525.Az

"İnsanların gördüyü işlər xəyallarının miqyası qədərdir" - Müsahibə

GƏNC BİZNESMEN ELVİN DADAŞSOY: "BİZNESDƏ ÇƏTİNLİK QARANQUŞ KİMİDİR, YAZIN GƏLİŞİNİ XƏBƏR VERİR"


[16.12.20]
"İnsanların gördüyü işlər xəyallarının miqyası qədərdir" - <b style="color:red">Müsahibə  </b>

Pandemiya dövründə kimisi biznes qurmağa cəhd göstərdi, kimisinin də min əziyyətlə qurduğu biznes çökdü. COVİD-19 biznes sahələrinə daha çox mənfi təsir göstərdi. Gənc biznesmen Elvin Dadaşsoyla da söhbətimiz bu mövzudadır.

Elvin Dadaşsoy 1990-cı ildə Qubanın Susay kəndində anadan olub. 7-ci sinifə qədər orta məktəbi Qubada oxuduqdan sonra qəbul imtahanında birinci yer tutaraq Türk liseyinə qəbul olub. Lakin ailəsinin imkanı olmadığı üçün Qubada texniki təmayüllü liseydə təhsil alıb.

10-cu sinifdə Sumqayıta gələn Elvin Dadaşsoy orada Təbiət Elmləri Təmayüllü Gimnaziyada təhsilini davam etdirib. Orta məktəbi bitirdikdən sonra 700 bal toplayaraq Prezident yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub.

Universitet illərində bir çox fərqli sahələrdə çalışan, hətta ilk başlarda qurduğu biznesi batıran Elvin Dadaşsoy hazırda 15 filialı özündə birləşdirən "Panda School" brendinin təsisçisi və "Ellin məktəbəqədər", "Vunderkind", "Phi Gallery", "Dadashsoy Business School"un həmtəsisçisidir. 

***

- Biznesmen olmaq çoxdankı xəyalınız idi?

- Uşaqlıq xəyalım rəssam olmaq idi. Heç vaxt biznesmen olmağı arzulamamışdım. Həmişə rəsmlər, portretlər çəkirdim. Arzu edirdim ki, böyüyəndə öz rəsm studiyam olacaq, sərgilərə gedəcəm, rəsmlər çəkib satacam. İndi rəsm studiyam olmasa da, hələ də xəyallarımdan vaz keçməmişəm .

- Bəs biznes qurmağa necə qərar verdiniz?

- İmkanlı ailə olmadığımız üçün böyüdükcə ailəmə yaxşı şərait qurmaq, böyük işlər görüb çox pul qazanmaq istəyirdim. Ona görə də, biznesi seçdim. İlk işimə universitet illərində qrup yoldaşımla birlikdə şəbəkə biznesi ilə başladım. Bir il ərzində 70 nəfərlik komanda yarada bilmişdik. Bahalı saatlar satırdıq. Lakin ziyan etdiyimiz üçün oranı bağladıq. Universiteti bitirdikdən sonra təhsil müəssisəsi biznesinə başladım. Onda nə pulum var idi, nə də ideyam. Hazır təhsil müəssisəsini pulunu hissə-hissə ödəmək şərti ilə aldım. Aldıqdan sonra həmin kursda ingilis dili dərsləri keçməyə başladım. İlk aylarda 1000 manat qazanırdımsa, zamanla bu məbləğ daha da çoxaldı. Təxminən, artıq 5 ay sonra 10 nəfərə yaxın komandamız, 180 nəfərə yaxın tələbəmiz var idi. Ofisi hər  səhər özüm açıb axşama qədər həm resepşnda oturur, həm də dərs keçirdim. Ofisin təmizlik işlərini belə özüm edirdim. Axşamlar isə işdən çıxdıqdan sonra gedib bloklara broşuralar yapışdırırdım. Zamanla komanda formalaşıb gəlirlər artıqdan sonra daha çox işçi götürməyə başladıq. 2014-cü ildə isə şirkətin adını dəyişib "Panda School" qoyduq. Əvvəllər Sumqayıtda üç filialımız var idi. Daha sonra isə "Panda School"un farnşizalarını verməyə başladım. Fərqli yerlərdən investorlar müraciət edirdi. Biz komanda ilə gedib işçiləri yetişdirir, filialı qururduq.  Beləliklə, "Panda School"un yeni filialları açılırdı. 2013-də xəyalım bu brendin 15 filiallı şəbəkəyə çevrilməsi idi. Çox maraqlıdır ki, hazırda nə az-nə çox, düz 15 filialımız var. Mən indi 30 yaşımda anlayıram ki, insanın xəyalları nə boydadırsa, reallıqlar da o boyda olur. Bir stəkan düşünün. O stəkanın həcmi nə qədərdirsə, o qədər su doldura bilirik. İnsanların da gördüyü işlər xəyallarının miqyası qədər böyüyür. "Panda School"dan sonra artıq bir neçə biznesim oldu. İndi "Səfəvi" adlı Səfəvilərin şərəfinə onlayn təhsil platforması qururuq.

