525.Az

İsveç ictimai kanalında Azərbaycan proqramı - Müsahibə

[25.12.20]
İsveç ictimai kanalında Azərbaycan proqramı - <b style="color:red">Müsahibə</b>

Bu il avqustun 30-dan İsveç İctimai televiziyasında Azərbaycanın həftəlik xəbər proqramının daimi yayımı başlayıb.
 
Bu, Avropada teleməkanında Azərbaycanın ilk xəbər proqramıdır. Hər həftə10 dəqiqə həcmində efirə gedən veriliş ingilis dilində hazırlanır, buraxılışlar əsasən "Turan", "Ayna-Zerkalo", APA, "Pressklub" saytlarının materialları əsasında tərtib olunur.

Həmin verilişin hazırlanmasına yaradıcılıq dəstəyi göstərən "Pressklub TV" Yutub kanalının rəhbəri, professor Qulu Məhərrəmli yeni layihə barədə sualları cavablandırıb.
 

***

- Qulu müəllim, təbii ki, bu, sıradan bir layihəyə oxsamır və onu Avropa ölkəsində efirə çıxarmaq da asan iş deyil. Verilişin əsas məqsədi necə müəyyənləşdirilib?

- Əsas məqsəd Azərbaycanın dünyada, konkret halda Skandinaviya ölkələrində daha yaxşı tanıdılması, problemlərimiz, uğurlarımız və hədəflərimiz barədə beynəlxalq auditoriyada düzgün təsəvvürlərin formalaşdırılmasıdır. Biz Azərbaycanda baş verən, regional və qlobal proseslərlə əlaqəli hadisələr barədə məlumatları birbaşa, arada kənar müdaxilə və filtrlər olmadan həmin auditoriyaya çatdırmağa, bunun üçün xarici kanalların özlərinin geniş imkanlarından istifadə etməyə çalışırıq. Əminik ki, belə yanaşma Azərbaycana marağın artmasına, həm də xaricdə dostlarımızın sayının artmasına kömək edəcək.

- Adətən, xarici kanallarda başqa ölkə haqqında verilişlər tarixi materiallardan ibarət olur, mədəniyyətə aid mövzulara üstünlük verilir. Sizdə necədir yanaşma?

- Xeyr, bizdə "tüstüsü düz çıxan" ənənəvi tanıtma verilişi deyil, sözün tam mənasında Azərbaycanın real mənzərəsini yaradan həftəlik xəbər-icmal proqramıdır. Bu verilişlərdə siyasət və iqtisadiyyata, Qarabağ müharibəsinə, koronovirusla mübarizəyə aid mövzular üstünlük təşkil edir. İsveçli həmkarlarımızın proqrama yalnız iki tələbləri var: xəbərlər yığcam, məzmunca xarici auditoriya üçün də maraqlı olmalıdır, bir də süjetlər yüksək peşə standartlarına cavab verməlidir.

- Bəs verilişin hazırlanma prosesi necədir, koordinasiya işləri necə aparılır?

- Xəbərləri burada seçirik, onların oxunuşunu və çəkilişləri bizim "Pressklub TV"nin studiyasında həyata keçirilir, son montaj-tamamlama işləri isə Stokholmda tərəfdaşımız İnternational Media Group-un SAMM TV kanalı görür və veriliş bazar günü axşam efirə gedir.

- İsveç İctimai Televiziyası ilə razılığa necə nail oldunuz?

- Burada aparıcı rol İnrernational Media Group-un sədri, eyni zamanda Press Klubun Skandinaviya bürosunun rəhbəri, uzun illər AzTV-nin "Səhər" proqramında  bir yerdə çalışdığımız peşəkar televiziyaçı və gözəl rejissor Rahim Sadıqbəyliyə məxsusdur. O, Diasporla İş üzrə Komitənin dəstəyi ilə əvvəllər də həmin televiziya ilə əməkdaşlıq edib və biz onda da əlaqəli fəaliyyət göstərmişik.

- Bu məzmunda layihələri başqa ölkələrlə də reallaşdırmaq fikriniz varmı?

- Biz İnrernational Media Group-la ictimai yayım sistemi olan bir neçə başqa ölkədə də eyni plan üzərində işləyirik. İsveçlə bu verilişin formatını dəyişmək, həcmini artırmaq haqqında danışırıq, çünki bizim layihə bu ilin sonuna kimi idi. Bundan başqa Almaniya, İtaliya, Polşa ilə müəyyən işlər görməyə çalışırıq. Təəssüf ki, bəzi səbəblərdən, o cümlədən koronovirusun yolları bağlaması səbəbindən hələlik imkanlar məhduddur. Düşüncə və layihələr həmişə var və biz bu işdə xaricdəki soydaşlarımızla da birgə əməkdaşlığa ümid edirik.

Azad NURULU


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.