525.Az

"Yaşadığım əsr məni yorur" - Fərid Kərimovla müsahibə

"ƏVVƏLKİ ƏSRLƏRDƏ YAŞASAYDIM, DAHA MƏHSULDAR OLARDIM"


[13.01.21]
"Yaşadığım əsr məni yorur" - <b style="color:red">Fərid Kərimovla müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar

Rubrikamızın budəfəki qonağı gənc şair və qiraətçi Fərid Kərimovdur. Fəridlə ilk tanışlığımız 3 il bundan əvvələ təsadüf edir. Hələ birinci kursda oxuyanda onunla videomüsahibə hazırlamışdıq. O zamanlar Fərid BDU-nun Filologiya fakültəsində təhsil alırdı. İştirak etdiyi "Xalqın şairi" verilişi ilə istedadını kəşf edən gənc şair sosial şəbəkələrdə də sürətlə tanınmağa başladı. Bir neçə misraları isə gənclərin dilində əzbər oldu. Hazırda ali təhsilini Türkiyədə davam etdirən F.Kərimovla həmsöhbət olduq.

- Sosial şəbəkələrin təqdim etdiyi imkanlardan nə dərəcə razısınız?

- Sosial şəbəkələr öz işlərini, ideyalarını təqdim etmək istəyənlər üçün çox əlverişli məkandır. Elə çoxu da özünü orada təqdim etmək istəyir. Kimi yazıçı-şair, kimi jurnalist olur öz aləmində, özü kimi "like" yığmaq istəyənlər sayəsində getdikcə çox izlənilir. Və yenə də biz çox izləyici sayının çox olmasını əsas şərt bilirik, nəticədə professionallıq deyə bir şey qalmır. Artıq elə bir zamandayıq ki, insanları adı ilə yox, sosial şəbəkə nikləri ilə tanıyırıq. Yazdığı statuslardan qala düzəldib arxasında gizlənən insanlar var, hansı ki, onların həyat tərzi ilə statusları uyğun gəlmir.

Televiziyanın sosial şəbəkələrdə müzakirəsi normaldır, amma sosial şəbəkələrin (bəzi istisnalar olmaqla) televiziyada müzakirəsi yolverilməz olmalıdır. Çünki sosial şəbəkə insanların bir-biri ilə əlaqə qurması üçün vasitədir.

- İzləyicilərinizdən bu günə qədər eşitdiyiniz ən yaddaqalan ifadə nə olub?

- Elə izləyicilərimin var olması və göstərdikləri diqqət həyatımda ən yaddaqalan hadisələrdəndir.

- Şeirlərinizi yazmağa nə zamandan başlamısınız?

- İlk dəfə şeir yazmağa 13 yaşımda "Gözlər" adlı şeirimlə başlamışam. Bir gün məclislərin birində mikrofonu götürüb şeir dedim. Ondan sonra ətrafımdakı hər kəs şeir yazdığımdan xəbər tutdu.

- Hər halda mütaliə etməyi sevirsiniz, bəs daha çox hansı yazıçıların, şairlərin yaradıcılığını oxuyursunuz?

- Oxumaq həyat tərzidir, oxumaq ruhu qidalandırır. Oxuyacağımız hər kitabdan öyrənəcəyimiz bir şeylər var. Bu sualda konkret ad çəkmək istəmirəm. Yazı-pozu işləri ilə məşğul olan həmvətənlərimə özümüzdən əvvəlkilərlə yanaşı, bir-birimizin də yaradıcılığını oxumağı tövsiyə edirəm. Hazırkı ədəbi mühitin kitablarını bacardığım qədər oxuyuram, kitabları olmasa belə, yazılarını Feysbukdan izləyir, şərhlərimi mesaj qutusuna yazıram. Onlardan da eynisini gözləyirəm.

- Şeirlərinizi nədən və ya kimdən ilhamlanaraq yazırsınız?

- Zənnimin həqiqətə, dünyəvi sevgimin ilahi eşqə getdiyi yoldan ilhamlanıram. Şeirlərim bu yoldakı çırpıntılarımdır.

- Sözlərlə aranız yaxşıdır, bəs notlarla necə?

- Artıq bir neçə şeirimə musiqi bəstələnib. Bu yaxınlarda yayımlanmacaq. Musiqi insanın fitrətində var. Özüm də ən çox instrumental musiqiləri sevirəm.

- İzləyicilər sizi bir az da "Xalqın şairi" verilişi vasitəsilə tanıdı. Necə oldu ki, bu verilişə qatılmağa qərar verdiniz?

- Verilişə qatılmağım üçün mənim əvəzimdən atam qeydiyyatdan keçmişdi. Verilişdə səsləndirdiyim şeirləri də izləyicilər paylaşıb, tanıdıb. Bütün bu hadisələrdə mənim rolum şeirləri yazmaq və ifa etmək olub.

- Bir müddət davamlı paylaşım etməyinizə baxmayaraq, indi bu işə ara vermisiniz. Niyə yeni şeirlərinizi ifa edib paylaşmırsınız?

- İstehsal o qədər başımı qatır ki, çatdırılma və quraşdırılmaya vaxt edə bilmirəm (gülür).  Bəlkə də, bu əsrdən əvvəlki əsrlərdə yaşasaydım, daha məhsuldar olardım. Bu əsr məni yorur.

- Qəmli şeirləri gülərək oxumağınız izləyicilər tərəfindən olduqca maraqla qarşılanır. Özünüz də bu gülüşü "gülüşlə çərçivəli kədər" adlandırırsınız. Niyə?

- Kədər insanın ən təbii halı, gülüş isə icadıdır. Kamilləşməyin açarı kədərdədir. Heç nə insanın deyil, təkcə kədərdən başqa. Gülüş bağa çəkilən çəpər, kədər isə bağın özüdür. Çəpər bağı yadellilərdən qoruyur, yaxına buraxmır.

Şeir deyərkən gülməyimsə məndən asılı deyil, Fərid canı (gülür).

- Hazırda Türkiyədə təhsil alırsınız. Təhsilinizi bitirdikdən sonra nə etməyi düşünürsünüz?

- Azərbaycan dili və ədəbiyyatı müəllimiyəm, təhsilimi daha da artırıb cəmiyyətin müqəddəs peşəsinin sahiblərindən olmaq istəyirəm.

Günel ABBAS


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.