- Uğurlu biznesmenin yetişməsində təhsilin rolu nə qədərdir?

- İkili yanaşma var: nəzəriyyə və praktika. Nəzəriyyə olub, praktika olmadıqda bu, birmənalı şəkildə sıfıra bərabər olur. Həmin insan yalnız təhsil verə bilər. Ancaq nəzəriyyə olmayıb praktika olduqda ortaya bir şey çıxa bilir. Adam öz səhvləri üzərində çalışaraq bir yerə gələ bilir. Ona görə də, praktikanın çox önəmli olduğunu düşünürəm. Əgər biznesmenin praktikası, yəni biznesi yoxdursa, nə qədər kitab oxusa da, faydası olmayacaq. Ümumilikdə isə biznesə elm kimi yanaşmağın tərəfdarıyam. Necə ki, mühəndislik, jurnalistika, stomotologiya və başqa elmlər var, onları öyrənirik, eləcə də biznesi elm kimi öyrənmək lazımdır. Öyrənmədən biznesə başlayan insan az-çox pul qazana bilir, işlər görür, amma çox ağrılar çəkir. Biznesin ağrıları başqa işlərdəkindən daha ağır olur. Əlavə olaraq, təhsilsiz insan işi ancaq özü görür, təhsilli isə başqalarına ötürür. Belə bir deyim var, yaxşı biznesmen bütün gün oturub Yutuba baxan biznesmendir. İşi düzgün planlayıb, doğru insanlara ötürəndə daha çox asudə vaxtın qalır. Ümumiyyətlə, biznesin mahiyyəti budur ki, işi qurub orada sadəcə dirijor olursunuz. Hansısa alətdə ifa etmirsiniz. Aləti ifa edən biznesmen biznesini itirir. Hansı biznesmen ki, öz biznesində ən vacib adamdır, demək, onun iş düz getmir. Deməli, biznesmenin başına bir iş gəlsə, biznes batacaq.

- Pandemiya dövrü biznesinizə necə təsir göstərdi?

- Pandemiya hansısa iqtisadi situasiya, ya da böhran deyil. Pandemiya qeyri-iqtisadi vəziyyətdir. Hansı ki dünyanın gedişatını dəyişir. Dinozavrlar dövründə dünyaya astroidin düşməsi kimi bir hadisədir. Dinozavrın güclü olub-olmamasının astiroidlə əlaqəsi yoxdur, onsuz da öləcək. Pandemiya da bizneslər üçün aşağı-yuxarı belədir. Məsələn, inflasiya, devalvasiya olanda başqa bir qərar verə bilirsən, amma pandemiyada hansısa qərar verə bilmirsən. Bizim biznesimiz əsasən təhsil sahəsi olduğu üçün çox pis təsir etdi. Dövriyyələrimiz dəfələrlə düşdü, hətta bəzi aylarda tamamilə dayandı. Hazırda onlayn təhsilə keçmişik. Amma bizim əhatə dairəmiz daha çox balaca uşaqlar olduğu üçün tam əhatə edə bilmirik.

- Pandemiya dövründə biznesi ayaqda saxlamaq üçün nələr etmək lazımdır?

- Alternativ biznes qurmaq olar deyərdim, ancaq məsələ budur ki, indiki dövrdə aptek və ərzaqdan başqa heç nə işləmir. Ona görə də, ilk növbədə komandanı saxlamaq üçün yaxşı liderlik bacarığından istifadə edərək onlara ümid, motivasiya vermək olar ki, səni atıb getməsinlər.  İkincisi, nəğd pulu daha ehtiyatla xərcləmək lazımdır. Məsələn, icarə haqqını verməyə bilər, kənardan təzyiq çoxdursa, biznesin yerini dəyişə bilərsiniz. Əlavə olaraq, işçilərin maaşını azaltmaq olar. Çünki əvvəllər 500 AZN  maaş alan insan yola və restorana pul xərcləyirdisə, indi evdə olur. Əldə nəğd pulun qalması üçün bunları etmək lazımdır. Pandemiya dövründə yetərincə nəğd pulu olan adam kraldır deyərdim. Bu dövrdə əlinizdə nəğd pulunuz varsa, hətta başqalarının biznesini də ala bilərsiniz.

- Siz həm də biznes təlimləri keçirsiniz. Tələbələrinizə uğurlu biznesmen olmaları üçün öyrətdiyiniz ilk şey nə olur?

