonun dəvət etdiyi nasist birləşmələrinin qırıcı təyyarələri kiçik qəsəbə Gernikanı üç saat yarım boyunca bombalayıb onu yerlə yeksan edirlər. İki mindən çox insan məhv oldu. Mülki əhalinin vəhşicəsinə qətl edilməsinin bir səbəbi də yeni növ təyyarə və bombaları sınaqdan keçirmək idi. İki gün sonra öldürülən insanların fotosunu qəzetdə görən rəssam bundan çox sarsılır və belə demək mümkünsə, öz mövzusunu tapır - məsumların məhv edilməsi. Və rəssam bu dəhşətin, bütün bəşəriyyətə qarşı çevrilmiş cinayətin, qətliamın verdiyi böyük hirslə, qəzəblə öz vətəndaş və dahiyanə sənətkar münasibətini  "Gernika" adını verdiyi əsərilə ortaya qoydu. "Gernika" rəssamın bu acı, həyəcan, təşviş dolu günlərinin daxili üsyanı kimi meydana çıxdı. Deyilənə görə, bir nasist zabit sərgidə tablonu Pikassoya göstərərək "Bunu siz çəkmisiniz?" deyə soruşanda, o, "Yox, siz çəkmisiniz" cavabını verir.

- "Gernika"nın ümumi təsviri və bugünkü vəziyyəti necədir?

- Pikasso "Gernika" ilə ilk dəfə belə böyük ölçüdə əsər yaratmışdı. Tablonun ölçüsü 7,76 x 3,50 metr təşkil edir. Tablo kətan üzərində yağlı boya ilə ağ, qara və boz rənglərlə işlənib. Çoxlu ölkə və muzeyləri dolaşması əsərin zədələnməsinə səbəb olduğundan indi onu görmək üçün yalnız Madridə, Reina Sofiya muzeyinə getmək lazımdır.

Gernika (rəsm) — Vikipediya

Pikasso əsəri işləyən zaman Dora Maar tərəfindən fotoları çəkilib. O qeyd edir ki, Pikasso mövzuya o qədər hakim idi və elə hirslə işləyirdi ki, eskizlərə sadəcə bir neçə dəfə baxmışdı. O, fasiləsiz çalışaraq tez bir zamanda bu monumental tablonu tamamladı və möhtəşəm əsər artıq iyunun əvvəlində Dünya İncəsənət sərgisində İspaniya pavilyonunda asılmışdı. Burada nə zaman, nə də aydın bir məkan var, gecədirmi, gündüzdürmü - o da bəlli deyil, bəlli olan yalnız bir həqiqətdir: müharibənin sərt üzü və xaos içərisində təsvir olunmuş günahsız insanların fəryadı, məsum uşağın sərt şillə kimi insanı silkələyən cansız siması. Hansısa döyüş, müharibə, bombardman səhnəsi yox, müharibənin vurduğu dərin psixoloji zərbə öz kuliminasiya nöqtəsindədir. Əsər üçbucaq kompozisiyaya malikdir. Tablonun sağ hissəsində insanlar sanki yanan zirzəmidə irəliyə doğru qaçırlar. Solda nalə çəkərək başı arxaya doğru sərt şəkildə əyilmiş verilən ana və qucağındakı ölmüş körpəsi tablonun əsas mövzusunu, kuliminasiya nöqtəsini təşkil edir. Bu obraz bizə məşhur "Pieta" səhnəsini, cansız övladını qucağında saxlayan Məryəm ananı da xatırladır. Yəqin ki, Pikasso müharibələrdə ən çox qadınların və günahsız uşaqların acı çəkməsindən yola çıxaraq süjeti belə qurmuşdu. Burada olduqca güclü etiraz hissi var - terrora, məsum insanların, qadınların, uşaqların məhvinə etiraz. Əsərdə biz çox acı, ərşə çıxan fəryad görürük. Qadın, uşaq, heyvan, hətta çiçəyin belə fəryadı duyulur.

Sınmış qılınc, əzilmiş gül, çarmıxa çəkilmiş kimi göstərilən ölmüş əsgər - bütün bunlar müharibə və ölümün simvollarıdır. Göyərçin belə anlaşılmaz şəkildə təsvir olunaraq sülh rəmzi olmaqdan çıxıb. İti uclu elementlər, nalə çəkən qadın, öküz və atın dillərinin kəsici alət şəklində verilməsi işgəncə simvolu kimi qəbul edilirlər.  Antik heykələ bənzəyən, əlində lampa tutmuş qadın isə ola bilsin ki, sabaha olan inamı, xeyrin şər üzərində qələbə qazanacağını, yenidən oyanışa olan ümidi ifadə edir. Bu nüansı ölmüş əsgərin ovcunda bitən, yaşamağa can atan çiçəyə də aid etmək olar. Ümumiyyətlə, "Gernika" onu anlamaq üçün tamaşaçıdan uzun və diqqətli müşahidə qabiliyyəti tələb edir.

