525.Az

"Millətimizlə, ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm"

[29.12.20]
"Millətimizlə, ordumuzla, Ali Baş Komandanımızla fəxr edirəm" <b style="color:red"></b>

Dekabrın 28-də Azərbaycan idmanının fədailərindən biri, Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyevin 75 yaşı tamam olub. Qol.az saytının müxbiri bununla əlaqədar V.Əliyevdən müsahibə alıb. 

- Əvvəlcə 75 illik yubileyiniz münasibətilə sizi təbrik edirik. Sizin üçün bu əlamətdar gündə özünüzü necə hiss edirsiz?

- Özümü əla hiss edirəm.75 il yaşamaq özü də Allahdan bir hədiyyədir. Baxmayaraq ki, təqaüddəyəm, hələ də idmanda olan fəaliyyətimi davam etdirirəm. Azərbaycan Voleybol Federasiyasının vitse-prezidentiyəm. Demək olar ki, mən hələ də öz işimi görməyə hazıram.

- Yəqin ki, keçdiyiniz ömür yolu ilə bağlı öz-özünüzə hesabat verdiyiniz anlar olub. Ümumilikdə həyat və fəaliyyətinizi necə qiymətləndirirsiz?

- Açığı, həmişə öz daxilimdə belə bir qanun olub ki, niyə mən öndə olanlardan geridə qalmalıyam? Niyə mən bacarığımla, işimlə, biliyimlə öndə olmamalıyam? Şükür Allaha, elə beləcə də məndə alınıb. Orta məktəbi demək olar ki, ən yüksək qiymətlərlə bitirmişəm. Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutundan fərqlənmə diplomu ilə məzun olmuşam. 3 il Sovet Ordusunun Almaniyadakı bölməsində xidmət etmişəm. Almaniyanın, SSRİ-nin dövlət medalları ilə təltif olunmuşam.

Frankfurt şəhərində Sovet-alman gənclər dostluğu qurumunun rəhbəri işləmişəm. Orada çalışıb, çox işlər görmüşəm. Buna görə də keçmiş Almaniya Demokratik Respublikası məni öz "Artur Bekker" medalı ilə təltif edib. Əsgərliyimi yüksək  səviyyədə keçib, gəlmişəm. Gələndən sonra yenə də institutda oxumağa davam etmişəm və fərqlənmə diplomu ilə bitirmişəm. Oranı qurtarandan sonra da təyinatımı təşkilati işlər üçün Bakı Bədən Tərbiyəsi və İdman Komitəsinə verdilər. Açığı, institutda saxlamaq istəyirdilər, amma mən razı olmadım. Təşkilati işdə olmaq istəyirdim. Bakı Bədən Tərbiyəsi və İdman Komitəsində 1 il yarım işlədikdən sonra məni Azərbaycan Nazirlər Soveti yanında Respublika Bədən Tərbiyəsi və İdman Komitəsinə dəvət etdilər. Mən özüm voleybolçu olmuşam. Voleybolda da Ümumittifaq dərəcəli hakim adını almışam. Ona görə də Azərbaycan Nazirlər Soveti yanında Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində voleybol idman növü üzrə dövlət məşqçisi vəzifəsində işlədim. Ondan sonra Məhsul İdman Cəmiyyətində böyük bir şöbənin müdiri olmuşam. Belə oldu ki, 80-ci illərin axırında SSRİ-də Könüllü Bədən Tərbiyəsi İdman Cəmiyyəti bağlandı. Ona görə də bütün respublikaların hamısında Bədən Tərbiyəsi İdman Cəmiyyətlərinin hamısını bağlanmalı oldu. Demək olar ki, Azərbaycanda birdən-birə 6-7 idman cəmiyyəti bağlandı. Hansı ki, o vaxt idman cəmiyyətləri kütləvililiyə böyük yer verirdi. Ona görə də həmin vaxt bizdə idman çox pis vəziyyətə düşdü. Bizim göstəricilərimiz sıfıra endi. Mən bununla barışa bilmirdim. O vaxt bir cəhd elədim, Azərbaycan Həmkarlar İttifaqı Şurasının rəhbərliyinə müraciət etdim və ölkəmizdə ilk dəfə olaraq - 1993-cü ildə AHİTA-nı - Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasını yaratdım. Təşkilatın əsasnaməsini də özüm yazdım. Təşkilatın elə ilk iclasında istər Həmkar İttifaqlarının rəhbərliyi, istərsə də idman təşkilatlarının nümayəndələri hamısı bir ağızdan dedi ki, bir halda ki, bu qurumu Vaqif müəllim yaradıb, o da bizim rəhbərimiz olsun. Mən tez bir zamanda bütün bağlanmış idman cəmiyyətlərinin fəaliyyətini bərpa etdim. Tək mən yox, biz bunu etdik. Hətta o vaxt bizim işğal olunmuş torpaqlarımızdakı Məhsul İdman Cəmiyyəti. Spartak İdman Cəmiyyətinin də bölmələrini və Qarabağ adlı yeni bir idman cəmiyyətini də yaratdıq.

