525.Az

Şuşanı 2012-ci ildə “işğaldan azad edən” video oyun - Müsahibə

"AZDİMENSİON" ŞİRKƏTİNİN RƏHBƏRİ FƏRİD HAQVERDİYEV: "VƏTƏN MÜHARİBƏSİNDƏ BİR ÇOX MƏQAMLARIN BİZİM VİDEO OYUNLARDA BAŞ VERƏNLƏRLƏ ÜST-ÜSTƏ DÜŞDÜYÜNÜ GÖRƏNDƏ TƏƏCCÜBLƏNDİM"


[25.12.20]
Şuşanı 2012-ci ildə “işğaldan azad edən” video oyun - <b style="color:red">Müsahibə</b>

Gəlirli sahə hesab olunan video oyun istehsalı dünya bazarında önəmli yer tutur. Kompüter oyunları öz daxilində geniş xəyal dünyasını əhatə edir. Video oyunlara alıcı baxımından tələbat çox olsa da, hələ ki ölkəmizdə istehsal sahəsində elə də genişmiqyaslı fəaliyyətimiz yoxdur. Bununla belə, Azərbaycanda son 10 ildə kompüter oyunlarının istehsalında canlanmaya səbəb olan "AzDimension" şirkəti artıq nəinki yerli bazarda, hətta xarici oyun istehsalçıları arasında da adından söz etdirməyi bacarıb. "AzDimension" şirkətinin rəhbəri Fərid Haqverdiyevlə söhbətimiz də elə bu məsələlər barədədir.

- Fərid bəy, əvvəlcə özünüz haqqında məlumat verin. "AzDimension" şirkəti necə ərsəyə gəldi?

- Mənim 27 yaşım var, "AzDimension" şirkətinin rəhbəriyəm. 2010-cu ildə biz bir qrup məktəbli və tələbə olaraq kompüter oyunu yaratmaq üçün bir araya gəldik və 2012-ci ildə ilk kompüter oyununu buraxdıqdan sonra "AzDimension" şirkətini yaratdıq.  "AzDimension" oyun və yeniliklərdə ixtisaslaşan bir şirkətdir. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Biznesin idarəedilməsi fakültəsində təhsil almışam, amma hazırkı işimdə mən daha çox proqramçıyam. Komandamız həm yerli, həm də beynəlxalq layihələrdə çalışmış təcrübəli proqramçılardan ibarətdir.

- Video oyun bazarı dünyada ən çox gəlir gətirən sahələrdəndir. Bu baxımdan Azərbaycanda vəziyyət necədir?

- Azərbaycanda video oyun sənayesinin yalnız meydana gəldiyini söyləmək olar. Ölkəmizdə uğurlu mobil layihələr yayımlansa da, həqiqətən uğurlu kompüter və konsol oyunları hələ ki hazırlanmayıb. Ancaq mənə elə gəlir ki, yaxın 10 ildə belə layihələr barədə eşidəcəyik.

- Video oyunlar yaratmaq ideyası və bu sahəyə həvəs necə oyandı? Demək olarmı ki, sizdən sonra ölkənin yerli video oyun istehsalı bazarında canlanma yarandı?

- Uşaqlıqdan kompüter oyunlarını çox sevirəm. Təəssüf ki, Azərbaycan istehsalı olan oyunların olmaması məni məyus edirdi. Buna görə, özüm bir kompüter oyunu yaratmağı qərar aldım. Oyunların yaradılmasına heç kimin düşünmədiyi bir vaxtda başlamışıq. Gec-tez Azərbaycanda video oyun yaratmağa başlanılacağını düşünürdüm. Bizə qədər də Azərbaycanda video oyunlar yaratmağa çalışırdılar, ancaq geniş miqyasda oyun hazırlayan ilk komanda biz olduq. Digər oyun yaradıcılarını necə ilhamlandırdığımızı deyə bilmərəm, amma bir çox yerli oyunçuları təəccübləndirdiyimizi bilirik.

- 2013-cü ildə yaradılan "The Last Dead End" ("Sonuncu dalan"), "2 Heroes", "Oriental Three Match" və 3 hissədən ibarət "İşğal altında". Bunlar arasında "Last Dead End" dünyada daha çox ad qazandı. Bunun səbəbini nədə görürsünüz? Bu oyunu digərlərindən fərqləndirən nə oldu?

- Fərq budur ki, "Last Dead End" xarici ölkələrdə tanıtmaq istədiyimiz oyundur. Bu səbəbdən oyunun səsləndirilməsi ingilis dilindədir və oyunu unikal etməyə çalışdığımıza baxmayaraq, oyunun ilk növbədə bütün dünyada oynanılacağını unutmamışdıq.

