525.Az

"Nə yaxşı ki, Vətən müharibəmizdə mən də döyüşdüm!" - Tərlan Əsgərli

[06.01.21]
"Nə yaxşı ki, Vətən müharibəmizdə mən də döyüşdüm!" - <b style="color:red">Tərlan Əsgərli </b>

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (ADMİU) Vətən müharibəmizin ilk günlərdən iki işçisini ordu sıralarına yola saldı.

Könüllü Vətənin müdafiəsinə tələsən hər iki əməkdaşımız işlərindəki məsuliyyəti, ciddiyyəti və fədakarlığı döyüş meydanında da sərgiləyib, ərazi bütövlüyümüz uğrunda canlarını əsirgəməyiblər.

ADMİU-nun əməkdaşı, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının işıq texniki Tərlan Vüqar oğlu Əsgərli indi Vətən müharibəsinin Qazisi adını böyük fəxr və qürurla daşıyır. 2020-ci il 27 sentyabrda başlanan müharibəyə könüllü qatılıb, son günə qədər ən ağır döyüşlərdə iştirak edib, yaralansa da, yenidən ön xəttə qayıdaraq xidmətini davam etdirib. Vətən müharibəsindəki bu xidmətləri Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə qiymətləndirilib və Tərlan Əsgərli "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medallarıyla təltif olunub. Bu günlərdə ordudan tərxis olunan qazimizlə onun döyüş yolu barədə söhbətləşdik.

***

- Həqiqi hərbi xidmətdən 2016-cı ildə qayıtmışam. 2020-ci il iyul ayında Tovuz döyüşlərində Səfərbərlik xidmətinə müraciət edib, könüllü şəkildə orduya qatılmaq istəyimi bildirdim. Sentyabrın 20-də hərbi qulluqçuların ilk səfərbərliyi ilə ordu sıralarına təlimlərə çağırıldım. Sentyabrın 21-dən ordudaydım.

- Könüllü yazılmağınıza ailənizin münasibəti necə oldu?

- Deməmişdim, ailəmdən gizlin gedib yazılmışdım. Sonra da heç nə demirdim. Bircə əmim bilirdi. Sentyabrın 20-si axırıncı çağırış zəngində evə dedim ki, məni çağırırlar, getməliyəm. Onda da könüllü olduğumu bilmədilər, elə bildilər səfərbərliklə gedirəm.

Döyüşlər vaxtı imkan olanda əlaqə saxlayırdım ailəmlə. Amma döyüşlərə girdiyimi demirdim. Orda demək olar ki, hamımız ailəmizə hələ təlimdə olduğumuzu, döyüşə buraxılmadığımızı deyirdik.

- Təlimlər nə qədər çəkdi və döyüşlərə nə zaman qatıldınız?

- Sentyabrın 21-də təlimlər başladı və sentyabrın 27-nə kimi davam elədi. Mən atıcı, qumbaraatan köməkçisi idim. 27-si səhər tezdən yola düşdük. Yolda əmr gəldi ki, Qarabağı düşmən tapdağından azad eləmək üçün döyüşlərə başlayırıq. Bu xəbər hamımızın həyatımızda aldığımız ən gözəl xəbər idi. Sevincimizin həddi-hüdudu yox idi, qucaqlaşıb, bir-birimizi təbrik edirdik. Çoxdan gözlədiyimiz əmri almışdıq. Bizim əsgərlərdə ruh yüksəkliyi çox idi. Müharibəyə bayrama gedər kimi gedirdik.

- Əslində isə heç birimizə sirr deyil ki, bu yolun sonunda ölüm də ola bilərdi. Bəlkə sizlə gedənlərin və o cür sevinənlərin neçəsi şəhid oldu. Bu sonu heç düşünmürdüzmü?

- Yox, ölümə getdiyimiz ağlımıza da gəlmirdi. Çünki bizim beynimizdə tək şey var idi: ölməyə yox, Qarabağı azad etməyə gedirik. Doğrudur, müharibə itkisiz, yaralısız olmur. Biz də yaralandıq, şəhidlər də verdik. Amma şükür ki, məqsədimizə çatdıq, Qarabağı azad edib, qələbə qazandıq. İnsan ölümlüdür. Ölüm bizi hər yerdə tapa bilər. Adi həyatımızda da çox kiçik bir şeydən ölə bilərik. Görünür, hələ vaxtımız deyilmiş, yaşayacaq günlərimiz var ki, salamat qayıtdıq. Allah şəhidlərimizə rəhmət eləsin!  

- Harda, necə yaralandınız?