- 13 il AHİTA-ya rəhbərlik etmisiz. Bu təşkilatın yaradılması Azərbaycan idmanına nə verdi?

- Elə bilin ki, AHİTA-nın yaranması Azərbaycan gənclərinə idmanı, fiziki sağlamlığı yenidən bəxş etdi. Təkcə cəmiyyətlər deyildi, cəmiyyətlərin nəzdində klublar, gənclər idman məktəbləri də var idi. Təsəvvür edin, "Spartak", "Məhsul", "Netçi", "Zenit", "Xəzər" idman cəmiyyəti fəaliyyət göstərdi. Bundan sonra kütləvilikdə sıfıra enən rəqəmlər qalxdı yüksəklərə. O vaxt bu cəmiyyətlərin xidmət etdikləri nazirliklər, idarələr bizə dəstək oldular, sağ olsunlar. Təsəvvür edin ki, Həmkarlar İttifaqı cəmiyyətlərinin bərpası Azərbaycanda idmanın yenidən bərpasına gətirib çıxardı.

Mən həmişə bu işə görə fəxr edirəm. Təşəbbüs qrupunun rəhbəri mən olsam da, hamıdan dəstək gördüm. Ulu öndərimiz Heydər Əliyev bu işdən xəbərdar idi və bütün göstərişlərini verdi. Sonra 1997-ci ildə İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra o da bizə dəstək oldu. Məni o vaxt AHİTA-nın rəhbəri olaraq MOK-un İcraiyyə Komitəsinin üzvü kimi qəbul etdilər və bütün işlərimdə mənə dəstək oldular.

Ümumiyyətlə, AHİTA yaranandan, xüsusilə 1994-cü ildə bütün idman cəmiyyətləri bərpa olandan sonra ölkəmizdə bədən tərbiyəsi və idmanın yeni bir inkişafı başladı.

- Vitse-prezident olduğunuz Azərbaycanın Voleybol Federsiyasının fəaliyyətini necə qiymətləndirirsiz? Bir neçə il əvvəl ölkədə yaşanan "voleybol bumu" artıq hiss olunmur..

- Biz o yerə gəlib çıxmışdıq ki, Azərbaycan voleybolu Avropada ən öndə gedən ölkələrdən sayılırdı. Reytinqinə görə Azərbaycan Voleybol Federasiyası demək olar ki, 2000-ci ilin əvvəllərində, ortalarında Avropada ən öndə gedən federasiyalardan sayılırdı. Sonra yavaş-yavaş peşəkar idman klublarını saxlayan təşkilatların bu işə gücü çatmadı. Vaxt var idi ki, qadın komandalarımızda dünyanın ən güclü voleybolçuları çıxış edirdi. Klublarımız kuboklar qazanırdı, bəzi beynəlxalq turnirlərdə həmişə lider olurduq. Ancaq peşəkar klubları saxlayan təşkilatlar onlara diqqəti azaldandan sonra voleybolçular başqa ölkələrin klublarına keçməyə başladılar. Hətta öz idmançılarımız da ölkə xaricinə getdilər. Bundan sonra bizim voleybolda enmə yarandı. Cavid Qurbanov Voleybol Federasiyasında prezident olandan sonra o, nəinki yığma komanda, federasiya, hətta bütün klublara dəstək olur. Pandemiyadan sonra isə demək olar ki, federasiyanın işi dayanıb. Bax, hazırda belə bir vəziyyətdəyik.

- Uzun illər MOK-da İcraiyyə Komitəsinin, Gənclər və İdman Nazirliyində isə kollegiyanın üzvü olmusuz. İdmanımız ölkəni təbliğ edən ən səmərəli vasitələrdən biri kimi dünya miqyasında özünü təsdiqləyə bilibmi?

- Bəli. Azərbaycan dünyada böyük ölkə deyil. Əvvəl 10 milyonluq ölkəmiz idmanın çox sahəsində özünü göstərib. Ölkə başçımız İlham Əliyev Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra idmanımızda sanki böyük bir inqilab oldu. İdmanın bir çox sahəsi inkişaf etdi. Təsəvvür edin ki, hətta vaxtilə bizə uzaq olan bədii gimnastikada sözümüzü deyən ölkələrdən biri olduq. Eləcə də qılıncoynatma və başqa idman növlərində inkişaf getdi. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınmağa başladı. Bu, kiçik bir şey deyil. Əhalisi bizim qədər olan çoxlu ölkə var. Onlar idmanda bizdən o qədər geri qalır ki, heç müqayisə etməyə dəyməz.

