525.Az

"Yaradıcı düşüncə məğlubiyyət kompleksindən azad olacaq"

MƏTİ OSMANOĞLU: "YOLUNU İLLƏRLƏ GÖZLƏDİYİMİZ QALİB RUHUN ƏDƏBİYYATI GƏLİR"


[10.12.20]
"Yaradıcı düşüncə məğlubiyyət kompleksindən azad olacaq" <b style="color:red"></b>

Müzəffər Ordumuzun Böyük Vətən Müharibəsində tarixi qələbəsindən sonra digər sahələr kimi Azərbaycan ədəbiyyatının da gələcək taleyi oxucular üçün maraqlıdır.

Sözsüz ki, xalqımızın tarixindəki bu yeni mərhələ ədəbi yaradıcılığa öz töhfəsini verəcək: ədəbiyyat tarixinə nəzər yetirdikdə Azərbaycanın tarixi ilə ədəbiyyatının səsləşdiyinin şahidi oluruq.

BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Məti Osmanoğlu ilə Qarabağ, müharibə və ədəbiyyatın taleyi ilə bağlı həmsöhbət olduq.

***

- Məti müəllim, əvvəlcə sizi qələbəmiz münasibəti ilə səmimi qəlbdən təbrik edirəm. Sizcə, bu zəfər ədəbiyyatımızda özünü hansı səpkidə büruzə verəcək?

- Mən də bu şanlı zəfər münasibətilə xalqımıza, Azərbaycanın apardığı haqq davasında mənəvi cəhətdən yanımızda olan hər kəsə gözaydınlığı verirəm. Dövlətimizin və ordumuzun gücü, xalqımızın yenilməz iradəsi, şəhidlərimizin müqəddəs qanı ilə qazandığımız bu qələbə qarşımızda yeni üfüqlər açır. Biz tariximizin yeni mərhələsinə qədəm qoyuruq. Qarşıdakı mərhələdə, heç şübhəsiz, qalib xalq təfəkküründən və psixologiyasından çıxış edərək öz dəyərlərimizi yeni gözlə qiymətləndirəcəyik. Düşmənin viran qoyduğu şəhərlərin və kəndlərin bərpa olunması qurub-yaratmaq əhval-ruhiyyəsini gücləndirəcək və bu, yəqin ki, ədəbiyyata da təsirsiz qalmayacaq. Yaradıcı düşüncə məğlubiyyət kompleksindən azad olacaq və düşüncə azadlığı fərqli ədəbiyyatın yaranmasına təkan verəcək. Qazandığımız zəfər ədəbiyyatı öz əzəli missiyasına qaytaracaq.

- Azərbaycan ədəbiyyatında Qarabağ mövzusunun işlənilmə tarixinə yığcam nəzər salsaq, hansı məqamları vurğulamaq istərdiniz?

- Burada bir neçə məsələni bir-birindən fərqləndirməyi zəruri hesab edirəm. Azərbaycan ictimai fikrində, eləcə də ədəbiyyatında Qarabağın və Qarabağ mövzusunun dərin kökləri var. XVIII əsrdə Azərbaycan ədəbiyyatı tarixinin yeni mərhələsi Qarabağ mədəni mühitində yarandı - Vaqif yaradıcılığının poetik sistemi birbaşa Qarabağ xanlığının ictimai-siyasi quruluşu, mədəni mühiti və tarixi ilə bağlıdır. XIX əsrin əvvəllərində yaranan "Qarabağnamə"lərdə isə bu torpağın tarixinə elmi baxış formalaşmağa başladı.

- Tarixə marağın fəallaşması hansı zərurətdən irəli gəlirdi?

- XIX əsrdə tarixi araşdırmalara meylin güclənməsi Azərbaycan ziyalılarının Rusiya İmperiyasının Qafqaz siyasətinə qarşı reaksiyası kimi maraq doğurur. Çünki hələ o vaxtdan Rusiyanın Qafqazda yürütdüyü etnik və dini ayrı-seçkilik siyasətinə elmi don geyindirmək məqsədilə Qafqaz tarixinə həsr olunmuş çoxlu əsərlər nəşr edilir və bizim tariximiz amansızcasına saxtalaşdırılırdı. Böyük əksəriyyəti Qarabağa, eləcə də Azərbaycanın digər ərazilərinə başqa yerlərdən gətirilib məskunlaşdırılan ermənilərin beyninə qədim millət maniyası o vaxtdan yeridilməyə başlamışdı. Abbasqulu ağa Bakıxanovun "Gülüstani-İrəm", Mirzə Adıgözəl bəyin, Mirzə Camalın, Əhməd bəy Cavanşirin, Mir Mehdi Xəzaninin "Qarabağnamə"ləri bu siyasətə reaksiyanın təzahürü idi və bir növ, özünüqoruma instinktinə əsaslanırdı...