- Döyüş yolumuz Füzulidən başladı. İlk gündən postlar, kəndlər ala-ala gedirdik. Orda beton meşəlik deyilən yer var. Sentyabrın 30-da ordakı döyüşdə, "şumluq" adlanan yerdə yaralandım. Hücumda idik, minamyot atdılar, qəlpə ayağımı və belimi tutdu. Elə də böyük ağrı hiss eləmədim. Ona görə də döyüşü yarımçıq qoymadım. Yaralı halda axıra kimi döyüşdüm. Sonra qamışlıq yerə düşdük, orda qruplara bölünüb onlar tərəfə keçəcəkdik. Biz bunu danışan əsnada düşmən həmin ərazini vurdu. Onda damarım partladı, qanı kəsmək mümkün olmadı. Buna görə də məcbur hospitala düşməli oldum. Sağ olsunlar, həkimlər çox yaxşı baxdılar və tez müddətdə sağalıb yenidən döyüş meydanına qayıtdım. Bu dəfə artıq Cəbrayıl, Xocavənd istiqamətində döyüşürdüm.

- Rayonların azad olunması xəbərlərini necə alırdız?

- Özümüz də həmin vaxt döyüşdə olurduq. O əsnada xəbər gəlirdi ki, filan rayon azad olunub. Sevinirdik, amma tez öz işimizə qayıdırdıq ki, "əla, onlar ordan alır, biz də burdan alsaq, tam azad edəcəyik". Əslində, özümüzçün təyin etdiyimiz yer vardı, fikirləşirdik, filan yerə qədər onları sıxsaq, məcbur təslim olacaq, razılığa gələcəklər. Ona görə alınan hər post, hər kənd, hər rayon məqsədimizə bir az da yaxınlaşmaq demək idi. Belə də ki, əgər razılığa gəlməsəydilər də, sonu onların qırılması olacaqdı, hamısını məhv edəcəkdik.



- Döyüşlər başlanana qədər müharibə haqda nə fikirləşirdiniz?

- Müharibəni televizorda, filmlərdə görmüşdük. Bir də vaxtilə babamdan dinləyərdim. O, həmişə müharibənin çətinliklərindən danışardı. Mən də o çətinlikləri düşünürdüm. Amma deyim ki, müharibə filmdəkindən də, danışılandan da qat-qat ağırdır. 

- Bəs cəmi 44 günə, yəni bu qədər tez bitəcəyini gözləyirdinizmi?

- Biz əslində, üç günə bitirəcəyimizi, qələbə qazanacağımızı düşünürdük (gülür). Sadəcə bir az uzandı. Bunun da əsas səbəbi bəlkə də içimizdəki arxayınlıq idi. Çünki özümüzə, dövlətimizə, ordumuzun hazırlığına çox güvənirdik. Qarşımızdakı qaçan düşməni də görüb, lap arxayınlıq keçirirdik. İlk gün adaptasiya problemi yaşadıq. İnsan fikirləşir ki, cəmi 10 gün əvvəl evimdə, televizorun qarşısında idim, indi əlimdə silah düşmənlə döyüşürəm. Bu fikir insanı vahimələndirsə də, sanki beynin donur və heç nə düşünə bilmirsən. İkinci gün isə artıq öyrəşdik. Elə bil ki, gözümüzü bu şəraitdə açmışıq kimi, mülkini, əvvəlki həyatımızı unutduq. Qayıtmaq haqda heç fikirləşmirdik. Çünki orda insanın qayıtmaq ümidi olmur. Sadəcə "nə qədər bacarıram, qabağa gedim" - deyə fikirləşirsən.

- Orayla bağlı nələri unutmursuz və heç vaxt unutmayacağınızı düşünürsünüz?

- Müharibədəki günlərimizin hər anı, hər dəqiqəsi əbədi yaddaşımıza qazınıb. Heç vaxt da unutmayacağıq. Qayıdandan sonra insanlarla söhbət məni bir az uzaqlaşdırır o xatirələrdən, amma tək qalanda oranı, orda yaşadıqlarımızı fikirləşirəm.

- Ordakı dostuqlar necə idi?

- Çox möhkəm. Ordakı dostluq heç nəyə bənzəməz. O, sənin nə məhəllə yoldaşındı, nə sinif, nə əsgər. Biz bir-birimizə "döyüş yoldaşı" deyirdik. Biz orda təkcə yeməyimizi, suyumuzu, yatdığımız yeri deyil, həyatımızı da paylaşırdıq.

- Və onlar arasında itirdikləriniz də oldu. Nələr hiss edirdiniz?