- Voleybolda məşqçi və hakim kimi çalışmısız. Lazımi səviyyədə davamçılarınız varmı?

- Mən voleybola ilk dəfə hakim kimi başlamışam. Hətta institutda oxuyarkən, 4-cü kursda artıq Respublika dərəcəli hakim adını almışdım. Hansı ki, o vaxt tələbələr böyük idman yarışlarına buraxılmırdılar. 1979-cu ildə isə mənə Ümumittifaq dərəcəli hakim adı verildi. 1979-cu ildə keçirilən SSRİ xalqları spartakiadasında voleybol yarışlarının birinci oyunu mənə etibar olundu. Adətən o cür yarışda ilk hakim digərlərinə nümunə olurdu. Yəni digər hakimlər görməliydilər ki, idarəçilik belə olar. Sonra yüksək liqa və müxtəlif yarışlarda hakimlik etdim.

Bizim Azərbaycanın hakimlik məktəbi böyük olub. Bizdə tanınmış hakimlər olub. Mən də onlardan dərs aldım və özümü göstərdim. Məndən sonra da güclü hakimlər yetişdi. Hazırda bizdə Beynəlxalq idman dərəcəli 7 hakim var. Bizim hakimlərə etibar edirlər. Həmişə çalışmışıq ki, rayonlardan olan hakimləri də hazırlayaq, bölgələrdə də güclü hakimlərimiz olsun. Buna da nail olurduq. Qızlardan da hakimlər yetişdirməyi bacardıq. Bu, böyük bir iş idi.

Bizim həmişə güclü məşqçilərimiz də olub. Sadəcə, peşəkar klublar yaranandan sonra ölkə xaricindən məşqçilər dəvət etməyə başladılar. Bu, sanki bizim məşqçilərin inkişafını saxladı. Ancaq indi hamısı özümüzünkülərdir. Pandemiya bitəndən sonra hər şeyi təzədən yaratmalı olacağıq. Azərbaycanda hakimlər və məşqçilik məktəbi Avropada tanınmış məktəblərdən biridir.

Təkcə Faiq Qarayevin bir məşqçi kimi Azərbaycan voleybolunun uğurları üçün gördüyü işlər, çəkdiyi əziyyət, etdiyi fədakarlıqlar barədə xeyli danışmaq olar.

- Pandemiyadan söz düşmüşkən, daim aktiv fəaliyyət göstərən, ictimaiyyət içində olan bir şəxs kimi indi məlum səbəblərdən evə qapanmaq yəqin ki, sizin üçün çox çətindir.

- Bəli, çətindir. Mənim yaşım da kifayət qədərdir. Bəzi xəstəliklər də olur. Həkimlər yaşlı adamlara heç evdən çıxmağı məsləhət görmür, nəinki gedib hansısa iş görmək olsun. Amma mən gözləyirəm, inşallah, vəziyyət yaxşılaşsın, biz veteranlar əlimizdən gələni edəcəyik ki, voleybolumuzun əvvəlki gücünü özümüzə qaytaraq.

-  75 illik yubileyiniz əlamətdar bir ilə təsadüf edir. Dövlətimiz Vətən müharibəsini zəfərlə başa vuraraq torpaqlarımızı işğaldan azad etdi...

- Mən çox istərdim ki, Vətən müharibəsindəki qələbəmiz, torpaqlarımızın azad edilməsi mənim 75 illik yox, 60, 55 illik yubileyimə təsadüf etsin (gülür). Ancaq yenə də min şükür ki, mən bunu gördüm. Qələbə paradı dekabrın 10-da oldu, mənim yubileyim isə 28-dədir. Eyni ayda. Bundan böyük xoşbəxtlik ola bilməz. Mən millətimizlə, ordumuzla, Ali Baş Komandanımız cənab Prezidentimiz İlham Əliyevlə fəxr edirəm. Bu, Azərbaycan xalqına yaraşan qələbə idi. Erməni kimdir ki, bizim torpaqları işğal etsin? Qarabağ sözünün özündən bilinir ki, Azərbaycan torpağıdır. Erməni, sən kimsən ki, deyirsən Qarabağ mənimdir? Mən çox sevinirəm, çox xoşbəxtəm ki, bu qələbə yubileyim ərəfəsinə təsadüf etdi.

Ramiq AĞAMƏMMƏDOV


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.