- Əsərə diqqətlə baxanda müxtəlif simvollar görürük. Xüsusilə də at və öküzün təsviri seçilir.

- Pikasso "Gernika"da istifadə etdiyi simvollar barədə heç zaman danışmazdı və bunu təhlil etməyi tamaşaçıların ixtiyarına buraxardı. Ona görə də çoxsaylı fərqli mülahizələr görə bilərik. Lakin 1945-ci ildə onunla ABŞ-da görüşməyə gələn təqaüdə çıxmış hərbçi və həm də həvəskar rəssam Jerom Seklerin inadcıl israrıyla yalnız "Gernika" əsərində simvollardan istifadə etdiyini və tablodakı atın müdafiəsiz, əliyalın xalqı, qorxunc öküzün isə amansız, qoca, qadın, uşaq bilmədən insanlara divan tutan şər qüvvələri təmsil etdiyini söyləmişdi. Yəni burada öküz sırf faşizmi deyil, qəddarlığı və qaranlığı simvolizə edir. Əsərdə ağrı və əzabdan ağzını geniş açmış at dünyada mövcud olan bütün haqsızlıqların simvolu kimi qəbul edilir. O, öküzün vəhşi gücü qarşısında çarəsizdir, müdafiəsizdir. Eynən Gernikanın müdafiəsiz insanları kimi...

Digər obraz və simvollarla bağlı rəssam açıqlama verməyib. Qeyd edib ki, "Məni yalnız rəsmlərimdəki detalların nə olduqları maraqlandırır, nə anlama gəldikləri yox. Əgər onlardan bir məna çıxarırlarsa, bunun mənim insanlara nəyisə çatdırmaq, diktə etmək istəyimlə əlaqəsi yoxdur. Rəsmə köçürdüyüm nə varsa, hamısının mahiyyəti mənim altşüurumda qorunur. Mənim əsərlərimdə heç bir şüurlu təbliğat niyyəti yoxdur. Təkcə "Gernika"dan başqa".

- Əsərin rəng həlli barədə nə deyə bilərsiniz?

- Kubizmin xarakterinə xas olaraq, burada da rəng rəssamı o qədər də düşündürməyib. Qara, ağ, boz rənglərdən istifadə etməklə rəssam işıq-kölgənin güclü təzadı ilə monoxram rəngkarlıq əsəri yaradıb və forma, səth, həcmlər, onların ritmik quruluşu ilə daha çox maraqlanıb. Sintetik kubizmdə olduğu kimi kollaj texnikasından istifadə burada qara şriftlərlə verilmiş qəzet parçalarına bənzər fraqmentlərdə özünü göstərir. Rənglərdən çox ustalıqla istifadə etməsi nəticəsində tamaşaçı bu monoxromluqdan yorulmur, əksinə, Pikassonun dinamik emosiyalarına qapılmaqla ardıcıl olaraq obrazları izləyir, həyəcanlanır və onları anlamağa çalışır.

- "Gernika" bizə nə deyir?

- "Gernika"nın ifadə etdiyi məna çox təəssüf ki, bu günümüz üçün də aktualdır. Terror, qadınların və məsum uşaqların qətl edilməsi bu gün də insanlıq cinayəti kimi qalmaqdadır. Və təəsüf ki, bu baxımdan "Gernika" hələ də siyasi əhəmiyyətini qoruyub saxlamaqdadır. Vətən müharibəsində erməni terroru nəticəsində Gəncə və Bərdədə qətl edilən məsum körpələrimiz və övladlarının qətlinə hayqıran analarımız "Gernika"da təsvir olunan hadisələrin canlı müşahidəçisi olmamıza səbəb oldu. "Gernika" bütün müharibələrin bəşər üçün böyük acılara səbəb olduğunu göstərir.

Bəzən siyasi-ictimai məsələlərə qoşulmadıqlarını söyləsələr də, əslində, sənətkarlar istər-istəməz yaratdıqları əsərlərilə özlərini hadisələrin içində tapırlar. Pikasso da həmçinin. O söyləyirdi: "Hər zaman olduğu kimi, indi də inanıram ki, mənəvi dəyərlərlə yaşayan və çalışan sənət adamı insanlıq və mədəni dəyərlər təhlükəyə düşəndə, buna etinasız qala bilməz və qalmamalıdır". Pikasso "Gernika" ilə söylədiyi bu ifadəyə sadiq qaldığını sübut edib.

Aytac SAHƏD


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.