- Bəziləri şəhid oldu. Əlbəttə, döyüş yoldaşını itirdiyin üçün pis olursan, amma gözünün yaşı elə quruyub ki, ağlamağı da bacarmırsan. O qəhər insanı içində boğur, səsini də çıxara bilmirsən (kövrəlir).

- Bir döyüşdə üç yara almağınıza baxmayaraq, yenidən geri qayıtmağınıza səbəb nə idi?

- Sağalmışdım, qayıtmalı idim. Orda döyüş yoldaşlarım, qoyub gəldiklərim vardı. Onları tək qoya bilməzdim. Bunu çox adam soruşur, amma o şəraiti görsəniz, yəqin sizə də aydın olar ki, bu, belə də olmalı idi, "yaralanmışam" - deyib evimə gələ bilməzdim, başladığım işi bitirməli idim.

- Qələbə xəbərini necə aldınız?

- Bəyanata bir gün qalmış Xocavənddə ağır döyüşlər gedirdi, düşmən çox pis vəziyyətdə idi. Bizə gəlib dedilər ki, 00:00-a kimi döyüşürük, sonra isə atəşkəsdir. Biz elə bildik, yenə humanitar atəşkəsdir, düşmən buna da əməl etməyəcək və döyüş davam edəcək. Nəhayət, gecə 12-də dayandıq. Gözləyirik, saat 2-3-dür, amma sakitlikdir, atmırlar. Bizə qəribə gəlirdi ki, niyə atmırlar. İstəyirdik atsınlar, döyüşək. Səhər uşaqlar gəlib səngərə tullandılar, bizi öpüb-qucaqladılar ki, qurtardı. Təəccübləndik ki, nə qurtardı, niyə qurtardı? Bu, necə ola bilər? (gülürük) Əslində, həmin gecə gecəgörməylə nəzarət edirdim, gördüm ki, düşmən tərəfə 5-10 maşın gəldi. Fikirləşdim, bunlar əşyalarını yığıb gedirlər. Amma inanmadım. Artilleriyaya həmin maşınların koordinantlarını verirdik ki, vur. Artilleriya isə susurdu. Sən demə, doğrudan da, həmin maşınlarla gecəylə yığışıb gediblər.

- İndi - mülki həyatda vəziyyət necədir?

- Hələ də öyrəşə bilməmişəm. İnsanların sevgisi, diqqəti çox xoşdur, sevindirir, amma burda olduğuma inana bilmirəm. Çünki bayaq da dediyim kimi, bizim qayıtmağa inamımız yox idi. İlk dəfə iş yerimə - Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə gələndə təəccüblə hər yerə baxırdım ki, yəni mən qayıtmışam? Teatrda da həmçinin. İş yoldaşlarımın getdiyimdən xəbəri yox idi. Deməmişdim. Orda olanda öyrənmişdilər. Ona görə də yola salan olmamışdı (gülürük). Qayıdanda isə hər kəs çox böyük coşğuyla qarşıladı məni. Görürəm ki, mənə qəhrəman kimi baxırlar. Bu, tamam başqa hisslərdir.

- Dövlətimiz tərəfindən iki medalla da təltif olundunuz...

- Bəli, Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Füzulinin və Xocavəndin azad olunmasına görə medallarla təltif olundum. Xəbərim yox idi. Zəng edib, birinci Füzulinin xəbərini dedilər. Dostumla birgə idik. Ona dedim, sevindik. Ardınca yenidən zəng elədilər ki, Xocavənd üçün də medal veriblər. O sevinci ifadə etməyə sözlər yetməz, yəqin ki. Bu diqqəti bizə göstərdikləri üçün Ali Baş Komandanımıza, dövlətimizə təşəkkür edirəm.

- Ordudaykən xalqın sizə dəstəyini hiss edirdizmi?

- Komandirimiz ara-sıra deyirdi ki, bütün Azərbaycan sizdən danışır, hamı sizə dəstəkdir. Özümüz də bunu hiss edirdik və sevinirdik. Biz on milyonluq xalqın içərisində oraya gedə və bu müharibədə iştirak edə bilən az bir kəsimik. Düşündükcə özlüyümdə çox sevinirəm, fikirləşirəm, nə yaxşı ki, Vətən müharibəmizdə mən də döyüşdüm! Çünki dediyim kimi, yüzminlərlə insanımız vardı ki, çox arzulasa da, bu müqəddəs müharibəyə yollanmaq, düşmənlə vuruşmaq onlara nəsib olmadı. Görünür, həm ehtiyac qalmadı, həm də qismət beləymiş. Mən isə bu savaşda iştirakıma görə özümü çox şanslı hesab edirəm.

Şahanə MÜŞFİQ


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.