Qarabağ torpağının üstündən əsən küləklər, böyük tarixi fırtınalar Azərbaycan bədii fikrinin də həmişə diqqət mərkəzində olub. Mirzə Fətəli Axundzadənin komediyalarından ikisində hadisələr Qarabağda cərəyan edir. Nəcəf bəy Vəzirovun yaradıcılığında Qarabağın xüsusi yeri var. Əbdürrəhim bəy Haqverdiyevin XX əsrin əvvəllərində qələmə aldığı "Ağa Məhəmməd şah Qacar" tarixi faciəsi, Yusif Vəzir Çəmənzəminlinin "İki od arasında" romanı, Səməd Vurğunun "Vaqif" dramı Qarabağ tarixinin bədii sözdə təcəssümü kimi qiymətlidir. Cəfər Cabbarlının "1905-ci ildə" pyesində Qarabağda yaşayan azərbaycanlılarla ermənilər arasında münaqişənin kökləri araşdırılıb. Bunlar artıq bizim ədəbiyyatımızın və yaddaşımızın tarixinə çevrilib.

- 1990-cı illərdən ədəbiyyatımızda Qarabağ mövzusuna həsr edilmiş əsərlərdə həsrət, ayrılıq, məğlubluq motivləri üstünlük təşkil edir. Sizcə, yeni yaranacaq "qalibiyyət ədəbiyyatı" əvvəlki mərhələlərin davamı ola biləcəkmi?

-  Münaqişə başlayandan sonra Qarabağ mövzusunda bədii cəhətdən mükəmməl əsərlərin yarandığını heç kəs inkar edə bilməz. Bu əsərlər öz dövrünün ictimai və estetik düşüncəsinin enerjisini özündə daşıyır. İndi mən konkret adları çəkməyə ehtiyatla yanaşıram, kiminsə adını unutmaqdan qorxuram. Səmimi etiraf edim ki, 30 ilə yaxın davam edən ağrılı illərdə Ağdamı, Qarabağı, oranın insanlarını, insanların içindəki ağrıları Esmira Məhiqızının şeirlərində daha aydın hiss etdim. Esmiranın şeirlərində müharibəni, qanı, qırğını görmürük. Ancaq onun bizə təqdim etdiyi içi "bir dünya böyüklüyündə", boyu "bir barmaq yekəliyində olan" uşağın gözündəki müharibə daha qanlı, daha amansızdır.

- Sizcə, məsələn, "Ağa Məhəmməd şah Qacar", "İki od arasında", "Vaqif"... kimi  əsərlərdə müqayisədə yeni yaranan əsərlər nə üçün kütləviləşmədi, xalqın "ömür kitabına" çevrilmədi?

- Uzun müddət ərzində (30 il müasir tarix üçün çox böyük zamandır!) hökm sürən məğlubiyyət kompleksi ədəbiyyata nüfuz etdiyi kimi, ədəbiyyatın adresatına - oxucuya da təsirsiz qalmadı. Qarabağ mövzusunda yazılan layiqli əsərlər öz oxucusunu tapa bilmədi. Ədəbiyyata münasibətin soyumasında digər amillərlə yanaşı, məğlubiyyət kompleksinin mövcudluğunu da istisna edə bilmərik. Mənə elə gəlir ki, bundan sonra  yaranacaq ədəbiyyat özünün oxucusunu da yetişdirəcək...   

- Deyirlər ki, ən təsirli, ən möhtəşəm əsərlər dərd-sər üstünə köklənən əsərlərdir. Sizcə, Qarabağ mövzusu qələbədən sonrakı gedişatda boyadlaşıb adiləşəcəkmi?

- Müharibə yalnız müəyyən coğrafi məkanda gedən döyüşlərdən, qələbədən və qarşı tərəfin məğlubiyyətindən ibarət deyil. Müharibə xalqın, xalqı təmsil edən ayrı-ayrı insanların, fərdlərin taleyi deməkdir. Müharibə misilsiz qəhrəmanlıqlar meydanı, şəhidlik zirvəsi olmaqla yanaşı, həm də anaların sinəsinə çəkilən dağ deməkdir. Ədəbiyyatın isə müqəddəs işi taleyinə müharibə düşən insanın yanında olmaq, onun dünyasını kəşf etməkdir. Müharibə dövründə, dağıntılar, ölümlər fonunda insana münasibət aktuallaşır, insan həyatının, insan varlığının mənası ilə bağlı fəlsəfi yanaşmalar qarşı-qarşıya gəlir. Məsələn, İkinci Dünya müharibəsinin Avropada yaratdığı ən güclü məfkurə cərəyanlarından biri absurdizm olmuşdu. Bu cərəyanın təmsilçiləri öləcəyini bilə-bilə yaşayan, dünyaya gələndən Sizif əməyi çəkməyə məhkum olunmuş insan varlığının mənasız və cəfəng olduğunu iddia edirdilər. Məsələyə qalib ölkə mövqeyindən yanaşan Səməd Vurğunun "İnsan" dramı həmin məfkurəyə qarşı yazılmışdı. "Qalib gələcəkmi cahanda kamal?" ritorikasına əsaslanan bu əsər ədəbiyyatın diqqətini müharibədən insana yönəltmək, dünyanın gələcəyini insan ağlına etibar etmək təmayülünün başlanğıcı oldu və müharibədən sonrakı dövrdə Sovet ədəbiyyatında ciddi əks-səda verdi. Mixail Şoloxovun "İnsanın taleyi" hekayəsi müharibənin insan taleyindəki ağrılarını əks etdirdiyinə görə sevildi. Nazim Hikmətin "İnsan mənzərələri" Moskvada yarandı. Litva yazıçısı Eduard Mejelaytisin "İnsan" şeirlər silsiləsi ən yüksək mükafatlara layiq görüldü...