- Öncəliklə deyim ki, uğurlu olmaq mütləq deyil. Uğurlu olmaq varlı, ya da biznesmen olmaq demək deyil. İnsanın həyatında 4 təməl sütun var: sağlamlıq, ailə və digərləri ilə olan münasibət,  pul, şəxsi inkişaf. Bu saydıqlarımın dördündündə də uğurlusansa, uğurlu insan sayıla bilərsən. Ancaq bunlardan birini, məsələn, sağlamlığını itirmisənsə, uğurlu deyilsən. Biz təlimlərdə uğurlu olmağı yox, biznesin əlifbasını öyrədirik. Uğurlu olmaq isə artıq fərdin özündən asılıdır. Biznes qurmağa başlamaq üçün ilk növbədə biznes təhsili almaq lazımdır. Təhsil üçün hansısa universitet oxumaq vacib deyil. 10-15 kurs bitirə, bir çox biznes kitabları da oxuya bilərsiniz. İkincisi, yaxşı olardı ki, quracağınız biznes sahəsi üzrə hansısa balaca biznesdə işləyəsiniz. Məsələn, siz şirniyyat biznesi qurmaq istəyirsinizsə, yaxşı olardı ki, əvvəl hansısa şirniyyat sexində işləyəsiniz. İş prosesinin necə getdiyini yaxından müşahidə etdikdə biznesinizi daha yaxşı qurmuş olacaqsınız. Əks halda, biznesi sıfırdan qurmalı, səhv edərək öyrənməli olacaqsınız. Bu da ən bahalı yoldur. Ən önəmli bir şeyə də diqqət yetirmək lazımdır ki, işlədiyiniz yerdə maaşınız çoxaldıqca tələyə düşməyəsiniz. Çox maaş bəzən komfort zonası yaradır və tələyə düşürsünüz, limitlənirsiniz. Məsələn, iki min maaşla 2-3 il işlədikdən sonra bu, sizdə o qədər limit qoyur ki, bir ilə yüz min qazanmağı həzm edə bilmirsiniz. Hər bir biznesmenin içində çox pul qazanma istəyi olur, amma bir müddət sonra sanki pul əhəmiyyətini itirir. Artıq bu, bir növ oyuna çevrilir və içindən çıxa bilmirsən. Sanki idman etməyə başlayırsınız və əzəzlələriniz böyüdükcə daha çox idman edirsiniz. Bəzən deyirlər ki, filankəsin gözü doymur. Məsələ gözün doyub-doymamağı deyil, bu işin o insanın həyat tərzinə çevrilməsidir.

- Gənc biznesmenlərin ən çox şikayət etdiyi şeylərdən biri azad biznes mühitinin olmamasıdır. Bəs sizcə, azad biznes mühiti varmı?

- Hər bir ölkədə müxtəlif dövlət əngəlləri var. Bəzilərində bu, korrupsiyadır, bəzilərində isə dövlət maraqları və s. Belə əngəllər Azərbaycanda da var. Yəni tamamilə şəffaf mühit yoxdur. Amma bu, əvvəlki kimi, məsələn, 15 il qabaqki kimi deyil. Artıq ASAN xidmət bir çox əngəlləri aradan qaldırıb. Hətta deyərdim ki, indi biznes qurmaq üçün çox əlverişli mühit var.

- Bəs sizcə, Azərbaycanda kimsə milyarder ola bilərmi? İqtisadiyyat bunun üçün nə dərəcədə əlverişlidir?

- Bizdə bazar balacadır. Milyarder olmaq üçün çox böyük miqdarda satış etməlisən. Bazar balaca olduqda nə qədər yaxşı məhsulun olur-olsun, alıcı kütlən azdır deyə milyarder ola bilmirsən. Azərbaycanda milyarderlər var, amma azdır. Çinlə müqayisə etsək, min dəfə azdır.

- Biznes qurmaq istəyən insanlara nələr tövsiyə edərdiniz?

- Cəhd etmək yox, etmək lazımdır. Çox insan deyir ki, mən filan şeyə cəhd edirəm, bu, boş söhbətdir. Sadəcə, etmək lazımdır. Körpüləri qırıb başladığın işin ardınca getməlisən. Ortada nə sıxıntı olur-olsun, dözməlisən. İndiyə qədər çox sıxıntılarım olub, heç birində biznesi atıb maaşlı işə keçməmişəm. Məncə, biznes quran adam iradəli olmağı öyrənməlidir. Bir gün bütün sıxıntılar keçir və aydın günlər gəlir. Çətinliklər qaranquşlar kimidir, yazın gəlişini xəbər verir. Hadisələr daha pis olmadığı müddətdə yaxşıya doğru getmir. Biznesmenlər yadda saxlamalıdır ki, biznesdə düz xətt yoxdur, dalğalıdır. O xətt aşağı düşəndə səbirli olmalı, yuxarı qalxanda isə həyacanlanıb kritik qərarlar verməyi dayandırmalıdırlar.

Aytac ASLAN


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.