- "İşğal altında" oyununun hər üç hissəsində Qarabağın təsvirləri ustalıqla canlandırılıb. Bu oyun haqqında nə deyə bilərsiniz?



- Bu oyun seriyası Qarabağ müharibəsinə həsr edilib. Oyunun ilk hissəsi (İşğal altında: Şuşa) 2012-ci ildə hazırlandı və Şuşa şəhərinin azad edilməsinə həsr olundu. Növbəti oyun (İşğal altında: Ağdam) 2013-cü ildə çıxdı və Ağdamın azad edilməsi oyunda əsas mövzu idi. Bu oyun digərindən iki dəfə böyük idi və daha çox silah var idi və ümumiyyətlə, oyunun qrafiki də çox inkişaf etmişdi. Oyunun son hissəsi (İşğal altında: Qisas) 2017-ci ildə çıxdı və yenidən Şuşanın azad edilməsinə həsr olundu.



Ümumiyyətlə, oyun azərbaycanlı oyunçular tərəfindən bəyənildi, lakin hər hissədə insanlar nəyisə bəyənmədilər. Buna baxmayaraq, bütün oyun seriyası 100 mindən çox istifadəçi tərəfindən yükləndi.

- İnternetdə bir şəkil yayılmışdı. Həmin şəkildə "İşğal altında: Ağdam" oyununda Ağdam məscidinə bayraq sancan əsgər təsvir olunub. Və 2020-ci ildə bu, reallaşdı. O vaxt bunu hazırlayanda düşünürdünüz ki, 7 il ərzində qrafikada olanlar həyatımızda gerçəyə çevriləcək? Yoxsa siz artıq bu proqnozla gənclərimizə ismarıc vermişdiniz?



- İkinci Qarabağ müharibəsi başlayanda müharibənin bir çox məqamlarının bizim video oyunlarda baş verənlərlə üst-üstə düşdüyünü görəndə təəccübləndim. Məsələn, oyunumuzun son hissəsində Xüsusi Təyinatlı qüvvələrin qayalardan keçərək Şuşaya girəcəyi deyilirdi və Xüsusi  Təyinatlı qüvvələrimizin bu müharibədə demək olar ki, eyni şeyi etdiyinə çox təəccübləndim. Həm də oyunumuzda bir əsgərin işğaldan əvvəl yaşadığı evi tapdığı məqam var idi, bu da həmin müharibədə oldu.

Oyunlarımızda bayraq Ağdam və Şuşadakı məscidlərində ucaldıldı, çünki həmişə düşünürdüm ki, şəhərlərimiz azad edildikdə əvvəlcə bayraqlar ora asılacaq. Ona görə ki, Azərbaycanda bir çoxları üçün bu məscidlər Ağdam və Şuşanın simvoludur.

- İki ay əvvəl məlumat vermişdiniz ki, "The Last Dead End" oyunu "PlayStation", "Xbox" və "Nintendo Switch" üçün də çıxacaq. Bu barədə ətraflı məlumat verə bilərsiniz? Müraciət kim tərəfdən edildi?

- Oyunun port (kompüter oyununu konsola çevirmək) edilməsi məsələsi ilə İspaniyanın "Jandusoft" şirkəti məşğul olur. Video oyunumuzu bəyəndilər və onlarla "Last Dead End" oyununu konsollarda buraxacaqları ilə bağlı razılaşdıq. "The Last Dead End" oyunu bir həftə ərzində Playstation 4, Playstation 5, Xbox One, Xbox Series S / X və Nintendo Switch-də çıxacaq!

- Gənc video oyun istehsalçılarına tövsiyələriniz nədir? Oyunsevərlərə ürək sözləriniz...

- Bir insan video oyun yaratmaq istəyirsə, bunun uzun və tikanlı bir yol olduğunu anlamalıdır. Çünki oyun dizaynı və hazırlanması bir az film çəkilişinə bənzəyir. Oyun yaradıcılığı bir çox mərhələlərdən ibarətdir. Məsələn, qrafika istehsalı, proqramlaşdırma, planlaşdırma, səslər, marketinq və s.

Video oyun sevərlərə isə sözüm odur ki, komandamızı dəstəklədiklərinə görə hər kəsə son dərəcə minnətdaram, hər bir oyunu yaxşı düzəltməyə çalışırıq, amma təəssüf ki, həmişə uğur qazana bilmirik. Bununla belə hələ də yanımızda olduğunuza görə sevinirik.

Azad NURİYEV

 


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.