525.Az

Naxçıvan faunasında dünya elmi üçün yeni olan arı növü aşkar edilib - Yazı

[13.01.21]
Naxçıvan faunasında dünya elmi üçün yeni olan arı növü aşkar edilib - <b style="color:red">Yazı</b>

AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun əməkdaşları tərəfindən Naxçıvanın flora və fauna biomüxtəlifliyinin öyrənilməsi, nadir, nəsli kəsilmək üzrə olan bitki və heyvan növlərinin qorunması, bioresurslardan səmərəli istifadə imkanlarının araşdırılması istiqamətində tədqiqatlar aparılır.

Əməkdaşlardan İnstitutun "Zooloji tədqiqatlar" şöbəsinin aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Mahir Məhərrəmov 2004-cü ildən başlayaraq Naxçıvan Muxtar Respublikası faunasının iynəli zarqanadlılarını tədqiq edir. Bacarıqlı entomoloq mütəxəssis Azərbaycan faunası üçün 300-dən artıq vəhşi arı növünü ilk dəfə göstərmiş, onları elmi ədəbiyyata daxil edib. Onun uzunmüddətli araşdırmalarının nəticələri dünyanın bir sıra nüfuzlu elmi dərgilərində edilmiş məqalələri bir çox xarici ölkə alimlərinin marağına səbəb olub.

Həmin tədqiqatların nəticələri və muxtar respublikanın iynəli zarqanadlılar faunasının zənginliyi rus mütəxəssis - Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsi Biomüxtəliflik Elmi Mərkəzinin əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Maksim Yuryeviç Proşalıkinin diqqətini cəlb edib. Belə ki, o, 2018-2019-cu illərdə Naxçıvana dəvət edilmiş və azərbaycanlı alimlərlə birlikdə çoxsaylı elmi ekspedisiyalar həyata keçirib. Ötən müddət ərzində müəlliflərin səmərəli axtarışlarının nəticələrini özündə əks etdirən 11 elmi məqalə ingilis və rus dillərində yüksək indeksli jurnallarda dərc edilib.

Aparılan gərgin araşdırmaların nəticəsi olaraq Naxçıvanın füsunkar guşələrindən olan Darıdağ və Sirab ərazisindən  yeni arı növü - Hoplisoides flavescens (Sarımtıl hoplisoides) dünya elmi üçün ilk dəfə qeyd olunub. 



Qazıcı arı cinsi olan Hoplisoides Avstraliya istisna olmaqla dünyanın bütün zoocoğrafi vilayətlərində yayılıb. Cinsin Palearktikada 10, Oriental regionda 10, Afrotropikal regionda 17, Neotropikal regionda 28, Nearktikada 9, Neotropikal-Nearktikada 8 növü olmaqla dünyada cəmi 82 növü yayılıb. Adıçəkilən arı cinsinin növləri torpaqda, xüsusilə çılpaq, qumlu torpaqda çoxhücrəli yuvalar qurur. Faydalı arı növləri kimi əsasən yarpaqyeyən böcəklərin sürfələrini ovlayıb, onların sayının bioloji tənzimlənməsində əhəmiyyətli rol oynayırlar.

Sarımtıl hoplisoides  bütün Palearktik növlərdən mezosomanın qarın hissəsində sarı rəngin və əsasən sarı metasomal sternanın olması ilə fərqlənir.

Qeyd edək ki, respublikamız Palearktikanın bir hissəsi olduğu üçün Naxçıvan Muxtar Respublikası ərazisində təyin olunmuş bu yeni arı növü dünya entomologiya elmi üçün dəyərli töhfədir.

Akif BAYRAMOV
AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun "Zooloji tədqiqatlar" şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.