Gələcəkdə Qarabağ mövzusunda yaranacaq əsərlərdə hansı motivlərə üstünlük veriləcəyi yazıçıların mövzuya fərdi yanaşmasından asılıdır. Bədii ədəbiyyat ona görə maraqlıdır ki, oxucuya gözləmədiklərini təklif edir.

Mənə elə gəlir ki, növbəti mərhələdə ədəbiyyatımızda insan və insanın taleyi mövzusuna maraq fəallaşacaq. Hər bir insanın taleyi isə fərqli və təkrarsızdır. Onun içində sevinc də var, dərd-sər də...

- Bəziləri bədii ədəbiyyatın rolunun şişirdildiyini iddia edirlər. Belə fikir var ki, yazı-pozu ilə, bədii sözlə Qarabağı azad eləmək mümkün olmazdı...

- Bu cür qiymətləndirmələrdə ifratçılıqdan, maksimalizmdən çəkinmək lazımdır. Təbii məsələdir ki, müharibədə hərbi gücümüzlə qalib gəlmişik. Ancaq bu hərbi gücün daşıyıcısı olan insanların ruhunda kükrəyən vətənpərvərlik tərbiyəsində, vətən, dövlət, bayraq sevgisinin yaranmasında  ədəbiyyatın yerini heç cür danmaq olmaz. Torpaqlarımızın düşmən işğalından qurtuluşu uğrunda apardığımız haqq davasında bizi qələbəyə qovuşduran ən güclü mənəvi qaynaqlardan biri yaddaşımız oldu. Yaddaşı yaşadan qaynaqlardan biri də ədəbiyyatdır.

Bizdə vətənin və millətin tale məsələlərindən söhbət gedəndə ədəbiyyatın gündəliyə gətirilməsinin başlıca səbəblərindən birinin Azərbaycanda dövlətçilik təfəkkürünün təkamülü ilə bağlı olduğunu düşünürəm. Uzun müddət insanlarımız dövlətdən gözləməli olduqlarını ədəbiyyatda görüblər. Milli ideologiyamızın formalaşmasında, insanlarımızda azadlıq idealının yaranmasında ədəbiyyat daha öndə olub. Qarabağ münaqişəsinin başlanması ilə alovlanan milli azadlıq hərəkatında da bədii söz, sözün yaradıcıları öndə oldu. Qazandığımız şanlı qələbə sayəsində tariximizin qarşısında açılan yeni tarixi mərhələdə dəyərlərin yerbəyer olacağını düşünürəm: siyasət - siyasət yerində, idedologiya - ideologiya yerində, ədəbiyyat da ədəbiyyat yerindəgözəldir...  

- Şübhəsiz ki, bu mövzuda yeni-yeni romanlar, povestlər, poeziya nümunələri, xatirə ədəbiyyatı yazılacaq. Bir ədəbiyyatşünas kimi müəlliflərə hansı məqamlara xüsusi diqqət yetirməyi məsləhət görürsünüz?

- Ədəbiyyat gözlənilməzlik deməkdir və onun necə olacağını onu yaradacaq insandan başqa heç kim deyə bilməz. Bu günlərdə sosial mediada Qulu Ağsəsin Ağdama həsr etdiyi bir şeirini oxudum:

Son nəfəsəcən döyüşdün,
son nəfərəcən şəhid oldun...
Ağam şəhərim!
Adam şəhərim!
Ağdam şəhərim!
Şükür külünə,
şükür qayıdış gününə!
Sevincdən ağlımız çaşıb
yüz min dəliynən gəlirik.Bir "Uzundərə" havası çal,
çıx Bərdə yoluna -
Uzundərəynən gəlirik!..

Düşünürəm ki, yolunu illərlə gözlədiyimiz qalib ruhun ədəbiyyatı gəlir.

Nadir RZALI


<< Geri
Ana səhifə | BÜTÜN XƏBƏRLƏR | Müsahibə | Siyasət | Sosial | Haqqımızda | Əlaqə
© 2012 525.Az.